“VƏTƏN, sənin
oğlun, arxan bizik!..”
- deyən vətənpərvər şair Vaqif
İbrahimin bugünlər 75 illik yubileyidir.
Təəssüf ki, o, bu illərin ancaq
yarısını - 38 ilini yaşaya bildi.
Azərbaycanın
unudulmaz şairi, M.Qorki adına Beynəlxalq
mükafat laureatı, Respublika Ədəbi Birliyinin
yaradıcısı Vaqif İbrahim bütün
varlığı ilə vətənpərvər, yurdsevər
şair idi. Onun hələ ötən əsrin 70-ci illərində
yazdığı şeirlərdə Vətənə, xalqa
necə bağlı olduğu, Azərbaycanı gözləyən
təhlükələri qabaqcadan heyrətamiz bir fəhmlə
duyaraq, xalqımıza şairlərdən öncə
Koroğlu, Babək kimi igidlərin gərək olduğunu dilə
gətirmiş, bunu ən ümdə vəzifə hesab
etmişdi:
Bu xalqa
Nizamisi,
Füzulisi
bəs edər,
Nəsimisi
bəs edər...
Ancaq xalq
batar yasa -
əgər bu doğma yurdu
hər
gün,
hər
saat, hər an
düşmənlərdən qoruyan
Koroğlu
tək ərləri,
yeni
Cavanşirləri,
Babəkləri
olmasa!..
Bugünlər minlərlə Azərbaycan
oğullarının qələbə əzmi ilə
qoşulduğu Milli Ordumuzun Qarabağda müzəffər
yürüşü Vaqif İbrahimin bu şeiri ilə nə
dərəcədə haqlı, uzaqgörən olduğunu qətiyyətlə
təsdiq edir.
Əlbəttə, doğrudur ki, Nizamilər, Nəsimilər
yetirmiş bu xalqa şairlər ordusundan daha çox və ilk
növbədə igidlər, Koroğlular ordusu vacibdir. Hətta
bu kiçik şeir belə Vətənimizin gələcək,
onilliklər, əsrlər sonrakı taleyi üçün
Vaqif İbrahimin hələ 45 il əvvəl necə narahat
olduğunu, şeirin dili, qəlbinin hökmü ilə bir
növ "həyəcan təbili"
çaldığını göstərir. O,
özünün "Dinlə məni, dinlə, Vətən!"
şeirində də Azərbaycan oğullarının Vətənə
olan böyük məhəbbətini şair qüdrəti ilə
göstərərək, onların adından sanki Vətən
andı kimi bu misralarla çox ciddi və sərt səsləndirmişdir:
Dinlə
məni, dinlə, Vətən!
Sənin
doğma övladınıq,
qardaşınıq,
sevincinik,
vüqarınıq,
əzabınıq, göz yaşınıq!
Sənsiz
heçik!
Harda
olsaq,
sənin
oğlun, arxan bizik!
Harda
çətin bir iş olsa,
harda
ağır döyüş olsa,
çağır bizi!
Düşmənlərin,
ölümlərin üzərinə yürüş olsa,
çağır bizi!
Bir
müqəddəs inamla da
döyüşlərə sən at bizi,
əzabına qatlaşmasaq,
oğulluqdan çıxart bizi!..
Öz oğulluq borcunu bu cür qətiyyət, sərtlik
və kəskinliklə ancaq böyük, sarsılmaz Vətən
sevgisi olan Babəklər, Cavanşirlər nəsli olan
oğullar, mərd, igid və qeyrətli Azərbaycan əsgəri
deyə bilər.
Vaqif
İbrahim bu gün Qarabağda ölüm-dirim mübarizəsinə
atılan, müqəddəs torpaqlarımız uğrunda
qanından-canından keçən Vətən
oğullarının hisslərini, duyğularını sanki
özünün şair qüdrəti ilə hələ 40-45
il əvvəl dilə gətirərək,
yazmışdı:
"Bu Vətən
uğrunda!" deyib, özünü
Tankların
altına atan oğullar
Dedilər
döyüşdə ürək sözünü:
"Vəsiyyət etməyə məgər vaxtmı
var?"
Vətən
sevgisini sözlə deməyi
Ar bildi
özünü oda atanlar,
Ancaq bu Vətəni
necə sevməyi
Bizə
ölümüylə göstərdi onlar!..
Azərbaycan sevgisi, doğma xalqa olan böyük məhəbbət
Vaqif İbrahim poeziyasının şah damarı, Vətənə
bağlılığın ölçü vahididir. O, hər adamın yox,
yalnız Vətən yolunda xidmətləri olanların "vətəndaş"
adlandırılmasını mühüm hesab edərək,
yazırdı:
"Vətəndaş!.."
