Xəstələrin ümid qapısı:
“Bilgəh” Kardioloji Sanatoriyası
Muxtar Əhmədov: “Biz tibb
işçilərinin borcudur ki, həm döyüşən
ordumuzun,
həm də arxa
cəbhədəki insanlarımızın
sağlamlığının qorunmasına
çalışaq”
Azərbaycanda xəstələrin daha çox
müraciət etdiyi müalicə mərkəzlərindən
biri də “Bilgəh” Kardioloji Sanatoriyasıdır. Mən də infarkt keçirdiyimə görə iki
dəfə burada müalicə olunmuşam. 2002 və 2017-ci
illərdə. Tale qismət edib ki, hər ikisində burada
olarkən öz işlərinin mütəxəssisləri
olan həkimlər və tibb işçiləri ilə
rastlaşmışam. Ümumiyyətlə burada
sanatoriyanın baş həkimi, Əməkdar həkim
Muxtar Əhmədov başda olmaqla bütün işçilər,
özlərinin gözəl xasiyyətinə, xəstələrə
yüksək diqqətinə və öz peşələrinin
mütəxəssisi olmaları ilə seçilir.
Yenidən burada olarkən həmişəki
kimi diqqət, qayğı gördüm. “Bilgəh” Kardioloji
Sanatoriyasının yaranma tarixi çox maraqlıdır. Belə ki, Abşeron yarımadasında Bilgəhin
havası, təbiəti daha çox müalicəvi
olduğuna görə Böyük Vətən Müharibəsindən
sonra Azərbaycan rəhbərliyi belə qərar qəbul
ediblər ki, burada bir pansionat, istirahət evi tikilsin. Beləliklə,
həmin bu əsas korpusun tikilməsində bizim işçilərlə
birlikdə alman əsirləri də yaxından iştirak ediblər.
Elə binanın xarici görünüşü və daxili də
Avropa arxitekturası üslubundadır. Yəqin ki, binanın
memarları da elə almanlar özləri olublar. Bina çox
möhkəmdir, möhtəşəmdir və içəri
heç bir nəmişlik vermir. Otaqlar da çox geniş və
işıqlıdır. Beləliklə, 1946-47-cı illərdən-1970-ci
illərə kimi bura 250 yerlik istirahət pansionatı olub. Belə ki, burada yaxşı hava, müalicəvi, təmiz
suyu olan dəniz və dincəlmək üçün hər
cürə şərait olduğuna görə həftənin
istirahət günləri təkcə Azərbaycandan yox,
SSRİ məkanından insanlar gəlib Bilgəhdəki bu
sanatoriyada dincəlirmişlər.
1971-ci ildən dövlət səviyyəsində
belə qərar qəbul olunub ki, bura “Bilgəh” Kardioloji
Sanatoriyası olsun. Çünki buranın havası, yerdən
təbii çıxan mineral və müalicəvi yod-brom
suları ürəyə çox yaxşı, müalicəvi
təsir göstərdiyinə görə məhz belə qərar
qəbul olunub. Beləliklə, qısa vaxtda burada əlavə
korpuslar da tikilərək 300 yerlik sanatoriya olub və artıq
keçmiş Sovetlər Birliyindən də bura daha
çoxlu insanlar, ürək xəstələri müalicə
olunmaq üçün gəlmyə başlayıblar.
Artıq son zamanlar burada aparılan yüksək
səviyyəli təmirin və yeni tikililərin nəticəsində
Sanatoriyada eyni vaxtda 450 adamın müalicə alması
üçün hər cür şərait var. Otaqlarda da xəsətələr
üçün lazım olan yüksək şərait
yaradılıb. Müalicə aparatları da müasir və
yenidir. Ən əsası odur ki, bu sanatoriya mövsümü
deyil. Bütün il boyu ərzində burada insanlar müalicə
ala bilirlər. Sanatoriyada insanların ürək xəstəliyindən
sağalma effekti 92-93 faizdir.
“Bilgəh” Kardioloji Sanatoriyasında müalicə
alanlara xidmət edən işçilərin sayı 170 nəfərdir.
Onlardan17 nəfəri həkim, 30 nəfəri tibb
bacısı və qalanları da texniki işçilərdir.
Qeyd etdiyim kimi “Bilgəh” Kardioloji
sanatoriyasının baş həkimi, dəyərli ziyalı,
Əmkdar həkim Muxtar Əhmədovdur. Onun böyük təşkilatçılıq
qabiliyyətinə malik olmaqla yanaşı, həkimlik sahəsində
artıq 51 ildən çox təcrübəsi var.
