Tanrı sizi
qorusun, Azərbaycan əsgəri!
Kəndimizin Şuşa uğrunda
yaralanan qazisi
Vətənimizin işğalçı ermənilərdən azad edilməsi uğrunda rəşadətlə vuruşub, xüsusi sücaət göstərərək Şuşa döyüşlərində ağır yaralanan igidlərimizdən biri də həmkəndlim Şəmsidir. XTQ-nın giziri olan Şəmsi 7 ildən artıqdır hərbçi işləyir. O, 2016-cı ilin aprel döyüşlərində də iştirak edib və dəfələrlə nümunəvi xidmətlərinə görə Fəxri fərmanlarla təltif olunub.
Məmmədov Şəmsi Lətif oğlu 1 yanvar 1994-cü ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi eyni məktəbdə oxumuşuq – öz doğma kəndimizdə.
Şəmsi müharibənin ilk günlərində çiynindən yaralansa da, cəmi 3 gün müalicə aldıqdan sonra yenidən döyüşlərə qayıdıb. Növbəti dəfə qolundan yaralanıb və bir az yaxşılaşan kimi təkrar döyüşlərə yollanıb.
İştirak etdiyi hər bir əməliyyatda xüsusi fədakarlıqlar göstərən Şəmsi 24 oktyabr tarixində Şuşada ağır yaralanıb. Onun beldən aşağı sinirləri sıradan çıxıb, qarınboşluğunda ciddi problem yaranıb, onurğası sınıb. Ağır yaralandığına görə yerimək ehtimalı sual altında qala bilər. 4-5 dəfə əməliyyat olunan gizirimiz hazırda Tədris Cərrahiyyə Klinikasında müalicəsini davam etdirir.
Üç qız atası olan qazimizin artıq işləyə bilmək ehtimalı azdır. Bütün bunlara baxmayaraq onun tamamilə sağalıb ailəsinin və sevənlərinin yanına qayıtmasına inanıram. Çünki o da xüsusi diqqət və qayğı ilə müalicə alan döyüşçülərimizdəndir. Bu işdə yardım edən, əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm.
Ay yarımlıq Vətən müharibəmizdə kəndimiz üç şəhidini bağrına basdı, bir neçə nəfər də yaralandı. Ümumiyyətlə, bu döyüşlərdə istər zabit və MAXE kimi, istər hərbi xidmətdə olan əsgər kimi bir çox həmkəndlilərim sücaət göstərdi. Bizə əsl qələbə sevinci yaşatdılar. Bütün şəhidlərimizi hörmətlə anıb yaralılarımıza şəfa diləyirəm. Tanrı sizi qorusun, Azərbaycan əsgəri!
Gülnar SƏMA
Azad Azərbaycan.- 2020.- 19 noyabr –
S.10.