Kəndimizin könüllü
şəhidi
Biz dövlət olaraq da, millət olaraq da artıq birmənalı şəkildə qalibik. Bu zəfərin əldə edilməsində fədakarlıq edən hər kəsə minnətdaram. Xüsusilə, döyüşçülərimizə, döyüşüb şəhid olan və ya yaralanan igidlərimizə! Vətənimizin bütövlüyü uğrunda apardığımız haqq savaşında kəndimiz üç şəhid verdi. Özü də qəribə bir zaman qanunauyğunluğu ilə. 8 noyabr Şuşa qalibiyyətinin qürurunu yaşayırdıq. Çox çəkmədi ki, axşam saatlarında Əmrahın şəhid olma xəbərini eşitdik. Bizi qələbə sevincindən məhrum edən bazar günü. Bundan iki həftə öncə bazar günü Hüseynin şəhid olma xəbərini almışıdıq, ondan da iki həftə öncə, yenə bazar günü Ruslan şəhid olmuşdu... Bayraq günündə şəhidimizi bayrağa büküb dəfn etdik və bir gün sonra aldığımız qələbə xəbəri ilə şəhidlərimizin qısasını da aldıq, amma içimizdəki göynərti təsəlli tapmır. Əmrah kəndimizin 17 şəhidinin yanında vətən torpağına əmanət edildi.
Əliyev Əmrah Rüfət oğlu 4 iyul 1997-ci ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi öz kəndimizdə oxuyub. Əsgər kimi Ağcabədidə və Beyləqanda xidmət edib. Minamyotçu olaraq əsl hərbi xidmət keçib və fəxri fərmanlarla təltif olunub. Döyüşlər başlayandan isə könüllü kimi getməyin mübarizəsini aparıb. Könüllülərin aparılması dayandırılsa da, iki dəfə rayon Hərbi Komissarlığına müraciət edərək onu da aparmaqlarını xahiş edib. Digər kəndçilərimiz zabit, MAXE və əsgər kimi ilk gündən döyüşlərdə idilər. Əmrah da özünü onların sırasında görmək istəyirdi. Nəhayət, 17 oktyabr tarixində kəndimizdən yeganə könüllü kimi döyüşlərə qatıla bilib. Ağcabədiyə yollanıb, Horadiz döyüşlərində iştirak edib. Şəhidlik zirvəsinə Xocavənddə yüksəlib.
Döyüşlərə bir oğul atası kimi getmişdi Əmrah, ölümündən sonra ikinci uşağı da dünyaya gəldi. 23 yaşlı bu şəhidimizin ləyaqətli həyat tarixçəsindən bütün kəndimiz ağızdolusu danışır. Onun zəhmətkeşliyi, ədəbli-ərkanlı bir gənc olması heç vaxt yaddaşımızdan silinməyəcək. Balalarına bütöv vətən əmanət qoyub gedən şəhidimiz, haqqınız ödənməz! Tanrıdan sizlərə rəhmət diləyirəm.
Gülnar Səma
Azad Azərbaycan.- 2020.- 17 noyabr -
S.4.