Həyat səhnədi, insanlarsa...
(Hekayə)
(10 Mart - Azərbaycan
Milli peşəkar teatrının yaranmasına ithaf edirəm)
Allah sizə rəhmət
eləsin, ey əbədiyaşarlar - ulu Mirzə Ələkbər
Sabir və ulu Cəlil Məmmədquluzadə.
...Teatrın
bayramı idi. Böyük milli bayramı... Məmə
yeyəndən, pəpə deyənə kimi bütün teatr əhli
hamısı yığışıb gəlmişdi bu
bayrama. Zalda da onlar idi, səhnə
arxasında da. Tamaşaçı çox az dəyirdi gözə. Neynəsin
binəva tamaşaçılar. Hamı
bir tikə çörək hayındadı. Çörək də qalxıb ceyran belinə, ha
qovurlar, çata bilmirlər. Axşam da evə
gələndə arvad-uşaq teatr yox, çörək deyib,
çığır-bağır salır. Görən, Allah bizim kişiləri niyə belə
zəlil günə saldı? Nəydi onların
günahı ay Tanrı?...
Üzdə
teatr işçiləri də gülür, hər kəs
“xoşbəxt adam” rolunu oynayırdı. Yazıq teatr fədailəri. Cibləri boş,
qarınları ac, evləri suyu sovulmuş dəyirman... Adam kənardan baxanda, vallah, bu millətin
dözümlülüyünə aid dissertasiya, qəzəl,
tərifli şeirlər, poemalar yazmaq, mədhiyyələr demək
istəyir. Elə bil Ulu Tanrı bu milləti
yaradanda alnının tən ortasına təkcə bir
cümlə yapışdırıb. “Dözümlü
xalq”. Möcüzəyə bax ey! Bu millət, əsrlər,
qərinələr boyu hər zülmə dözür, min
cürə istilalara məruz qalır, torpaqları zəbt
olunur, bircə kəlmə də “mıq” eləmir... Şükür Ulu Tanrının məsləhətinə.
Özü bilən yaxşıdı. Mən nəkarəyəm ki, onun əməlinə
qulp qoyam. Nə isə...
Səhnənin arxasında əllərim boş cibimdə
var-gəl edirdim. Bayram atəşfəşanlığının
başlanması neyçünsə gecikirdi. Deyəsən, kimisə gözləyirdilər.
Vallah, kimi gözlədiklərini dəqiq
bilmirdim. Bircə onu eşitmişdim ki,
gözlədikləri lap böyük yerdəndi...
zırpı adamdı. Zaldan ara-sıra
çəpik səsləri gəlirdi. Sənə
zarafat gəlməsin. Bu qədər teatr əhlini
bir yerə yığ, qarın ac, cib boş. Tədbiri də vaxtında başlama. Hamını burada bir ümid saxlamışdı ki,
tədbirdən sonra pulsuz yemək-içmək, böyük
banket olacaq.
Bir də onu gördüm ki, iki nəfər mənim
qolumdan möhkəm tutub səhnəyə itələdi. Biri kobud, qalın səslə
qulağıma bu sözləri əmr elədi:
-
Çalış vaxtı uzat, zaldakılar darıxmasın! Yoxsa mən biabır olaram. Mən biabır
olsam, vay sənin halına!..
Üzünə baxdım. Gördüm bizimkilərdəndi.
Özü də lap böyüklərdən.
Hansı ki, mənim, uşaqlarımın taleyi neçə
müddətdi ondan asılıdı...
Mənim səhnəyə çıxmağımla
zaldan bir uğultu qopdu ki, elə bil yalan olmasın, bomba
partladı. Qorxudan ayaqlarım tamam tutuldu. Bir tərəfdən
də işıqçı zalım oğlu projektoru mənə
elə tuşlayıb, elə bil bu hərəkətilə demək
istəyirdi ki, bu haramzadəyə görə yarım
saatdı istidə oturub boğuluruq... İndi
qalmışam səhnənin düz ortasında. Nə qabağa gedə bilirəm, nə geri.
