Musiqi dünyamız

 

 

(Esse)

 

 

Koronavirusun dünyada tüğyan etdiyi 2020-ci ilin mart ayının son günlərini yaşayırdıq. Ölkəmizə bahar gəlmişdi. Meyvə ağacları çiçəklənmiş, təbiət oyanmış, qaranquşlar öz köhnə yuvalarına qayıtmışdılar. Arabir bülbüllərin yanıqlı səsləri eşidilirdi, ancaq onların səslərində şaqraqlıq çatışmırdı. Şanapipiklərin uzaqdan “bup-bup, bup-bup, bup-bup” səslərindən məmnun olsaq da, yenə də könlümüz açılmırdı. Koronavirusun bir kabus kimi ölkəmizdə peyda olması, dünyaya ağalıq etməsi, insanların dinc həyatındakı tarazlığı pozması, onları məcburi olaraq evdə oturtması həyatın bizləri ağır sınaqlardan çıxarmasından başqa bir şey deyildi. İnşallah, Allah-taala ölkəmizi, o cümlədən  gözəl dünyamızı da bu bəladan qurtarar, yenə də çöhrələrdə xoş təbəssümlər oynayar. Yenə bülbüllər şaqraq səslə oxuyar, həyat yenə də əvvəlkitək qaynayıb-qarışar.

 

Bu dünyanın bəzəyi, əşrəfi insandır. İnsansız bu dünyanın naxışı pozular, tarazı pozular... İnsansız bu dünya vətənsiz, anasız, sevgisiz qalar...

 

Bu duyğular selində fikrimin əlçatmaz zirvəsində bir saat ərzində nə yazacağımı qərarlaşdıra bilmədiyimdən, mobil telefonumda musiqi dünyama qapıldım. Sirada birinci olan “Ay ilk məhəbbətim” mahnısının sehirli dalğaları ətrafa yayıldıqca xəyalım çox-çox uzaqlara getdi...

 

İlk məhəbbətin ağrılı-acılı günlərində hər birimizin içdiyi şirin şərbətin dadı bu gün də yaddaşımızda möhkəm həkk olunub... Onu unutmaq, o keçmiş hisslərə biganə qalmaq, yaddaşından  birdəfəlik çıxarmaq qeyri-mümkündür. Çünki ilk məhəbbətin tarixi elə insanların ilk yaranışından bizə məlumdur. Və hər birimiz dünyaya ilk gəlişləri ilə saf məhəbbət toxumu səpən Ulu Adəm babamızla Həvva nənəmizin bizə miras qoyduqları sevgidən bir pay götürərək dünyamızı bu gözəlliyin görünməyən sirləri ilə daha da zənginləşdiririk. Elə nüanslar var ki, onlar yaddaşımızın süzgəcindən keçərək bizdə nə qədər qəribə hisslər yaratsa da, musiqinin verdiyi ləzzəti, onun könüllərə ötürdüyü duyğular selini heç bir qüvvə-Allahdan başqa ehtiva edə bilməz. Çünki musiqi duyğularımızı, hisslərimizi, tarıma çəkilmiş əsəblərimizi cilalayır, onu özünə ram edir, hər bir duyğusal insanı öz sehrinə salır, onu düşüncələrə daldırır. Musiqiyə düzgün yanaşma beynin istirahəti deməkdir. Həmçinin, belə bir ağır gündə musiqinin dəyəri yoxdur. Bəzən bir möhtəşəm mahnı məni özünə elə əsir edib ki, saatlarla onun sehrinə düşmüşəm.

 

Mahnıya yenidən təkrar qulaq asdım, xoşhallandım, əhvalım duruldu, fikirlərim saflaşdı, bədbinlik hissləri dərhal məndən uzaqlaşdı, bir növ pozitiv olmağa çalışdım, qorxu hisslərinə qalib gəldim və özümə qayıtdım...

 

Bu ecazkar səsin sahibi çox-çox illər qabaq da öz füsunkar səsi ilə məni məftun etmişdi və hər dəfə onu dinləyəndə səsindəki qeyri-adilik, öz yaradıcılıq üslubuna uyğun olaraq çox yüksək diapozonda oxuması, layla qədər həzin, ruhumuza məlhəm olan möhtəşəm fəryadı həmişə məni titrədər, məyus edərdi...

