Şanlı Vətənin qəhrəman
övladı: Dövlətçilik tariximizin mahir təbliğatçısı
olan Əhməd Cavad
Soranlara, mən bu yurdun
Anlatayım nəsiyəm:
Mən çeynənən bu ölkənin
Haqq-bağıran səsiyəm.
Əhməd Cavad
Qasırğalar gələndə təkcə
güllər, çiçəklər sınıb
tökülmür. Həm də qollu-budaqlı ağaclar
parçalanır, yarılır, yıxılır. 20-ci illərin
dalğaları elə-belə dalğalardan deyildi. O hər
şeyi qasırğa gücü ilə dağıdıb,
uçurdu. Amma təbiətin də öz
qanunauyğunluqları var. Heç nə izsiz, tozsuz qalmır.
Kökü torpaqlardan su içib başı buludlara söykənən
möhtəşəm ağaclar nə qədər
qasırğa görsə də, tufanlarla üzləşsə
də yaşayır. Neçə-neçə dəyərli
insanın ömrünə balta çalmış, həyatını
zülmə döndərmiş 1937-ci ilin qara tufanının
qurbanlarından biri də Əhməd Cavad olmuşdur. O
Əhməd Cavad ki, adı çəkilən kimi bu gün
dilimizin əzbəri, ruhumuzun qidası olan himnimiz qeyri-ixtiyari
olaraq səslənir.
20-ci illərin dalğaları
Əhməd Cavadı bir şair, bir vətəndaş kimi
sahillərdən sahillərə, qayalardan qayalara
çırpmaq, əzmək istəmişdi. İndi üstündən
uzun illər dolandıqdan sonra adam nə o dalğaların
gücünə, nə o qasırğanın amansız rəftarına
inanmaq istəmir. Çünki vaxt hər şeyi yerbəyer
edir.
Əhməd Cavad indi dalğalardan da, tufanlardan
da özü qədər, yaradıcılığı və
şəxsi qüdrəti qədər ucada dayanır. Arxivləri
vərəqləyib keçmişə qayıtdıqca istər-istəməz
adamın ürəyindən gizli-gizli sızıltılar
keçir. Varlığında bir üşütmə qopur.
Bir insana nə qədər təqiblər edilər, nə qədər
hiylələr qurularmış?..
Əhməd Cavad ədəbiyyatımızda
şair, müəllim, vətəndaş, içtimai-siyasi
xadim, publisist, jurnalist, tərcüməçi kimi
tanınmışdır. Onun bir sıra əsərləri,
xüsusilə də Azərbaycanın dövlət himni,
“Çırpınırdın Qara dəniz”, (yaxud “Yol ver
türkün bayrağına”), “Göy göl” və digər
şeirləri dillər əzbəridir. Adı isə
geniş oxucu kütləsi üçün çox əzizdir.
Bütün fəaliyyəti, bədii
yaradıcılığı doğma xalqına əvəzsiz
xidmət, vurğunluq nümunəsi olan qaynar təbli
şairimizin, talesiz Əhməd Cavadın keçdiyi həyat
yolunu oxuculara çatdırmaq mütləqdir.
Cümhuriyyət deyilən zaman hamıdan əvvəl
Əhməd Cavad yada düşür. Üçrəngli
poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi
ilə həkk olunmuşdur. Milli oyanış, xalq hərəkatı,
türk xalqlarının birliyinə
çağırış, xalqın yaddaşına
qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin
ruhuna hopmuşdur. Şairin yaradıcılığında Azərbaycan,
Qafqaz, Turan, Türk dünyası obrazı qabarıq
verilmişdir.
Əhməd Cavad (Cavad Məmmədli oğlu
Axundzadə 1892-1937) Şəmkir rayonunun Seyfəli kəndində
anadan olmuşdur. Kənd məktəbini bitirdikdən
sonra təhsilini Gəncədə müsəlman ruhani
seminariyasında davam etdirmiş, burada rus, ərəb, fars dillərini
mükəmməl öyrənmiş, Hüseyn Cavid və
Abdulla Surun tələbəsi olmuşdur. 1910-cu ildən
başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə
müxtəlif qəzet və jurnallarda çıxış
etmişdir. Birinci Dünya Müharibəsi illərində
o, rus-türk cəbhəsi xəttində müharibədən
zərər çəkmiş dinc əhaliyə yardım
göstərən cəmiyyətin üzvü və katibi
olmuş, inqilabdan əvvəl və sovet hakimiyyətinin ilk
illərində Gəncədə, Hacıkənddə, Quba
rayonunun kənd məktəblərində müəllimlik
etmiş və 1926-cı ildə Ali Pedaqoji İnstitutunu
bitirmişdir. Onun məşhur “İstiqlal
uğrunda şeirlər” kitabı isə 1928-ci ildə
İstanbulda buraxılmışdır. Ədəbiyyat cəmiyyətinin
katibi (1924-1926), Kənd Təsərrüfatı Texnikumunun
müəllimi (1929), Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun dosenti (1927-1934), həmin institutun dilçilik
kafedrasının rəhbəri (1934-1935) vəzifələrində
çalışmışdır.