Qısa arayış: Muxtar Qədir
oğlu Əhmədov 1948-ci ilin iyul ayının 4-də həkim
ailəsində anadan olub. 1965-ci ildə orta məktəbi əla
qiymətlərlə bitirib, Azərbaycan Dövlət Tibb
İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul
olub. 1971-ci ildə ali təhsilli həkim kimi təyinatla Azərbaycan
Kurortlar İdarəsinə göndərilib. Elə həmin ildən Naftalan Kurort Birliyində həkim
kimi əmək fəaliyyətinə başlayıb.
1976-cı ildə Naftalan Kurortlar Birliyinin tabeçiliyində
olan “Hacıkənd” İstirahət Evinə baş həkim -
direktor təyin edilib. 1980-ci ildə Naftalanda yeni
açılan “Çinar” Sanatoriyasına baş həkim təyin
olunur. Qısa vaxtdan sonra Naftalan Kurortlar Birliyinin baş həkimi
vəzifəsinə təyin edilib.
2000-ci ilin əvvəlindən isə “Bilgəh”
Kardioloji Sanatoriyasına rəhbərlik edən Muxtar Əhmədov
özünü yaxşı mütəxəssis kimi burada da
sübut edib. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı
ilə 2008-ci ildə Əməkdar həkim fəxri adına
layiq görülüb.
- Muxtar həkim, gəlin söhbətimizə
buradakı ab-hava ilə başlayaq.
- Bura rəhbərlik etdiyim ilk gündən
hamının qarşısında belə bir ali məqsəd
qoymuşam: “Xəstələrə yüksək səviyyədə
xidmət etmək, hamımızın əsas və ümdə
işi olmalıdır. Çünki bura gələn xəstələr
bizə bir ümid qapısı kimi baxırlar”. Ona görə də burada çalışan 17 həkimin
və 30 nəfər tibb bacısının və başqa
texniki işçilərin hamısı əllərindən gələni
edirlər ki, xəstələrə yüksək səviyyədə
xidmət etsinlər. Həkimlərimizin hamısı ali
dərəcəli və böyük təcrübəsi olan
kardioloqlardı. Onlardan Akif Quliyev tibb üzrə fəlsəfə
doktorudur. Rima Nəcəfova isə Əməkdar həkimdir.
Başqa həkimlərimizin də bu sahədə böyük
təcrübələri var. Məhz bizim bütün həkimlərimizin,
tibb bacılarımızın sayəsində xəstələr
burada ən azından 92-93 faiz sağalıb evlərinə
dönürlər. Onu da vurğulayım ki, bu, tibb sahəsində
böyük göstəricidir. Həmin xəstələr
burada olan ali dərəcəli həkimlərə və
yüksək ixtisaslı tibb bacılarına görə
sonrakı illərdə də məhz bizim sanatoriyaya gəlirlər.
Bura müalicə olunmaq üçün elə xəstələr
gəlib ki, onları gəlməmişdən əvvəl həkimlər
məcbur ediblər ki, əgər cərrahiyyə olunmasalar,
ürəklərinə stend qoyulmasa dünyalarını dəyişəcəklər.
Amma onlar burada müalicə olunandan sonra cərrahiyyəyə,
açıq əməliyyata, stendə heç bir ehtiyac
qalmayıb. Onlar buradakı müalicədən sonra özlərini
çox gümrah hiss edirlər.
Sanatoriyamızın 19,2 hektar sahəsi var.
Gördüyünüz kimi hər tərəf də
yaşıllıq və gül-çiçəkdir. Təkcə
Sanatoriyanın binaları yox, həyəti də yüksək
səviyyədə təmir olunub. Piyada gəzmək
üçün yaxşı yollar çəkilib. Xəstələr
burada rahat gəzib, təmiz, yod-bromlu hava udurlar. Urək xəstələri
üçün çox gəzmək və yüngül
idman hərəkətləri etmək vacib şərtlərdən
biridir.
- Müalicəyə gələn insanlara əsas
tövsiyələriniz nədir? Burada onlar müalicə almaq
üçün əsasən nələrə riayət edirlər?
- Xəstələr hamısı bura Həmkarlar
təşkilatlarının göndərişləri ilə gəlirlər.