 

Sən nə istəyirdin, nələr itirdin?

 

Qorxma kül olmaqdan, yan, məhəbbətim.

 

Gör mən başıma nələr gətirdim?

 

Sıxmayır ürəyimi ürək cahanda,

 

Axı sən ordasan, sən ... qılarsan.

 

    

 

Ay ilk məhəbbətim, son məhəbbətim,

 

Gəl, ilk məhəbbətim, son məhəbbətim.                                           

 

 

 

İnsanlar bir dəfə doğulduğundan,

 

Elə bircə dəfə sevə bilərmiş.

 

Gör mən başıma, nələr gətirdim?  

 

 

 

Ay ilk məhəbbətim, son məhəbbətim,

 

Gəl, ilk məhəbbətim, son məhəbbətim.

 

Bu gözəl, lirik mahnının sözləri şair Seyran Səxavətin, musiqisi isə Məhəbbət Kazımovundur. Həqiqətən, mahnıya və şeirə söz ola bilməz! Möhtəşəm və əzəmətlidir...

 

 

 

Səhər günəşinin ilıq şüaları altında “Ay ilk məhəbbətim” mahnısını içimdəki musiqi dünyamda həzm edə-edə koronavirusa qalib gəlməyə çalışırdım. “Get cəhənnəm ol, kabus! Mən sənə təslim olmayacağam! İtil cəhənnəmə!”

 

Gör bu virus dünyanı nə günlərə qoyub ki,  onların xüsusi qrafiki tutulub. Birinci, ikinci, üçüncü...və s. yerləri tutanlar ağlasığmaz ölüm nəticələri ilə başqa ölkələrdən fərqləndirilir. Bu dəhşətdir!!!

 

Yadıma yenə də haqqında söhbət açacağım müğənni Məhəbbət Kazımov düşdü və onun mahnı buketindən bir-bir mahnıları dinləməyə başladım. Bu, mənim koronovirusla mübarizəmdə başlıca silahım idi. Başqa nəyim vardı ki?..Nə topum vardı, nə də tüfəngim. Bir quru canım vardı. Bədbəxt o adamlar idi ki, belə bir çətin günlərdə özlərinə məşğuliyyət tapa bilmirlər...

 

Beləliklə, hər gün vaxtımı əridə-əridə yarımçıq qalmış yazılarımı tamamlayırdım. Məhəbbət Kazımov haqqında essem məni bu qənaətə gətirdi ki,  bu müğənni haqqında çoxlu qələm sahibləri öz duyğularını söz vasitəsi ilə müğənninin pərəstişkarlarına çatdırıblar. Əlbəttə, oxucular bilir ki, mən də bu sahədə kifayət qədər məlumatlıyam və məni maraqlandıran, məni həyəcanlandıran hər hansı bir hadisəyə qarşı biganə, laqeyd qala bilmirəm. “Hər səbrin axırı var ” deyiblər atalarımız.

 

Məhəbbət (əsl adı Möhübbət olub) Allahverdi oğlu Kazımov 01 iyul 1953-cü ildə Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kənd təsərrüfatı işləri ilə məşğul olub. Anası Südabə xanım uşaqların tərbiyəsi və ev işləri ilə məşğul olduğundan işləməyib.

 

Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində almış, kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Onun səsindəki məlahət, möhtəşəmlik qohumlarının diqqətini cəlb etmiş, beləliklə də, onların təhriki ilə Məhəbbətin musiqi təhsili alması üçün 1974-cü ildə Bakıya getməsinə şərait yaradılır. O, səsinə görə Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunur. Məhəbbətin sevincinin həddi-hüdudu olmayır. Daim səsinin üzərində çalışır, muğamları dərindən öyrənir, biliklərini artırır.

