Vətəni təmsil etmək çox

məsuliyyətli bir işdir

 

Adətən söhbətə ənənəvi bir sualla başlayıram. Bəzən sadə, bəzən konkret, bəzən də müsahibin öz tərzinə uyğun olur cavablar. Amma bu dəfə eşitdiyim cavab qeyri-adi, bir az da qəlizliyə yaxın oldu, elə onun bəstələdiyi mahnılar kimi. Tamaşaçı sevir onun mahnılarını, müğənnilər həvəslə ifa edir. Bir vaxtlar yaradıcılığı işıq saçan, milyonların izlədiyi beynəlxalq bir yarışmada Azərbaycanı ilk olaraq təmsil edən bu bəstəkar nədənsə görünməz olub. Bax, elə bu nədənsənin izi ilə ona da “Qadın gülərsə” demək istədik. İstəyimizi məmnunluqla qəbul edən qonağımız respublikanın Əməkdar artisti, özünəməxsusluğu ilə hər zaman seçilməyi bacaran, bəstəkar Gövhər Həsənzadə çox maraqlı həmsöhbət oldu.

 

TANIŞLIQ

 

Əsrin yarısını adlamış mən, bahardan soraq verən mart ayının əvvəlində ziyalı ailəsində bu dünyanı salamlamışam. Bakıdakı 7 saylı məktəbdə səkkiz il oxuyub sonrakı təhsilimi musiqi sahəsində davam etdirmişəm. Əvvəl A.Zeynallı adına Musiqi Məktəbini əla qiymətlərlə, daha sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsini fərqlənmə ilə bitirdikdən sonra Mədəniyyət Nazirliyi tərəfindən indiki H.Əliyev sarayına bədii rəhbər və rejissor kimi dəvət olundum. Həmin dövr fəaliyyətimin çox uğurlu illəri oldu. Bu sarayda çalışdığım yeddi ildə həm böyük nailiyyətlər qazandım, həm də böyük məktəb keçdim. Daha sonra Şəhriyar adına Mədəniyyət Mərkəzinə rəhbərlik etməklə yanaşı, 2000-2008-ci illərdə Yaşıl Teatrın bədii rəhbərliyi də mənə həvalə olundu. Hazırda rəsmi bir qurumda bədii rəhbər kimi çalışıram.

 

AİLƏ

 

Həm ziyalı, həm də uşaqlara çox ciddi nəzarət olunan bir ailədə böyümüşəm. Atam Sudef Həsənov ixtisasca fizik olub və Bakı Seysmoloji Xidmət Mərkəzinə rəhbərlik edib. Üç il əvvəl haqq dünyasına qovuşan atamın işinə bənzər zəlzələ kimi xasiyyəti vardı. Çox çəkinirdik ondan. Gedişi ilə dünyamı alt-üst edən atamdan sonra hələ də özümə gələ bilmirəm. Anam Afəridə xanım filoloqdupedaqoji fəaliyyətlə məşğul olub. Atam heç vaxt bizə heç nə deməzdi, nə sözü vardısa, anamın vasitəsilə çatdırardı. Deyərdim ki, anam atamdan da artıq ciddi və mühafizəkar olub tərbiyəmizdə. Ozünün tapşırıqlarını bəzən atamın adından mənə və bacıma deyərdi. İki övladıq ailədə - özümdən üç yaş böyük bacım və mən. O, həkim oldu, mən musiqini seçdim.

 

BƏSTƏKAR

 

Beş yaşım olanda evə piano aldılar və o zaman prelüdə bənzər iki melodiyanı elə-belə dınqıldatdım. Evə qonaq gələndə deyərdilər ki, Gövhər, gəl pianoda çal. Mən də uşaq həvəsilə o melodiyaları məmnunluqla çalardım, hamı da alqışlayardı. Vəssalam, o yazdıqlarım elə beş yaşında da qaldı. Bir də 16 yaşında musiqi yazmaq həvəsi duydum. Artıq A.Zeynallı adına Musiqi Məktəbinin “Musiqi nəzəriyyəsi və tarixi” fakültəsində oxuyurdum. Orada bəstəkarlıq kursu var idibu günçox hörmətlə andığım Leonid Vaynşteyn ora rəhbərlik edirdi. O məni həmin kursa yazdı, çünki musiqinin strukturunu qura bilirdim. Mənə dedi ki, bunu bacarırsansa, niyə mahnı bəstələmirsən?