Qarnımdan da bir ağrı tutub, bir ağrı tutub... elə
bil bir həftə yediyim-içdiyim hamısı onun
içindədi... Bu nə işdi, bu nə
oyundu mən düşdüm, ay Tanrı? Axı,
mənim heç bir çıxışım-zadım yox
idi. Tamaşaçı kimi gəlmişdim
bu tədbirə. Onsuz da əskim
tüstülüdü. Bəzi rəhbərlər
məni görəndə əsəbindən üç
gün çörək yemirlər. Bəs
şeytan niyə məni aldadıb səhnə arxasına gətirib?
İndi dayanmışam səhnədə
özüm-özümü söyürəm: “Ayə,
Allahsız, ayə, qıvlasız, axı nə... yeyirdin ki, səhnənin
arxasında, indi səni belə bəlaya saldılar?”
Bu vaxt səhnənin
arxasından da bayaqkı yekəpər, sarı,
çil-çil sifət, göy göz, seyrək diş də
əl-qol atıb qışqırırdı:
-
Başla də! Nə durub gözünü
döyürsən, ay qoyun?! Səninlə
deyiləm?! Başla! Tez ol!..
İstədim səhnədən qışqıram ki,
qoyun özünsən, məni başqası ilə dəyişik
salıb səhnəyə itələmisən. Birinci, qorxudan
səsim çıxmadı. İkinci də
fikirləşdim ki, hakimiyyət onun əlindədi.
İstəsə, bizi qoyun da eləyə bilər, keçi də,
lap istəsə... Hə, bu sözü çox
fıkirləşdim, tapa bilmədim. Bu
vaxt gördüm ki, hamı səhnənin arxasından mənə
yumruq göstərir. Day başqa
çıxış yolum qalmamışdı.
Çar-naçar ayaqlarımı sürüyə-sürüyə
bir az qabağa getdim. Düzdü, mən səhnədə
naşı adam deyiləm. Bir
igid ömrüdü səhnədə rejissorluq eləyirəm.
Amma belə də yox də... Bu vaxt məşqə
hazırlıqsız gələn aktyorlar düşdü
yadıma. İndi anladım ki, bu biçarələr nələr
çəkirmiş... Hə, nə başınızı
ağrıdım, bir-iki dəfə boğazımı
arıtlayıb, başladım sözə:
- Əziz
yoldaşlar...
O dəqiqə
də qarnımın ağrısı vurdu başıma ki, ay
qıvlasız, bu “yoldaş” sözü artıq bizim
leksikondan çıxıb. Ruslara “net” deyəndən
sonra bu sözə də “net” demişik. Tez
səhvimi düzəltdim.
- Əziz
bəylər və xanımlar...
Vay, vay...
Mən nə pis iş gördüm, ay
Tanrı. Axı, biz bəylərə “Vətən xaini”, nə
bilim “xarici ölkələrin şpionları” deyəndən
sonra bu sözə də “daloy” demişik. Bəs
nə təhər başlayım? Keçdim milli
müraciətə:
- Əziz bacılar, qardaşlar, atalar, analar. Siz bu bayrama
xoş gəlmisiz. Düzdü. Teatr həyatın kiçildilmiş modeli,
güzgüsüdü. Amma Allah haqqı mənim
bu gün bu güzgüdən deməyə heç bir
sözüm yoxdur. Məni...
Birdən gözüm sataşdı səhnənin
arxasındakı kürən, göy göz yekəpərə,
hansı ki, mənim taleyim ondan çox asılıydı. Gördüm
ki, mənə yumruq yelləyir. Nitqim
qırıldı, sözümün ardını deyə bilmədim.
Başladım başqa söz axtarmağa.
Tez də tapıb dedim:
- Gəlin
bizə belə bir bayram bəxş eləyən şəxsiyyəti
alqışlayaq. Alqışlar!
Bu vaxt zalda hamı özünü
yığışdırdı və başladı çəpik
çalmağa. Hə, deyəsən sözləri yaxşıca
tutuzdurmuşdum... Yaxşı, bəs indi neynim?