 

O, ilk muğam dərslərini Nəriman Əliyevdən almış, sonralar ona respublikanın Xalq artisti Ağaxan Abdullayev də dərs demişdir.  1976-cı ildən başlayaraq müğənni öz peşəsi ilə əlaqədar səhnələrdə çıxış etməyə başlayır, sonralar daha da püxtələşir, sevilir və tanınır. Bir-birinin ardınca solo konsertlər verir. Səsi-sorağı xarici ölkələrdən gəlməyə başlayır. Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və onlarla başqa ölkələrdə qastrol səfərlərində olur və hər yerdə də alqışlarla qarşılanır. Səsinin gözəlliyi hamını heyrətdə qoyur.

 

Sən bir dəniz olaydın,

 

Mən sahildə qaya.

 

Kükrəyəydim, qalxaydım,

 

Sinənə çırpılaydım...

 

(“Təkcə mənim olaydın”)                                                                

 

Məhəbbət Kazımov əsasən, Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamları oxumuş, öz istedadı ilə görkəmli sənətkarların cərgəsinə düşmüşdür. O zamanlar onun oxuduğu “Laçınım” mahnısı ölkəmizdə çox populyar idi və indinin özündə də bu mahnı sevilir.

 

 

 

14 sentyabr 2012-ci ildə müğənni Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq  görülmüşdür. Müğənni bir qədər gec evlənmişdir. 1990-cı ildə 37 yaşında ailə həyatı qurmuş, üç övlad atası olmuşdur.

 

Məhəbbət Kazımov ömrünün sonuna yaxın səhhətindən çox narazı idi. Diabet və ürək-damar xəstəliyindən əziyyət çəkirdi.

 

HAŞİYƏ: İstəyirəm bir qədər öncəyə qayıdım. Vikipediya məlumatlarından bir tədbirin görüntüləri məni çox həyəcanlandırdı. Bu 15 noyabr 1993-cü ildə Məhəbbət Kazımovun anadan olmasının 40 illiyinin tamam olması ilə əlaqədar bir restoranda keçirilən məclisin çəkilişi xəyalımı o günlərə qaytardı. Bu məclisə çox yerlərdən qonaqların və dostların gəlməsi müğənniyə hörmət və sevginin təzahürləri idi. Məclisdə Dədə Süleyman da (xanəndə Süleyman Abdullayev) iştirak edir və gözəl muğam və təsnifləriylə məclisi rövnəqləndirirdi. O, sağlıq deyərkən Məhəbbət Kazımovun dostluqda möhkəm olduğunu vurğulayır və onun başqa keyfiyyətlərini də dəyərləndirdi.

 

Məclisi idarə edən Əli müəllim Məhəbbət Kazımovun hər il 5-10 dəfə dostları üçün belə məclislər təşkil etdiyindən danışaraq onun istiqanlı, ləyaqətli, dostluqda möhkəm olmasından, yıxılana əl tutmasından, əliaçıqlığından söhbət edərək, yeri gəldikcə, öz şeirlərindən də nümunələr oxuyurdu. Arabir Məhəbbət də gözəl mahnıları ilə gələn qonaqları sehrləyirdi. Xüsusilə də, “Meşəbəyi” mahnısı böyük coşğu ilə qarşılanır. O zamanlar bu mahnı çox dəbdə və gündəmdə idi. Əli müəllim “Şeir istəyən dostuma cavab” şeirini oxuyur. Məhəbbət dostları ilə “Yanıq Kərəmi”ni oynayır.

 

Məhəbbət Kazımovun fəaliyyəti dövründə səsyazma studiyaları gözəçarpacaq qədər də çox deyildi. Onlardan biri də Lənkərandakı “Zövq” səsyazma studiyası idi ki, burada Məhəbbət Kazımovun 1983, 1984 və 1986-cı illərdə müxtəlif mahnılarının səsyazması aparılıb.

 

1983-cü ildə müğənninin 9 mahnısı yazılıb: “Anonim”, “Şikayətim var”, “Jaləm”, “Qovuşarıq, inşallah”, “Üzülmüş ürəyimi üzməyi varmış”, “Keç günahımdan”, “Ağlaram ürəyimdən”,”Səhər-səhər”, “İlk məhəbbət yada düşər, həzin ağlaram”

 

1984-cü ildə 8 mahnı yazılmışdır: “Bu sevgidə kim uduzdu, kim uddu”,”Məni sən yox, bəxtim əyir”,”İlhamə”,”İntizar”,”Təranə, qızım”,”Bacıdır qız”,”Əzizim Mehriban”,”Nuridəm”.