Mən musiqi yazacam, bəstəkar olacam kimi bir fikir ağlımın ucundan belə keçməyib. Onun bu təklifi mənə çox qəribə gəldi. Bu vaxta qədər ciddi rejimdə böyüyən, azadlıq görməyən mən, sərbəst nəsə deyə bilərəmmi, fikrini yaxın buraxmağa qorxurdum. Lakin Vaynşteyn məni bu kompleksdən çıxararaq dedi ki, nə istəyirsən elə. Qorxa-qorxa, çəkinə-çəkinə düşündüklərimi deməyə başladım. O, məni dinlədi, istiqamət verdibundan sonra bəstəkarlığa hazırladı. Mən çox şanslı insanam ki, konservatoriyada dahi Cövdət Hacıyevin sinfinə düşdümonun son tələbəsi oldum. Məndən sonra o, pedaqoji fəaliyyətinə son verdi. Keçdiyim bu məktəb Gövhər Həsənzadənin bəstəkarlıq yolunun tramplini oldu. Mahnılarımın sözlərini 99 faiz özüm yazıram, amma mənə şairə demək olmaz, bu adın mənə deyilməsindən qorxuram. Əgər mən şairəliyə iddialı olsam, onda gərək musiqidə olan bütün eybəcərlikləri, saxtakarlığı, qeyri-peşəkarlığı qəbul edim. Poeziya nümayəndələri də hiss edir ki, yazdıqlarım şeir deyil. Mən bəstələdiyim musiqinin melodiyasının tələb etdiyini yazıram, çünki mənim üçün bunu heç kim qələmə almayacaq. Mahnılarımın sözlərini musiqisiz kimsə oxusa, burda şeir görməyəcək. Mənim yazdıqlarım musiqinin dillə ifadəsidi, səsin sözlərə çevrilməsidi. Yaradıcı insanlara çoxu qeyri-adi biri kimi baxır. Bununla razıyam. Rəsmi əl ilə çəkirsən, göz ilə görürsən. Şeiri dillə söyləyirsən, qulaqla eşidirsən. Bir bəstəkar vətən həsrəti ilə hisslərini musiqiyə çevirib ona “Kənd lövhələri” adını veribsə və insan onun nə dildə yazıldığını bilmədən, sözü üstündə olmadan anlayaraq, lap kəndimiz yadıma düşdü deyirsə, bu, artıq mükəmməl musiqidi. Yaradıcı insanlarda ilham pərisi adlanan bir qüvvə var. Biz onunla dostuq, siam əkizləri kimiyik. Mənim üçün ən asan musiqi bəstələməkdi, çünki mahnı mənə həmən gəlir. Mənə həvəs iki aydan sonra gələcək və ya bu mövzuda mahnı bəstələmək tapşırığı almışam, amma hələ özümü hazırlaya bilmirəm kimi fikirlərdən çox uzağam, hətta mənə yaddı. Bəstəkar təbii ki, hər zaman üzdə olmalıdı. Peşəkar bəstəkarlar görmüşəm, onlardan hər hansı bir layihə üçün mahnı istəniləndə, deyib ki, buna vaxt lazımdı. Bu, mənim üçün o qədər qəribə anlayışdı ki... Sənin peşən musiqi yazmaqdısa və əsl bəstəkarsansa, beynini araşdırıb tapşırığa uyğun ordan nəsə tapıb, üzərində işləyib qoymalısan ortaya, əks halda yaradıcı insan deyilsən. İstənilən an musiqi bəstələməyə hazıram, yetər ki, düzgün tapşırıq verilsin. Sifarişlə mahnı yazmaq mənlik deyil, çünki istədiyim ürəyimdə qalır, onu müsiqiyə çevirmirəm. Mahnının yaranması bəstəkarın əhval-ruhiyyəsi deməkdi. Mahnı bəstələyəndə həmin an nəyi yaşayıramsa, onu nota çevirməliyəm. Mənə söz verdilər və mən də həmin sözə müsiqi bəstələdim deyə bir anlayışdan uzağam. Əlimdə gərək beş şeir olsun ki, onlardan nəsə götürüb obrazı yarada bilim. Şeirin sözləri mahnıda özünü göstərməlidi. Görmədiyim misraları müəllifə deyib, dəyişdirib istədiyimi almalıyam. Əgər hiss varsa, deməli musiqi var. Elə bir Azərbaycan bəstəkarı yoxdu ki, ondan sevmədiyim musiqi əsəri olmasın. Bununla yanaşı nə bəstəkar, nə də müğənni fanatı deyiləm.

