Vur ordum, vur!
Allah qüvvət versin! Dayanma daha
Qələbə sənindir, müzəffər ordum!
Düşmən torpağımda batıb günaha
İt kimi qovala, çal zəfər, ordum!
Sənin arxandadır vətəndə hər kəs,
Düşmən namərd düşmən, əhədini kəs!
Vətən tapdanıbdı, əzmin müqəddəs
Sənə qoşulacaq hər nəfər, ordum!
Bəlamız - iblisdən dolaşıq hiylə,
Düşmən imkan gəzir, qudursun hələ.
Qoyma qəddimizi qırsın bu nalə
Vətəninə sevgisi saf, ər ordum.
Qorxma, səninlədir haqqın qüdrəti
Min-min ağlar qəlbdə yurdun həsrəti,
Rədd elə hər yandan məkri, vəhşəti
Qələbən qəlblərə bir cövhər, ordum!
Qarabağın taleyi ilə oynayan diplomatlara
dünyanın indiki cağı,
nə baxırsan yağı-yağı...?
üzün hiylələr
oylağı...
diplomatik ədalarla
gülə-gülə,
bürünərək min fənd-felə
Qarabağın taleyindən danışırsan.
arada bir səs ucaldıb, sonra qəfil qımışırsan...
-çox uzandı, deyirsən sən,
həll olmalı Qarabağın problemi!
ah eləmi?
onda isə adam oğlu adam kimi açıq
danış
həll deyəndə, ürəyində nə tutursan?
həll deyəndə Allahını, ədaləti
sən nə qədər unudursan?
ürəyində tutduğunu
yeritməkçün
dondan dona geydirirsən sən o həlli...
axı bəlli!
sənə yüz-yüz
sənəd, dəlil
göstərirlər, göz
yumursan,
sanki heç nə anlamadan, hey susursan
arxada min pay umursan...
deyirsən ki, tarix qədim...
nələr olub, mən nə bilim?
özün çox
gözəl bilirsən!!!!!!!!
bilmirsənsə, onda burda neyləyirsən?
çox müqəddəs
bir ağrıdı Qarabağın bu söhbəti...
sən tək bulaşıq adamlar
bu ağrını
duya bilməz...
aça bilməz
həqiqəti...
dur ayağa! rədd ol
burdan!
sən kimsən plan tökürsən?
Allah özü qurtaracaq,
Xalqım
özü qurtaracaq
Qarabağı belə dardan!
Bilirik hardadır bu divin canı
başımız üstündə,
Xanım
başımız üstündə
günəş süzüldükcə
buludlardan,
qara daşlar fırlanır...
başımız üstündə
Xanım,
başımız üstündə
güldükcə üçrəngli
bayrağımız
şıdırğı dolu tökülür...
başımız üstündə,
Xanım
başımız üstündə
məşələ döndükcə
ürəklərimiz
dəli yellər oynayır.
min cilddən cildə girir iblis,
bəzən yumruq qaldırır,
bəzən çökür
diz,
elə hoqqalar çıxarır,
başımızda tüklər
dayanır biz-biz...
...biz də Məlikməmmədi
yaradan
xalqın balalarıyıq,
tanıyırıq dünyanı...
bilirik harda gizlənib
daş oynadan, dolu tökən,
tufan qoparan divin canı.
Qaç burdan xain düşmən
Xain düşmən, top-tüfəngdən
də əvvəl
Azərbaycan qudrəti var qarşında.
İnşAllah o səni məğmun
eyləyib
Hər məkrini
çatladacaq başında.
Tez ol, durma, rədd
ol mənim yurdumdan,
Torpağımdan sənə qismət, qəbirdi.
Ədaləti əldən verməz
yaradan
Mənim səbrim - nifrət dolu səbrdi.
Vətənim uğrunda davadayam
mən
Sənsə başqasının əlində
maşa.
Vicdanı, qibləsi olan kəs hökmən
Xeyir-dua verəcək bu savaşa.
Daşının üstündə daş
qalmayacaq,
Əgər sən geciksən, yubansan burda.
Gözünün üstündə qaş
qalmayacaq
Qismət olmayacaq sənə heç gor da.
Xain düşmən, top-tüfəngdən
də əvvəl
Azərbaycan qudrəti var qarşında.
İnşAllah o səni məğmun
eyləyib
Hər məkrini
çatladacaq başında.
ƏHMƏD QƏŞƏMOĞLU
Ədəbiyyat qəzeti.- 2020.-
29 oktyabr.- S.11.