Hər birinə də burada olduğu 15 gündə həkim təyin
olunur. Onlar həmin həkimin nəzarəti
altında olmaqla və onun təyin etdiyi prosedurları qəbul
edirlər. Çünki bura gələnlər ya özləri
kardioqramma və başqa analizlərlə bağlı
kağızlar gətirirlər, ya da burada kardioqramma çəkilir
və lazım olan bütün analizlər verilir. Həkim də həmin kardioqrammanın və analizlərin
sayəsində hər xəstəyə uyğun müalicələr
yazır. İlk öncə onlar burada olduğu müddətdə
həkimlərin və tibb bacılarının
prosedurlarını qəbul etməli, onların
tapşırıqlarını yerinə yetirməlidirlər
ki, müalicənin effekti olsun. Onlar evə
gedəndə də həkimlər onlara xəstəliyin dərəcəsinə
uyğun öz tövsiyələrini verirlər. Ürək xəstəsi
olan insanlar yaxşı olar ki, ən azından 3 il, ildə bir
dəfə olmaqla bura gəlib, müalicə alsınlar.
Ümumiyyətlə ürək xəstəliyi bu
gün dünyada yayılan ən geniş xəstəlikdir. Bu
xəstəliklə dünyada başqa xəstəliklərdən
fərqli olaraq, ölüm riski də çox yüksəkdir.
Ona görə də insanlar bu xəstəliyə tutulmamaq
üçün daim öz sağlamlığını fikirləşməli,
streslərdən, əsəbdən, konfliktlərdən,
spirtli içkilərdən, tütün məmulatlarından
uzaq olmalı və sağlam həyat yaşamalıdırlar. Hər bir insan 40 yaşından sonra tez-tez həkimə
müraciət etməli, həkimlə məsləhətləşməlidir.
Əgər onda ürəklə, təzyiqlə, şəkərlə
bağlı hər hansı problem olarsa, həmin insan hökmən
və həmişə həkim nəzarətində
olmalı, həkimin məsləhətlərinə ciddi əməl
etməlidir. Ürək xəstəsi olan insanlar həmişə
piyada gəzməyə, yüngül idman hərəkətləri
etməyə, həmişə pəhriz saxlamağa
üstünlük verməlidirlər. Bax bunlar mənim və
həkimlərimizin burada müalicə alan bütün xəstələrə
tövsiyələrimizdir. Bu tövsiyələrə riayət
edənlər də onun xeyirini görürlər.
- Bildiyim qədəri ilə Sanatoriyaya MDB və
xarici ölkələrdən də gələnlər var.
- Sovetlər Birliyi vaxtı bura ayrı-ayrı
respublikalardan gələnlər daha çox olub. SSRİ
dağılandan sonra da adamlar çox gəlir. Elə
axırıncı üç-dörd ildə Orta Asiya ölkələrindən
və başqa dövlətlərdən bizim Sanatoriyaya gələnlərin
sayı çox olub. Eləcə də Sankt-Peterburqdan, Moskva
şəhərindən gələnlər də az deyil. Hətta
Amerikadan, İsraildən, Bolqarıstandan və başqa xarici
ölkələrdən də gələnlər az olmur. O
insanlar ki, vaxtı ilə Sovetlər Birliyində
yaşayıblar və indi bir sıra xarici ölkələrdə
yaşayırlar, onlar bizim sanatoriyada müalicə olunmağa
başqa sanatoriyalardan daha çox üstünlük verirlər.
Burada müalicə olunub gedəndə də bizə öz
razılıqlarını bildirirlər. Mən elə bilirəm
ki, dünyada insan üçün sağlamlıqdan əziz və
qiymətli heç nə yoxdur. Ona görə hər bir insana
həkim kimi tövsiyəm budur ki, öz
sağlamlıqlarının qeydinə qalsınlar. Atalarımız da deyib ki, “insanın ən
böyük var-dövləti onun
sağlamlığıdır. Çünki
sağlamlığı heç bir var-dövlət əvəz
edə bilməz”. Əgər hər bir insan elə
özünün həkimi olsa, onda biz həkimlərə də
ehtiyac az olar. Çox sevindirici haldır ki, ölkə
başçımız cənab İlham Əliyev və
Birinci-vitse prezidentimiz Mehriban xanım Əliyeva başda olmaqla
hamı çalışır ki, insanlarımız sağlam
olsun. Belə ki, bir-birindən
yaraşıqlı tibb ocaqlarımızın tikilməsi,
onların dünya səviyyəli tibbi avadanlıqlarla təchiz
olunması, Olimpiya komplekslərinin inşası və
insanlarımızın idmanla ciddi məşğul olması
da sübut edir ki, həmvətənlərimizin
sağlamlığı bu gün ən ümdə, vacib məsələdir.