Yadıma düşdü aktyorlarla
apardığımız oyun. Ona görə ürəklə
qabağa gedib dedim:
- Biz
rejissorlar eksperiment eləməyi çox xoşlayırıq.
Tamaşanı qurmamışdan əvvəl
aktyorlarla həmin pyesin mövzusu üzrə sözlü
etüdlər qururuq. İndi mən zaldan
bir nəfəri səhnəyə dəvət eləmək
istəyirəm ki, elə sizin gözlərinizin
qarşısında sözlü etüd quraq.
Özünüz də görəcəksiniz ki, Şekspir
müəllim düz deyib: “Hər adamda aktyorluq
bacarığı var. Sadəcə onu cilalamaq lazımdı.
Bir sözlə həyat səhnədi, insanlarsa aktyor...” Kim öz bacarığını sınamaq istəyirsə,
buyursun səhnəyə.
Bu vaxt səhnənin
arxasından səs-küy qopdu:
- Gəldi,
gəldi, gəldi!..
Sonra tam sakitlik yarandı. Elə bil qurbağa
gölünə das atdılar. Bu vaxt qənşərində,
arxasında on-on beş adamla orta boylu, enlikürək,
göyçək, düm ağ saçlı, iri qara
gözlü, eynəkli, başında şlyapa bir kişi gəldi
səhnənin arxasına. Hamı başladı
ona təzim eləməyə. Bayaq məni
səhnəyə itələyən yekəpər, indi
işarə eləyir ki, çıx səhnədən.
Qalmışam belə. Nə
təhər çıxım? Eşşəyə
minmək bir ayıb, düşmək ikinci ayıb. Üzümü döndərdim zala ki, guya onun
işarəsini görmürəm. Başladım yenə
müraciətə:
- Kim
öz artistlik bacarığını yoxlamaq istəyirsə,
buyursun səhnəyə, onunla sözlü etüd quraq.
Bu vaxt həmin
o, orta boylu, qara gözlü, gur ağ
saçlı, gülümsər üzlü, eynəkli,
başında şlyapa olan göyçək kişi gəldi
səhnəyə. Onun gəlişilə zalda
bir uğurlu, bir gurultulu, bir sürəkli alqışlar qopdu
ki, gəl görəsən. Dedim, dədəm
vay Allah, bu dəqiqə döşəmə, tavan uçacaq.
O, zaldakılara əl işarəsi eləyən kimi hamı
birdən-birə susdu. Bu nə möcüzədi,
ay Tanrı? Elə bil heç zalda adam-zad
yoxdu. Elə bil qurbağa gölünə
daş atdın. Bəlkə hamı
çıxıb getdi? Diqqətlə
qaranlığa baxdım, gördüm, yox əşi, zaldan hənirti
gəlir. İndi ha yadıma salıram ki,
bu kişini mən hardan tanıyıram, harda görmüşəm,
yadıma düşmür ki, düşmür. Bu nədi,
ay Tanrı?.. Mənim bu
şoğərib yaddaşıma nə oldu birdən-birə?
Orta boylu,
gur, ağ saçlı, eynəkli,
başında şlyapa olan kişi, şəstlə,
inamlı addımlarla mənə yaxınlaşdı. Əl uzatdı. Bərk-bərk əlimi
sıxdı və dedi:
- Nə
olub sənə? Əlin niyə əsir?
-
Heç... Əvvəllər mənim bu tərəfim iflic
olmuşdu...
-
Özünə fikir ver. Sənin hələ nə
yaşın var ki? Bir az dözün.
Heç olmasa iyirmi, otuz il. Axı
bizim xalq dözümlü xalqdı. Sizin
haqqınızda yaxşı fikirlərim var...
- Çox
sağ olun. Allah Sizi iyirmi, otuz il üstümüzdən əskik eləməsin...
Vay, vay...
Deyəsən qatıqladım... Bu nə biədəb
cümlə oldu. Necə yəni,
“üstümüzdən əskik eləməsin?”
- Bu
gün teatrın bayramıdı. Mən də əvvəllər
bir az artistlik eləmişəm. Deyirlər
əgər bu işin ardınca getsəydim yaxşı aktyor ola bilərdim. Gəl elə, o
etüd deyirsən, nə deyirsən, o eksperimenti mənimlə
aparaq.
