Qızcığazın taleyi
Hekayə
O, bütün
gecəni imtahanlara hazırlaşdığından
yatağına səhərə yaxın uzanmışdı.
Bazar günü olduğundan günortaya qədər
yatacağına qərar vermişdi. Amma
gördüyü yuxu onu bərk sarsıtmışdı və
o üzdən yuxusunu tam ala bilməmişdi. Yatağından
qalxmayaraq yerindəcə gördüyü yuxunu
düşünürdü. Balaca
qızcığazın başına gələn o bədbəxt
hadisə ona çox pis təsir etmişdi. Özünü
yorğun hiss edirdi. Bədənini yumuşaltmaq
üçün bir neçə dəfə gərnəşsə
də, əsnəyərək dərindən nəfəs alsa
da, amma bu heç nəyi dəyişmədi. Ağ mələfəni
burnunun üstünə qədər çəkdi, gözlərini
tavana zilləyərək fikrə daldı. Balaca
qızcığazın sonrakı taleyi onu çox narahat
edirdi...
Telefon zəngi onu fikirlərindən ayırdı. Ayağa qalxmazdan qabaq divar saatına tərəf boylandı. Əqrəblər on ikini göstərirdi. Niyazın gəlməsinə hələ düz iki saat qalırdı. Bəs onda zəng eləyən kim ola bilər, deyə öz-özünə düşündü. Ağlına heç kim gəlmədiyindən çiyinlərini çəkdi, yerindən qalxdı və tələsmədən telefonun dəstəyini qaldırdı.
-Salam, Zəminə. Mənəm ey, Gülər xala. Necəsən, qızım?
-Hə, tanıdım, salam, Gülər xanım. Çox sağ olun, yaxşılıqdır, təşəkkür edirəm. Buyurun, eşidirəm sizi.
Gülər xanım, əlli-əlli beş yaşlarında olsa da, zahirən çox yaşlı görünürdü. Çoxdan rəng görməyən saçları ağappaq idi. Həyat onun belini vaxtından qabaq əymişdi. Belə ki, düz iki il bundan qabaq qızı ilə kürəkəni rayondan qohumlarının toyundan qayıdan zaman əyləşdikləri taksinin sürücüsü qəfildən idarəetməni itirmiş və maşın körpüdən aşağı yuvarlanmışdı. Nəticədə sürücü və sərnişinlərin hər ikisi yerlərindəcə keçinmişdilər.
Elə həmin gündən də qızının dörd və altı yaşlı körpələrinə o himayədarlıq edirdi. Uşaq bağçasında tərbiyəçi kimi çalışan Gülər xanıma, nəvələri ilə öz evində yaşamaq rahat olduğundan o, qızının mənzili boş qalmasın deyə, tələbə qızlara kirayəyə vermişdi.
-A qızım, utanıram da deməyə, imkanın varsa bu ayın pulunu gecikdirmə. Ayın sonu nəvələrimi kəndə aparacam, istəyirəm onlara bir az əyin-baş alam. Üst-başları lap nimdaş hala düşüb. İmkanın yoxdursa...
-Narahat olma, Gülər xanım, evdən pul göndəriblər, - sonra, ani olaraq fikrə getdi, divar saatına tərəf boylanaraq, dilləndi, - saat üçə qədər çatdıracam.
Zəminə artıq iki ilə yaxın idi ki, özündən bir kurs yuxarı oxuyan rəfiqəsi ilə bu mənzildə kirayədə qalırdı. Rəfiqəsi rayon məktəblərinin birində tərcübə keçdiyindən, Zəminə mənzildə hələlik tək qalırdı. Bunu bilən Niyaz dəfələrlə ona qonaq gəlmək istəsə də, Zəminə qəti şəkildə razılıq verməmişdi. Amma bu gün o, saat ikidə Niyazı bu mənzildə qarşılamağa hazırlaşırdı.
Dünən mərkəzi kitabxanadan çıxarkən Zəminəni evinə ötürən Niyaz, ona vacib sözü olduğunu söyləmiş və bu sözü ona ancaq sabah deyə biləcəyini vurğulamışdır. Binanın qarşısında Zəminədən sabahkı görüş üçün razılıq alan Niyaz, onu restorana nahara dəvət etdiyini, səhər saat ikidə dalınca gələcəyini deyib, sevinə-sevinə ondan ayrılmışdır...
