Haqsızın qələbəsi təslim
olmaqdır
(Yazıçı
sözü)
Müharibə dəhşətdir, qandır,
ölümdür, dağıntıdır və itkisiz olmur.
İnsan tələfatı yoxdursa, sözün həqiqi mənasında
müharibə də yoxdur. Bəli, müharibə can alır.
Bunu ağlı kəsən hər bəşər
övladı anlayır. Belə olmasaydı bəşəriyyət
ömrü boyu müharibəyə qarşı mübarizə
aparmazdı. Bəli, bəşəriyyət ömrü boyu
müharibələrə qarşı mübarizə
aparır, müharibələr isə tarix boyu bitmək bilmir
ki, bilmir, gah o yanda, gah bu yanda
alovlanır. Yalnız arabir səngiyir. Səbəb?
Əslində səbəb çox sadədir. Dünyada
İblisin barmağı var. İblisin isə öz siması,
öz görünüşü yoxdur. Baxmayaraq ki, bəzi sənət
adamları öz təxəyyüllərinə uyğun onu rəsm
ediblər, şəklini cızıblar, sözlə onun əksini
təsəvvür ediblər. Amma İblis onların təsvir etdikləri
kimi deyil insan cildində zühur edir.
İblis insanı öz ordusuna cəlb etmək,
şirnikləşdirmək üçün birinci onun nəfsinə
yol tapır, ələ alır, sonra isə qəlbinə və
əqlinə hakim kəsilib, istədiyi tərəfə
yönəldir. İnsan mənfurlaşdıqca İblisə, şeytana
çevrilir, tanınmasın deyə min cildə – gah xeyirxah,
gah yardımçı, gah dost, yoldaş cildinə girir, bəlağətli,
cəlbedici danışır. O, zahirən insandan gözəl
görünür, onun gözünü
qamaşdırdıqda, ondan bəlağətli
danışanda fəsadlar, münaqişələr,
müharibələr başlayır və bu İblisin,
şeytanın əsl siması üzə çıxana qədər
davam edir. İblisin ömrü tanınana qədərdir.
Tanındımı, İblis məhv olacaq, yox
olub gedəcək, insan da, insanlıq da rahatlıq tapacaq.
İblis nə vaxt tanınır?! Şübhəsiz həqiqət haqq üzə
çıxanda. Haqq isə Tanrıdır,
gözə-görünməz böyük Allahdır, o da
insanlıq libasında zühur edir. Nə edirsən et, gec-tez üzə çıxacaq. Onun zühuru ilə İblisin qürubu başlayacaq.
Bəzən o gec gəlir, amma el dilində deyildiyi kimi
güc gəlir. Bəzən nazilir, amma üzülmür.
İnsanın sədaqətini yoxlamaq
üçün onu sınağa çəkir. Şair demişkən “Zülmün topu var, gülləsi
var qalası varsa, Haqqın da bükülməz qolu, dönməz
üzü vardır”.
İndi Haqq gəlib, Azərbaycan – Ermənistan
müharibəsinə. Hər şey aydın görünür,
daha İblisə nə hacət?!
O, geri
çəkilir. Nədir o haqq?! İlk növbədə BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874, 884 saylı qətnamələri.
Onların ilk şərti budur, Ermənistan
işğal etdiyi Azərbaycan ərazilərini qeyri-şərtsiz,
dərhal azad etməlidir. «Dərhal» kəlməsinin
izaha ehtiyacı varmı?! Dərhal saniyə,
dəqiqə, saat, gün deməkdir. Lap dartıb uzatsan
ay ola bilər, il ola bilməz. Özü də
25-30 il Birləşmiş Millətlər
Təşkilatının qərarları, qətnamələri
Yer üzərində yaşayan bütün millətlərin
və dövlətlərin adından verilir və bu qərarlar
haqqa, ədalətə əsaslanır, daha İblisin
uydurmalarına yox!
