O, heç zaman unudulmayacaq

 

Yazıçı-publisist Hacı Ağəddin Mansurzadənin 80 illik yubileyidir

 

Sanki dünənə kimi bizimlə idi, yorulmadan yazıb-yaradırdı. Ancaq təəssüf ki, artıq 12 ildir ki aramızda yoxdur, göylərə çəkilib...

 

28 avqust 1940-cı ildə doğma Masallıda dünyaya gələrək, cəmi 68 il ömür yaşamış Hacı Ağəddin Mansurzadə hələ lap gənclik illərindən daim ədəbi-ictimai həyatın diqqət mərkəzində olmuşdur. Yadımdadır, ötən əyyamın 70-ci illərində bir çox görkəmli Azərbaycan, Orta Asiya Dağıstan yazıçıları ilə dostluq edir, onlarla bağlı "Azərbaycan", "Ulduz", "Gənclik" jurnallarında, "Kommunist" (indiki "Xalq qəzeti"), "Bakı", "Azərbaycan gəncləri" digər qəzetlərdə maraqlı oçerklərlə çıxış edirdi. Çox məhsuldar işləyirdi (20-dən artıq kitabı nəşr edilib), onun hər məqaləsi, oçerki oxucular həmkarları tərəfindən ədəbi hadisə kimi qarşılanırdı. O, Mirzə İbrahimov, Rəsul Rza, Bəxtiyar Vahabzadə kimi korifey sənətkarlarla da vaxtaşırı görüşür, onların yaradıcılığı ilə bağlı şöbə müdiri olduğu "Bakı" qəzetində maraqlı araşdırma yazıları verir, onların yeni əsərləri ilə oxucuları tanış edirdi.

 

Ağəddin müəllim böyük vətənpərvər idi, qəlbi son illər Qarabağla döyünürdü. Qızğın döyüşlər gedən dövrdə yolunu cəbhə bölgələrinə salar, igid, qeyrətli döyüşçülərimizlə görüşüb, onların şücaətləri haqqında yazar, onları qələbəyə ruhlandırardı. Qarabağda şəhid olan sumqayıtlı döyüşçülər haqqında yazılan iki cildlik kitabın da təşəbbüskarı əsas müəllifi məhz o idi. Yaxın dostu, şair-publisist Əli Rafiq öz xatirələrində yazır ki, "Ağəddin Mansurzadə torpaqlarımızın tezliklə geri qaytarılacağını səbrsizliklə gözləyir, buna böyük ümid edirdi. Əfsus ki, o, həsrətlə gözlədiyi həmin günü görə bilmədi. Həmişə deyirdi ki, Şuşadakı İsa bulağından bir qurtum içsəm, bundan sonra hələ 50 il yaşayaram..."

 

O, imanlı adam idi. Hər gün sübh tezdən o böyük, qüdrətli Allahımıza səcdəyə durar, hüzurunda namaz qılardı. "Hacı" adını bütün varlığı, əməli ilə doğruldurdu. Təsadüfi deyil ki, Ağəddin müəllim Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Allahşükür Paşazadə ilə çox yaxın dost-qardaş idi. Şeyx özünün iştirak etdiyi tədbirlərin əksəriyyətinə ilk növbədə məhz Hacı Ağəddin Mansurzadəni dəvət edərdi. Onlar birlikdə Həcc ziyarətində olmuşdular.

 

 

 

Ağəddn müəllim bir insan kimi elə mehriban səmimi idi ki, elə ilk tanışlıqdan çoxları onu özünə dost, doğma bilirdi, müdrik məsləhətlərinə ehtiyac duyurğu, arxalanıb-güvənə biləcəyi adam hesab edirdi. Xalq arasında, eləcə yüksək dairələrdə qazandığı böyük hörmət, nüfuz sayəsində dosta-tanışa kömək üçün əli hər yerə çatırdı - lap hüquq-mühafizə orqanlarına qədər. Onun xahişini heç kəs yerə salmazdı, çünki doğma yurdu Masallıda, el-oba içində olduğu kimi bütün respublikada da çox böyük hörmət-izzət sahibi, əsl ağsaqqal idi.

 

Onun Bakıda Sumqayıtda ən yaxın dostları isə özlərini istedadlarını yüksək dəyərləndiyi şairlər Əşrəf Veysəlli, Vaqif İbrahim, yazıçı-publisist Feyzi Mustafayev, Ofelya Babayeva, Rafiq Yusifoglu, jurnalist həmkarları Zumrud Baloglanova, Dağbəyi İsmayılov, Sumqayıt gənclərinin unudulmaz lideri Vahid Musazadə idilər...

 

Ağəddn müəllim təəssübkeş bir jurnalist, istedadlı yazıçı-publisist kimi həmişə vətənpərvərlik mövzularında maraq doğuran məqalələr yazır, qələm əhlinə rəğbətlə yanaşır, yenicə yaradıcılığa başlayan gənclərə daim qayğı göstərir, onların ilk qələm təcrübələrini 20 ildən artıq çalışdığı "Bakı" qəzetində dərc etdirirdi.

 

Bəli, mənalı ömür yaşamış Ağəddin müəllim nüfuzlu, vətənpərvər qələm sahibi, çox gözəl, etibarlı dost, qardaş, həm qayğıkeş, sədaqətli ailə başçısı idi. Onun özü kimi mehriban, səmimi oğulları Elxan, Orxan, Savalan öz xeyirxah əməlləri, dəyərli işləri ilə Ağəddin müəllimə daim rəhmət oxudurlar.

 

Allah Sənə min rəhmət eləsin, hörmətli ağsaqqalımız, əziz, unudulmaz dostumuz! Məkanının cənnət olduğundan hələ Sən sağ ikən xəbərdar idik (başqa cür ola da bilməzdi!). Rahat uyu, əziz dostumuz, sevimli, böyük qardaşımız!

 

Rəhman ORXAN,Əməkdar jurnalist

 Azad Azərbaycan.- 2020.- 3 sentyabr.- S.11