 

1986-cı ildə “Zövq” studiyası müğənninin yenə də 9 mahnısını yazır: “Ölürəm de, ayrılmaram mən səndən”, “Məhəbbətim, gəl”, “Məni sən yox, bəxtim əyir”, “Sən varsan”, “Əziz dostum”, “Qayıt, gülüm, darıxmışam sənin üçün”,”Bu payız gecəsi qayıdacağam”,”Gözlərin” və s.

 

Mahnı albomuna daxil olan mahnıların  çoxu YouTubedə   yerləşdirilib.

 

“Yaralı durna”, “Zəminxara” muğamı, “O gözlərə baxmaram”,”Səni sevən gündən”,”Ölüm, gözlərində dəfn eylə məni”,”Ay ilk məhəbbətim”, “Laçınım”, “Təkcə mənim olaydın”, “Bizim dağlara-dağlara”, “Bu sevgidə kim uduzdu, kim uddu”, “Meşəbəyi”,”Ağarma, saçlarım”, “Qurudub göndərmə bənövşələri”,”Əlvida”, “Ya Rəbbim” mahnıları Məhəbbət Kazımovu nəinki ölkəmizdə, eyni zamanda, ölkəmizin hüdudlarından da kənarda məşhurlaşdırıb.

 

27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra müğənni 61 yaşında dünyasını dəyişdi. O, yanvarın 28-də Xırdalan qəbiristanlığında dəfn olunur. Müğənni vəfat edənə qədər “Laçın” instirumental ansamblının rəhbəri olmuşdu. Onun dəfn mərasimi oxuduğu “Laçınım” mahnısının sədaları altında keçirilib. Müğənnini son mənzılə yola salanlar mərhum haqqında xoş sözlər söyləmiş, onu göz yaşları ilə torpağa tapşırmışlar. Mahnılarında həmişə fəryad edərdi ki, yəqin dağlar küsüb ondan.

 

HAŞİYƏ: Rəhmətlik bacım, gözəl filoloq Firəngiz İbrahimova Cəlilabad rayonunun Privolnıy kəndində dil-ədəbiyyat müəllimi işləyirdi. Ailə həyatı onu o kəndə bağlamışdı. Biz bacı-qardaş ADU-nun filologiya fakültəsində oxumuşduq. Bacım qəflətən komaya düşüb vəfat edərkən mən də onun yanında idim. Əlləri əllərimdə, həsrəti, niskili gözlərində qaldı, iki oğlunu Allaha əmanət qoydu. Bacımı Hacıavad kəndinin hündür bir təpəsində dəfn etdilər. Elə bir yerdə ki, onun ruhu aşağı kənddə övladlarını, yaşadığı ocağı görə bilsin. Mənim “Dünya xatirəylə girib yuxuma...” kitabımda bacımın qarlı bir gündə çəkdirdiyi bir şəklinə baxarkən həmişə dağlar yadıma düşür, çox kövrəlirəm, gözlərim yaşarır, hıçqırıqlarımı zorla saxlayıram... Hər dəfə bu şəklə baxanda dünyadan nakam köçmüş bacımın qərib pıçıltılarını, sızıltılarını eşidirəm... O,həmişə hündür bir təpədə dayanıb, sanki bizi seyr edir. Axı qəbri də hündür bir təpədədir. Mən ona qərib təpə deyirəm.

 

Hər dəfə dağlara baxanda qərib bacım, bir də Məhəbbət Kazımov yadıma düşür... Hamı bilir ki, ülvi sənətkar “Dağlar” mahnısına öz möhürünü vurmuşdu.

 

Yenə hərə bir yurd yeri seçdimi?

 

Çadır quruldumu, yan-yana dağlar?