Gördüm səhnənin arxasından mənə
yumruq göstərirlər ki, yəni yox. Bir bəhanə
ilə tez çıx səhnədən.
- Səhnənin
arxasına niyə baxırsan?
-
Heç...
- Hə,
başlayaq?
- Mən
bu gün yuxudan sol ayağımın üstündə
durmuşam. Onsuz da işlərim səhərdən baş-ayaq
gedir...
Bu
sözləri yavaşdan dedim. Ancaq özüm
eşitdim. Bu vaxt bir də kişinin
üzünə baxdım ki, ay Allah, bu axı kimdi? Bu sifəti mən harda görmüşəm?
Niyə bu kişinin suyu mənə belə şirin gəlir?..
- Nə
olub, nə gözünü döyürsən, - deyə amiranə
səsli, göyçək, gur ağ
saçlı, eynəkli, başında şlyapa olan kişi mənə
əmrlə müraciət elədi. Başladıq?!
- Nə
deyirəm ki?.. Nə olar, olar...
Ürəyimdən,
beynimdən isə bu sözlər keçdi: “Ey
yeri-göyü yaradan Ulu Tanrı, Səni and verirəm öz
böyüklüyünə. Mənim balalarımı bu həşəratlardan
qoru... Dünyada varım, yoxum, yalnız onlardı...”
- Deməli,
hər etüd bir mövzu üzərində qurulur...
- Nə
mövzu? – deyə o soruşdu.
- Yəni
bir mövzu götürülür. Dialoqlar,
konfliktlər onun üzərində qurulur.
-
Yaxşı, qoy sən deyən kimi olsun.
- Deməli,
mövzu belədi: “Bizi kim
qarğıdı”. Bu etüd gün-güzəran
haqqında olacaq.
- Nə
olub ki, günümüzə, güzəranımıza?!
- Deyirəm
ki, etüd belə olacaq. Yəni, adı belədi.
- Hə,
onda başla gəlsin.
- Bu millətin
günahı nədi?
- Nə?
- Deyirəm
ki, bu millətin günahı nədi, başına ip salıb
belədən-belə, elədən-elə
sürüyürsüz? Axı, bu millət sizə
nə pislik eləyib? Niyə bu milləti
dilənçi kökünə salmısız? Niyə
bu milləti simasızlaşdırdız?..
Millət ac-yalavac, işsiz-gücsüz
qalıb. Zəlil gününə
düşüb. Bir qrup qor-qoduq da
daraşıb onun canına. Qanını sorur, şəxsiyyətini
alçaldır, namusunu hərraca, qumara qoyub... Axı,
bu başı qapazlı, gözü qıpıq, şəxsiyyəti,
insanlığı tapdalanan, kişiləri axtalanmış,
arvadları fahişəliyə sürüklənmiş sizin
öz millətinizdi. Siz buna niyə yol
verirsiz? Siz bunun niyə
qarşısını almırsız? Siz
ki, əcnəbi deyilsiz? Ay sizin lap...
- Sən
nə çərənləyirsən, ay uşaq, ay gəda, -
deyə amiranə kişi hirslə mənim
sözümü kəsib təəccüblə üzümə
baxdı.
- Mən
çərənləmirəm, düzünü deyirəm. Bu millət sizə inandı. Bəh-bəhlə
sizi gətirib padşah elədi. Budumu onun mükafatı?..
- Sən
uşaq vaxtı yıxılmamısan?
- Necə
ki?
- Deyirəm,
uşaq olanda yıxılmamısan? Başın
heç yerə dəyməyib?
- Xeyr,
yıxılmamışam. Başım da
heç yerə dəyməyib. Yəqin siz
özünüz yıxılmısız...
- Onda sərxoşsan.
O küncdəki butulkanın arağını sən
içmisən?
-
Hansı butulkanı?
O,
başının işarəsilə səhnənin
arxasında, pərdənin böyründəki boş
butulkanı göstərdi.
