Televiziyanı cavabsız məhəbbətlə
sevən həmkarımız
Həmkar
Bəzən gözləmədiyimiz hadisələrə tabe olmaq məcburiyyətindəyik. Bu da yaşadığımız həyatın bir qanunudu. Sizlərə təqdim etdiyimiz və maraqla qarşılanan “Həmkar” rubrikasınin ilk buraxılışından sonra bir müddət görüşə bilmədik. Səbəblərə toxunmayaq, qoy elə özlüyündə də qalsın. Əsas odu ki, yenə gəlmışik və bundan sonra oxucularımızı intizarda saxlamaq fikrindən çox uzağıq. Bu gün sizlərə təqdim etdiyimiz həmkarla görüşəndə, nə biləydik ki, vur-tut on iki gündən sonra...
Təsadüf elə gətirib ki, bugünkü müsahibimlə də uzun illər eyni məkanın qələm əhli olmuşuq. Mədəniyyətinə, davranışına, savadına, özünü və hazırladığı verilişləri təqdim etmək bacarığına sözün həqiqi mənasında həsəd aparmaq olardı. Üzündən heç zaman əskik olmayan təbəssüm çöhrəsinə çox yaraşırdı. Hazırladığı bütün verilişləri hamı böyük maraqla izləyirdi. Etiraf etmək lazımdı ki, ekranın o tərəfindən saçan ziyalılıqdan öyrənməli çox şey vardı. Kimi öyrənirdi, kimi maraqla izləyirdi, kimi də yaxşı mənada həsəd aparırdı. O isə üzündəki təbəssümdən hamıya pay verə bilirdi. Düşünürəm ki, artıq müsahibimizi təqdim etmək vaxtıdı. “Həmkar”ın ikinci qonağı Bakının elit təbəqəsinin nümayəndəsi, ssenarist, televiziya xadimi, Əməkdar jurnalist Nadejda İsmayılovadı.
MƏN
1936-cı ilin təbiətin «sərt qızı» olan qış fəslində dünyanın heç bir guşəsində rast gəlmədiyim gözəlliyi olan Bakıda dünyaya gəlmişəm. 1955-ci ildə 134 saylı orta məktəbi bitirmişəm. Arzum jurnalist olmaq olsa da, o zaman Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin rus bölməsi yox idi. Bu səbəbdən filologiya fakültəsinə daxil oldum və 1962-ci ildə ali təhsilimi başa vurdum. Kino sahəsində fəaliyyətimlə əlaqədar həyat yoldaşım Rasım İsmayılovun məsləhəti ilə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenarist-kinoşünas fakültəsini də ikinci təhsil olaraq bitirdim. Əmək fəaliyyətim müxtəlif illərdə Azərbaycan Televiziyası və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə bağlı olub. 1996-cı ildən ruhuma daha yaxın olan televiziyadan ayrılandan sonra müstəqil ssenarist-jurnalist kimi çalışmaqda davam edirəm. Hələ gücüm var, səhhətim buna imkan verirsə, niyə də olmasın...
AİLƏ
Sadə bir ailənin yeganə övladı olmuşam. Əslən Sankt-Peterburqdan olan atam Vasiliy Deminovski mühəndis-kimyaçı olub və Kara-Boqaz-Qolda sulfatın tədqiqi ilə məşğul idi. Anam Mariya Petrovna Voloqdadan idi, lakin valideynləri 1920-ci ildən Bakıda məskunlaşıblar. Məndən əvvəl anadan olan bacım atamın çalışdığı ərazidə anadan olduğundan sağ qalmayıb, çünki o zona orqanizm üçün zərərli olub. Atamın yanına gedən anam artıq bundan qorxduğu üçün dünyaya gəlişim ərəfəsində Bakıya qayıdıb və mən bütün varlığımla bağlı olduğum bu şəhərdə doğulmuşam. Orada duruş gətirə bilməyən atam işini ataraq anamın arxasınca gəlib, lakin repressiyaya düşüb. Bu burulğanda batmamaq üçün qaçmağa müvəffəq olub. Çox illər sonra repressiya qurbanları haqqında verilişlər hazırlayanda, müşahidə edirdim ki, o zaman
repressiyanı hər bir ailədə gözləyiblər, hətta bağlamasını hazırlayanlar da olub. Sual verəndə ki, niyə qaçmırdız, yalnız bir cavab alırdım: “SSRİ-dən hara qaçmaq olardı”? Yəqin atamın qaça bilməsi məndə belə bir fikir yaratmışdı ki, o dəhşətdən hamı qaçaraq qurtula bilərdi. Və beləcə anam məni tək böyüdüb. Sadə, zəhmətkeş və yorulmadan işləyən anam...
