Fenomenal ədib: Qəzənfər
Paşayev
Hər insan sirli-sehrli bir aləm, yazılmamış bir
kitabdır. Yaradıcı insanın könül dünyası
daha cazibədar, təlatümlü, coşğun üfüqləri
isə daha geniş, əngin və əlçatmaz olur. Bu dünyanın öz Günəşi, Ayı,
ulduzları, öz güllü-çiçəkli
yazları, vaxtlı-vaxtsız saralıb solan payızları, əsrarəngiz
qışları var. İnsan dünyasını dəyişdikdən
sonra ömrünü həyatda qalanların xatirəsində
davam etdirir. Bunun üçün ölməzdən
əvvəl insana ölməzlik gətirən işlər, əməllər,
ad-san qazanmalısan. Ən azı səni
sevənlərin xatirəsinə layiq olmalısan. Xatirəni yaratmaq da, yaşatmaq da çətindir.
Xatirəni şəxsiyyətlər yaradır və
yaşadır. Dəqiq desək xatirəni
yaratmaq və yaşatmaq üçün Şəxsiyyət
olmaq lazımdır. Filologiya elmlər doktoru, professor Qəzənfər Paşayev ədəbi-ictimai
mühitdə sayılıb-seçilən, nüfuzu və
yeri olan, həm müasirlərinə, həm də
dünyasını dəyişmiş unudulmazlara yüksək
qədirşünaslıq bildirən belə şəxsiyyətlərdən
biridir. O, elmi maraq dairəsi çox geniş olan
tanınmış Azərbaycan alimidir. Qəzənfər
Paşayev dilçilər mühitində dilşünas, ədəbiyyatşünaslar
arasında ədəbiyyatçı, xarici dil və ədəbi
əlaqələr mütəxəssisləri arasında rus,
ingilis və ərəb dillərinin mötəbər bilicisi,
tərcüməçi kimi nüfuz sahibidir. Yaşı səksəni adladığına
baxmayaraq, Qəzənfər müəllim yorulmaq nə
olduğunu bilmədən aktual mövzularda səmərəli
araşdırmalar aparan, əldə etdiyi maraqlı nəticələri
ilə fərqlənən bir tədqiqatçı, öhdəsinə
götürdüyü işə həmişə
böyük məsuliyyət duyğusu ilə yanaşan, fəal
vətəndaşlıq mövqeyində ardıcıl olan Azərbaycan
ziyalısıdır.
Qəzənfər Paşayev təkcə özü
üçün yox, başqaları üçün də
yaşamağı bacaran açıq ürəkli, səmimi
və səxavətli bir şəxsiyyətdir. O, həm
sağlığında, həm də yoxluğunda insanlara qiymət
verməyi bacaran xeyirxah Tanrı bəndəsidir. Onda şamanlara məxsus bir tizfəhmlik, sufilərə
xas bir dünya tamahsızlığı var. Adı keçən
bu insan övladlara, nəsillərə, tükənməz
örnəkdir. İllər keçəcək,
Qəzənfər Paşayevin kitabları öz qəhrəmanları
ilə birlikdə yeni nəsillər üçün mənalı
bir dərsliyə, şəxsiyyətlər haqqında
ensiklopediyaya çevriləcək, üzərindəki
imzanı nəsillərin yaddaşına həkk edəcək.
Həyat
və yaradıcılığı
Qəzənfər Məhəmməd oğlu Paşayev
1937-ci ilin avqustun 27-də Tovuz bölgəsinin
Düzqırıxlı kəndində doğulub. 1962-ci ildə
Bakıda Azərbaycan Dövlət Xarici Dillər
İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim
işlədikdən sonra İraqda tərcüməçi
işləməyə göndərilib. Müxtəlif
fasilələrlə üç dəfə İraqda tərcüməçi
və ali təhsil aldığı
institutda baş laborant, müəllim, dekan müavini, kafedra
müdiri işləyib. 1990-cı ildən isə M.Rəsulzadə
adına Bakı Dövlət Universitetində
xarici dillər kafedrasının dosenti və kafedra müdiri
işləməyə başlayıb. İraq
Türkman folkloru mövzusunda doktorluq dissertasiyası müdafiə
edib. “Kərkük bayatıları” (1968), “Arzu-Qənbər
dastanı” (1972), “İraq kərkük atalar sözləri”
(1978), “İraq kərkük bayatıları” (1984), “Kərkük
tapmacaları” (1984), “Kərkük folklor antologiyası” (1987),
“Nəsiminin İraq divanı” (1987), “İraq Türkmən
folkloru” (1982) və s. kitabları nəşr edilmişdir.