- Odu ey,
küncdəki butulka, - deyə mənə
yaxınlaşıb, qulağıma pıçıldadı.
Bu odlu-alovlu çıxışına görə, o butulka
bayramdan sonra səni gözləyir!..
- Nə?
- deyə təəccüblə ona
baxdım.
- Onu, sənə
“hədiyyə” verəcəm... Əbədilik
özündə saxlayacaqsan. Qoy sənin
kimi ağız bəhəm eləyən müxalifətə
dərs olsun, - deyə sonra da qulağıma butulka ilə
bağlı biədəb bir cümlə
pıçıldadı.
Birdən-birə 1937-38-ci irtica illərində siyasi məhbus
adı ilə tutulub, türməyə salınanların nəyisə
güclə boynuna qoymaq istəyəndə o butulkadan NKVD-nin
“silah növü kimi” necə istifadə elədiyi yadıma
düşdü. Məni soyuq tər basdı...
- Nə
fikirləşirsən? Niyə dinmirsən?
Niyə susdun? Xoşum gəldi
səndən. Gör necə
açıq-açığına danışırsan?
Mən sizə demokratiyanı, söz
azadlığını ona görə vermişəm ki, siz
xoşunuza gəlməyən işləri, neqativ halları, hətta,
məni də açıq-açığına tənqid eləyəsiz.
Mən də bunlardan ibrət götürüm.
Səhv işlərimizi düzəldim, - deyə
o, ucadan danışır və bic-bic gülürdü.
O
danışır, güldükcə gözləri
qıyılır, gözlərinin rəngi dəyişir, mənimsə
fikrim küncdəki boş butulkada idi...Diqqətlə
baxırdım ki, görüm ağzı kəsik deyil ki...
- Sən
niyə danışmırsan?
- Fikirləşirəm...
- Fikirləşirsən
ki, millət acdı? Acından ölən
varmı?
- Bəli.
- Necə?!
Acından ölən var?!
- Xeyr!
- Deyirsən
iş yoxdu, millət işləmir...
- Bəli.
- Necə?!
Bəs bu qədər xarici maşınları, əl
telefonlarını, evləri, işləməyən millət
hansı pulla alır? Bu bərli-bəzəkli evləri
hansı pulla tikdirir?..
- Mən
heç bunları fıkirləşməmişdim...
- Bəs
siz müxalifət, nəyi fikirləşirsiz? Niyə
hər şey sizin gözünüzdə qara
görünür?
- Bilirsiz,
Əlahəzrət, mən sizi...
Nitqim tamam kəsildi. Deyəsən mən bu kişini
artıq yavaş-yavaş tanımağa
başlamışdım...
- Niyə
susdun? - deyə o, başının
işarəsilə butulkanı göstərdi. Və
qulağıma pıçıldadı. O butulka səni
gözləyir ha. Görürsən. İki nəfər o butulkanı əlində
möhkəm saxlayıb. Sən səhnədən
çıxanda... O məsələ... Bayaq dediyim...
Məni tamam soyuq tər basdı. Özümü
itirdim.
-Vallah, bu
mənim öz sözlərim deyil. Millətin
çayxana söhbətlərindəndi. Mən
də onların adından səhnədə
qırıldadıram, - deyə qorxa-qorxa qulağına
pıçıldadım. Mən artıq
keçdim siz tərəfə.
- Qorxma. Açıq danış. Millət
daha nə istəyir? Deməli, müəyyənləşdirdik
ki, acından ölmür, çörəyi var, xarici
maşını var. Bərli-bəzəkli evi var... açıq söz deyə bilir. Demokratiya var.
Müstəqillik var... Güzəranımız
günü-gündən yaxşılaşır… Sonra sizi nə maraqlandırır?
- Bu teatr
işçilərinin maaşı çox azdır, Əlahəzrət...
- Artistlərin
pul nəyinə lazımdı? - deyə o,
birdən-birə ucadan güldü, - siz Don Kixotlarsız... Pulu neynirsiz? Çox yesəniz
kökələrsiz, səhnədə eybəcər
görünərsiz. Özü də sizin az məvacib aldığınızı kimsə
gəlib mənə deyibmi?