Əhməd Cavad 1935-ci ildən
ömrünün sonuna kimi “Azərnəşr” in bədii
şöbəsində redaktor kimi fəaliyyət göstərmişdir.
Onun poetik əsərləri zərif lirik-romantik üslubu, dil
təravəti, realist və demokratik məzmunu, sadəliyi və
xəlqiliyi ilə seçilir. Milli tarix, fəlsəfə və
mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd
Cavad ona toxunmamış olsun. Təkcə üçrəngli
bayrağa aid altı nəğmə yazıb, “Dilimiz”
şeirini qələmə alıb, əlifbaya poeziya həsr
edib. C.Cabbarlı ilə birgə latın əlifbasını
müdafiə edən iki ziyalıdan biri olub.
Türklərlə Balkan hərbində
iştirak edib. Birinci Dünya Müharibəsində şərq
cəbhəsində ermənilərə qarşı
vuruşub. Əhməd Cavad Azərbaycan ədəbiyyatı
tarixinə görkəmli tərcüməçi kimi də
daxil olmuşdur. O, Şekspirin “Otello” pyesini, A.S.Puşkinin
“Kapitan qızı”, “Tunc atlı”, F.Berezovskinin “Ana”, M.Qorkinin
“Mən necə oxumuşam”, “Çocuqluq”,
T.Şevçenkonun “Kobraz”, Fransua Rablenin “Qarqantua və
Pantaqruel” əsərlərinin bədii tərcüməsinin
müəllifidir.
Əhməd Cavadın ilk kitabının
adı “Qoşma” idi. Bu kitabda
şairin əsasən 1912-1916-cı illərdə
qoşduğu qoşmalar toplanmışdır. O, saysız
qoşmalar olmaqla bərabər, eyni zamanda “ciddi planda” qələmə
aldığı şeirlərində də möhürbənd
kimi ya bir iki bayatı, yaxud da bir qoşma parçasından
istifadə edərdi. Bunlarla yanaşı,
şairin yaradıcılığında “aşıq” və
“saz” obrazları da xüsusi bir yer tutur. Şairin “Kür”,
“Pambıq” poemalarının, “Moskva”, “Səsli qız” və
s. iri həmcmli əsərlərinin bir neçə yerində
mütləq qoşma və bayatıdan istifadə edilir.
Poemalarındakı bu parçalar onun əsərlərində
kökə bağlılıq, xəlqilik, millilik və
başqa əlamətlər bəxş edir. Şairin
ayrı-ayrı şeirlərində də bu cəhəti
görmək çətinlik törətmir. Əhməd Cavad
həbs olunarkən kitabları, əlyazmaları və
çoxlu sayda sənədləri özü ilə
aparılmış, ailəsi də sürgün edildikdən
sonra qapısı möhürlənmişdir. Şairin əlyazmalarının,
daha doğrusu, əldə olanların ümumi həcmi 1000 səhifədən
artıqdır. Onların çoxu oğurlanmış,
talanmışdır. Əhməd Cavadın şeirləri, məqalələri,
tərcümələri, “Şəlalə”, “İqbal”,
“Açıq söz”, “Yeni iqbal “, “Azərbaycan”, “Qurtuluş”
və s. adda nəşr olunan qəzet və jurnallarda dərc
edildi.
1910-1937-ci illər arasında onun
yaradıcılığı ədəbiyyatımızın,
mədəniyyətimizin və tariximizin həqiqi salnaməsidir.
Onun “Dalğa” adlı kitabı 1919-cu ildə nəşr
olunur. Elə həmin il “Türk dilinin sərf və
nəhvi” adlı dərsliyi də çap olunur. Əhməd
Cavad fransız, gürcü və kürd dillərini mükəmməl
bilirmiş.Böyük şair, həyatı və
yaradıcılığı bir vəhdətdə olan
bütöv şəxsiyyət, təkrarsız pedaqoq, yüksək
səviyyəli ziyalı, inqilabçı, içtimai xadim,
iti qələmli jurnalist, qüdrətli publisist, məhşur
xeyriyyəçi Əhməd ruhani ailəsində dünyaya
göz açmışdır. Atası Məhəmmədəli
axund, babası isə Cənubi azərbaycanlı müctəhid
idi. Ailəsi təbii olaraq hələ kiçik
yaşlarından dini savad almasını təmin etməyə
çalışmışdı. O, molla yanında təhsil
almağa başlamış, ərəb-fars dillərini mənimsəmişdi.
Amma hər şey arzuladığı qaydada davam etmir. Belə
ki, Cavad səkkiz yaşında ikən atasını itirir.