 

EUROVİSİON

 

On iki il keçməsinə baxmayraq, mənə elə gəlir ki, hələ də yuxudan ayılmamışam. Azərbaycanın dünyaya inteqrasiyası, inkişafı üçünEurovision” növbəti bir layihə, yeni bir addım oldu ki, bu da 2008-ci illə bərabər mənim də payıma düşdü. Bundan sonra İslam oyunları, Olimpiya oyunları və digər tədbirlər sıra aldı. “Eurovisiondünyada dövlətlərin gücünü, qüdrətini bəlli edən irimiqyaslı tədbirlərdən biridi və dövlətin bu lisenziyanı Azərbaycan üçün alması böyük nailiyyət idi. Və dövlət özünə güvənən, Bəstəkarlar İttifaqının üzvü olmaq kimi bir məsuliyyəti daşıyan 5-6 nəfəri dəvət edib tapşırığını verdi. Mən dövlətimə minnətdaram ki, həmin kiçik siyahıda o zaman 40 yaşı belə olmayan Gövhər Həsənzadə də vardı. Bu, mənə olan güvəncin təzahürü idi. Etiraf edim ki, o zamana qədər vaxt darlığından bu yarışmanı televiziya ilə belə izləməmişdim. Mənə olan bu etimadı mütləq doğrultmalı idim. Mahnını bəstələdim, sözlərini yazdım, sözlər tərcümə olundu, müsabiqəyə təqdim etdim. Azərbaycan seçimlərində iştirakçı oldum. Bunu dövlətindən tapşırıq alan biri kimi etmək borcum idi. Lakin Azərbaycanı dünyanın izlədiyi möhtəşəm bir müsabiqədə ilk dəfə təmsil edəcəyimi düşünə belə bilməzdim, desəydilər də inanmazdım. Müsabiqənin təşkilat mərkəzi mahnını da, müğənniləri də uyğun bildiilk dəfə olaraq Azərbaycan heyəti “Eurovisiona qəbul olundu. Dövlətimiz bizə inandı, dəstəklədi. Vaxt, zaman bəlli oldu. Birdən sanki duman çəkildi və o zaman anladım ki, Azərbaycanda hələ sözünü deməyən iki gənclə ölkəmi ilk dəfə olaraq təmsil etməyə gedirəm və bu yükün ağırlığını dərk etdim. Sona qədər müəmma içində idim. Belə düşünə-düşünə 16 ölkədə turnelərdən sonra gəlib çıxdıq Belqrada. Məhz orada həmişə güvəndiyim Allahın varlığına bir daha inandım. Final günü uşaqlara dedim ki, məni nə zaldakılar, nə münsiflər, nə də gələn səslər maraqlandırır. Biz bura Azərbaycan deməyə gəlmişik və bunun üçün üç dəqiqəmiz var. Düşünün ki, sizə bütün Azərbaycan baxır. Not səhvi oldu fikir verməyin, falş oxuduz üstündən keçin, muğamda səsin titrəsə, aşağıdan oxu, burdakılar muğam nədi bilmir. Mahnını mən yazmışam, nə istəyirsiz edin, bircə səhnədə büdrəməyin, səsiniz yerində olsun, gözünüz zaldakı bayrağımızdan başqa heç nə görməsin, səkkiz milyon yarımlıq (o zamankı statistika belə idi) Azərbaycan üçün oxuyun və gəlin. Bunu deyib onları əlimdə tutduğum Quranın altından keçirdim, Ayətəl-Kürsünü oxuyub səhnəyə yola saldım. Uşaqların ifası çox mükəmməl oldu, səhnədən qayıdanda onların halını yalnız görmək lazım idi. Vətəni təmsil etmək çox ağırdı, ağır olduğu qədər də məsuliyyətli bir işdir. O anda insanın gözünə nə şan-şöhrət, nə də populyarlıq görünür. Səhnədə üstündə 16 kq-lıq qanadla oxumaq, hərəkət etmək asan gəlməsin. Bu çıxış, bu ifa hələ də yaddaşlarda qalıb. Hərdən mənə sual verirlər ki, niyə sizdən sonra Azərbaycan bu müsabiqəyə öz mahnısını təqdim etmir. Mən bu sualla razı deyiləm. Bizdə kifayət qədər istedadlı bəstəkarlar var və inanmıram ki, onlar bu işdə çətinlik çəksin. Düşünürəm ki, yarım əsrdən sonra müsabiqəyə qatılan bir dövlətin ilk dəfədən qazandığı uğur, yarışmanın təşkilat mərkəzini bir qədər düşünməyə vadar edib. Onlar da öz növbəsində düşünüb ki, hər il bunlar öz mahnıları ilə gəlsə, qələbə yalnız onların olacaq. Əslində biz üçdördüncü yerləri bölüşürdük. Dörd səsvermədən sonra səkkizə düşdük. Təbii ki, burda müxtəlif nüansların, qərəzli mövqeyin rolu vardı. Eşitdiyimiz: “Azərbaycan son 20 ildə “Eurovisiona ciddilik gətirən bir dövlət oldufikri ən yüksək qiymətdi. Fəxrlə deyə bilərəm ki, Azərbaycanın ilk çıxışı bu günədək öz təsirini saxlaya bilib. Bizim etdiyimiz elementlər sonrakı yarışmalarda öz əksini göstərib. Qeyri-təvazökarlıq kimi çıxmasın kilsə musiqisi ilə başlayıb muğamla bitən, üç dəqiqəlik bir zaman kəsiyində dinləyicidə fəlsəfi fikir yarada bilən bir mahnı unudula bilməz. 2008-ci ildən sonra bu layihədə iştirak etməmişəm.