YOL
Qələmlə dost olmağımı
xatırlamıram. Bu, genetikdir də deyə bilmərəm,
çünki hər iki valideynimin nəslində əsasən
texniki sahənin mütəxəssisləri olub, əlinə qələm
alıb yazıb-yaradan birini tanımıram. Yazmağı məktəb
vaxtından sevmişəm. Diqqəti cəlb edən
inşalar yazırdım, divar qəzetləri
hazırlayardım. Bu baxımdan məktəbi bitirəndə
nə müəllimlərim, nə də mən seçim
qarşısında qalmadıq. Jurnalistikanın arzusunda olsam da, rus bölümü
olmadığından, istiqamətim filologiya oldu. O zaman
universitetin “Lenin tərbiyəsi uğrunda” adlı mətbu
orqanı vardı və məni o qəzetə təhkim
etmişdilər. Həmin qəzetdə mən
özümü tapdım. Universitetdə hamının məni
müxbir kimi tanımasından zövq alırdım.
Üçüncü kursda oxuyarkən qəzetdə
çalışan bir oğlan televiziya ilə əlaqə
saxlamağa başladı və mənə birlikdə proqram
hazırlamağı təklif etdi. Maraqlı olan bu təklifdən
boyun qaçırmadım və bugünədək ruhumun
hakimi olan televiziyanın astanasından ilk dəfə beləcə
daxil oldum. Həmin ərəfədə Mərkəzi Komitənin
“Əmək tərbiyəsi” haqqında bir qərarı
çıxmışdı. Bu qərara əsasən məktəblərdə
əmək dərsləri keçirilməli idi ki, uşaqlar
parta arxasından əməyə alışmağa
başlasın. Rus redaksiyasının baş redaktoru Nina
Yarovaya bizə bu mövzuda iki dəqiqəlik süjet
hazırlamağı tapşırdı və hərəmız
bir tərəfə üz tutduq. Mən bir qədər fərqli
bir səhnə qurdum. Uşaqlar kağızdan göyərçin
düzəldir. Burada müxtəlif kadrlara yer verdim – kiminin əli
yapışqana bulaşıb, kimi tələsdiyindən hər
şey əlindən düşür. Əvvəldən
heç nə asan olmasa da, sonda məktəb şagirdləri əməyə
alışdırmağa müvəffəq olur.
Tapşırılan iki dəqiqəlik süjet bədii bir səhnəyə
çevrildi. Və bu o qədər heyrətlə
qarşılandı ki, hamı bir ağızdan mənim
televiziya üçün doğulduğumu vurğuladı.
Baş redaktor mənə qiyabi şöbəyə keçib
televiziyada işləməyi təklif etdi. Təklifi qəbul
etdim və məni özünə cəlb etməyi bacaran bu
mühit yaradıcılığımın
başlanğıcı oldu.
JURNALİST
Ömrümün
iyirmi altı ili Azərbaycan televiziyası ilə
bağlıdı. Hazırladığım süjetlərdən
tutmuş müəllifi və aparıcısı olduğum
“Dalğa”, “Həftə plyus”, “TV kuryer” verilişlərinə
qədər yürüdüyüm bu yolda ən əvvəl
tamaşaçını, onun istəyini duymağa, nəbzini
tutmağa çalışmışam. Mənim
üçün həqiqət, ədalət, düzlük ən
başlıca amil olub. Jurnalistikanı çox güclü,
heyranedici, ömrün hər anının peşəsi hesab
etmişəm. Bu gün jurnalistika bir növ siyasətin alətinə
çevrilib, imkanları çox genişlənib. Lakin əsas
odur ki, ətrafındakılara və özünə
qarşı düzgün qalmağı bacarasan. Əvvəllər
daha çox maksimalist idim. O üzdən hər səpkidə
icmallar, tənqidi materiallar, publisist proqramlar
hazırlayırdım. Lakin indi həmin mövzulara toxunmuram.
