İT
DİLİ KURSU
(hekayə)
23 il Nyu- Yorkda
yaşadığı dövrdə burada onu təəccübləndirən
çox şeylər olmuşdu, amma it dili kursları daha
çox təəccübləndirmişdi.
O, elanda yazılmış telefona zəng edib soruşmuşdu da, bəlkə, itlərə hansısa təlimlərdən söhbət gedir?
Demişdilər ki, təlim kursları deyil, məhz itlərlə danışmağı öyrədirlər.
O, həyat yoldaşından çoxdan ayrılmışdı, uşaqları da yox idi. Bu nəhəng şəhərdə özünü tək hiss etməmək üçün o, zoomağazadan ingilis setterinin küçüyünü almışdı. Artıq Barninin altı yaşı vardı. İtlə heç bir problemi yox idi. Amma sevimli iti ilə danışmaq perspektivi onu çox həyəcanlandırmışdı.
Bu da həmin ünvan: Atlantik avenyu, 237.
İçəri girən kimi onu cavan bir oğlan qarşıladı:
- Sizə necə kömək edə bilərəm?
- Bilirsiniz, məni it dili ilə bağlı
kurslar maraqlandırır.
- Lap yaxşı, mənimlə
gəlin.
Cavan oğlan onu dəhlizlə apardı və qapıların birinin qabağında dayanıb dedi:
- Əvvəl mən
sizi mister Cozef Evansala görüşdürəcəm,
o, bizim məsləhətçilərdən
biridir.
O, qapını döyüb əvvəl özü içəri keçdi, sonra onu dəvət
etdi. Çox da böyük
olmayan otaqda cənab Evans onları gülərüz qarşıladı,
onunla əllə görüşüb oturmağı
təklif etdi. Onu gətirən cavan oğlan sağollaşıb,
çıxdı.
- Buyurun, cənab...
- Den Smit.
- Cənab Smit, siz marağınızı
səsləndirin, mən
də sizə cavab verməyə çalışacam.
- Sözün düzü, elanınızı oxuyanda
çox təəccübləndim.
Mənim
də itim var, Barni.
- Təəccübünüz başa
düşüləndir, çünki
bu tam yeni bir istiqamətdir.
Bir az özümüz
haqda: Firmamızın
yaradıcısı və
rəhbəri dünya
şöhrətli kinoloq,
professor Konnor Ellinqtondur.
Siz bilirsiniz
ki, alimlər başqa planetlərdə,
qalaktikalarda həyat izləri, düşüncəsi
olan məxluqlar axtarırlar. Kainata müxtəlif radiosiqnallar
göndərirlər və
nəhəng qəbuledicilər
düzəldib kainatdan
gələ biləcək
siqnalları öyrənirlər.
Buna hər il
milyonlar xərcləyirlər,
hələ heç bir nəticə də yoxdur.
Rəhbərimiz cənab Ellinqton sadə bir məntiqdən
çıxış edərək
deyir; Qalaktikalarda şüurlu məxluqlar axtarana qədər gəlin uzaqda yox, elə yanımızda
olan məxluqlarla ünsiyyət qurmağa çalışaq. Bəlkə, əvvəl itlərlə,
pişiklərlə, digər
heyvanlarla ünsiyyət
quraq? Məsafəsi işıq illəri
ilə ölçülən
məkanlarda məxluqlar
axtarana qədər, bəlkə, bizimlə bir evdə yaşayan
heyvanlarla danışmağı
öyrənək?
Mister Ellinqton həyatını
bu işə sərf edib, xüsusi proqramların köməyilə o, it dilinin
sirrlərini açıb
və bu firmanı təsis edərək müştərilərimizə
it dilinin öyrədilməsini
biznes əsasında həyata keçirir.
- Siz müştərilərinizə
hürməyi öyrədirsiniz?
- Əlbəttə. Burada
prinsipial bir məqam var. İş ondadır ki, heç bir heyvanın ağız- boğaz sistemi insan səsləri çıxartmaq qabiliyyətində
deyil. Amma insanın nitq
aparatı istənilən
heyvan səslərini çıxara bilir. İnsan bir az məşq
etsə, it kimi hürə bilər, pişik kimi miyoldaya bilər, qoyun kimi mələyə
bilər və sairə.
Cənab
Ellinqton hesab edir ki, Yaradan
insana bu qabiliyyəti verməklə
təşəbbüsü də ona verib
ki, heyvanlarla danışmağa məhz
o başlasın! O, hesab
edir ki, bəşəriyyət bu
işdə çox gecikib. İnsan heyvanların hamısı
ilə danışıb
onları başa düşə bilsə, Yer kürəsində keyfiyyətcə yeni həyat başlayacaq.
Heyvanlarla ünsiyyət sonsuz
kəşflərlə yanaşı,
bəşər inkişafını
yeni səviyyəyə
qaldıracaq.
- Tutaq ki, mən
it dilini öyrəndim,
necə başa düşəcəyəm ki,
itim də məni başa düşür?
- Sualınız maraqlıdır,
amma cavabı ondan da maraqlıdır.
İş ondadır ki,
itlər insanları çoxdan başa düşürlər. Sizin Barni,
sizi çox gözəl başa düşür, bunu hürməklə sizə
çatdırmaq da istəyir, təəssüf
ki, siz onu
hələ başa düşmürsüz.
Cənab Ellinqton hesab edir ki, itlərlə
ünsiyyət itlərdən
çox insanlara lazımdır. Bu həm
də sizə itinizlə ünsiyyətdə
yeni imkanlar açacaq.
Geri qayıdanda o, eşitdiklərini
başa düşməyə
çalışdı. O, açarı
qapıya salan kimi Barninin hürməyini
eşitdi. İçəri
girən kimi Barni adəti üzrə qalxıb qabaq ayaqlarını onun döşünün üstünə qoydu! O, itin başını ikiəlli tutaraq onun gözlərinə baxıb dedi:
- Hə, Barni, deməli, sən məni həmişə başa düşürmüşsən!
Dostum, hazır ol, bir neçə aydan sonra sənə
suallarım olacaq, ilk olaraq bizim alt mərtəbədə yaşayan,
sənin də başına fırlandığın
it Arçi haqqında.
Mən də onun gözəgəlimli
sahibəsi ilə dil tapacağıma hələ də ümidliyəm.
Sumqayıt şəhəri
May ayı, 2020-ci il
HÜMBƏT HƏSƏNOĞLU
Azad Azərbaycan.- 2020.- 19 may.- S.7.