Qarmon sevgisi ilə döyünən ürək...
(Və ya 32 il ömür
sürmüş eloğlumuzun acı taleyi)
Çox dəyərli alim, pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovun və Əməkdar incəsənət xadimi, yazıçı, rejissor, jurnalist, publisist Ağalar İdrisoğlunun məsləhəti və təklifi ilə 2020-ci ilin iyun ayında “Azad Azərbaycan”, “Təzadlar” qəzetlərində və çoxli internet saytlarında dərc olunan və indiyə kimi Azərbaycan daxilində və o cümlədən xaricdəki azərbaycanlılar tərəfindən təqribən 20,000- dən çox oxunan “Fəxr etdiymiz eloğlumuz” portret yazımı Azərbaycan qarmonu və Aftandil İsrafilovun 80 illik yubileyinə həsr etdiyim vaxtdan daha böyük axtarışdayam və Azərbaycan qarmonu, onun xaricdə yaşayan ifaçıları haqqında silsilə yazılar üzərində işləyirəm. Bu haqda çox hörmətli Ağalar İdrisoğlu da məndən Azərbaycan qarmonu ilə əlaqədar yenə sənədli hekayələr, məqalələr, oçerklər, portret yazıları yazmağı xahiş eləyib. Mən, oxucuların da marağını cəzb edəcəyini fikirləşərək aşağıdaki elegiyamı-portret yazımı qələmə aldım.
Müəllif
Dünyada yaşayan bütün xalqlar öz mədəniyyətlərinə, ədəbiyyatlarına arxalanaraq gələcəklərini davam etdirə bilərlər və etdirirlər də. Azərbaycan türkləri də tarix boyu özünün çox maraqlı ədəbiyyatına, musiqisinə və folkloruna dərindən sahiblənməklə, əsrlərdir öz mədəniyətini uğurla davam etdirirlər. Dünyaya səpələnmiş təqribən 65 milyon Azərbaycan türkü yaşadığı hər coğrafiyada milli adət-ənənələrini yaşatmış, yaşadır, bayramlarını, toylarını, sevincli günlərini və ad günlərini milli adətləri ilə qeyd edirlər. Aşağıdaki elegiyada da oxuyacağınız kimi, qardaş ölkə Türkiyədə də bu belə olmuşdur. Azərbaycan türkləri bu qardaş ölkədə alicənablığı, ziyalılığı, mədəniyyəti və bacarığı ilə tarix boyu seçilmişdir.
Sovet qırmızı
imperiyasının dırnaqarası inqilabından sonra, azərbaycanlıların
müəyyən bir hissəsi, əsasən də yüksək
savadlı ziyalıları, vətənpərvər
oğulları məcburiyyətdən başqa ölkələrə
köçdülər. Rusların Azərbaycanı
ilhaqından sonra Türkiyəyə köç etmək gərarına
gələn ailələrdən biri də əslən Gəncəli
olan Hacızadə ailəsidir. Ailə
başçısı Əziz Hacızadə, həyat
yoldaşı,3 oğlu və 4 qızı ilə birlikdə
Qırmızı İmperiyanın 1937-38- ci illər Azərbaycanda
apardığı soyqırımın, pepressiyanın onun da həbsinə
qərar verildiyi bir vaxtda 1938-ci ildə Gəncədən,
çox çətinliklə Türkiyənin Qars şəhərinə
köçüblər. Həmin vaxtı Türkiyə
Cumhuriyyətinin prezidenti olan Calal Bayar, qardaş ölkəyə
gəlmələrinin xeyrli və uğurlu olması
üçün Azərbaycandan gələn Gəncəli
Hacızadə ailəsinə Uğurlu soyadını verilməsini
uyğun görür. Ortancıl oğul Nazim, Qars şəhərində
ailəsini dolandırmaq üçün atası ilə
çiyin- çiyinə işləməyə
başlayır. Bir tərəfdən velosiped kirəyə
verir və bir tərəfdən də oxuyur. O, vaxt ərzində
işlərini böyüdür, elektrik sahəsində də
müəyyən işlər görməyi bacarır, bu sahədə
mütəxəssiləşir və artıq onun adı Qarsda
adlı- sanlı tacirlərdən biri kimi hesab edilir. Nazim
kişinin uşaqlıqdan musiqiyə dərin marağı
olub və xususən qarmon səsinin vurğunu olub. Gəncədə
olan vaxtlarda, məhəllədə Mayil adlı bir
qarmonçalan hər gün qapılarının
qabağından qarmon çala- çala keçməsi,
qarmondan çıxan ecazkar səslər uşaq yaşlı
Nazimi o vaxtdan bu alətə valeh edib. Qarsda yaşayan digər
azərbaycanlı ailələr kimi Uğurlu ailəsi də həmişə
Azərbaycan radiosunun musiqi verilişlərinə qulaq
asırdılar. Nazim, bir gün radio dalğası ilə
üstad qarmonçalan rəhmətlik Teyyub Dəmirovun öz
bəstəsi olan “Ayşadı” rəqsini onun peşəkar
ifasında dinləyir. Bu rəqs ona çox xoş təsir
bağışlayır və qərara gəlir ki, gələcəqdə
oğlu olsa,onun adını Ayşad qoyacaq. Elə
yazımın bu yerində bir haşiyə çıxıb
Ayşad rəqs havası haqqında məlumat vermək istəyirəm.