Bəlkə ona görə ki, indi insanlar həyatdan çox
şikayət edir, yaxşıdan daha çox pisi
görür. Bu, artıq mənlik deyil. Mən daha çox həyatı
ucaldan, pozitiv notları axtarıram. Millətin həyatında,
Azərbaycanın tarixində elə hadisələri
tapmağa çalışıram ki, orada insanların elm sahəsindəki
kəşflərini, mədəniyyətdə, incəsənətdə
etdiyi yenilikləri daha çox göstərə bilim.
Zamanında Azad Mirzəcanzadə deyib ki, statistikaya görə
Azərbaycan istedadlı insanlar arasında birinci yeri tutur. Əslində
bu bir qədər paradoksal səslənir. Dünyanın hər
bir ölkəsində olduğu kimi, bizdə də sarsaqlar
var, lakin istedadlılarımız daha çoxdu. Mən həyatın
bu səmtinə daha çox üstünlük verirəm. Tənqid
də lazımdı, müxalifət də lazımdı, lakin
artıq mənsiz. Yaradıcılığımın bir hissəsi
kino ilə bağlıdı. On ilə qədər kinostudiyada
çalışdığım müddətdə xeyli filmlərin
ssenari müəllifi oldum. Həyatda insana uğur gətirən
ilklərin yeri fərqli olur həmişə. İlk kino
ssenarim “Təkcə adanı özünlə apara bilməzsən”
filmi oldu. Bu təkcə mənim deyil, demək olar ki,
bütün yaradıcı heyətin debütü idi. 1980-ci
ildə təqdim olunan film elə həmin ildə Kiyevdə
keçirilən “Gənclik-80” XI Respublika kinofestivalında
Diploma və Prizə layiq görüldu. Bir il sonra IX
Ümumittifaq televiziya filmləri festivalında film Baş
mükafat və Diplom qazandı. 1982-ci ildə isə filmin
quruluşçu rejissoru Gülbəniz Əzimzadə,
quruluşçu operatoru Hüseyn Mehdiyev, quruluşçu rəssam
Mais Ağabəyov və ssenari müəllifi olan mən Azərbaycan
Komsomolu Mükafatına layiq görüldük. Bundan sonra
filmlərə ssenarilər yazdım, lakin hiss edirdim ki,
televiziya üçün darıxıram. Və bu hiss məni
yenidən televiziyaya qaytardı. Bu qayıdışdan iki il
sonra 1988-ci ildə respublikada vəziyyət gərginləşməyə
döğru yol aldı, Topxana hadisəsi, ardınca azərbaycanlıların
İrəvandan deportasiyası həyatımızı dəyişdi.
Və biz nəinki gözləmədiyimiz, təsəvvür
belə edə bilmədiyimiz siyasi hadisələr
burulğanına düşdük. Bu burulğanda nələr
yox idi – şər, böhtan, ağ yalan, xəyanət,
qaçqın, məcburi köçkün, soyqırım,
müharibə. Qardaş deyib çörək kəsdiyimiz
qonşular bizə böyük ustalıqla arxadan zərbəni
elə vurmuşdular ki, çaş-baş
qalmışdıq. Elə bir dönəm idi ki, haqlı
olduğumuzu sübut edə bilmirdik. Bu, o qədər
ağrılıdı ki... Qaynar nöqtələrə gedir,
süjetlər, reportajlar hazırlayır, həqiqəti
çatdırmağa çalışırdıq.