Onlar düz üç il bundandan qabaq Mərkəzi Kitabxananın pilləkənlərində rastlaşmışdılar. Sonra belə gözlənilmədən “rastlaşmalar” tez-tez baş verməyə başlamışdı. Təsadüfdənmi və ya zərurətdən, nədənsə çox vaxt Niyaz Zəminənin oturduğu oxu zalındakı masa ilə yanaşı əyləşirdi. Beləcə yavaş-yavaş onların ilk tanışlıqları başladı və bir neçə aydan sonra özləri də hiss etmədən bu tanışlıq dostluğa çevirildi. Zəminə “Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil” fakültəsində təhsil aldığından qrupdakı tələbə yoldaşlarının hamısı qızlar idi və bu qızlar qiyabi də olsa Niyazı tanıyırdılar.
Memarlıq və İnşaat Universitetində təhsil alan Niyazı tez-tez Pedaqoji Universitetin qarşısında görmək olardı. Onların bir-birilərini sevməsini artıq Zəminənin tələbə yoldaşları da bilirdilər. Hətta bir dəfə sonuncu zəng vurulanda pəncərədən boylanan rəfiqələrindən biri, - Yazıq Məcnun yenə də Leylisini gözləyir, demiş, digər bir qız isə onun sözünə əlavə etmişdir, - Yox, o, ağlını itirən Məcnuna heç oxşamır, görmürsüz yaraşıqlı, ağıllı və müasir oğlandır?!
Heç Zəminə də səhranın istisində qaralmış Leyliyə qəti bənzəmir. Zəminə öz gözəlliyi ilə Cülletdaya, Niyaz isə öz görünüşü ilə Romeoya bənzəyir. Bu sözlərdən Zəminənin qanı qaralmış, bir neçə gün sonra tələbə yoldaşlarına onları nakam sevgililərə bənzətmələrinə qəti etirazını bildirmişdir...
Zəminə ilk olaraq yatağ otağını səliqəyə saldı və sonra onsuz da təmiz olan qonaq otağına əl gəzdirdi. İşlərini qurtarıb yaxalanmaq üçün vanna otağına daxil oldu. Saçlarını islatmasın deyə, başına xüsusi hamam papağını keçirib suyun altında dayandı. Su onun bədənini islatdıqca ruhunun dincəldiyini, yorğunluğunun necə aradan qalxdığını hiss edirdi. Buna baxmayaraq hamam otağında ən çoxu on beş dəqiqə qalmağa hövsələsi yetirdi.
O, bir çox gənc qızlardan fərqli olaraq, nə yuyunan zaman, nə də ki, hamamdan çıxıb qurulanan zaman heç vaxt güzgü qarşısında öz bədəninə baxmağı xoşlamazdı. Hətta onunla bir otaqda qalan rəfiqəsi də heç vaxt onu çılpaq halda görməmişdi. Zəminə bunu utancaqlığı ilə bağlı olduğunu izah edirdi. Amma saatlarla saçları ilə oynamaqdan, gün ərzində onların düzümünü bir neçə dəfə dəyişməkdən yorulmaz, əksinə bundan zövq alardı.
Bu dəfə saçları ilə məşqul olmağa da nə həvəsi vardı, nə də ki, vaxtı. Bir azdan Niyaz gəlməli idi. Mavi rəngli, üstündə zərif qırmızı gülləri olan, aşırmalı ipək xalatını geyinib, hamam otağından çıxdı və mətbəxə keçdi. Çayniki doldurub qaz plitəsinin üstünə qoydu. Acından ürəyi üzülürdü. Soyuducudan pendir, yağ, kolbasa çıxardıb masaya düzdü. Çörəyi doğramaq üçün bıçağı götürmək istəyirdi ki, qapının zəngi çalındı.
Tələsmədən qapıya tərəf getdi. Dəhlizdən asılmış güzgüdə bir daha barmaqları ilə saçlarına, qaşlarına toxunub xalatının onsuz da uzun olan ətəyini aşağı dartdı. Qapını kimin döydüyünü soruşmadan kilidi açdı, gələn Niyaz idi.
-Salam. Sən hələ hazır deyilsən, biz axı, səninlə danışmışdıq.
-Salam, Niyaz. Danışmışdıq, amma bir məsələ var.
Niyaz təəcüblə gözlərini döydü:
-Nə məsələ? Nə olub ki? Bəlkə deyəsən?
Zəminə gülümsəyərək əli ilə onun içəri keçməsinə işarə verdi:
-Bəlkə içəri keçəsən, yoxsa elə burda danışaq?