Amma Ermənistan adlı kiçik bir dövlətin
ağzı o qədər bəhəm eyləyib ki, BMT-in Təhlükəsizlik
Şurasının dörd qətnaməsinə qarşı
çıxır?! Bu onun
işi deyil, bu gücün onda olması məntiqsizdir. Ermənistan öz sözünü demirdi, İblisin
sözünü deyirdi, nə qədər ki, İblisin
barmağı onun arxasında idi. Kukla
teatrında olduğu kimi. Kukla teatrında
kuklalar oynanılanda bir neçə saatlığa
danışır, canlı görünür. Sonra əsl mahiyyətinə — cındır əskiyə
çevrilib bir kənarda asılı vəziyyətdə
qalır. Amma tamaşaçı bu
kuklaları oynadan barmaqları görmür, görsə onda
uşaqlar bu kuklalara inanmayacaq, tamaşa alınmayacaq. İndi Ermənistanın siyasi hakimiyyəti bu
günə düşüb. Siyasi səhnədə
hər gün onları oynadan barmaqlar geri çəkilir, onlar
kəsilir. Ermənistan hakimiyyətinə
– Azərbaycan öz torpaqlarında vuruşur, geri alır,
öz xalqını müdafiə edir — deyilir. Amma yad barmaqlara öyrəşmiş, bir növ
onlara adətkar olmuş Ermənistan siyasi hakimiyyəti
gülünc vəziyyətə düşür, o
barmaqlarsız cındır əskiyə dönməyə
başlayır. Bu yerdə bir pritça, hekayət yada
düşür:
Deyirlər ki, Şeytan öz balası ilə yolun kənarında
oturubmuş.
Bu zaman bir kişi də eşşəklə
yük aparırmış. Eşşək qəflətən
sonsuşlanır və yükü belindən salır.
Kişi – Allah şeytana nələt etsin – deyib yükü qaldırıb yenidən
eşşəyin belinə qoyur. Bunu görən, yol kənarında
oturan Şeytanın balası Anasına – o kişiyə biz
heç nə etmədik ki, niyə bəs o eşşəyi
deyil, bizi lənətləyir – deyə müraciət edir:
Şeytan
balasının başına sığal çəkərək
cavab verir:
- Bala,
heç kim görmədi, mənim
barmağım eşşəyin quyruğunun altında idi.
Hələ uşaqlıqdan eşitdiyim bir misal da bu yerdə
yadıma düşür. Bismillah gələndə
cin qaçar. Bismillah isə Allah adıyla
deməkdir. Bismillah gəlib, Haqq, ədalət
cildində, Azərbaycan Ordusunun, əsgərinin cildində.
Bu haqq, ədalət min əzabla öz
yurd-yuvasından qovulmuş insanın doğma ocağına
qayıtması deməkdir. Bu haqq-ədalət
hər iki tərəfdən olan anaların göz
yaşlarına son qoymaq deməkdir. Bu haqq,
ədalət aldadılmış, Dağlıq Qarabağda
müstəqil dövlət sövdası ilə zəhərlənmiş
erməni şovinistlərinin ağıllarını
başına yığmaq deməkdir. Bu
haqq-ədalət Azərbaycan əsgərinin, ordusunun, onun Ali
Baş Komandanının şəxsində zühur edib.
Haqq gəldimi
haqsızın qələbəsinə bir yol qalır: Təslim
olmaq.
Mənim bu fikrim bəzilərinə qəribə
görünə bilər. Amma istər
döyüş cəbhəsində, istər ictimai həyatda
digər sahələrdə olsun, haqq gəldimi haqsız təslim
olmalıdır. Əks halda haqsız daha
böyük rüsvayçılığa,
biabırçılığa, məğlubiyyətə
düçar olacaq. Haqsızın təslim
olması onun yeganə çıxış yolu, müdrikliyi,
xoşbəxtliyidir. Bu gün Ermənistan
nə qədər tez təslim olsa qurbanların sayı bir o qədər
azalacaq, onun dirçəlməsinə gedən yollar
qısalacaq. Amma nə edəsən ki, bunu
bir çoxu başa düşmür. Hitler
kimi, Paşinyan kimi. Əvəzində
qırğınların sayını artırır,
özünü ölümə, millətini əbədi xəcalətə
düçar edir.
Tarixi həqiqət göstərir ki,
şeytanlaşmış, iblisləşmiş insanlar özləri
ilə birgə öz xalqlarının, millətlərinin də
böyük bir hissəsini ölümə sürükləyir. Yağlı vədlər,
şirin sözlərlə onların əqlindən alıb nəfslərinin
quluna çevirir.
Dünyada Minsk qrupu adlı bir qrup mövcuddur. ATƏT-in Avropa Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatının bu
qurumuna üç həmsədr dövlət – ABŞ, Rusiya,
Fransa və üzvlər Almaniya, Belarus, İsveç,
İtaliya, Niderland Krallığı, Portuqaliya, Türkiyə,
Finlandiya daxildir. Onların üçünə
– ABŞ, Rusiya, Fransaya bu münaqişəni həll etməyi
tapşırıblar. Bəs onlar nə
ediblər?!
Onların
nə etdiklərini Türkiyə Cümhuriyyətinin prezidenti
Rəcəb Tayyib Ərdoğan bir kitaba dəyən bir
cümlə ilə xarakterizə edir: «Bu otuz ildə Minsk
qrupunun həmsədrləri münaqişənin həll
olunmaması üçün əllərindən gələni
etdilər».