Bundan sonra anası Yaxşı xanım oğlunu da
götürərək Gəncəyə-birinci ərindən
olan uşaqlarının yanına getmək məcburiyyətində
qalır. O, burada xalça sexinə işə düzəlir.
Zərrabi küçəsində yerləşən mənzil
kirayələyir və oğlu Cavadla birgə yaşamağa
başlayır. Cavadın ögey qardaşları və ailənin
yaxın qohumu olan Hüseyn kişinin köməkliyi ilə
1906-cı ildə Şah Abbas məscidi nəzdindəki
seminariyaya qəbul edilir. Burada əla qiymətlərlə
oxuduğuna görə ona, hətta “Xeyriyyə” cəmiyyəti
tərəfindən hər ay dinar qızıl pul məbləğində
təqaüd də verilir. Əhməd Cavad seminariyada altı
il təhsil alır. Orada ona Abdulla Sur, Hüseyn
Cavid, İdris Axundzadə kimi ziyalılar dərs deyirlər.
1912-ci ildə təhsilini başa vuran Cavadın mədrəsədə
oxuduğu illərdən başlayaraq bədii
yaradıcılıqla, daha dəqiq desək şeir
yaradıcılığı ilə məşğul
olduğu məlumdur. Bu ərəfədə onun qələmə
aldığı nümunələr, əsasən, təsirlə
yazılmış və ərəb-fars sözləri ilə
zəngin qəzəllər, qitələrdən ibarətdir.
Əhməd Cavad təhsilini başa vuran kimi -
yəni 16 yaşında ikən müəllimlik fəaliyyətinə
başlayır. Belə ki, o, 1913-cü ildə Gəncədə
Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə
imtahan verərək “şərəfli türk və fars dilləri
müəllimi” adını alır və Gəncə Qız
məktəbində pedoqoji fəaliyyətə
başlayır. O, ömrünün otuz ilinə yaxın
dövrünü bu sahədə çalışıb, bu
sahədə xidmət göstərib. O vaxtlar Maarif naziri
olmuş Nəsib bəy Yusifbəylinin ən yaxın köməkçisi,
sirdaşı olmuşdur. Müsavatın fəal üzvü
kimi Bakı Dövlət Universitetinin və bir çox orta məktəblərin
açılmasında yaxından iştirak etmişdir.
Yəni Əhməd Cavadın adı tarixə
təkcə şairliyi ilə deyil, müəllimlik fəaliyyəti
ilə də yazılıb. Bundan başqa, Osmanlı Türkiyəsinə
qarşı 1912-ci ildə Balkan yarımadası ətrafında
başlanan müharibədə Əhməd Cavad da əqidə
dostları İdris Axundzadə, İsa Əlizadə, Əli
Əsədulla ilə birlikdə iştirak edib. O, 1912-ci ildə
Türkiyə-İstanbula səyahət edərək bir əlində
silah, bir əlində qələm könüllü əsgər
kimi döyüşüb.
Şair vaxt taparaq məqalə və şeirlərlə
orduya əlindən gələn mənəvi köməyi
edirdi. Artıq tale insanı seçir və onu istədiyi yerə
sürükləyə, ata, aparıb çıxara bilir.
Xeyriyyəçilik fəaliyyəti ilə Acarıstana gedib
çıxması təkcə Əhməd Cavadın bir
şair kimi fəaliyyətinə deyil, şəxsi həyatına
da öz təsirini göstərir. Belə ki, o, həyatının
sevgisini-Şükriyyəni də Acarıstanda tapır və
atasının evlənmələrinə
razılığı olmadığından onu Gəncəyə
qaçıraraq orada toy edir. Bu nigahdan onların Niyazi, Almaz,
Yılmaz, Aydın və Türkay adlı övladları olur.
Şükriyyə xanım böyük şair Əhməd
Cavadın poeziyasına şeirlərlə iz salır. Elə
bir iz ki, heç zaman silinməz...
Bir gülsən, dərmişəm gənclik
bağından,
Bir gülü, çiçəyi dərmərəm
sənsiz!
Kam aldım ömrümün oğlan
çağından
Bir bağa, baxçaya girmərəm sənsiz!
Misraları ilə başlayan “Şükriyyə
üçün” şeiri tək şeir kimi deyil, musiqi kimi də
müasir dövrün ən maraqlı nümunələrindən
birinə çevrilib. “Sən ağlama, mən ağlaram”
şeirinə nəzər salaq:
Bən deyən yox, fələk deyən oldusa,
Əsdi yellər gül yanağın soldusa,
Dərd əlindən ala gözlər doldusa,
Sən ağlama, mən ağlayım, gözəlim!
Bütün bunlar Azərbaycan
poeziyasının ən gözəl sevgi şeirləri kimi, hələ
uzun illər yaddaşlarda qalacaq, sevgilərə şahidlik edəcək,
sevən ürəklərə təskinlik gətirəcək.
(Ardı var)
Aynur Mehdi
Azad azərbaycan.- 2020.- 22 oktyabr.-
S.9.