Niyaz Zəminənin gülümsədiyini görcək bir az toxtadı və ilk dəfə olaraq çoxdan arzusunda olduğu mənzilə daxil oldu. Ayaqqablarını soyunub Zəminənin arxasınca bir başa mətbəxə yollandı. Masanın üstünə düzülmüş ərzaqları görüb narazılıqla dilləndi:
-Sən evdə nahar eləmək istəyirsən? Demişdim axı, bu gün naharımız restoranda, romantik süfrə arxasında olacaq.
Bunu deyərkən Zəminənin üzündəki yorğunluğu görən Niyaz narahatlıqla soruşdu:
-Zəminə, bu gün sən nədənsə çox qayğılı görünürsən, xəstə deyilsən ki, özünü necə hiss edirsən?
-Hə, elədir, özümü qayğılı və pis hiss edirəm. Amma xəstə deyiləm, düşünürəm ki, keçər.
-Nə olub axı?
Zəminə şkafın rəfində olan kasanın içindən pul götürüb əlində saxladı:
-Qayğılı görünürəm ona görə ki, bu pulu saat üçə qədər küçəmizin o başındakı uşaq bağçasında işləyən ev sahibəsi Gülər xanıma çatdırmaq lazımdır.
-Bu məsələ aydındır və
düzələndir. Bu
heç! Bəs özünü niyə pis hiss edirsən?
Zəminə
çay süzmək üçün ayağa qalxmaq istəyirdi
ki, Niyaz onun qolundan tutub qalxmasına mane oldu:
-Yox,
heç bir çay olmayacaq, ilk olaraq əhvalının pis
olmağının səbəbini söylə. Bəlkə,
buna səbəbkar mənəm?
-Yox, sən
deyilsən. Bu gecə çox pis
yatmışam. Buna da səbəb gördüyüm
bir yuxu olub və bu mənə çox pis təsir edib. Hələ də özümə gələ bilmirəm.
-Danışsana,
ürəyimi üzmə. Yuxunu danış,
sonra aparım Gülər xanımın pulunu verim və mən
qayıdana qədər sən də hazırlaş. Olurmu?
Zəminə
diqqətlə Niyazın üzünə baxıb,
razılıq əlaməti olaraq sakitcə başını tərpətdi
və əllərini sinəsində çarpazlayıb yuxusunu
danışmağa başladı:
-Yuxuda
görürəm ki, mənim dörd yaşım var və biz
uzaq dağ kəndində yaşayırıq. Atam
işdə olduğundan evdə anamla mənəm. Anam tut ağacımızın altında paltar yumağa
hazırlaşır, mən isə ağacdan asılan yelləncəkdə
yellənirəm. Paltarı yumaq
üçün qaynar suyu ləyənə tökən anam mənə
qəti olaraq ləyənə yaxınlaşmamağı
tapşırır və çirkli paltarları gətirmək
üçün eyvana qalxır. Bu vaxt
qonşu kənddə yaşayan uzaq qohumumuz elə mən
yaşda olan qızı ilə darvazadan həyətə daxil
olur. Anam gələn qohumları
görüb, əlində olan yuyulası paltarları ləyənin
yanına ataraq, görüşmək üçün onlara
yaxınlaşır. İki qadın
bir-birini qucaqlayan anda, onların ayaqlarına dolaşan həmin
o qızcığaz arxası üstə qaynar su ilə dolu
olan ləyənin içərisinə yıxılır.
Mən bunu görsəm də, qışqıraraq onları xəbərdar
edə bilmirəm, qorxudan səsim çıxmır və
qız da bir an çırpınaraq
gözlərini yumur. Tez yelləncəkdən
düşüb, şoka düşən qızı ordan
çıxartmaq üçün yaxınlaşanda,
qadınlar bu mənzərəni görürlər. Qızın anası tez məni kənara itələyib,
qızını qaynar ləyənin içərisindən
çıxarır və fəryad edərək uşaq
qucağında kənd xəstəxanasına tərəf
qaçır. Kənd xəstəxanasında
olan vəziyyətdə ki, hamıya məlum olduğundan, kənd
camaatının köməkliyi ilə uşağı rayon xəstəxanasına
çatdırırlar. Nə isə,
qızın yanmasında hamı məni günahkar bilir.