Gördüyüm dəhşətlərdən günlərlə
özümə gələ bilmirdim. Qazaxda çəkiliş
zamanı KAMAZ maşınından enib bizə yaxınlaşan
bir erməni əsgərini söhbətə çəkməyə
az-çox nail olsaq da, yalnız montaj zamanı
sürücünün bizə tuşladığı
silahı görə bilmişdik. Xocalı faciəsinin cəlladı
Zori Balayan nədənsə İrəvanda yox, Moskvada aclıq
aksiyasına başlamışdı. Ondan müsahibə almaq
üçün Moskvaya yollandıq. Köməkçisi vasitəsi
ilə əlaqə yaratdıq, müsahibəyə
razılığını aldıq, lakin bildirəndə ki,
Azərbaycan televiziyasındanıq, ona sanki od vuruldu.
Heç
zaman unuda biməyəcəyim müsahibə ümummilli lider
Heydər Əliyevlə olan görüşümdü.
1993-cü ilin mart ayı idi. Həmin vaxt o artıq
Naxçıvana qayıtmışdı. Muxtar Respublika blokada
vaxtlarını yaşayırdı. Fransız səfiri
Naxçıvana humanitar yardım göstərmək istəyirdi
və birlikdə bölgəyə yollandıq.
Naxçıvan respublikanın o zamankı rəhbərliyi tərəfindən
də blokadada idi. Ulu öndər İran, Türkiyə və
başqa xarici dövlətlərlə əlaqə
yaratmağa çalışırdı. Yadımdadı Novruz
bayramı ərəfəsi olduğundan camaatı əsas unla
təmin etmək lazım idi. Və o buna nail ola bildi.
Müsahibə almaq istəyimi bildirəndə, dedi ki, saat 1-də
gələrsiz. Mən təəccübümü gəzlədə
bilmədən – gecə saat 1-də deyə soruşanda məlum
oldu ki, Heydər Əliyev gecə saat 2-yə qədər
yerində olur. Təyin olunan vaxtda gələndə koməkçisi
dedi ki, 20 dəqiqəniz var, rəhbər çox yorğundu.
Həmin 20 dəqiqə bir saat oldu. Bu çətin vəziyyətdə
belə onun əzmi, vüqarı olduğu kimi
qalmışdı. Fransız səfirinə məğrurcasına
bildirdi ki, bizə bu yardımlardan daha vacib
qarşılıqlı münasibətləri qurmaq
lazımdı və bu istiqamətdə Azərbaycanın
imkanlarını sadalayanda səfir heyrətə gəldi. Əsl
şəxsiyyət, millətin təəssübünü
çəkən bir insanla olan bu görüşü hələ
də xatırlayıram. Qısa bir zamandan sonra bu dahi
insanı Bakıya dəvət edib hakimiyyətə gəlməyini
istədilər. Heydər Əliyev gəlişindən sonra atəşkəsə
nail oldu, müharibə şəraiti qalsa da, Azərbaycan
müstəqil addımlarını atmağa başladı. Mən
də fəliyyətimdə insanların ruhuna daha yaxın,
maraqlarını güdən proqram, reportajlarımla
tamaşaçılarla görüşlərimi davam
etdirirdim, ta ki, 1996-cı ilə qədər. Həmin vaxt Azərbaycan
televiziyasının rəhbərliyi dəyişdi, yeni sədr
mənim orada qalmağımı lazım bilmədi.
Aldığım bu xəbər çox böyük zərbə
idi. İlk iş yerimdən ayrılmalı idim və onda
anladım ki, mən televiziyanı cavabsız məhəbbətlə
sevmişəm. Ağlıma müxtəlif fikirlər gəldi,
hətta rus olmağım belə. Lakin Azərbaycanda heç
vaxt belə bir faktor olmayıb axı. Yadımdadı Lənkəranda
çəkilişdə olanda yaşlı bir qadın
yaxınlaşıb mənə dedi ki, düzdü, rus dilini
yaxşı anlamıram, amma danışdıqlarının,
çəkdiklərinin heç birini ötürmürəm,
çox vaxt da ağlayıram. Bu etiraf bütün
mükafatların fövqündə durur. Və sonda
anladım ki, bu yalnız peşə
paxıllığından doğan səbəbdi. Nə
yaxşı ki, həyatımda Rasim İsmayılov kimi bir
ömür-gün yoldaşım vardı. Onun məhəbbəti
mənə bu ağrını unutdura bildi.