 

Ölməz sənətkarın vəfatı xəbərini televizorda eşidərkən mən Bakı şəhərində idim. 13 yanvar 2014-cü ildə Mərkəzi Neftçilər xəstəxanasında açıq ürək əməliyyatı keçirmiş, ürəyimə süni biolojik qapaq qoyulmuşdu. Ona görə də, daha 12 gün də qudamgildə Bakıda qalmalı olmuşdum. Ömür yoldaşım qayğımı çəkirdi.

 

Vəziyyətim çox da yaxşı deyildi. Taqətsiz olsam da, gözüm televizorda idi. Birdən aparıcı Məhəbbət Kazımovun vəfatı xəbərini verdi və mən bu xəbərdən bərk sarsıldım. Elə bildim ki, indi mən də dünyamı dəyişəcəyəm. Çox ağladım. Məni heç cür ovundura bilmirdilər. Bu pərişanlıq uzun çəkdi. Bu ölümə inana bilmirdim. Həmin kədərli günü heç vaxt unuda bilmirəm...

 

Tələbə yoldaşım respublikanın Əməkdar artisti Baloğlan Əşrəfov o zaman demişdi: “Azərbaycan mədəniyyəti öz dəst-xətti olan sənətkarını itirdi. Mən Türkiyədə müalicə ediləndə Məhəbbət məni yalnız buraxmayıb. Onun bizi belə tərk etməsini gözləmirdik”.

 

Müğənni həmişə özünə təsəlli verirdi, ancaq öz ölümünü də açıq-aşkar görürdü. Artıq müalicələr də kömək etmirdi. Həkimlər deyirmişlər ki,  guya müğənninin ömrünü başa vurmasına üç ay qalıb. “Pərdə”verilişinə dəvət olunan müğənni həkimlərin onun ömrünün sonuna üç ay qaldığını iddia etdiklərini deyərkən zarafatından da qalmayıb Məhəbbət: “Gördüyünüz kimi, sağ-salamat qarşınızdayam. Ölü dalınca danışmırlar ki, diri dalınca da danışsınlar. Hər halda üç ay deyiblər, amma bir il var qabaqda.”

 

Aparıcının “O dünyanı görüb gəldiniz deyirlər” sualına müğənni belə cavab verib: “O biri dünyaya heç gedən olmayıb, heç qayıdan da olmayıb. Kim gedib-gəlibsə, gəlsin mənim yanıma”.

 

Elə bil ki, Məhəbbət Kazımov öz ölüm gününü bilirmiş, hətta iki gündən sonra dünyasını dəyişəcəyini də dostlarına demişdi:

 

“Ömrümə yellər əsdi, bənövşətək solmuşam”.

 

Məşhür müğənni Yusif Mustafayev müğənninin hüzür məclisində demişdi: “Allah xalqın dilinə heç kimin bəd xəbərini salmasın. “Filankəs xəstədi” deyə-deyə sağlam adamı da öldürərlər. Son dövrlər onu efirə tez-tez çağırırdılar. Bilirdilər ki, canı ağrıyır, yenə də çağırırdılar. Vaxtında çağırsaydılar, bəlkə də heç ölməzdi Məhəbbət. İki gün bundan əvvəl onunla görüşmüşdüm. Yaxşı idi, düzəlmişdi. Elə bil təzədən doğulmuşdu. Alın yazısıdı. Bilmək olmur kim nə vaxt bu dünyadan gedəcək. Bütün xəstəlikləri əsəb yaradır. O da çox əsəbiləşərdi. Allah Cabir Novruza rəhmət eləsin. O deyirdi: “Sağlığında qiymət verin insana”.

 

Məhəbbət Kazımovun oğlu Rəşid Kazımovun sözlərinə görə atası Türkiyədə müalicə alırmış. Onda diabet və ürək-damar xəstəliyi varmış. Rəşid bu barədə belə deyir: “Bu gün, yəni 27. 01. 2014-cü ildə səhər halı dəyişdi, həkim gəlib baxdı. Sadəcə, çatdıra bilmədilər. Nə qədər iynə, nə qədər dərman verdilərsə, bir xeyri olmadı. O, şəkər xəstəliyindən çox əziyyət çəkirdi”.