- Bilmirəm.
- Deməyib.
Bu vaxt səhnəyə
iki yekəpər adam çıxdı. Sifətlərinin rəngi əcaib-qəraib idi.
Amiranə kişinin başının hərəkətilə
onlar mənim qollarımdan tutub “hop” deyib yuxarı
qaldırdılar, əlində butulka tutan o biri iki yekəpərə
sarı apardılar... Hələ butulkaya çatmamış
məni tam söyuq tər basdı və məndən bir
qışqırıq qopdu ki, qorxudan az
qaldı ürəyim, hətta yumurtalıqlarım
partlasın...
...Hövlnak
yuxudan oyandım... Gördüm ki, tərin,
suyun içərisindəyəm. Arvad da əlində
butulka başımın üstündə dayanıb
qışqırır. Qorxudan tez
çarpayının o biri tərəfınə
qısılıb, möhkəm-möhkəm yorğanı
özümə bürüdüm. Əllərimlə də
möhkəm tutdum…
- Bircə
bu qalmışdı ki, arağı kravatın altında gizlədəsən?!
- Nə
araq? - deyə qorxa-qorxa arvada baxıb
udqundum.
- Zəhrimar
araq, çor araq. Budaha ey. Bu
zibili, - deyə əlindəki yarımçıq araq butulkasını
mənə göstərdi. Dur get, çörək pulu
tap. Üç gündü uşaqlar acdı.
Bəs bu araq zəhrimarı hansı pulla
almısan?!
-
Bağışlayıblar...
- Araq əvəzinə
çörək bağışlayaydılar da sənə.
- Orada
ancaq araq satırlar...
-
Yaxşı! Söz güləşdirmə! Get çörək
tap gətir!
-
Çörək?..
- Hə,
hə çörək. Uşaqlar acdı.
Sənət tapdı bu da özünə... Heç olmasa, get
bazarda kartof, soğan sat, axşama bir-iki manat gətir ki,
uşaqlar quru çörək də olsa, yeyə bilsinlər.
- Vallah,
özün bilirsən ki, alver bacarmıram. Keçən dəfə
də əclaflar bir zənbil paltarı gözümün
qabağından necə oğurlayıb apardılarsa, hələ
də pulunu verməmişik, - deyə yazıq-yazıq arvada baxdım.
- Ay Allah,
gör məni gətirib kimə ürcah elədin?
Mütrüfün, səhnədə oyun
çıxaranın, oyun quranın birinə... Kül
mənim başıma. Mənim kimi belə gözəl-göyçək
cuvanəzən gedib yüksək rütbəli məmura, nazirə,
polisə, prokurora, kommersanta, müfəttişə qismət
olmadı, gör gəlib kimə qismət oldu?..
Niyə mən belə bədbəxt doğulmuşam, İlahi?.. Nə gözünü
döyürsən? Niyə əlimdəki
butulkaya qorxa-qorxa baxırsan? Onsuz da
yarısını içmisən. Burada daha heç nə
qalmayıb... Dur, get, kimdənsə borc pul tap, çörək,
yavanlıq al gətir!
Arvad deyinə-deyinə, əlində
yarımçıq araq olan butulkanı götürüb
otaqdan çıxdı. Mən üzümün, bədənimin tərini
yorğana silib, bayaq gördüyüm əcaib-qəraib yuxunu
və bir də heç olmasa, quru çörək
almaqçün kimdən borc pul tapacağımı fıkirləşirdim...
Borc almağa daha yaxın adam
qalmamışdı... Qonşunun evindən isə
radionun səsi gəlirdi. Məşhur müğənni
Bülbül gur səslə ən sevimli mahnılarından
birini oxuyurdu...
- Əcəb
ağ gündədi mənim Vətənim...
Dərbənd şəhəri,
Sumqayıt şəhəri
Avqust, 1999-cu il.
Bəzi əlavələr 2010-cu ilin
iyul ayında olub
Ağalar İDRİSOĞLU
Azad Azərbaycan.-
2020.- 12 mart.- S.7.