 

NİLGÜN

 

Bir ana kimi çox arxayınam, çünki övladıma anam tərbiyə verir. Mən nə anam, nə rəhmətlik atam kimi mükəmməl valideyn ola bilməzdim, çünki yaradıcı adamam. Böyüdüyüm ailədəki rejimsistemin davam etdiyindən çox razıyam, çünki qız övladının sahibiyəm. Nilgünün musiqi duyumu qənaətbəxş deyildi deyə, onu bu sahəyə qoymadım. Özünün də marağı olmayıb, evdəki pianoya bir dəfə də olsun yaxın düşməyib. Bununla belə musiqini çox sevir, xüsusən ciddi musiqini, böyük bəstəkarların əsərlərini dinləməyi xoşlayır. Hətta bir dəfə məndən dinlədiyi əsər haqqında soruşdu. Mexaniki olaraq Şopenin əvəzinə Şubert dedim. Qızım heyrətdən özünə gələ bilmirdi ki, mən bu səhvi necə edə bilərəm. O zaman utanmaqla yanaşı, hiss etdim ki, Nilgün böyüyüb. Bir dəfə ondan soruşdular ki, kimin mahnılarını sevirsən? Cavab verdi ki, Tünzalə Ağayevanın. Bunu mənim ən dəbdə olan, Tünzalənin isə yeni oxumağa başladığı vaxtda deyib. İndi-indi deyir ki, anamın bəzi mahnıları xoşuma gəlir, lakin fanatım deyil, yaradıcılığıma sərbəst münasibətini bildirir. Əvvəllər xırda detallarla kiçik miniatürlər çəkirdi. Bunu ciddiyə alıb onu rəsmə qoydum, gördüm rəssamlığa çox meyllidiindi həmin sahə üzrə də hazırlaşır.

 

GÖVHƏR

 