İndi müzəffər Azərbaycan Ordusu
münaqişəni həll edəndə, BMT Təhlükəsizlik
Şurasının qətnamələrini təkbaşına
yerinə yetirəndə yenə də bu Minsk qrupunun həmsədrləri
zühur ediblər. Yox, cənablar, ilk növbədə siz otuz illik fəaliyyətiniz,
daha dəqiq desək
fəaliyyətsizliyiniz üçün cavab verin. Sizdən soruşuruq, siz Qarabağ ermənilərini
başa saldınızmı ki, siz müstəqilliyinizi
yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll edə bilərsiniz,
özü də Azərbaycan xalqı və dövləti ilə
razılaşdırılmış şəkildə. Siz onlara xatırlatdınızmı ki, Qarabağa
üçüncü ölkənin qoşunlarını yerləşdirmədən
Azərbaycanlılarla bir yerdə yaşaya bilərsiniz, əvvəllər
olduğu kimi. Demədiz. Öz işinizdə separatçıların istəklərini
rəhbər tutdunuz. Mən
separatçı deyəndə təkcə Qarabağdakı
xunta rejiminin rəhbərlərini nəzərdə tutmuram.
Ələkçiyə qıl verənləri, əl
altından onalara kömək edənləri də deyirəm.
Ən böyük cinayətkarlar onların
özləridir. Onlar erməni xalqına
yardım etmirdilər, əksinə öz mənafeləri
naminə ölümə sürüklədilər. Bunların heç birini demədiz. Elə isə mən
sizə deyirəm. Mən sovet ordusunda xidmət
etmişəm. Azərbaycanımı Sovet
sərhədinin timsalında, sovet ordusunun tərkibində
müdafiə etmişəm. Orada mənimlə
Qarabağ erməniləri də xidmət edirdi. Biz bir-birimizlə Azərbaycan dilində
danışırdıq. Lazım gəlsə
bir yerdə ölümə də gedəcəkdik. Mənim qonşuluğumda ermənilər
yaşayır, çalışdığım «Azərbaycan»
nəşriyyatında ermənilər işləyirdi. İblisin barmağı dəbərməyinə qədər
aramızda heç bir problem yox idi. Siz erməni
xalqına bunu başa saldınızmı?!
Siz o, məcraya getmədiz, onları iblisləşdirməyə
çalışdınız. Siz, erməni
analarına müraciət edərək dedinizmi ki, BMT öz qətnamələrini,
qərarlarını yerinə yetirmək üçün
münaqişə zonasına qoşun yeridib, Ermənistan
ordusunu Azərbaycandan çıxarmaq səlahiyyətinə
malikdir. Onda övladlarınız məhv
olacaq. Demədiz. İndi
Azərbaycan Ordusu ən azından BMT-yə üzv olan bir
dövlət kimi onun dörd qətnaməsini həyata
keçirir, eyni zamanda öz torpaqlarını düşməndən
azad edir. Buyurun, gedin Ermənistana,
oradakı analara cavab verin. O ki, qaldı Azərbaycana bura
gəlməyə bilərsiniz. Biz, haqq
uğrunda döyüşü şərəf sayırıq.
İblisin fitnəsinə uymaq istəmirik.
Özümüz də, övladlarımız da
şəhid olmağa hazırıq. Başqa torpaqda
gözümüz yox!
Siz heç olmasa tarixi öyrənib erməni xalqına
dedinizmi ki, bu günki dövlətiniz üçün
qonşunuz Azərbaycana borclusunuz. Vaxtilə onlar İrəvan
xanlığının mərkəzini indiki Yerevanı, Zəngəzuru
sizə güzəşt etməsəydi Ermənistan dövləti
olmazdı. Siz onlara dedinizmi ki,
münaqişə həll olunarsa Ermənistanın Türkiyə
ilə, Azərbaycanla canlı əlaqələri genişlənər,
bölgəyə sülh gələr, firavanlıq, şən
həyat başlayar. Demədiz. Ona görə ki, bitərəf mövqe sərgiləmədiz.
Nə Ermənistanın, nə də Azərbaycanın
marağına qulluq etdiniz. Hərəniz öz
ölkənizin marağını güddünüz. Bitərəf mövqe sərgiləməli olan bu
ölkələrdən birinin başçısı Azərbaycanın
əleyhinə sərsəm bəyanat verir, digəri Ermənistanı
silahlandırır, biri isə dövlət səviyyəsində
separatçılara yardım edir.
Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev sizin haqqında görün nə deyir:
«Minsk qrupunun həmsədrlərinin hansı prinsiplərlə
təyin olunması bizə məlum deyil».
Doğru fikirdir, nəinki Azərbaycan xalqının,
bütün bölgənin düşüncəsini
özündə əks etdirir. Çünki Ermənistan
ilə Azərbaycan arasındakı konfliktdən ilk növbədə
qonşu ölkələr ziyan çəkir, onların
iqtisadiyyatı sarsılır, hətta mərmilərin, raket zərbələrinin
onların torpaqlarına düşməsi də istisna olunmur.
Konfliktin ədalətli həlli üçün üç
dövlət lazım idisə, mən bir vətəndaş
kimi bax, bu üç dövləti təklif edərdim:
Türkiyə, İran, Gürcüstanı. Onlar
münaqişə edən hər iki dövlətlə sərhəddirlər.
Əgər münaqişənin həlli
üçün üç dövlət lazım idisə
bax, bu üç dövlətə həvalə olunmalı
idi. Münaqişənin həlli
üçün bu üç dövlət azlıq edirdisə
onda bu buraya daha üç dövləti Qazaxıstan, Rusiya və
Türkmənistanı cəlb etmək olardı. Çünki, onlar münaqişə edən tərəflərdən
heç olmasa biri ilə həmsərhəddir.
Bu dövlətlər haqsız tərəfi çox
asanlıqla susdura bilərlər. Çünki bu
dövlətlərin hava məkanı da, quru sərhədləri
də onların əlindədir. Münaqişəni
həll etmək üçün əllərində mexanizm
var.
Amma nə edəsən ki, dünyada İblisə qulluq
edən qüvvələr çoxdur. Onları nə Azərbaycanın,
nə Ermənistanın, nə onların münaqişəsindən
ziyan çəkən qonşu dövlətlərin ziyanı
maraqlandırır. Onlar insan
ölümünə də biganədirlər. Cünki
öz ölkələrinin vətəndaşları həlak
olmur ki... Onların
bir marağı var, öz ölkələrindən başqa
digər ölkələri zəiflətmək, onları
özlərindən asılı salmaq. İblislik
edib aranı qarışdırır, sonra hakimlik cildinə
girib guya münaqişəni həll etmək istəyirlər.
Müharibələrdə, döyüş bölgələrində
insan ölür, hərbçilər həyatlarını
itirirlər. Bu həmişə belə olub. Sonda
sülh bağlanıb insanlıq iblisləşmiş tərəfə
qələbə çalıb. Faciə
orasındadır ki, bu gün Ermənistanda elə qüvvələr
var ki, onlar insana yox, insanlığa atəş
açırlar. Mülki obyektləri
bombalayır, uşaqları, yaşlıları qətlə
yetirirlər. Axı, uşağa necə əl
qaldırmaq olar, onlarla sakitcə top atəşi ilə necə
danışmaq olar?! Mülki insanlarla hərb
dilində necə danışmaq olar? Kiçik
yaşlı Mədinələri təkcə yaxınları
deyil, gəlincikləri də axtarır.
Gəncənin, qəhrəman şəhər Tərtərin,
Bərdənin və cəbhə bölgəsində uşaq
yerləşən onlarla dinc əhalinin yaşadığı
yerin bombalanması insanlığa açılan atəşdir,
belə hallar bəşəriyyəti bilirsinizmi hara aparıb
çıxarır. İnsanlığın məhvinə.
Bir
insanın ölməsi
Faciədirmi məgər?!
İnsanlıq
məhv olarsa
Bir an yaşamaz bəşər.
İnsanlar gəldi-gedərdir, insalıq isə əbədi. Hər
insanın keçmişin nöqsanlarını yamanlamağa
səlahiyyəti çatır. Çünki
keçmişin nöqsanları, səhvləri asan
görünür. Keçmiş, tarix ibrət
üçündür. Amma sabahı məhv
etmək insanlığı məhv etməkdir. Gəncəyə,
Bərdəyə, Mingəçevirə atılan bombalar kimi.
Biz Minsk qrupunun həmsədrlərindən
bunlara dəyər verməyi gözləyirik. Azərbaycan rəhbərliyi dönə-dönə
bildirir ki, biz Qarabağ ermənilərinə Azərbaycan
dövlətinin tabeçiliyində, ərazi
bütövlüyümüz çərçivəsində
mədəni muxtariyyət verəcəyik. Dünya Birliyi də, nüfuzlu beynəlxalq qurumlar
da bu fikri, bu təşəbbüsü bəyəndilər.