Bu
böyük, ülvi ad o Sabir kimi
Oğulluq
edənə verilsin gərək,
Dar
gündə Vətənə Cavanşir kimi
Köməyə
yetənə verilsin gərək!
Mənsub
olduğumuz bu xalq, bu Vətən
Onsuz da
pasportdan, demə, bəllidir,
Bizim
kimliyimiz pasportdan deyil,
Bu xalqa, Vətənə
xidmətimizdən,
Ona
sevgimizdən bilinməlidir!..
***
Xalqımızın
mərdliklə, Vətən eşqi ilə döyüşlərə
atıldığı bugünlər üçün
böyük şair fəhmi, istəyi-arzusu ilə bu cür əzəmətli,
mübariz şeirlər yazmış, çox gənc ikən
- 38 yaşında həlak olmuş (erməni
sürücünün vurduğu maşında) vətənpərvər,
unudulmaz şair Vaqif İbrahimin bugünlər 75 illik
yubileyidir.
O, sovetlərin
Qələbə ilində - 1945-ci il
sentyabrın 30-da Azərbaycanın qədim və gözəl
diyarı olan Şəkidə dünyaya gəlmişdi. Sonralar ailəsi ilə birgə Sumqayıta
köçən Vaqif Əliyar oğlu İbrahimili hələ
erkən yaşlarından poeziyaya maraq göstərmiş, ilk
şeir nümunələrini yazmağa
başlamışdı. Bəlkə özü də əvvəllər
"bu işin" ciddi olacağını, istedadlı bir
şair kimi seviləcəyini düşünməyərək,
buna o qədər də inanmayaraq, əvvəlcə
Sumqayıt Kimya-texnologiya Texnikumunu, sonralar isə Azərbaycan
Dövlət Neft və Kimya İnstitutunu uğurla
bitirmişdi (texnikum yoldaşları şair Nurəddin Mənsur
və respublikanın Əməkdar məşqçisi Əhməd
Rəcəbli xatırlayırlar ki, bir vaxtlar yaxın dost
olduqları Vaqif İbrahim fakültənin ən yaxşı
riyaziyyatçısı və fiziki idi). Ali təhsilini mühəndis-elektrik
ixtisası üzrə başa vuraraq,
ilk illər ixtisasına müəyyən qədər
uyğun olan Sumqayıt Radio verilişləri redaksiyasında
işləsə də, 60-cı illərin sonlarında onun
görkəmli şairlərimiz Bəxtiyar Vahabzadə və Əli
Kərim tərəfindən "kəşfindən" sonra
Azərbaycanın ədəbi mühitində özünə
layiqli yer tuta bilmişdi.
Hələ
uşaqlıqdan Azərbaycan poeziyasının, dahi şairimiz
Nizami Gəncəvi, Səməd Vurğun, Mikayıl
Müşfiq və Bəxtiyar Vahabzadə
yaradıcılığının vurğunu olan Vaqif
İbrahimin şeirləri 1960-70-ci illərdə "Azərbaycan
gəncləri", "Azərbaycan" və "Ulduz"
jurnallarında dərc edilmiş, yalnız adi oxucuların
deyil, hətta Rəsul Rza, Mirzə İbraimov, Xəlil Rza kimi
ədəbiyyat korifeylərinin də diqqət və
marağına səbəb olmuşdu.
Poeziyada daim yeni söz, yeni fikir deməyə
çalışan Vaqif İbrahim həyatda da yenilikçi,
novator olmağa çalışırdı. O, özünün
ustadı və böyük dostu hesab etdiyi görkəmli
şair Əli Kərimin 1969-cu ildə vaxtsız - 38
yaşında ölümündən təsirlənərək,
onun adını yaşatmaq və
yaradıcılığını təbliğ etmək,
şəhərin istedadlı gənc ədəbi qüvvələrini
bir araya gətirmək, onların istedadlarının
qayğısına qalmaq məqsədilə nəinki
respublikada, hətta Sovetlər İttifaqında ilk dəfə
olaraq Sumqayıtda Əli Kərimin adını verdiyi Poeziya
Klubu yaratmışdı. Klubun sorağı
sonralar SSRİ-nin yaradıcı təşkilatlarına da
çatmış, onun Sumqayıtda keçirilən tədbirlərində
Moskvanın, Leninqradın, Novosibirskin də tanınmış
şair və yazıçıları həvəslə,
böyük maraqla iştirak etmişdilər.
