Müqtədir sənətkar

 

Kamil ƏHMƏDOV- 100

 

XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin inkişafı tarixində müstəsna xidmətləri olan “Əməkdar Mədəniyyət işçisi”, mahir tarzən, pedaqoq, muğam bilicisi Kamil Əlisəttar oğlu Əhmədov 3 aprel 1920-ci ildə Bakıda zərgər ailəsində anadan olmuşdur.

Atası onu zərgər görmək istəsə də, balaca Kamilin bütün fikri-zikri qardaşı İsmayılın çaldığı tarın yanında idi. Tar çalmaq istəyirdi. Qardaşı evdə olmayanda tez-tez onun tarını götürüb bildiyi kimi çalırdı. Onun istək və arzusunu nəzərə alaraq dayısı ona bir tar alır. İllər ötdükcə musiqiyə daha da məhəbbətlə bağlanırdı.

1934-cu ildə o, 14 yaşında ikən Bakı Musiqi məktəbinə qəbul olmaq üçün sənəd verir. Ü.Hacıbəylinin sədrliyi ilə imtahan komissiyası ona əla qiymət yazaraq, tar qrupunda yer olmadığı üçün skripka qrupuna keçməyi məsləhət görürlər. O, komissiyaya etiraz etdikdə Üzeyir bəy ona valideynlərini gətirməyi tapşırır. Valideynlərinin isə onun ümumiyyətlə musiqiçi olmasının əleyhinə olduğunu bilən Kamil, dinməzcə çıxıb gedir. O gündən orta məktəb dərslərinə davam edə-edə Bakı komissarları adına mədəniyyət sarayında bəstəkar Adil Gərayın qardaşı, sonralar isə Kamilin bacısı Leyla xanımın həyat yoldaşı olacaq Əmirulla Məmmədbəylinin rəhbərlik etdiyi özfəaliyyət dərnəyinə üzv yazılır.

1936-cı ildə 16 yaşında ikən Bakı Musiqi məktəbinin tar sinfinə imtahan verərək qəbul olur. 17 yaşında Azərbaycan Dövlət Filarmoniyasında xalq çalğı alətləri orkestrinə işə dəvət edilir. Eyni zamanda Bakı Musiqi Məktəbinin tar sinfinə qəbul olur və dövrünün məşhur tarzənləri Mirzə Mansur və Əhməd Bakıxanovdan dərs alır.

IV kursda ikən Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar cəbhəyə yola düşür. Ağır müharibə illərindən sonra təhsilini davam etdirməyə imkanı olmadığı üçün o, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində muğamat və xalq musiqisi sinfinə müəllim kimi işə düzəlir. Bu sinifdə xanəndələrə dərs deyən görkəmli xanəndə Seyid Şuşiniski ilə 20 ildən çox çiyin-çiyinə tarzən-müşayiətçi kimi əmək fəaliyyəti göstərmişdir. S.Şuşiniski vəfat etdikdən sonra isə bu təhsil ocağında 30 noyabr 1997-ci ilə qədər-vəfat edənə kimi pedaqoji fəaliyətini davam etdirmişdir.

Bu dövr ərzində K.Əhmədovun sinfini bitirən tarzən tələbələrin əksəriyyəti respublikamızın adlı-sanlı, fəxri adlara layiq görülmüş sənətkarlardır. Onlardan, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Ağasəlim Abdullayev, Xalq artisti, “Xatirə” xalq çalğı alətləri ansamblının rəhbəri Adil Bağırov, Əməkdar İncəsənət xadimi Azərbaycan Milli Konservatoriyasının professoru Məmmədağa Kərimov, Əməkdar müəllim, Azərbaycan Milli Konservatoriyasının dosenti, Sumqayıt Musiqi Kollecinin direktoru Rasim Quliyev, Əməkdar İncəsənət xadimi Azərbaycan Milli Konservatoriyasının professoru Akif Quliyev, Əməkdar müəllim,

Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Malik Quliyev, Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Əkrəm Məmmədli, Əməkdar müəllim, Sumqayıt Musiqi Kollecinin şöbə müdiri Abdul Haşımov, Əməkdar müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Quliyev, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının dosenti Elçin Həşimov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi Murtuz Əsədullayev və başqa bir çoxlarını göstərmək olar.

Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində 20 il görkəmli xanəndə Seyid Şuşinski ilə birlikdə xanəndə sinfində, tarzən-müşayiətçi çalışdığı dövr ərzində isə SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Zeynəb Xanlarova, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Əlibaba Məmmədov, Xalq artisti İslam Rzayev, Xalq artisti Elmira Rəhimova, Əməkdar artist Süleyman Abdullayev, Əməkdar mədəniyyət işçisi Nəriman Əliyev, Əməkdar artist Sabir Mirzəyev, Filologiya elmləri doktoru Vəli Məmmədov, Əməkdar artist Mais Salmanov, Əməkdar artist Rəsmiyyə Sadıqova, VI Ümumdünya gənclər festivalının laureatı Qulu Əsgərov və difər bir çox məşhur xanəndələrin yetişməsində Kamil Əhmədovun da xüsusi xidmətləri olmuşdur.

Kamil Əhmədov pedaqoji fəaliyyəti ilə eyni zamanda xalq çalğı alətlərimizin də mahir konstruktoru və bəstəkar ürəkli tarzən olmuşdur. Onun düzəltdiyi və zərgər dəqiqliyi ilə sədəflə bəzədiyi alətlər haqqında respublika və beynəlxalq mətbuatda kifayət qədər qəzet, jurnal məqaləsi və reportajlar verilmişdir. Eyni zamanda Kamil müəllimin milli məişət əşyalarından ibarət zəngin kolleksiyası da var idi. Bu əşyalar və alətlər dəfələrlə beynəlxalq və respublika səviyyəli sərgilərdə nümayiş etdirilərək ölkəmizi ləyaqətlə təmsil etmişdir.

1940-cı illərdə “Gənc tamaşaçılar teatr”ında musiqiçi kimi çalışarkən teatrın nəzdindəki “Kukla teatrı”nda tamaşaya qoyulan “Keçinin qisası”, “Hiyləgər tülkü”, “Qoçaq uşaqlar” və başqalarına öz bəstələri ilə musiqi tərtibatı vermişdir.

Pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov öz tərtibatçılığı, xalq artisti professor, bəstəkar Süleyman Ələsgərovun redaktorluğu ilə 1982-ci ildə hazırlanmış “Muğamların tədrisinə dair metodiki tövsiyələr” ində Kamil Əhmədovun zəngin pedaqoji təcrübəsi və elmi metodik bilgilərindən faydalandığını qeyd etmişdir.

1970-ci illərdə Azərbaycan televiziyası ilə “Əməkdar İncəsənət Xadimi”, professor Ramiz Zöhrabovun aparıcılığı ilə “Xalq musiqi xəzinəsi”ndən rubrikalı silsilə verlişlərdə Kamil Əhmədov verlişin daimi məsləhətçisi kimi iştirak edərək öz ifası və tarixi-nəzəri məlumatları ilə tamaşaçıların rəğbətini qazanmışdır.

Kamil Əhmədovun pedoqoji və ifaçılıq fəaliyyəti haqqında Azərbaycan Radio Televiziyası ilə müxtəlif mövzulu verlişlər hazırlanaraq efirə verilmişdir.

Xalq şairi Bəxtiyar Vahabzadə 1975-ci ildə nəşr etdirdiyi “Muğam” poemasına görə məhz Kamil Əhmədova minnətdar olduğunu, onun muğamlara dair zəngin bilgilərindən və ifalarından faydalandığını söyləmişdir.