OCAQ
Rasimlə
televiziyada rastlaşdıq. Mən orada yeni
çalışmağa başlamışdım. Moskva
Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirən Rasimi isə
televiziyaya təcrübə keçməyə göndərmişdilər.
Məni görən kimi deyib ki, bu qız həyat
yoldaşım olacaq. İş elə gətirdi ki, Rasimi bizim
şöbəyə təyin etdilər. Həmin gün həmkarlarımızdan
biri bizi evinə qonaqlığa dəvət etmişdi. Bunu bilən
Rasim dedi ki, olar mən də gəlim? Qonaqlıqda həmkarımız
uzun müddət ünsiyyətdə olduğu xanıma evlilik
təklifi etdi. Məni yola salmaq missiyasını özünə
borc bilən Rasim yolda qəflətən dedi: “Bəlkə biz
də evlənək”? Onun hisslərindən xəbərsiz
olduğum üçün sözü xətrimə dəydi.
Amma heç demə xətrimə dəyən bu sözün
arxasında ilk baxışdan doğan məhəbbət var
imiş. Rasimlə 43 il elə bir ömür yaşadıq ki,
çoxları bizdən nümunə götürməyə
çalışdı. Onun da anası rus idi. Anna
İlyiniçna dörd oğlu və özlərindən
ibarət çox mehriban bir ailə qura bilmişdi. Atası
Rza İsmayılov hədsiz gözəl insan idi. Uzun illər
Meşə Sənayesi naziri vəzifəsində
çalışıb. Güclü və mehriban bir nəsil
idi İsmayılovlar. Ad günlərində 80-90 nəfər
qohum-əqrəba yığışardı. Artıq 16 ildi
ki, Rasim yoxdu, lakin indiyə qədər zəng edib mənimlə
maraqlanırlar. Həmişə məni yaxşı gəlin
hesab ediblər. Rasim bütün yazılarımın ilk
oxucusu da idi, redaktə edəni də. Mən
yazdıqlarıma qarşı hədsiz məsuliyyətli
olmuşam. Yazdım verdim getdi çapa kimi bir anlayış
olmayıb mənim üçün. Qələmimdən
çıxan nə olursa, olsun bir gecə mütləq evdə
qalmalı idi, bu, artıq bir adətə, vərdişə
çevrilmişdi. Əslində mən ikinci ali təhsili
Rasimin məsləhəti ilə aldım. Biz bir-birini o qədər
tamamlayırdıq ki, onun məni seçim
qarşısında qoymaq fikri ağlından belə keçməzdi.
Lakin belə bir hal olsaydı, mən ailəmi karyerama qurban verərdim.
Kinoda yaranan böhrana baxmayaraq, Rasim sona qədər işinə
sadiq qaldı. Lakin Qarabağ hadisələri onun səhhətində
özünü göstərmişdi. Dörd gün sürən
komadan bir daha ayılmadı və beləcə
ömrümün məhəbbət dolu nağılı sona
yetdi. Və bu nağıldan mənə qalan
qızımız Cəmilə oldu.
MEDİA
Bu gün
jurnalistikanı da, jurnalisti də tənqid edən çoxdu.
Bunun dərinliyinə varıb analiz etmək fikrindən
uzağam. Mənim üçün jurnalist yaxşı insan,
düzgün və istedadlı olmalıdı. Bu peşədə
ən əsas yerdə zəhmət dayanır. Nə qədər
çox əmək sərf etsən, ondan da artıq uğur
qazanarsan. Jurnalist kimdən və nədən yazırsa,
yazsın həmdərd olmağı bacarmalıdı.