Vaqif İbrahim sonralar "Ulduz" və "Göyərçin"
jurnallarında məsul vəifələrə irəli çəkilmişdi. Özünün təşəbbüsü
və təşkilatçılıq istedadı ilə
yaratdığı Gənc yazıçıların Respublika
Ədəbi Birliyində sədr kimi geniş fəaliyyəti
ilə, gənc ədəbi qüvvələrin
yaradıcılığının radio və televiziyada təbliğinə,
onların əsərlərinin qəzet və jurnallarda mütəmadi
çapına nail olmaqla, Ədəbi Birlikdə görkəmi
şair və yazıçıların "ustad dərslərini"
təşkil etməklə, respublikanın müxtəlif
rayonlarında gənc şair və yazıçılarla
oxucuların görüşlərini keçirməklə və
özünün nümunə olan poeziyası ilə Vaqif
İbrahim daha da böyük hörmət və nüfuz sahibi
olmuşdu.
Ötən
əsrin 80-ci illərində öz orijinal əsərləri
ilə seçilən və sevilən Vaqif İbrahimin poeziya
nümunələri rus, çex, polyak, bolqar və s. dillərə
də tərcümə edilərək, müəllifin
şöhrətini daha da artırmışdı. Azərbaycanın
gənc və perspektivli şairi kimi poeziya aləmində
böyük nüfuz qazanmasının nəticəsi idi ki, həmin
dövrdə Vaqif İbrahim SSRİ-nin və
Bolqarıstanın birgə ədəbi almanaxı olan
"Drujba"jurnalının respublikamız üzrə məsul
nümayəndəsi və Sovet İttifaqından olan 5 nəfərdən
biri kimi redaksiya heyətinin üzvü seçilmişdi. O, Azərbaycan
şair və yazıçılarının yeni
yaradıcılıq nümunələrinin həmin nüfuzlu
jurnalda dərc edilməsi, ölkəmizin ədəbi
uğurlarının sovet və bolqar oxucularının diqqətinə
çatdırılması üçün çox
böyük səylə, gərginliklə
çalışırdı.
Lakin heyf ki, daim yaratmaq eşqilə çırpınan
o coşqun, çılğın qəlbin istedadlı
sahibinin ömrü gözlənilmədən, kor, bədbəxt
bir təsadüf nəticəsində Bakı-Sumqayıt
yolunda... yarı yolda qırılmışdı. Ancaq böyük Azərbaycan
şairi Səməd Vurğun demişkən:
Ölüm
sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini
canından daha artıq bilənlər!
Şirin
bir xatirətək qalacaqdır dünyada
Sevərək
yaşayanlar, sevilərək ölənlər!
Təsadüfi deyil ki, unudulmaz şairin xatirəsi onu
tanıyanlar və oxucuları tərəfindən daim yad
edilir. Dünyaya gəlişinin
75 illiyinin Milli Ordumuzun qələbə
yürüşünün davam etdiyi dövrə təsadüf
etdiyi bugünlərdə də onun unudulmaz xatirəsi
Sumqayıtda ehtiramla anılmışdır.
Şəhər
Poeziya Evində keçirilən qeyri-rəsmi kiçik tədbir
Vaqif İbrahimin və son günlər Vətən uğrunda
Qarabağda şəhid olmuş Azərbaycan
oğullarının xatirəsinin bir dəqiqəlik sükutu
ilə başlamış, şairin Vətən məhəbbəti
ilə bağlı şeirləri səsləndirilmişdir. Azərbaycanın
Əməkdar müəllimi, "Şöhrət" ordenli
Prezident təqaüdçüsü Ofelya Babayeva,
yazıçı Almaz Bəyazid, Əli Kərim adına
Poeziya Klubunun sədri, Sumqayıt Poeziya Evinin direktoru, şair
İbrahim İlyaslı Vaqif İbrahimlə bağlı xatirələrini
söyləmiş, Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Sumqayıt
şəhər komitəsinin sədri Şahin Şəfiyev və
gənc şair Elvin Əlizadə onun poeziyası, həmçinin
gənc şair və yazıçıların yetişməsində
rolu haqqında danışmışlar.
Sonra
şairin yaxın dostları və qələm
yoldaşları kiçik bir tərkibdə Vaqif İbrahimin,
onun ata-anasının və qardaşı Arif İbrahimovun
uyuduğu Saray qəbristanlığına gedərək,
onların məzarını ziyarət etmiş, qəbrləri
üstünə gül dəstələri düzmüş,
ruhlarına dualar səsləndirmişlər. Şairin qələm
yoldaşları Ofelya Babayeva, İbrahim İlyaslı və mədəniyyət
işçisi Şahin Şəfiyev şair haqqında xatirələrini
söyləmiş, bugünümüzlə səsləşən
mübariz, döyüşkən ruhlu şeirlərini
oxumuşlar.
Rəhman ORXAN
Azad Azərbaycan.- 2020.- 8 oktyabr.-
S.10.