1981-ci ildə jurnalist-publisist Qismət Babayev Kamil müəllim haqqında “Tarzən Kamil Əhmədov” adlı kitab nəşr etdirmişdir. Özünün söylədiyinə görə həmin kitabdan bir ədəd, o zaman Mərkəzi Komitənin birinci katibi - Ulu öndər Heydər Əliyevə göndərmişdir. Mədəniyyət və incəsənətimizə , sənət adamlarına yüksək qayğı göstərən Ulu öndər öz növbəsində telefonla Kamil Əhmədova zəng etmiş, onu təbrik edərək yeni yaradıcılıq uğurları arzulamışdır.

Yazıçı Mustafa Çəmənli özünün “Səs qərib olmur” kitabında Kamil Əhmədov yaradıcılığına və sənətinə xüsusi səhifə ayırmışdır.

Dövri mətbuat səhifələrində Kamil Əhmədovun pedaqoji və ifaçılıq fəaliyyəti haqqında kifayət qədər maraqlı məqalələr verilmişdir.

1981-ci ildə iyun ayının 8-də Abbas Mirzə Şərifzadə adına Aktyor evində Kamil Əhmədovun 60 illik yubiley tədbirində çıxış edən bəstəkarlar Süleyman Ələsgərov, Fikrət Əmirov, Vasif Adıgözəlov, pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov, Xalq şairi Bəxtiyar Vahabzadə onun sənəti, ifaçılıq və pedaqoji fəaliyyətini, milli musiqi mədəniyyətimizin inkişafında xidmətlərini çox yüksək qiymətləndirmişlər.

1990-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Musiqi Mədəniyyəti Muzeyinin Xalq çalğı alətləri üzrə ekspert komissiyasının üzvi kimi xaricə aparılan muzey əhəmiyyətli neçə-neçə musiqi alətinin ölkəyə qaytarılmasında Kamil Əhmədovun çox böyük xidmətləri olmuşdur.

Hal-hazırda Azərbaycan radiosunun “Qızıl fond”unda Kamil Əhmədovun ifa etdiyi solo muğam yazıları qorunur və vaxtaşırı efirə verilir. Həmçinin, görkəmli xanəndə, Xalq artisti Seyid Şuşinskinin “Qızıl fond” da qorunan “Humayun”, “Bayatı-kürd”, “Rahab”, Əməkdar artist Zülfi Adıgözəlovun “Humayun”, Xalq artisti Şövkət Ələkbərovanın “Qatar”, Xalq artisti Rübabə Muradovanın “Şahnaz”, İldırım Həsənovun “Çahargah” muğam dəstgahları Kamil Əhmədovun müşayiəti ilə lentə alınmışdır.

Kamil Əhmədovun sənətini yüksək qiymətləndirən Seyid Şuşiniski elə o vaxtlar ona demişdir ki, “Kamil, vaxt gələcək məni axtarıb, səni tapacaqlar”.

Müqtədir sənətkarın obrazlı şəkildə işlətdiyi bu ifadə muğam ifaçılığı və tədrisi sahəsində klassik ənənələrin qorunmasında Kamil Əhmədovun əvəzsiz rolunun olacağına bir işarə idi.

77 illik ömrünün 60 ilə yaxın dövrünü tar-muğam sənətində Mirzə Sadıq, Mirzə Fərəc, Mirzə Mansur, Seyid Şuşinski, Qurban Primov və Əhməd Bakıxanov kimi görkəmli sənətkarlar məktəbinin layiqli davamçısı olaraq, Kamil Əhmədov da öz muğam məktəbini yaratmışdır.

3 aprel 2020-ci il tarixində Kamil Əhmədovun anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar olaraq, respublika səviyyəsində onun yubileyinin qeyd edilməsi və adının əbədiləşdirməsi üçün tədbirlərin görülməsi ailəsinə, yetirmələrinə və musiqi ictimaiyyətimizə ən gözəl töhfə olardı.

 

Telman Xanış oğlu Qəniyev

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Aərbaycan Milli Konservatoriyasının dosenti

 

Afaq Abdul qızı Qəniyeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Sumqayıt Dövlət Universitetinin baş müəllimi

 

Azad Azərbaycan.- 2020.- 17 mart.- S.7.