Mən sakit uşaq olmamışam. Sovet dövründə bütün ziyalı ailələrdə uşaq hərtərəfli inkişaf etdirilirdi. Bunun üçün bütün məktəblərdə müxtəlif dərnəklər, özfəaliyyət seçimi vardı, çünki hər bir uşağın nə iləsə məşğul olması vacib idi. Mən böyüyüb təhsil aldığım dövrdən çox razıyam. Üç yaşından məktəbə qədər baletə getmişəm. Yeddi yaşından gimnastikaya həvəsləndim, olimpiadalarda çıxış etdim. Səkkiz yaşımda Səbail rayonunda bədii gimnastika üzrə çempion da oldum. Bundan sonra mərhum atam dedi ki, bu yaşa qədər atdanıb-düşməyin kifayət edər. Təbii ki, bu da necə deyərlər müsəlmançılıqdan irəli gələn bir baxış idi və beləcə, doqquz yaşımda məşğuliyyətlərimlə vidalaşmalı oldum. Sakitlik mənə yad olduğundan dama dərnəyinə getdim, rayon üzrə çempion oldum. Arada rəssamlıqla məşğul oldum, bir sərgim də təşkil olundu. Və sonda dedim ki, musiqi ilə məşğul olmaq istəyirəm. Evdə əlimdəm bezar olan valideynlərim dedi ki, Gövhər, bu, artıq sənin son istəyindi. İmtahan günü musiqi duyumumu yoxladılar. Sonda komissiyanın sədri əlimdən tutub dəhlizə çıxaraq soruşdu ki, bu uşağın valideyni kimdi? Bir onu gördüm ki, anam ayağa qalxdı. Sədr anama dedi ki, sizin uşağı o biri imtahanlara salmamaq şərti ilə qeydiyyata aldıq, xahiş edirik fikrinizi dəyişməyəsiz. Qorxu-həyəcan məni elə bürümüşdü ki, öz-özümə deyirdim: bu sondu, daha heç nə istəməyəcəyəm. Anam biruzə verməsə də, məmnun halda əlimdən tutub məni “Bakı” univermağına apardı. Dedi ki, bu gün özünü yaxşı apardın, əlimdən də yaxşı qurtardın. Ona görə də sənə hədiyyə alıram. Bizim dövrdə aldığın hədiyyənin qutusu belə çox dəyərli olurdubuna çox sevinirdik. Bizim üçün o qutunun içindəki yox, hədiyyə almağın özü qiymətli idi

Uzun illərdi ki, mən məhz o cür sevincı yaşamıram. Həmin gün anam mənə sarısaçlı bir gəlincik aldı. İndi həmin anları xatırlayanda, sanıram ki, o zaman anam mənə Oskar mükafatı veribmiş. Anam övladlarına istəyini heç zaman biruzə verməyib. Bunu bildiyimdəm anamın hədiyyəsi mənim üçün bir sensasiya oldu.

Çətin insan olduğum kimi müsiqilərim də özümə bənzəyir. Bu səbəbdən çox dərin düşünməməyə çalışıram. Nə qədər buna nail oluram, bilmirəm. Bir qadın kimi xoşbəxtəm, həyatda tənha deyiləm, ailə sahibiyəm, sevgi problemi yaşamıram. Mətbəxə münasibətim musiqi kimidi. Əgər mətbəxdə hazırlamaq istədiyim bir yemək varsaonun hansısa bir komponenti çatmırsa, o xörəyi hazırlamıram. Yəni Gövhər evdədi, gedən kimi qarşımıza isti yemək qoyacaq fikrində kim olsa, ac qalacaq. Bununla belə yeməklərimin dadlı olduğunu həmişə etiraf edirlər, amma buna görə öyünməyə dəyməz. Qadınsansa, yeməklərin dadlı, evin təmiz, yoldaşının, uşaqlarının səliqəsi yerində olmalıdı. Bu, mənim düşüncəmdi. Nə olur olsun, çox kövrək biriyəm. Dünyada ruhsuz, səmimiyyətdən uzaq, qəlbsiz insanlar çoxdu. Bu gün Gövhər Həsənzadənin ən yaralı yeri yeniyetmə və gənclərin yaşadığı bu problemliaqressiv dünyadı. İstəyirəm ki, səkkiz yaşından sonra dünya uşaqlar üçün görünməz olsun.

 

QADIN GÜLƏRSƏ

 

Sizə minnətdaram ki, içimdə olub dilə gətirmədiyim fikirlərimlə bölüşə bildim. Qadın gülərsə, müharibə olmaz, ən əsas budu. Tez-tez işlənən bir ifadə var – qadın güclüdü. Bir sərt baxışdan kövrələn, bir yanlış sözdən qəlbi sınan, arxasında hər zaman dayağa ehtiyac duyan zərif bir varlıq nə qədər güclü ola bilər? Qadın bir evin ocağını sönməyə qoymayan qüvvədi. Əgər bir evdə o isti ocaq varsa, onun hər közünün, ən kiçik qığılcımının belə dəyərini bilmək lazımdı. Elə edək ki, ocaqlar hər zaman gur yansın. Bax, onda qadın həmişə gülər.

 

Tamilla TEYMURQIZI

 

Azad Azərbaycan.- 2020.- 17 mart.- S.3.