Bu rəqsin həm bayatı şiraz həm də şur
ladında ifa ediləməsi çox çətin bir rəqsdir.
Dahi qarmonçalan Teyyub Dəmirov bunu qavalın
müşayeti ilə ifa etmişdir. Təəssüf
ki, bu rəqsi başqa qarmon ustalarının heç biri ifa
eləməyə cürət eləməmişdir, təkçə
rəhmətlik Abutalıb Sadıqovun böyük ustalıqla
ifa etdiyi bu rəqs müasir instrumentlərin də
müşayəti ilə lentə alındı və
hazırda qızıl fondda saxlanılır. Teyyub Dəmirovun oğlu ustad qarmon
ifaçısı, dostum rəhmətli Hacı Teyyub də mənə
bir söhbətində bu rəqsin xususən iti hissəsini
çalmağın çətin olduğunu, amma Abutalıb
Sadıqovun orginala yaxın ifa elədiyini və öhdəsindən
layiqincə gəldiyini qeyd etmişdi. Zənnimcə
indiki dövrdə bu kimi qədim rəqs havalarını cavan
qarmonçalanlar da əslinə uyğun ifa etməlidirlər
ki, bunlar yaddan çıxmasın və gələcəq nəsillərə
ötürülsün.
Beləliklə,
vaxt çatır və Nazim evlənir. Allah ona 1958-ci ildə
bir oğul bəxş edir və adını əvvəldən
fikirləşdiyi kimi Ayşad qoyur. Nazim bəy ürəyindəki
qarmon sevgisini oğlu Ayşada da ötürür və onda
qarmona böyük istək yaradır. Ayşad da
uşaqlıq illərindən Azərbaycan musiqisinə, xususən
də qarmonla ifa olunan musiqiləri daha dərindən dinləyir
və Türkiyədə qarmon tapmaq imkanı
olmadığına görə akkordeon ilə həmin musiqiləri
ifa eləməyə çalışır. Yəni
özü-özünün müəllimi olur.
1968-ci
ildə dahi Azərbaycan bəstəkarı, əslən Gəncədən
olan Fikrət Əmirov, böyük Türk bəstəkarı
və dirijorü Səbahattin Qaləndərin dəvəti ilə
İstanbulda öz əsəri olan “Nizami” simfoniyasını səhnəyə
qoymaq üçün İstanbula yola düşür. Fikrət
Əmirov, İstanbula Qars gələn qatar ilə gəlir. O, Qarsa gələndə,qatarda işləyən
Nazim bəyin bir tanışı, Əmirova burada onun həmyerlisinin
olduğu haqqında danışır və Nazim bəy ilə
görüşdürür. Əmirov ilə Nazim bəy
keçmişdə Gəncədə eyni məktəbdə
oxuyublar. Fikrət Əmirov, həmyerlisinin evində 2
gün qonaq olur və doğma şəhəri Gəncə
haqqında ətraflı danışırlar. Fikrət
Əmirov Nazim bəyə Gəncə şəhərinin
hazırki vəziyyəti haqqında çoxlu məlumatlar
verir. Evdə Ayşadın da akkordeon çalmağına Fikrət
müəllim qulaq asır, onun ifasından xoşu gəlir və
deyir ki, “Sənə akkordeon çalmaq olmaz! Bu musiqiləri sən
mütləq Azərbaycan
Qarmonu ilə ifa eləməlisən”, -deməklə
istedadlı cavana bir qarmon göndərəcəyinə də
söz verir. Fikrət Əmirovun səfəri
müvəffəqiyyətlə başa çatır və
Türkiyə mətbuatı bu barədə və onun “Nizami”
sinfoniyası haqqında çoxlu yazılar dərc edir.