 

Müğənni ömrünün sonlarına yaxın “Ya Rəbbim”, “Ağarma, saçlarım”, “Əlvida” mahnıları ilə fəryad edib yaşamaq ümidlərini itirsə də,  son günlərində çox nikbin idi. Çünki onun fanatları çox idi. Bilirdi ki, qədirbilən pərəstişkarları onu qəlblərində yaşadacaqlar. Ürəyi həmişə vətən həsrəti ilə döyünürdü Məhəbbətin. Mən onun hər bir mahnısını dinləyərkən göz yaşlarımı saxlaya bilmirəm. Onun fəryadı az qalır ki,  dünyamı yandırsın. Özümü toplaya bilməyib mən də sanki fəryad etmək istəyirəm. Bu necə oxumaqdır, bu necə nalədir, bu necə fəryaddır, Məhəbbət?! Yandırırsan bizləri. Az qala səsin işğal altında olan Laçınımıza çatır. Sən elə oxuyursan ki,  Laçındakı məzarlıqda səsinə, fəryadına ruhlar da intiqama qalxmaq istəyir. Nə yazıq ki, bu ruhlar da öz doğma torpağımızda əsirdirlər... Eh, ay Məhəbbət, elə hey “Laçınım! Laçınım! Laçınım” deyə-deyə bu gözəl dünyanı dəyişdin. Gözlərini bu dünyaya əbədi yumanda da üzü ulu dağlara  tərəf baxaraq can üstündə də “Dağlar”ı yana-yana, sızıldaya-sızıldaya oxudun.

 

Güzarım düşəydi Laçına sarı,

 

Ölməyib öpəydim Allah, buz bulaqları,

 

Kaş bir yönüm düşə o yana, dağlar.

 

Müğənninin “Əlvida” mahnısının sonunda iki misra ürəkləri parçalayır.

 

Mənim gedişimdən xəbərsiz balam,

 

Səhər oyananda ağlayacaqdır...

 

Məhəbbət Kazımov övladlarının yolunda həmişə çil-çıraq olmuşdu. Oğlu Rəşid heç dilindən düşməzdi. Övladlarına ata sevgisi vardı onda, özü də çox güclü... Dünyasını da dəyişəndə demişdi: “Gedirəm, ancaq oğlum Rəşidə toy edə bilmədim...”

 

Müğənninin bir fanatı yazır: “Heyf sənə, Məhəbbət Kazımov. Allah tez aldı əzizlərindən və bizi kimi səni sevən fanatlarından. Bilsəydim ki, hansısa orqana ehtiyacı var o insanın və mən verərdimsə ölməyəcək, böyük məmnuniyyətlə o orqanı çıxarıb ona verərdim. Qurban olum o qaranlıq dünyana, gözəl insan”.

 

Daha bir musiqisevər yazır: “ Sizə qulaq asmaqdan doymuram. Mahnılarınızın sözləri, melodiyaları insanı çox düşündürür, xəyalən insanın həyatı kino lenti kimi gözü önündə canlanır. Siz hələ də qəlbimdə yaşayırsınız, gözəl insan”.

 

Məhəbbət Kazımov haqqında mətbuat səhifələrində onlarla məqalə dərc edilib, kitablar nəşr edilib. Onları sizin nəzərinizə çatdırmaq istəyirəm:

 

Tapdıq Əlibəyli, “Yanğını sevdim yandığım zaman”, “Nisgil oldu” (I kitab), Bakı, 2005. Səh. 102-104, “Məhəbbət Kazımovun müsahibəsi”, “Laçın yurdu” jurnalı, N1 (1), 2011, Bakı, “Elm və təhsil”, 2011, Şamil Süleymanov, “Ruhu nigaran qalmasın Məhəbbətimizin, Biz mütləq Laçına qayıdacağıq”, “Laçın yurdu” jurnalı, N1 (12), Bakı, “Bəxtiyar-4” nəşriyyatı, 2014, səh. 21-23, Qəni Qəmli, “Laçınla yaşadın, Laçınsız qaldın”, “Laçın yurdu” jurnalı, N1 (12), Bakı, “Bəxtiyar-4” nəşriyyatı, 2014, səh. 75-77, Aqşin Hacızadə, “Laçına tac olan bir tacım gedir”, “Laçın yurdu” jurnalı, N1 (12), Bakı, “Bəxtiyar-4” nəşriyyatı, 2014, səh. 91-93, Tapdıq Əlibəyli, “Laçınım səs çəkir...”, “Sözün dan yeri” (kitab), Bakı, 2014, səh.130-135 və bundan sonra da müğənni haqqında yazılacaq nə qədər yazılar ona olan məhəbbətin, sevginin təzahürüdür.

