Zəngilanın igid övladlarının
ruhları şaddır
Erməni millətçiləri
1980-ci illərin sonunda Dağlıq Qarabağı Azərbaycandan
ayırmaq məqsədi ilə “Miatsum” (ermənicə “birləşmə”)
adlı hərəkata başladılar. Təcavüzkar hərəkatın
əsas ideyası Dağlıq Qarabağı Ermənistana
birləşdirmək, Ermənistan və Qarabağda
yaşayan azərbaycanlıları bu ərazilərdən
çıxartmaq idi.
Mixail Sergeyeviç Qorbaçov 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçildikdən sonra Ermənistan hökumətinin Dağlıq Qarabağ haqqında istəkləri üçün daha yaxşı fürsət yarandı.
18 noyabr 1987-ci ildə Sov. İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik Abel Aqanbekyan Fransanın paytaxtı Parisdə “L’Humanite” qəzetinə verdiyi müsahibəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsinin daha doğru olduğu haqqında mülahizə yürütdü. Belə ki, A.Aqanbekyan Qarabağ və Naxçıvan haqqında verilmiş suala bu cür cavab vermişdir: “Mən Qarabağın erməni torpağı olmasını eşitməyə şad olardım. İqtisadçı kimi mən belə hesab edirəm ki, Qarabağ Azərbaycandan çox Ermənistanla bağlıdır. Bu məsələ ilə əlaqədar mən bir təklif vermişəm. İnanıram ki, yenidənqurma, demokratiya şəraitində bu problem öz həllini tapacaq”.
A.Aqanbekyanın bu sözlərindən sonra məsələ daha da alovlandı.
1988-ci ildə Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi haqqında SSRİ Ali Soveti sədrinin müavini P.Demiçevə təqdim edilmiş müraciətdən sonra Ermənistan SSRİ-in Qafan və Meğri rayonlarından ilk qaçqınlar Azərbaycana köçməyə başladı. “Ermənistanı türklərdən təmizləməli” devizi altında Ermənistandakı azərbaycanlıların hamısı ev-eşiklərindən didərgin salan mənfur düşmən həmin ildə də Sumqayıtda və Dağlıq Qarabağda kütləvi iğtişaşlar törətdilər.
Həmin ildə öz kəndlərindən qovulmuş xeyli ailələr Azərbaycanın Zəngilan və ona qonşu rayonlarında məskunlaşdılar.
1986-cı ildə Azərbaycan KP MK-da “İnzibati orqanlar” şöbəsinin müdiri vəzifəsinə təyin olunan Məhəmməd Əsədov Dağlıq Qarabağ və Sumqayıtda törədilən iğtişaşlarda xalqımızın haqqını davamlı olaraq ədalətli, obyektiv müdafiə edirdi. Əmək fəaliyyəti dövründə bütün vəzifələrini məsuliyyətlə icra etdiyinə, Dağlıq Qarabağla əlaqədar prinsipiallıq göstərdiyinə və təhlükəsizlik orqanlarında bacarıqla fəaliyyət göstərdiyinə görə M.Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili işlər naziri təyin olundu. Nazir təyin olunduğu ilk gündən etibarən M.Əsədov münaqişəli ərazilərə gedir, mənfur ermənilərin törətdikləri qəddarlıqlarla bağlı tədbirlər görülməsi üçün SSRİ Daxili İşlər Nazirliyinə müraciət edirdi. Xüsusi təyinatlı milis dəstəsini yaradan nazir Xocalı aeroportunda ermənilərə nəzarəti gücləndirmək üçün DİN-in əməkdaşlarını səfərbər etmişdi.
General Məhəmməd Əsədov münaqişənin cərəyan etdiyi rayonlara getməklə yanaşı Çaykənd, Qarabulaq, Erkəc, Mənəşid və digər kəndlərdə erməni bazalarının dağıdılmasında şəxsən iştirak etmişdi. 1991-ci ilin noyabrında M.Əsədov Milli Ordunun yaradılması, ordu ilə hüquq-mühafizə orqanları arasında birgə işin təşkil edilməsi üçün dövlət müşaviri təyin olundu.
1991-ci ilin noyabrın 19-da Dövlət katibi Tofiq İsmayılovun təşəbbüsü ilə Qarabağda, Xocavənddə azərbaycanlılara qarşı törədilən soyqırım siyasəti ilə, qırğınlarla əlaqədar müşavirə keçirilməli idi və M.Əsədov da həmin müşavirədə iştirak etmək məqsədiylə Ağdama gedən vertolyota mindi. Müşavirədən sonra Xocavənddə dinc əhaliyə qarşı ermənilərin həyata keçirdiyi terror aktlarının nəticələrini öyrənmək üçün oraya uçdular. Tezliklə məlumat gəldi ki, sülhməramlı nümayəndə heyəti Mİ-8 vertolyotu Qarakənd səmasında dağa çırpılmış və vertolyotda olan bütün şəxslər həlak olmuşlar.
Ermənilər bu qanlı cinayətdən sonra bir sıra rayonlarla yanaşı general M.Əsədovun anadan olduğu Zəngilan rayonunu da 1993-cü ilin 30 oktyabrında işğal etdilər. Zəngilanın qəsbkarlar tərəfindən işğal edilməməsi üçün həm Zəngilan, həm də digər bölgələrimizin bir çox mərd oğulları həlak oldular.