Əmirov İstanbuldan qayıdanda yenə həmyerlisinin evində
4 gün qonaq olur və sonra Bakıya qayıdır. Fikrət
müəllim öz sözünü yerinə yetirir və
Ayşad Uğurluya bir qarmon göndərir. Təəssüf
ki, bu qarmon səhvən “Kazan” qarmonu olur. Daha sonra profesional
qarmon göndərəcəyini də söyləyir amma bu ona
qismət olmur.
Ayşad
bu qarmon ilə öz üzərində işləməyə
başlayır, vaxt keçdikcə daha da tələbkar olur və
artıq “Kazan” qarmonu ilə kifayətlənmir. Sovet dövründə Azərbaycana gedib-gəlmək
çətin olduğuna görə, 1975- ci ildə Nazim bəy
oğluna yaxşı bir qarmon almaq üçün Təbrizdə
yaşayan Hüseyn Müvəhhidi adli bir akkordeon ustasına
müraciət edir, təbrizli usta qarmon tapmağın çətinliyindən
danışır və Ayşad üçün akkordeonu
modifikasiya yəni əlavələr etməklə qarmona
uyğun hala gətizdirir. Yəni akordionun səs
düzümünü si kökünə
uyğunlaşdırır və sol tətəfdəki
basları qarmonsayağı tempere hala çöndərir. Bu
alətin səs düzümü qarmona yaxın olsa da, aydindir
ki, Azərbaycan qarmonunu əvəz eləmir. Ayşad bir
müddət bu alətdən də istifadə edərək,
Azərbaycan musiqilərini çalaraq ifacılıq sənətinin
sirlərinə daha da lazım olan səviyyədə yiyələnir.
Uğurlu
ailəsi 1979- cu ildə Qarsdan İstanbula köçməli
olurlar. Ayşad Uğurlu İstanbulda da qarmonunu
çalmağa davam edir. O, artıq burada rəqs qruplarında
qarmon çalır və Azərbaycan mahnılarını
oxuyan sənətkarları qarmonu ilə müşayət
edir. Hətta həmən rəqs qrupları ilə xarici
ölkələrə qastrol səfərlərində də
olur. Ayşad bundan əlavə Türkiyədə qarmonu
tanitdırmaq üçün də səy göstərir.
Lakin əlində olan həm “Kazan” qarmonu həm də Təbrizdə
düzəldilmiş akkordeon onu artıq qanə eləmir.
Ayşad , Azərbaycan qarmonu deyərək, bu arzu ilə
yaşayır. Və qərara gəlir ki, bu qarmonu ancaq
çox səlahiyyətli bir şəxsdən istəsin, bəlkə
onun vasitəsi ilə qarmona sahib ola bilər. Çünki həmin
illərdə Azərbaycana ancaq dəvətnamə ilə getmək
mümkün idi. Onun turist kimi getməq imkanı da yox idi.
Ayşad
Uğurlu 1982-ci ildə cənab Heydər Əliyevə Moskvaya
bir məktub yazır, məktubda əslən Gəncəli
olduqlarını və musiqi ilə məşğul
olduğunu, fəqət qarmonunun olmadığını ifadə
edir. Üzr istəyərək Moskvada
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan cənab
Heydər Əliyevdən bir Azərbaycan qarmonu xahiş
edir. Həmən illər soyuq müharibə
davam edirdi və Türkiyədən Moskvaya məktub
yazmağa müsbət baxılmırdı. Ürəyində
olan qarmon eşqi məhz bu cavan oğlanı
axırıncı hall kimi və son çarə olaraq bu yola
vadar eləmişdi. Uzun bir müddət cavab ala bilməyən
Ayşad, Ameriqadaki Türk-Azərbaycan Cəmiyyətinin dəvətini
qəbul edərək, əlindəki “Kazan” qarmonu ilə
ABŞ-ın Çiqaqo şəhərinə gedir. Orada həm
işləyir həm də sənət fəaliyyətlərini
davam elətdirir. O gedəndən bir nəçə müddət
sonra İstanbul Rus Konsolluğundan bir nümayəndə tərəfindən
Nazim bəyə bir gün zəng gəlir. Telefonda deyilir ki,”cənab
Heydər Əliyev bu türk gəncinə bir qarmon göndərmişdir
lakin sizə tapa bilmədiğimizdən qarmonu yenidən
Moskvaya qaytardiq. Lakin, Heydər Əliyev bunu rədd elədi və
mütləq bu alətin sizlərə
çatdırılmasına dair bizə sərəncam verdi.
Qarmonuz burdadır gəlin, aparın...”.