Anlayışlı olmaq, müsahibini dərk etmək, onunla
olmuşları bərabər yaşamaq, duyğularını
duymaq jurnalisti qidalandıran bir yanacaqdı. Əgər biri
haqqında yazacamsa, ən əvvəl onun tərcümeyi-halını,
hadisələri öyrənirəm. Məlumatlar məni təsirləndirməsə,
əlimə qələmi almıram. Mən pis qələm
sahibi olmadığımı bilsəm də, bu, əsas deyil.
Əsas görəcəyin işin qəlbinə, ruhuna
yaxın olmağıdı. Jurnalist ürəyinin istədiyi
və onu narahat edən mövzunun dalınca getməlidi. Bu
gün tənqid baş alıb gedir. Sosial şəbəkələrin
izləyicisiyəm. Mübahisə mövzusuna çevrilən
bir hadisəni o qədər haqsız tənqid edirlər ki...
İnsanlar arasında sanki bir intizamsızlıq yaranıb.
İstədiyini yazan kəs bilir ki, buna görə ona
heç nə olmayacaq və arxayınçılıqla “fəaliyyətini”
davam edir. Zənnimcə bütün bunları tənzimləyib
düzgün məcraya yönəltmək üçün
xalqın inanıb etibar etdiyi analitiklər, publisistlər məsələyə
müdaxilə etməlidi. Söz azadlığından,
demokratiyadan, senzuranın olmamasından düzgün faydalanmaq
lazımdı. Ulu öndər Heydər Əliyev senzuranı ləğv
edəndə çox sevindik. İstər televiziyada, istər
kino sahəsində çalışarkən senzorlarla
çox işləmişəm. Onların verilişlərimi
bağladığı vaxtlar da olub. Zənnimcə televiziyaya,
kino sahəsinə, mətbuata rəhbərlik edənlər
güclü biliyə, savada malik olmalıdı ki, balans qoruna
bilsin və jurnalist qələmə aldığı
yazısını əsaslı dəlillərlə müdafiə
etməyə nail olsun. Bu gün senzuranın olmaması
sarı mətbuata daha çox yarayıb. Lakin inanıram ki,
bu vəziyyət öz düzgün həllini tapacaq.
VƏTƏN
Çox
bəyəndiyim bir fikir var: “Demə ki, Vətən mənim
üçün nə edib, mən bu Vətənə nə
vermişəm - deyə özündən soruş”. Bunu bir
formula kimi qəbul etmişəm. Mənim Vətənimə
qarşı heç bir iddiam yoxdu. Vətənimi hədsiz
sevirəm, ona pərəstiş edirəm. Vətənimin
çox mehriban, səmimi, hər kəsə qəlbində
yer verməyi bacaran insanları var. Elə bu üzdən də
torpaqlarımız əldən getdi. Mən Bakının
vurğunuyam. Bakı həyatdı, Bakı məhəbbətdi,
Bakı mənim dostlarımdı, Bakı mən özüməm...
Doğulub boya-başa çatdığım, illərimi
verdiyim bu şəhər mənim üçün hər
şeydi. İstər həyat yoldaşımın
sağlığında, istərsə də indi Bakını
tərk edib xaricdə yaşamaq imkanım olub. Bütün
ömrü təpədən dırnağa qədər
Bakıya bağlı olan, qəlbi Bakı ilə döyünən
insan ondan uzaqda yaşaya bilərmi? Səhər onun
çıxan günəşi, axşam səmanı
işıqlandıran ayı dünyanın heç bir
nöqtəsində yoxdu. Mən bunu görüb, hiss etmiş
bir bakılı kimi deyirəm. Məni tanımayan insan
Bakıya olan bağlılığımı
yaradıcılığımdan dərhal hiss edir. Mənim
üçün Vətən budur!
HƏMKAR
Mən
özümü müharibə uşağı hesab edirəm.
Böyük Vətən Müharibəsi başlayanda beş
yaşım vardı. Atam yox idi, anam üçün çox
çətin idi. Bununla belə o qədər qayğı və
mehribanlıq vardı ki... Məktəbdə bizi yedizdirirdilər,
qonşular bir-birinə kömək edərdi. Yadımdadı
ehtiyatla da olsa, Novruz bayramı mütləq qeyd olunardı.