2016-cı ilin aprel ayının 1-4 arasında baş verən döyüşlər 1994-cü il mayın 12-də atəşkəs imzalandıqdan sonra ən şiddətli hərbi qarşıdurma idi. Azərbaycan tarixinə Aprel döyüşləri adı ilə daxil olan döyüşlərdə Zəngilan rayonundan Orucov Müşfiq Arif oğlu, Niftalılı Rəşad Şakir oğlu, Baxşəliyev Rəşid Əliağa oğlu - cəmi 4 nəfər şəhid olaraq əbədiyyətə qovuşdular.
Aprel döyüşlərində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlılar kəndi və Tərtər rayonunda Madagiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu.
18 sentyabr 1994-cü ildə Bakıda doğulan Müşfiq Orucov Aprel döyüşlərinin şəhidlərindən biri, xalqımızın qəhrəman oğlu kimi tanınır. Xalqın, gəncliyin yaddaşında mərd, cəsur əsgər kimi qalan Müşfiq Orucov yüksək balla Azərbaycan Texniki Universitetinə qəbul olmuşdu. Onun müharibədə, xüsusən də ön cəbhədə vuruşması gənc oğlanlarımız arasında ruh yüksəkliyi yaratmışdı. Belə qəhrəman oğullarımızdan biri də Müşfiqin öz həmyerlisi Cəbrayıl Dövlətzadədir.
Cəbrayıl Dövlətzadə də ana tərəfdən Zəngilan rayonundan olub 2001-ci ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində dünyaya göz açıb. Keşlə qəsəbəsindəki 201 nömrəli orta məktəbi bitirmişdi. Ailədə olan iki qardaş və bir bacını ana ilə nənəsi böyütmüşdü. 39 yaşlı cavan ana Cəbrayıla nəvaziş, qayğı göstərməklə yanaşı ona güclü olmağı, çətin vəziyyətdə qalib gəlməyi, səbirli, mərd olmağı öyrətmişdi. 19 yaşında general Məhəmməd Əsədovun həmyerlisi Cəbrayılın şücaətli formalaşması ananın böyük sevgisinin və əməyinin nəticəsidir.
2020-ci il bütün dünya ölkələrində fərqli bir il kimi yaddaşlara yazıldı. Ancaq Azərbaycan tarixinə həm də qələbə tarixi kimi daxil oldu. İyulun 14-də Tovuz istiqamətində baş vermiş şiddətli döyüşlər zamanı general Polad Həşimov şəhid oldu. General Polad Həşimov Məhəmməd Əsədov və İsmət Qayıbovdan sonra Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı oldu. İyul döyüşlərində Ermənistan ordusuna sarsıdıcı zərbələr endirilməsinə baxmayaraq əksəriyyət generalın öldürülməsini təhqir hesab etmişdilər və generalımızın qisasının alınacağı günü gözləyirdilər. Lakin bu qisas günü uzun çəkmədi, bu ilin sentyabr ayının 27-də Ermənistan dövləti yenidən təxribat törədərək atəşkəsi pozdu.
2019-cu ilin oktyabrında Goranboy rayonunda hərbi xidmətə çağırılan Cəbrayıl sonra hərbi xidmətini Cəlilabad rayonunda davam etdirdi. Mərd, qüvvətli olmaqla yanaşı nəcib keyfiyyətlərə malik bir gənc idi Cəbrayıl Dövlətzadə. Anasını incitdiyi zaman “ömrüm” deyib onun könlünü alarmış.
Yapon döyüş növü cüdo ilə məşğul olan Cəbrayıl Dövlətzadə Sərhəd Qoşunlarında xidmət etsə də ərizə yazaraq könüllü ön cəbhədə başlayan döyüşlərə qatılmaq istəyir. Müharibənin başlanğıcında şəhidlik məqamına yüksələn qəhrəmanımızın son döyüşü haqqında yoldaşları fəxrlə danışır. Belə ki, düşmənlə üz-üzə gələn igid oğlumuz döyüş yoldaşlarından geri qayıtmağı tələb edərək “geri qayıdın, sizin ailə-övladınız var, yetim qalmasınlar” söyləyib.
Cəbrayıl düşməndən qorxmayaraq 10-dan çox müxtəlif rütbəli şəxsi heyətlə düşmən üzərinə yeriyən əsgər olub. Düşmənlə üzbəüz qarşılaşanda erməni general və polkovniki ilə əlbəyaxa döyüşüb və onların ikisini də boğaraq öldürüb.
Həyatdan gənc yaşlarında getmiş, Azərbaycanın qəhrəman şəhid oğlu Cəbrayıl Dövlətzadə Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə İkinci Fəxri Xiyabanda, general Polad Həşimovun məzarının yanında dəfn olunub. Cəbrayıl Dövlətzadə həm öz həmyerlisi general Məhəmməd Əsədovun, həm də eyni şəhərdə doğulduğu general Polad Həşimovun qisasını alaraq qısa ömrünü Azərbaycan hərb tarixinə şanlı hərflərlə yazdırdı.
Ali Baş Komandanın rəhbərliyi altında iğid əsgərlərimiz 2020-ci il 20 oktyabr tarixində Zəngilan şəhərini və Zəngilan rayonun bir sıra kəndlərini düşməndən azad edərək şəhidlərimizin ruhunu şad etmişdi. Zəngilan rayon sakinlərinin adından cənab İlham Əliyeva və əsgərlərimizə təşəkkür edirik. Vətən qəhrəman övladlarını heç zaman unutmayacaq!
Əzizə
ƏLƏKBƏROVA,
AMEA M.Füzuli
adına Əlyazmalar İnstitutunun dissertantı və elmi işçi
Aysel NƏSİRZADƏ,
Gənc şairə
Azad azərbaycan.- 2020.- 29 oktyabr.-
S.8.