Hətta doğma anam da mənim yelləncəkdə
yellənərkən ayağımın qızın sinəsinə
dəyərək onun ləyənə yıxılması nəticəsində
hadisənin baş verdiyini düşünür. Deyilənə görə qız çox
ağır xəsarət alsa da, amma xoşbəxtlikdən
sağ qalır. Lakin qızın bədəninin
görünməyən hissələrindəki yanıq izlərinin
heç vaxt getməyəcəyi məlum olur. Bir axşam anam bütün bunları atama söyləyəndə,
atamın ona verdiyi cavab məni çox sarsıtdı və
yuxudan ayıldım.
-Hə,
sonra? Bəs, atan nə cavab verdi?
-Atam dedi
ki, bəs o qızın sonrakı taleyi necə olacaq, bədəni
dünya xəritəsini xatırladan bir qızla kim ailə quracaq? Özü nə
qədər ağıllı, savadlı, siması nə qədər
gözəl olsa da, belə bədən heç bir kişiyə
xoş olmaz.
Bax belə...
Bu da qızcığazın taleyi və mənim
əhvalımın korlanmasına səbəb olan yuxu.
Zəminə
susub, üzünü yana çevirdi,
gözlərinin dolmasını Niyazdan gizlətməyə
çalışsa da bu, mümkün olmadı. Niyaz əli ilə
onun saçlarını qarışdırdı:
-Ay dəli,
sən niyə ağlayırsan? Bu sadəcə yuxudur... Hə, yazıq qızcığaz. Əslində
atan da haqlıdır, məncə nə qədər
aralarında ülvi sevgi olsa da, heç kim
gələcəkdə belə qızla ailə qurmağa
razı olmaz. O qız sadəcə öz həyatını tək
yaşamalıdır və heç bir kişini sonradan
seçim qarşısında qoymamalıdır. Mən belə düşünürəm. Bəs sən?
Zəminə
yaşarmış gözlərini silərək gülümsəməyə
çalışdı:
-Mən
bu yuxunu sanki hər gün görürəm deyə, artıq
heç nə düşünmürəm! Yorulmuşam!
Yaxşı, sən get, Gülər xanımla
görüş, mən də hazırlaşım. Pəncərələrim yaman gündədir,
güya bu gün onları silməyi
planlaşdırırdım. Eybi yox, sonra
vaxtım olanda silərəm. Gəl, sənə
bir söz deyim, bəlkə bu günkü
günümüzü evdə keçirək. Heç hara getməyə həvəsim yoxdur. Xudmani süfrəmiz də hazırdır. Məncə belə daha gözəl olar.
Necə bilirsən? Hə, bir də bu açarları verərsən
Gülər xanıma, deyərsən ki, evin
açarlarıdır, qoy onda qalsın.
Niyaz
heç düşünmədən dilləndi:
-Evdə?
Lap yaxşı, olsun evdə. Amma icazə ver, gələndə bir şüşə
şampan şərabı alım. Belə
bir günü onsuz təsəvvür etmək çətin və
günahdır. Bu gün bizim
yaddaşımızda əbədi həkk olunmalıdır.
Bunu söyləyən Niyaz, cavab gözləmədən
tələsik evdən çıxdı. Bağçaya
dəyib Cülər xanımla görüşdü və
oradan bir başa qastranoma tərəf addımladı.
Yaxınlıqda gül köşkünün olması onun əhvalını
bir az da qaldırdı, gül buketi
bağlatdırmaq üçün daha uzağa getməyə
ehtiyac olmayacaqdı.
Həyətə yaxınlaşanda blokun qabağında
insanların kiminsə başına
yığıldığını gördü və istəməsə
də belə yönünü o tərəfdən saldı,
axı, yaxınlıqdakı bloka girməli idi. Maraq
üçün o da adamların başı üzərindən
ortalığa boylandı.
Nə qədər çalışsa da, şüşə
silmək üçün istifadə olunan bir ədəd
göy maye qabdan və sarı əskidən başqa heç
nə görmədi. Bir qədər əvvəl kimsə aşırmalı
xalatın ipinin açılması səbəbindən
yanıq izləri ilə örtülən sinə və
baldırının görünməməsi üçün
qızın üstünə ağ mələfə
çəkmişdi.
Siqnal verərək onlara yaxınlaşan təcili
yardım maşınını görən Niyaz, xoş
olmayan bu hadisədən ayrılıb bloka tərəf
addımladı. Döş cibinə qoyduğu
qırmızı qaşlı üzüyün yerində
olduğunu barmağının ucu ilə yoxlayıb, tələsmədən
bloka daxil oldu.
Arif Ərşad,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Azad Azərbaycan.-
2020.- 16 may.- S.7.