Bu gün Qarabağ uğrunda gedən
döyüşlərdə də rəşadətli ordumuzun
Ali Baş Komandanımızın rəhbərliyi ilə hər
gün bir neçə kəndlərimizi, şəhərlərimizi
erməni gavurlarından azad etməsi də
insanlarımızı çox ruhlandırır.
Xalqımız bir yumruq kimi cənab İlham Əliyevin ətrafında
sıx birləşməklə bütövlükdə
Qarabağımızın ermənilərdən azad
olacağı günü səbirsizliklə gözləyir.
Hamımız inanırıq ki, tam qələbə
gününə çox az qalıb. Deməli, Azərbaycandakı
bütün tibb işçilərinin də borcudur ki, bacardığı
qədər həm döyüşən ordumuzun, həm də
arxa cəbhədə olan insanlarımızın
sağlamlığının qorunmasına
çalışsınlar. Bunu hər bir tibb işçisi
özünə şərəf və borc bilməlidir.
Axı biz də həm döyüşən ordumuzla birlikdə,
həm də arxa cəbhədə öz peşəmizin sayəsində
döyüşürük ki, yaralılarımızı
müalicə edək. Eynilədə dünyanı
bürüyən bu dəhşətli COVİD-19
pandemiyasından xalqımızı qoruyaq. Bu xəstəliyə
tutulanları da sağaldaq. Deməli, həkimlərin, tibb
işçilərinin bu gün işi daha çoxdur. Ölkə
başçımız da biz tibb işçilərinin əməyinə
daim çox yüksək qiymət verir. Bundan gözəl,
qiymətli nə ola bilər?
Muxtar həkimdən ayrılanda yadıma
saldım burada 2017-ci ildə məni müalicə edən həkim,
ali dərəcəli kardioloq, dəyərli ziyalı Şərif
Şahməmmədovu və başqa həkimləri. Eləcə də yod-brom üzrə xəstələri
müalicə edən tibb bacısı Zenfira Bədirxanova,
darsenvalda işləyən Tahirə Kamilova, massajist Solmaz
Əjdərqızı, ultrasəslə və
özünün xoş rəftarı ilə xəstələri
müalicə edən Nigar İsgəndərova, elektrofarezdə
işləyənlər Surət Bayramova,
Aybəniz Muradova, müalicəvi duş massajisti Səlminaz
Paşayeva, parafində işləyən Gilə və Qumru
xanımları, tibb bacıları Məlahət Rzayeva,
Günel Nadirova, İlahə Süleymanova, Nəzakət
Mirverdiyeva, Aida Hadıyeva, Xanım Mirzəyeva, Afət
Şahməmmədova, Nelli Mixaylova, baş tibb bacısı
Qumru Haqderdiyeva və onlarca başqa tibb
bacılarını. Artıq üç il keçməsinə
baxmayaraq mən onları yaddan çıxarmamışam. Eləcə də yeməkxanada xəstələrə
yüksək səviyyədə qulluq edən Tamilla Əhmədovanın,
Sevda Rzayevanın, Elza Rəhimovanın, Təranə
Quliyevanın, Gülafət Əsədovanın və baş
aşbaz Zahid Aslanovun da işlərindən o vaxtı hamı
çox razı idi. Bu insanlar öz işlərinin
yüksək mütəxəssisi olmaqla, doğrudan da əllərindən
gələni edirdilər ki, xəstələr onlardan tam
razı qalsınlar. Bütün bu illərdə görün
onlar neçə-neçə mənim kimi adamların
yaddaşında qalıb və ürəklərdə özlərinin
əbədi heykəlini ucaldıblar. Bu, hər insana qismət
olmayan böyük bir işdir. Bəli, belə yüksək təcrübəli,
öz işinin mütəxəssisi olan insanlarla işləmək
həqiqətən də xoşdur. Belə gözəl
kollektivi yaradan və onlara stimul verən isə əlbəttə,
dəyərli ziyalı Muxtar Əhmədovdur. Deməli,
onlar bu şərəfli işləri, şəfalı əlləri
ilə hər il minlərlə insanlara sevinc, xoşbəxtlik,
sağlamlıq bəxş edirlər. Çoxlu evlərə,
ailələrə sevinc bəxş etdiklərinə görə,
qoy Ulu Tanrı da onlara həmişə sevinc, xoşbəxtlik
bəxş etsin.
Ağalar
İDRİSOĞLU,
Əməkdar incəsənət
xadimi
Azad Azərbaycan.- 2020.- 5 noyabr.-
S.7.