Amma vücudları İblisin barmağına
keçildilmiş siyasətçilər bunu başa
düşmədilər, daha doğrusu başa düşmək
onlara sərf etmədi. Çünki, nəzarətdən
uzaq Qarabağ narkobiznes, silah alverçiləri, bu
torpağın hər dürlü sərvətini
daşıyanlar üçün sərfəli idi. İndi onlar başqa diyarda zühur edəcəklər.
İblis donunda, cildində yox, «insan»
libasında.
Bəli, İblisin ömrü tanınana qədərdir. Amma, Azərbaycana
dəyən ziyanı bərpa etmək üçün illər
lazım olacaq. Ermənistana dəyən
ziyanı ödəmək üçünsə on illər.
Bu gün evləri dağıtmaq üçün istifadə
olunan silahlara çəkilən xərclərə
görün nə qədər ev tikmək
olardı?! Hər iki tərəfdə
evsiz-eşiksiz bir nəfər də qalmazdı. Bu pullar on milyardlarla dollardır. Amma
nəticə əksinə oldu.
Kimdir günahkar? Baxın, hər şəhərin salınma tarixi var. Məgər
Paşinyan Şuşada yallı gedəndə, «Qarabağ Ermənistandır»
deyəndə Şuşa şəhərinin
kimin tərəfindən salındığını bilmirdi?!
İndi İblisin barmağı
qırılıb. Onu oynadanlar meydandan
qaçıb. Erməni anaları ondan
övladlarını istəyir. O isə nəinki bu
övladın dirisinə, heç ölüsünə yiyə
durmur.
Bəli İblislər kənara çəkilir, amma tarix
onları axtarıb tapır, nəsillərini lənətləyir. Artıq elə
dövr çatır ki, şahidlər dilə gələcək,
erməni əsirliyində olan insanlara edilən vəhşilikləri
– Xocalı faciəsini, vertolyot qəzasını törədənlər
və digər hərbi cinayətkarlar məhkəmə
qarşısında cavab verəcək. Nürnberq
məhkəməsində olduğu kimi. Hitler alman
xalqını öz ambisiyalarına qurban verdi.
Paşinyanlar, Sarkisyanlar, Koçaryanlar isə erməni
xalqını.
Mən hələ Sovet dönəmində iki dəfə
Berlin yaxınlığında keçmiş Zaxzenhauzen
konslagerində olmuşam. İndi ora muzeydir.
Orada gözəl bələdçi qızın bir
sözü yadımdadır: «Faşizm bizi dünya xalqları
arasında başıaşağı etdi, mənim Sizdən
bir alman qızı kimi üzr istəməyə belə
haqqım yoxdur. Çünki bu sobalarda sizin
atalarınız, qardaşlarınız yanıb».
Dünyanın mafioz qüvvələrinin əlində
oyuncaq olan Ermənistanın siyasi hakimiyyəti təslim
olmadıqca rüsvay olacaq. Qarabağda, Ermənistanda
insanlıq, bəşəriyyət əleyhinə, hətta
erməni xalqının mənafeyi əleyhinə elə
biabırçı faktlar üzə çıxacaq ki,
Zaxzenhauzendə alman bələdçi qızının
üzrxahlığı, mənəvi əzabı onun
yanında toya-bayrama getməli olacaq.
Başını
itirmiş erməni siyasi hakimiyyəti BMT-nin qətnamələrini,
ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının
qərarlarını saymır, müharibənin diplomatik yolla
nizama salınması ilə razılaşmır, həyasızlıq
o dərəcəyə çatıb ki, o digər dövlətləri
öz hikkəsinə cəlb etmək istəyir. Səməd Vurğunun təbirincə desək bu
ağılsız köpəklərin ulduza hürməsidir.
Ermənistan siyasi rəhbərliyinin bu müharibədə
qələbəsinə bir yol var. Qeyri-şərtsiz və dərhal
təslim olmaq.
İblislərin əlində öz
xalqlarını oyuna çevirməmək. Əks halda biabırçılıqları,
rüsvayçılıqları daha da aydın görünəcək,
iyrəncləşəcəklər. Etmək
istəmirlərsə, onda söz doğma torpağı
uğrunda canından keçməyə hazır olan Azərbaycan
əsgərinindir, bu müharibəyə vergülü də,
nöqtəni də, nida işarəsini də o qoyacaq. Özünü təmkinlə aparan, bizim başqa
torpaqlarda gözümüz yoxdur, deyən Ali Baş
Komandanı ilə birgə.
Atababa İSMAYILOĞLU,
Əməkdar Mədəniyyət
işçisi
Azad Azərbaycan.-
2020.- 29 oktyabr.- S.4.