Atası
Nazim bəy çox sevinir və oğluna muştuluq verir ki,
illərdir həsrətində olduğun Azərbaycan qarmonu
hörmətli Heydər Əliyev tərəfindən
Türkiyədə doğulmuş gəncəli Ayşad Uğurluya
hədiyə olaraq göndərilmişdir.
Buradaca haşiyə çıxıb bildirmək
istərdim ki, oxucular qarmon göndərilməsini kiçik
hadisə hesab edə bilərlər. Lakin o zamanlar sərhədlər
açıq deyildi, qarmon əldə etmək və gətizdirməq
çox çətin idi. Belə yüksək vəzifəli
bir siyasi xadimin bu hərəkətini əslində Azərbaycan
-Türkiyə dostluğunun ən gözəl numunəsi kimi
fikirləşmək olar. Bir türk gəncinin istəyinə,
müdrik dövlət adamı diqqət yetirir və ona qarmon
göndərir. Nəcə deyərlər; “ İki dövlət
bir millət“ sözünün ən gözəl misalı
kimi
1982-
ci ildə Türkiyədə dərc olunan nəhəng qəzetlərdən
biri “Günaydın Gazetəsi”nin jurnalisti Ərtuğrul Akbay
keçmiş Sovet İttifaqındaki siyasi xadimlər ilə
müsahibələr aparmaq üçün səfər edir və
Moskvada Heydər Əliyev ilə bir müsahibə aparır,
bunu da qəzetdə dərc edir. Həmin söhbətdə
Heydər Əliyev Türkiyədən bir gəncin istəyini
yerinə yetirdiyindən də danışır. Jurnalist Akbay
İstanbula qayıdanda, Nazim bəyə zəng edir və
Ayşadın kiçik qardaşı Kürşad Uğurlu
ilə müsahibə aparır və həmin qəzetin şəklini
də bu yazıya əlavə edirəm.
Ayşad
uzun illərdən sonra qarmonuna Amerikada qovuşur və burada həm
işləyir həm də sənət fəaliyyətlərini
daha profesional davam elətdirir. O qarmonu həvəskar kimi
çalsa da, yəni bu sahədə təhsil almasa da ifası
peşəkar səviyyəsində idi. Çiqaqo şəhərində
amerikalılar, türklər və azərbaycanlılardan ibarət
bir rəqs ansamblı yaradır. Bu ansamblın balletmaysteri də
Azərbaycan Dövlət Rəqs ansamblının
keçmiş xoreoqrafı olan məşhur rəqqas Tanxo
İzrafilovun qardaşı Moxay İzrafilov olur. Onlar bu ansanbl
ilə məşqlər eləyib, çıxış edib
uğurlar qazanırlar. Yenə Ayşad Uğurlu ilk dəfə
olaraq Flamenqo rəqqaslarının ayaqlarını yerə
vuraraq çıxardığı ritmik səslər ilə
qarmonda Azərbaycan rəqs havalarını çalıb,
bunları sintəz eləyib ərsəyə gətirməklə
maraqlı bir ifa çıxardır. Xususən bu rəqs və
musiqi havaları amerikalıların çox xoşuna gəlir.
Bu müddət ərzində Ayşad yenə bir azərbaycanlı ailənin qızı ilə evlənir və 3 oğlu olur. Vətən sevgisi onun uşaqlarının adında da öz təsirinin, gücünü göstərir. Uşaqlarına Cavanşir, Cahangir və Gəncəxan adlarını qoyur. Amerikaya qastrol səfərlərinə gələn bütöv Azərbaycanın sevimli sənət adamları, o cümlədən Alim Qasımov, Aftandil İsrafilov, Ramiz Quliyev,Vəli Qədimov, Şəfiqə Eyvazova və dünya şöhrətli sənətkar Zeynəb Xanlarova ilə də o, Amerikada görüşür.
Bundan sonra onun talehində bədbin və dəhşətli
bir hadisə baş verir. Belə ki, Amerikada hər il aprelin 24-də Türk
Konsulluğunun qarşısında bir tərəfdə ermənilər
toplaşır Türkiyə ələyhində şuarlar
deyib, sözdə soyqırım hadisəsini protest edirlər,
bir tərəfdə də türk və azərbaycanlılar
toplaşıb onlara əks reaksiya verirlər. Həmən bu
protestlər hər il təkrar olunur hətta
bəzən erməni və türklər biri-biri ilə
döyüşürlər, dalaşırlar. Ayşad
da hər bir vətənpərvər türk övladı kimi,
ermənilərin bu fəaliyyətlərinin
qarşısında durmaq üçün oradaki
nümayişlərdə bir vətənpərvək kimi
iştirak edirdi.
