Şəhid Fariz Həsənovun həyat yoldaşının xatirələrindən...

(Elegiya)

 

Son dəfə, evə elə tələsik gəlib, qayıtdı ki... Sanki özü öz əcəlinə susamışdı... Tələsik hamama girib, yuyundu. Dedim "yemək ye, qurban olum!"... Dedi "Mənim qardaşlarım orada acdırlar, mən necə yemək yeyim?!"...

Qəndqabıdan iki şokolad götürüb "uşaqlara verərəm, çay içərlər" dedi ...Başımı qucaqlayıb öpdü. Gördü ağlayıram, dedi "Ağlama, hələ ağlamağa çox vaxtın olacaq!"...

Hər gecə yuxuma gəlir. Hər dəfə deyir ki? "Mən ölməmişəm, sağam"...

Biz çox əziyyətli günlər yaşamışıq. Həmişə deyirdi mən səngərdə böyümüşəm, mənim valideynim torpaqdır. Biz 8 illik evliliyimizin 6 ilini Qazaxın Kəmərli kəndində yaşamışıq. Mənim üçün ən əziz, ən doğma yer, elə o Kəmərli kəndidir. Sonra gəldik Ağstafaya.

Evliliyimizin 8-ci ili - sentyabrın 30-u günü, dedim "Fariz, bu gün hansı gündür, xatırlayırsanmı?"

Dedi "Yox ömrüm, mənim yadımda silahdan-sursatdan başqa nəsə qalırmı?"

Sən demə, yadında imiş... Ovcumu açıb, bir güllə verdi. Gülə-gülə "Ay Fariz, camaat öz yoldaşına gül-çiçək hədiyyə edir, sən mənə gülləmi hədiyyə edirsən?" – dedim.

Dedi "Sən bilirsən ki, mən kobud bir hərbçiyəm. Hərbçinin yoldaşı da, hərb ruhunda olmalıdır. Saxla, məni yadına salarsan!... Mən evə gec gələ bilərəm, xatirəm olsun"...

Verdiyi güllə mənə qaldı, düşmənin gülləsi ona tuş gəldi... Amma sevinirəm ki, Füzulinin alınmasında, onun müstəsna rolu olub. Onun silahdaşlarının...

Bu gecə, yenə yuxuda gördüm. Həmişəki kimi deyib-gülüb, zarafatlaşırdıq. Ayağa qalxıb dedi ki, "Gedirəm Füzuliyə, narahat olma, mən ölməmişəm!"

Həmişə deyirdi "Səni canından çox sevən biri varsa, o da Farizdir!"... Bəzən, uşaqları özü yedirirdi... Üçüncü tikəni mənə yedirirdi... Uşaqlar soruşurdu "Ata, ananı da sən yedirirsən?"

Deyirdi "Ana da mənim üçüncü balamdır!"

Kəmərlidə yaşadığımız müddətdə ermənilərin ən çox güllə-baran etdiyi post, onun postu idi. 18 ədəd minamyot düşmüşdü ora. Hətta bizim qaldığımız evin həyətinə minamyot düşmüşdü. Çox adam getmişdi oradan. Atışma sırasında, mənə zəng edib dedi ki, "Uşaq körpədir, sən get rayona. Sizə bir şey olar, səni yollayım, get!"... Dedim ki, "Gedən deyiləm, sənə olsa, mənə ondan olsun!"... Çox dəhşətli günlər yaşadıq orada... Odun alovun içində, əsgərlərini elə qoruyurdu ki... Əsgərlərini öz balası kimi qoruduğu üçün onu fəxri fərman, diplom ilə təltif etmişdilər...

Biz Kəmərlidə yaşayanda, bir gün məndən xahiş etdi ki, iki əsgərim tərxis olunur, onlar üçün tort bişirim. Vüsal Alcanov Yunus Vahabov. Onun xüsusi, ən sevimli əsgərləri idi. Mən tortu bişirdim. Üzərinə avtomat şəkli çəkdim, adlarını yazdım. Fariz əsgərini göndərdi ki, gəlib tortu aparsın. Tortu götürəndə, əsgərin gözləri doldu. Dedi "Gəlin bacı, Allah razı olsun".

Dedim "Vahabov, Fariz sizə ata, qardaş olub burada. Şükr ki, sağ-salamat evinizə gedirsiniz".

Vahabovun anası dindar idi. O, bizə Quran ayələrindən dua yazıb göndərmişdi. Fariz o duanı boynunda gəzdirirdi. Mən onu həmin o duadan tanıdımBombanın alovundan üzü, bədəni yanmışdı. Amma o dua salamat qalmışdı. Mən həmin duadan tanıdım şəhidimi.

Həmişə gedəndə, oğlumu öpüb deyirdi ki, "Böyü, ataya kömək ol!"... Bu dəfə, son vidasında, oğlumuzu öpüb dedi ki, "Böyü, anaya kömək ol!"

Ürəyimə dammışdı...

 

Qeyd: Şəhid-çavuş Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonu, Dağ Kəsəmən kəndində doğulmuş, 2008-ci ildən ordu sıralarına daxil olmuş hərbi xidmətini Bakıda, Milli Qvardiyada başa vurmuşdur.

2020-ci il, Füzuli rayonu uğrunda gedən döyüşlərdə 30-dan çox erməni hərbi gavurunu məhv etmiş elə həmin döyüşlərdə, 13 oktyabr tarixində şəhadətə ucalmışdır. Ruhu qarşısında baş əyirik!

 

Dərdləşdi: Fatimə Əlihüseyn

 

Azad Azərbaycan.- 2020.- 26 noyabr- S.6.