Turan ellərinin bütövlüyünü arzulayan sənətkar

 

Namiq Dəlidağlı – 50

 

Namiq Dəlidağlı: “Heyif ki, xatirələri təzədən yaşamaq olmur.

Elə xatirə olaraq xatırlanır

 

Həmsöhbətim söz adamıdı. Ruhu sözə köklüdü, yazıb-yaradır, sözlə nəfəs alır. Həm də çörəyi sözdən çıxır, jurnalistikayla məşğuldu. Sözə çox həssas yanaşır, bəzi hallarda söz haqqı, deyir, sözə and içir. Onunla doğum günü - 50 illik yubileyi ərəfəsində görüşdük. Sentyabrın 29-da doğulsa da, doğum şəhadətnaməsində anadan olduğu tarix noyabrın 1-i yazılıb. Deyir, “ağlım kəsəndən doğum günümü sentyabrın 29-da qeyd etmişəm. Bu il yubileyim olduğu üçün ənənəni pozdum. Sənəddə göstərilən tarixdə yubileyim olacaq”.

Beləliklə, müsahibim tanınmış şair, jurnalist Namiq Dəlidağlıdı.

Öncə qısa tanıtma: Namiq Dəlidağlı 01 noyabr (29 sentyabr) 1970-ci ildə Kəlbəcər rayonunda anadan olub. Orta təhsilini doğulduğu rayonda alıb. Keçmiş Sovet ordusu sıralarında xidmət edib. İxtisasca ali təhsilli jurnalist-filoloqdur.

Namiq Dəlidağlının hələ orta məktəb illərindən şeir və məqalələri Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və mərkəzi mətbuatda dərc edilib.1993-cü ildən kütləvi informasiya vasitələrində çalışır. “Açıq söz”, “Yeni dünya”, “Avrasiya”, “Aydın səma”, “168 saat”, “Vaxt”, “İki sahil” qəzetlərində, o cümlədən bir sıra saytda müxbir, parlament müxbiri, şöbə müdiri, baş redaktor müavini işləyib. Həmçinin bir sıra şeirləri ölkəmizdə və xaricdə nəşr edilən ədəbi toplularda işıq üzü görüb. 5 publisistika kitabın müəllifi, həmmüəllifi, “ gecənin nağılı”, “Otel otağından reportajşeir kitablarının müəllifidir. “Əllidə ələnənlər” adlı növbəti şeirlər kitabı nəşriyyatda çapa hazırlanır.

Azərbaycan ədəbi mühitində özünəməxsus yeri olan Namiq Dəlidağlı Qarabağ ağrımız, ordu quruculuğu, dövlətimiz və dövlətçiliyimizlə bağlı yazıları, şeir və məqalələri ilə həm respublika mətbuatında, həm də bir sıra xarici ölkənin mətbu orqanlarında davamlı olaraq çıxış edir, Azərbaycanın haqq səsini, ədalətli mövqeyini bütün dünyaya çatdırır. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Namiq Dəlidağlı “Qızıl qələm”, “Müqəddəs qələm” və digər ədəbi və media mükafatlarına, Azərbaycan Yazıçılar Birliyinin xətti ilə bir illik Prezident təqaüdünə layiq görülüb. Ailəlidir, 2 övladı var.

- Namiq Dəlidağlının nəzərində o kimdir?

- Namiq Dəlidağlı ilk olaraq bir vətəndaşdı. Şəxsiyyətinə, Türk adına, sevgiyə söykənən, özünə, sözünə, millətinə sadiq bir vətəndaşdır. Və artıq ömrünün 50 ilini geridə qoyan, əli doğulduğu yurd-yuvaya uzalı qalan, ancaq tezliklə geriyə dönəcəyinə ümid edən, bütün ruhu sözə köklənən, olduğu kimi görünən, sevinci ilə nifrətini gizlədə bilməyən bir adamdı...

- Artıq bir neçə gündən sonra 50 yaşınız tamam olur. Bu 50 ildə qazandığınız ən böyük uğurlaruğursuzluqlar nədir?