Hamı bizə bişirdiyi şirniyyatlardan gətirərdi və
sonda heç kimin evində olmadığı qədər
süfrəmizə şəkərbura, paxlava, müxtəlif
şirniyyatlar düzülərdi. Qara xəbər alan ailənin
dərdi hamının idi. Mən bütün bunları
gördüyümdən mümkün qədər müharibə
tərəfdarı olmamışam. Lakin zaman keçdi,
yarım əsrdən sonra Birinci Qarabağ müharibəsini
yaşadım. Düşmənimiz illərlə,
addım-addım bu hiyləsinə doğru irəliləyəndə,
biz hər şeydən bixəbər öz səmimiyyətimizdə,
dürüstlüyümüzdə qalmışdıq. Mən
artıq uzaq zaman kəsiyində qalan müharibə
uşağı deyildim, qələmini silaha çevirib
mümkün olmayanı mümkünə çevirmək
üçün çırpınan bu Vətənin
qızı idim. O zaman arxa cəbhədə olan balaca Nadejda böyümüşdü
və indi artıq ön cəbhədə idi. Bu Nadejda
qucağında körpəsi ilə öldürülən
ananı görmüşdü, onları xilas edə bilmədiyi
üçün qısa zəncirdə qalan bir köpəyin
zınqıltılı səsini qulaqlarından qova bilmirdi. O
vaxtlardan kifayət qədər uzun müddət keçib və
mən ürəkdən inanıram ki, illərlə
gözü yolda qalan bütün torpaqlarımız öz
azadlığına qovuşacaq. Mən zəhmətə
kiçik yaşlarından alışmışam. On bir
yaşım vardı, beşinci sinifdə oxuyurdum. Biz çox
kasıb yaşayırdıq. Dərsdən sonra 2-3-cü sinif
şagirdlərilə məşğul olurdum və bunun
müqabilində aldığım qazancla anama kömək
edirdim. Anam günün sonunda mənim yorğun halıma
ürəkdən acıyardı. Sonra ali məktəb, gərgin
iş mənə mətbəxə girməyə imkan vermədi.
Ailə qurandan sonra da işləməkdən yorulan anamı
işdən ayırıb yanıma gətirdim və evimizin
idarəsi ona keçdi. Yenə də mətbəx işlərindən
uzaqda qaldım. Anamı itirəndən sonra Rasim dedi ki, narahat
olma, bu öhdəliyi öz üzərimə
götürürəm. Rasimin ağır xasiyyəti
vardı, evdə kənar adam sevmirdi. O üzdən evə
köməkçi götürmədik. Yalnız Rasimi də
itirəndən sonra köməkçiyə ehtiyacım oldu,
çünki dadlı yeməkləri sevirəm. Doğma
Bakımda ən çox sevdiyim yer İçəri şəhərdi.
Evimiz indiki Neftçilər prospektində idi. O zaman Stalin
prospekti adlanırdı. Həyətimizin arxa hissəsi
İçəri şəhər tərəfə idi. Hər
gün məktəbə o dolanbac döngələrdən
keçib gedirdim. Tale elə gətirdi ki, həyat
yoldaşım əslən içəri səhərli oldu.
Dünya boyda şöhrəti olan bu nağıl şəhər
hər ikimizin yaradıcılığında xüsusi yer
tutub. Qızımız Cəmaləni yaxşı bir insan kimi
yetişdirə bilmişik. Mükəmməl təhsili var,
altı dildə sərbəst danışır, tərcüməçidi.
Mənim davamçım olmasa da, nəsə
götürüb. Hazırda İtaliyada yaşayır.
Bir-birindən gözəl üç nəvəm var.
İkisi azərbaycanlıdı, biri italyan. İtalyan nəvəm
o biri ikisindən daha çox azərbaycanlıdı. On
günlük məni görməyə gəlmişdilər,
lakin pandemiya üzündən üç ay onlarla maraqlı
vaxt keçirdim. İndi isə onlarsız darıxıram.