1988-cu ildə ermənilərlə olan bir
döyüşdə, bir erməni onun başına Beyzbol
çomağı ilə zərbə endirir. Bu zərbə
Ayşadın başında anadan olduğu vaxtdan mövcud və
passiv kimi olan şişi tərpədir. Bu
şiş getdikcə ona pis təsir edir və müalicəsi
çətinləşir. Məhz buna
görə də Ayşad Amerikada beynindən əməliyyat
olunur, həkimlər bildirirlər ki, şiş pis xəsiyyətlidir.
O, əməliyyatdan sonra müalicə alsa da heç bir fayda
vermir. Axırda Ayşadın atası Nazim bəy
Amerikaya gedib, onu Türkiyəyə gətirir və Azərbaycan
qarmonun vurğunu bu gözəl insan İstanbulda 23 aprel
1990-cı ildə 32 yaşında dünyasını
deyişir. Talehin hökmünə bax ki, həmin
gün hava da tutqun idi və elə bil ki, yer-göy belə
gözəl Azərbaycan türkü üçün
ağlayırdı. Bir gün sonra isə
24 aprel olacaqdı. Yəni iki il
öncə 1988- ci ildə Ayşad ermənilərlə
döyüşdə yaralanmışdı...
Ümummilli lider rəhmətlik Heydər Əliyevin ona hədiyyə
etdiyi qarmonuna, evdə onun xatirəsinə hörmət və
mənəviyyat əlaməti olaraq əl deyilmir və daha
çalınmır. 2012-ci ildə Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanımın xahişi ilə, Nazim bəy
qarmonu Bakıya qaytarmaq üçün Fondun Türkiyədəki
nümayəndəsinə təhvil verir. Bu
barədə Azərbaycan televiziyası da bir qısa
metrajlı televiziya verilişi hazırlayır.
Maraqlı tarixçəsi olan bu qarmon hal- hazırda
Heydar Əliyev Mərkəzində Milli Musiqi alətlər
bölməsində nümayiş etdirilir. Ailəsinin tək
istəyi isə Mehriban xanımın istəyi ilə qaytarılan
bu qarmonun Heydər Əliyev tərəfindən Ayşad
Uğurluya verilməsinin zikr edilməsidir.
Azərbaycan qarmonu sevgisi ilə döyünən ürəyə
sahib bu gözəl insanın xatirəsi qarşısında
baş əyib, Allahdan ona rəhmət diləyirəm. Ruhu şad olsun deyirəm.
Ürəyimdən gələn bir haykırtı var və istəyirəm
ki, bu haykırtını Ayşadın ruhu da eşitsin.
Əziz qardaş Ayşad! Artıq sentyabr ayının 27-dən
azərbaycanlılar, qan qardaşlarımız, can
qardaşlarımız Qarabağda Böyük Vətən
Müharibəsinə başlayıblar. Onlar böyük
hücumla erməni vəhşilərini məhv edərək,
Azərbaycanın üçrəngli bayrağını
tezliklə Xankəndində, Şuşada
dalğalandıracaqlar. Bununla rəşadətli Azərbaycan
Ordusu bütün şəhidlərin qanını ermənilərdən
alacaqlar. Eləcə də sənin də qanını
alacaqlar. Axı sən də mədəniyyət şəhidisən.
Erməni vəhşiləri ilə Amerikada döyüşdə
yaralanıb, əlacı olmayan xəstəliyə mübtəla
olmuşdun...
Sonra orada böyük bayram konsertləri olacaq. Azərbaycan sənətkarlarının ifasında qarmon da səslənəcək. Yəqin həmin vaxtı sənin ruhun da orada olacaq. Qarmon çalan sənəkralarımızı izləyəcəksən... Elə bu başdan deyirəm: “Ruhun şad olsun əziz qardaşım. Çünki sənin bu faciəli taleyinlə tanış olanların hamısı o cümlədən mən də çox təəssürləndim. Özümü saxlaya bilməyib, kövrəldim. Sizim-sızım sızıldadım. Bu gün də sən yadıma düşəndə kövrəlirəm. Mən qarmonu uşaqlıqdan sənin kimi sevmişəm və Azərbaycan qarmonunu dünyanın ən böyük, ən ülvi musiqi aləti bilirəm. Deməli, bizim ruhumuz da yaxın olub və Ulu Tanrı da məhz mənim, sənin haqqındaki bu yazını, bu elegiyanı yazmağımı uyğun görüb. Deməli, heç bir şey təsadüfi deyil....”.
Hörmətlə,
Hacı Naili
MUSABƏYLİ
Ankara şəhəri
Azad Azərbaycan.- 2020.- 8 oktyabr.-
S.8.