- Həyatımda elə böyük uğursuzluqlara "imza" atmışam ki, uğurlarımı sadalamağa üzüm yoxdu. Ancaq əldə etdiklərim, qazandıqlarım da az deyil. Ən çox məyus olduğum isə yurd yerlərimizin işğalda olması, tələbə qardaşım oğlunun vaxtsız itkisi, "Kəlbəcər" deyə-deyə anamın dünyasını dəyişməsi və s... Həyat davam edir. Qarşıda hədəflər var, görmək istədiyim, arzuladığım xoş məqamlar var. Bu həm yaradıcılığıma, həm də milli kimliyimizə, Turan ellərinin bütövlüyünə aiddi

- Ən dəyərli xatirələriniz..?

- Kəlbəcərli günlərimin hamısı bir xatirə arxiv idi. Və hər anı mənim üçün əzizdi. Eləcə də atalı-analı günlərim, uşaqlıq və gənclik illərim... Xatirələrim bağımızdakı alma ağaclarının budaqlarından, alça ağaclarının çiçəklərindən asılı qaldı. Bir də atamın məzarına qısılı qaldı. Bir gün geri dönəcəm xatirələrimi yığmaq üçün - alma ağaclarının budaqlarından, alça ağaclarının çiçəklərindən.

Heyif ki, xatirələri təzədən yaşamaq olmur. Elə xatirə olaraq xatırlanır. Buna rəğmən, yeni yaşantılar, gələcək xatirələr üçün xəyalımda biçdiyim arzuların üzünə bir işıq boylanır ümidlərimdən.

- Sizin üçün daha vacib nədir, maddiyyat, yoxsa mənəviyyat?

- Sözsüzki, mənəviyyat. Ancaq həyatımızda maddiyyat da vacib amildi. Yaşayırıqsa, qayğılardan, problemlərdən uzaq olmağımız mümkünsüzdü. Təbii ki, bunları qarşılamaq üçünmaddiyyata ehtiyac duyuruq. Amma maddi qazancımız mənəvi itkilərimiz, məddahlıq, yaltaqlıq bahasına başa gəlməməlidi.

- Yarım əsrlik həyat təcrübəniz sizə nələri öyrədib?

- Həyat özü bir məktəbdi… Mən həyat məktəbinin 50 yaşlı məzunu olaraq saysız-hesabsız dərs aldım… Öyrəndiklərim, hələ öyrənəcəklərim də çoxdu. Ancaq nələri öyrəndiyimi konkret deyə bilmərəm...

- İndən belə ömür möhlətindəTanrıdan nələri dilərdiniz?

- Tanrıdan diləyəcəklərim çoxdu. Hələlik isə BütövAzərbaycanı görmək, Qarabağın, Kəlbəcərin, bütün işğal edilmiş torpaqlarımızın azad olunmasını diləyirəm...

- Qələm dostlarınızın sizə xüsusi rəğbəti var. Bunun sirri nədir?

- Hamı üçün yaxşı olmaq mümkün deyil. Kimsə belə görünürsə, o yaxşı adam ola bilməz. Ancaq söhbət qələm dostlarımdan və onların rəğbətindən gedirsə, nə xoş mənim halıma. Əgər bunun adı sirdisə, açılmasa yaxşıdı...

- Nə vaxtdan şeir yazırsınız?

- Erkən yaşlarımdan yazıram. Buna əslində yazmaq yox, bəlkə də yamsılamaq desəm, daha doğru olar. Orta məktəbin aşağı sinfində oxuyandan şeir və məqalələrim Kəlbəcərdə çıxan "Yenilik" rayon qəzetində və dövri mətbuatda dərc olunub.

- Bəlkə söhbətimizi bir şeirinizlə bitirək?

- Olar

Keçdim dünyanın içindən, boşca qəfəsmiş demə. Qulaqları batıran quruca səsmiş demə.

Baxdım ondan köçən köçə, baxdım özüm keçə-keçə, baxdım badə içə-içə, bu da bir həvəsmiş demə.

Daha hər şeydən bezmişəm, məzədən, meydən bezmişəm, əlimi səndən üzmüşəm, yaşamaqpismiş demə…

- Sağ olun! Bir daha sizi yubileyiniz münasibətilə təbrik edirəm, bütün arzularınızın çin olmasını, başlıcası isə tezliklə tam QƏLƏBƏ sevincimizi bölüşməyi diləyirəm!

- Sizsağ olun! İnşallah...

 

İlhamə MƏHƏMMƏDQIZI

 

Azad Azərbaycan.- 2020.- 29 oktyabr.- S.11.