Amma sevimli işim yenə də başımı qatmağa
imkan verir. Yeni proqram üzərində
çalışıram. “Bakı romanları” adlanacaq bu
proqramda saf, təmiz sevgi üzərində qurulan ailələrin
qəhrəmanları olan cütlüklərdən bəhs
olunacaq. Çünki mən həmişə təbəssüm
və məhəbbətin dünyanı xilas edəcəyinə
inanmışam. Mən dövlətimdən, Vətənimdən
heç vaxt nəsə gözləyib istəməmişəm.
Lakin hər zaman insanlara dəyərini verməyi bacaran
dövlətim bu il Milli Mətbuatın 145 illiyində məni
“Vətənə xidmətə görə” III dərəcəli
ordenlə mükafatlandırdı. Bu Vətənə xidmət
etmək mənim borcumdu, çünki məni o yetişdirib.
QIRX
DÖRD GÜN
Otuz il
kifayət qədər uzun bir müddətdi və sonda vulkan
püskürməli idi. Biz çox gözlədik. Bu, həyatımda
yaşadığım üçüncü müharibədi.
Böyük Vətən Müharibəsində həm
kiçik idim, həm də arxada. Birinci Qarabağ Müharibəsi
bizə şok yaşatdı. Nə qədər xəyanət
vardı o zaman... Gənc respublika tamamilə təklənmişdi,
informasiya blokadaya alınmışdı. Bizi hamı heç
bir əsas olmadan mühakimə edirdi. Bütün bunları
yaşamışam. İkinci Qarabağ Müharibəsi
gözlənilməz olduğu qədər də, sevinc
yaşatdı mənə. Bu müharibə labüd idi,
çünki qarşı tərəf sülh və barışıq
təkliflərindən hər zaman baş qaçırıb.
İstər 2016-cı il Aprel döyüşləri, istərsə
də bu ilin iyul ayındakı Tovuz hadisələri onlara xəbərdarlıq
işarəsi olsa da, yenə özlərinə gəlmədilər.
Və sonda 30 illə öyündükləri cəmi 44
gün ərzində əllərindən alındı. Mənim
üçün qələbə və məğlubiyyət
nisbi anlayışdı. Ermənistan üçün bu ciddi
qələbə olsa da, rüsvayçı qələbə
idi. 30 il ərzində erməni özünü haqlı hesab
etsə də, dünyada nüfuzu enməyə başladı.
Get-gedə ona inananların sayı azaldı, ona sadiq qalan
öz diasporu oldu. Azərbaycan isə bu 30 ildə o qədər
güclü ordu yetişdirib, hərbi baza yaratdı ki, 44
günə öz torpaqlarına bayraqlarını sancdı.
Bax bu, məğrur bir qələbədi. Bu gün sevincdən,
qürurdan özümə yer tapa bilmirəm. Mənim hər
kəsin həsəd apara biləcəyi Prezidentim və Ali
Baş Komandanım var. Gecə-gündüz Allaha
yalvarırdım ki, heç bir üçüncü tərəf
bu münaqişəyə müdaxilə etməsin. Xoşbəxtəm
ki, elə də oldu. Bü qələbəyə böyük
itkilər verməklə nail olduq. Bu da müharibə adlı
bir iblisin qanunudu. O igidləri yetişdirən anaların
qarşısında bü gün Azərbaycan baş əyir.
Tanrı bütün şəhidlərin məkanını cənnət
eləsin!
P.S:
Müsahibimlə divarlarından belə yaradıcılıq
qoxusu gələn evində üzbəüz oturmuşduq.
Suallarımı diqqətlə dinləyib həvəslə
cavablandırırdı. Lakin nə o, nə də mən cəmi
on iki gündən sonra baş verəcəklərdən bixəbər
idik. O xəbər gələndən sonra müsahibəni qələbə
notları üzərində bitirmək üçün
gözlədim, çünki inanırdım ki, o gün
mütləq gələcək.
Tamilla TEYMURQIZI
Azad Azərbaycan .- 2020 .- 19 noyabr –
S.7.