Biz haqq savaşındayıq

 

Müstəqillik tariximizdə son günlərdə yaşadığımız zəfər sevincləri kimi xoş anlarımızın şahidi olaraq özümü hədsiz dərəcə şanslı bir vətəndaş olaraq görürəm. Uzun illərdir həsrətini çəkdiyimiz Qarabağ torpaqlarının düşmən işğalından gündən-günə təmizlənməsi, azad edilməsi hər bir Azərbaycan vətəndaşının öz içində böyütdüyü arzusu idi. Allahımıza şükürlər olsun ki, bu günlərdə həmin arzumuzu reallaşdığını həyəcanla izləyir, cəbhəboyu aparılan uğurlu hərbi əməliyyatların uğurlu müjdələri ilə tərifi mümkünsüz hisslər yaşayırıq.

Ən əsası isə ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli qərarları xalq-dövlət birliyinin ən gözəl ifadəsi kimi sinəmizi qabardır, könlümüzü oxşayır, hər birimizi vətən yolunda son damla qanımıza kimi savaşmağa kökləyir.

On gündür ki, Qarabağın kəndbəkənd, zirvəbəzirvə geri qaytarılması hər kəsin ürəyincədir, hər kəsi həyat dolu inamla kökləyib. İnsanların 30 ilə yaxındır üzərində daşıdığı məğlubluq hissi tamamilə sındırılıb və bu gün uşağından yaşlısına kimi bütün Azərbaycan xalqı qanıyla, canıyla, ruhuyla - bütün varlığıyla döyüşə getməyə hazırdır.

Qismən səfərbərlik qərarından sonra cəbhəyə gedənlərə bir çox gənclərimizin qısqanclıqla yanaşması, onların da əldə silah düşmənlə mübarizəyə atılma istəklərini görmək nəyə desən dəyər. Xüsusilə vətən oğulları ilə birlikdə ana-bacılarımızın da bu yolda hazır olduğuqlarını nümayiş etdirmələri xalq olaraq birliyimizin ən bariz göstəricisidir. Hələ illər əvvəl bir şeirimdə yazmışdım ki, Azərbaycan, hər qarışın Vətənsə,

 

Vətən mənəm, vətən odur, vətən sən.

Dünyanı lərzəyə salaq vətəndən

Dünyanı lərzəyə salsın bu birlik,

Bu gün yox, hər zaman birləşməliyik.

 

Vətən hamı üçün başlar sərhəddən,

Bizim varlığımız başlar bu həddən.

Hərəmiz bir yandan-şəhərdən, kənddən

Birləşib bir olan-yüzük, yüz minik,

Bu gün yox, hər zaman birləşməliyik.

 

Bax, bu günlərdə xalq olaraq hər birimiz həmin birliyin şahidiyik. Ön cəbhədə əsgərindən generalına kimi necə yumruq kimi birləşiblərsə, arxa cəbhədə şəhid analarıyla gənc analar, şəhid atalarıyla gənc atalar, müəllim tələbələr, müdir işçilər, fəhlə ziyalılar, qadın kişilər o şəkildə birləşiblər, həmrəydirlər, yekdildirlər, birqəlbdirlər.

Xalqımızın tarixi torpaqlarımız uğrundakı haqq savaşında canını vətən yolunda fəda edən şəhidlərimiz olacaq. O şəhidlər ki, ən uca haqq zirvəsini, ən uca mənəviyyat zirvəsini, ən əsası isə xalqın qəlbində əbədi yaşama haqqını qazanırlar. Buna baxmayaraq şəhidlərimiz öz əsgər yoldaşlarına yaxınlaşan zəfər günləri üçün yol açır, istiqamət verir, güc bağışlayır.

Haydı, Azərbaycan əsgəri, alimiylə, şairiylə, müəllimiylə, jurnalistiylə, fəhləsiylə, ustasıyla, uşağıyla, böyüyüylə Azərbaycan xalqı, türk dünyası sənin gücünə arxalanır, sən öz dualarıyla qələbəyə kökləyir.

Bu yazdıqlarımı qələmə alarkən ruhumun özünə yer tapmadığını, bədənimin gizildədiyini, qanımın qaynadığını, yumruğumun sıxıldığını, biləyimin möhkəmləndiyini hiss edirəm. Təkcə mənmi? Xeyr! Hər birimiz, hər bir Azərbaycanlı bu gün bu haldadır. Çünki biz haqq savaşındayıq, biz haqqımız uğurunda mübarizədəyik biz haqqımızı alacağımıza əminik.

Ey səngərdəki əsgər qardaşım, general komandirim, bilin ki, hələ minlərlə, milyonlarla əsgərin əmrə müntəzirdir lazım olacağı təqdirdə bir çağırışla sizin səflərinizdə olacaq, sıralarınızda dayanacaq. Çünki...

 

Bu namus savaşıdır, bu torpaq savaşıdır,

Qarabağçün darıxan bir bayraq savaşıdır,

Bu, haqqını istəyən xalqın haqq savaşıdır,

Qoy haqqın uğrunda da canımız olsun fəda,

Hamı bilsin, Qarabağ Azərbaycandır, nida!

 

ELXAN YURDOĞLU,

AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil Ədəbiyyat İnstitutunun

Folklorşünaslıq şöbəsinin müdiri,

Filologiya üzrə fəlsəfə doktoru, dosent,

şair-publisist

 

Azad Azərbaycan.- 2020.- 8 oktyabr.- S.11.