 

Ölməz sənətkarın fəryadı həmişə qulaqlarımda səslənir. Bu fəryadda vətən həsrəti, buz bulaqların şırıltısı, Laçının ucsuz-bucaqsız bərəkətli düzənləri, yovşanlı çölləri, ormanları, çoban yaylaqları, qartalların qayaların başı üzərində məğrurcasına havada süzməsi, qızların çöl düzündə yallı getmələri, xarı bülbüllərin cəh-cəh səsi və nələr, nələr yada düşmür, İlahi?!

 

O, bir nəğmə idi getdi... Ürəyində Laçın həsrəti çəkə-çəkə getdi... boynu bükük bənövşə kimi getdi... ürəyi qan ağlaya-ağlaya getdi... Laçın dərdi öldürdü onu... niskilli getdi Məhəbbət...

 

Qartal olub göylərində uçum mən,

 

Duman olub torpağında sürünnəm,

 

Yağış olub düzlərinə çilənnəm,

 

Yaxıb-yandıran Laçınım mənim.

 

Laçınım, Laçınım, Laçınım mənim,

 

Laçınım, Laçınım, vətənim mənim.

 

 

 

Ay ana, çətinmiş torpaq həsrəti,

 

Uca dağ, sərin su, yaylaq həsrəti,

 

Ağlayan, çağlayan Həkəri həsrəti,

 

Sevincim, kədərim, Laçınım mənim.

 

Laçınım, Laçınım, Laçınım mənim,

 

Laçınım, Laçınım, vətənim mənim...

 

 

 

Ruhun şad olsun, böyük sənətkar. Sənə bəslədiyim sevgiylə tər, həmişə təravətli və həmişə rayihəli çiçəklərdən hörülmüş bir söz çələngini qəbrinin üstünə qoyuram. Rahat yat. Məkanın cənnət olsun. Vaxt gələr, Laçınımız işğaldan azad olar, sənin də ruhun şad olar. Qəm çəkmə, qardaş. Dünya zalımlara qalmayıb ki...

 

HAŞİYƏ: Mart ayında yazdığım bu essem çapa verilməmiş 27 sentyabr 2020-ci ildə, bazar günü səhər saat 6-00-da Ermənistan əvvəlcədən xəbərdarlıq etmədən bir çox sərhədyanı kəndlərimizi intensiv atəşə tutaraq dinc sakinlərə, mülki və hərbi obyektlərə ciddi ziyan vurmaqla əslində Azərbaycana qarşı elan edilməmiş müharibəyə başladı. Daha sonralar dinc sakinlər raket atəşlərinə məruz qaldılar. Qədim şəhərimiz Gəncəyə qarşı terror əməliyyatı aparıldı. Rusiyanın rəhbərliyi zəncirini qırmış quduzlaşmış itlərinin-Paşinyanın nazını çəkir, onun beynəlxalq qanunları pozmasına bir növ rəvac verirlər. Ancaq müzəffər ordumuz Vətən mühüribəsinin elə ilk günlərindən qələbə qazanaraq işğal olunmuş torpaqlarımızı yağı düşməndən xilas edir, Qarabağa doğru irəliləyir.

 

Ruhun şad olsun, Məhəbbət! Cəbrayılımız, Füzulimiz, Zəngilanımız azad oldu, sıra-sıra kəndlərimiz nəfəs aldı, darıxma, qardaş, növbə Laçınımızındır. Eşq olsun Azərbaycana! Eşq olsun Ordumuza! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Ali Baş Komandanımız İlham Əliyevə!                                   

 

Səyavuş SÜLEYMANLI

Azad Azərbaycan.- 2020.- 22 oktyabr.- S.10.