A.Dümanın “Qafqaz səfəri”, “Necə yaşayasan
yüzü haqlayasan” və başqa kitabları Azərbaycan
türkcəsinə çevirən Qəzənfər
Paşayevin “Altı il Dəclə və Fərat sahillərində”
kitabı da oxucular arasında ona böyük uğur
qazandırıb. Bu kitab Qəzənfər müəllimin
bacarıqlı pedaqoq, zəhmətkeş alim olmaqla
yanaşı şirin dilli bir publisist olduğunu da ortaya qoydu.
İraqda
tərcüməçi işləmiş Qəzənfər
Paşayev (1962-1966;1972-1975), burada
yaşayan və sayı təqribən 2,5 milyona çatan azərbaycanlıların
(İraq türkmanları) dialekt və folklorunun toplanması və
araşdırılması ilə məşğul olmuşdur.
“Azərbaycan dilinin Kərkük dialekti”
mövzusunda namizədlik (1969), “İraq Türkmən folkloru”
mövzusunda doktorluq (1993) dissertasiyaları müdafiə
etmişdir. 1964-1989-cu illərdə Azərbaycan Pedaqoji
Dillər İnstitutunda (1973-cü ildən M.F.Axundov adına APİ) fəaliyyət göstərmiş,
institutun ingilis dili fakültəsində dosent, dekan müavini
(1970-1971), xarici dillər kafedrasının müdiri (1972-1989)
olmuşdur. ABŞ (1983) və İngiltərədə
(1988) ixtisasartırma kurslarını bitirmişdir. 1989-1999-cu illərdə BDU-nun Qərbi Avropa dilləri
kafedrasında çalışmışdır. Azərbaycan
Milli Elmlər Akademiyası Nizami adına
Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə
müdiri (2001-2005), eyni zamanda 2003-ci ildən Nizami adına
Ədəbiyyat İnstitutunda baş elmi işçi işləmişdir.
Ədəbi-elmi fəaliyyətində İraqda
yaşayan azərbaycanlıların - İraq
türkmanlarının ədəbi-mənəvi
yaradıcılığının tədqiqi və təbliği
xüsusi yer tutur. Q.Paşayevin elmi fəaliyyətinin zirvəsi
onun “İraq-türkman folkloru” adlı monumental əsəridir.
Ə.Bəndəroğlunun “Şah əsər”, professor
M.Naqibin “Abidə bir əsər” başlıqlı məqalələr
həsr etdikləri, müəllifin 20 illik
axtarışlarının məhsulu olan bu monoqrafiya
Bakıda, Bağdadda və İstanbulda nəşr edilmiş,
Azərbaycanda və xaricdə tədqiqatçıların
diqqət mərkəzində olmuşdur.
Q.Paşayev
“Ədəbiyyat” qəzetinin (1995-ci ildən), “Vəfa”
(2004-cü ildən), “Folklor və etnoqrafiya” (2004-cü ildən),
“Xəmsə” (2002-ci ildən), “Qopuz” (2005-ci ildən)
jurnallarının, Nizami adına Ədəbiyyat
İnstitutunun “Ədəbi-nəzəri məcmuə”sinin
redaksiya heyətinin üzvüdür. 1994-cü ildən Nizami
adına Ədəbiyyat İnstitutu nəzdində
Müdafiə Şurasının üzvüdür. 1997-2005-ci illər arası həmin şuranın həmsədri
olub. Pedaqoji və elmi kadrların
hazırlanmasında xidmətləri vardır. Rəhbərliyi ilə namizədlik dissertasiyaları
müdafiə edilib. Onlarla doktorluq və
namizədlik dissertasiyaları üzrə opponent olub. Bir çox dərslik və monoqrafiyaların redaktoru
və ya rəyçisi olmuşdur. 1997-ci
ildən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində
fəaliyyət göstərən Elmi-Dini şuranın
üzvüdür. 2004-cü ildən
Yazıçılar Birliyinin Təftiş komissiyasının
sədridir.
Qəzənfər
Paşayev 1995-ci ildə öz vəsaiti hesabına Nizami
adına Ədəbiyyat İnstitutunun Folklor Elm Mərkəzində
İraq Türkman Ocağı muzeyi yaratmış, İraqda
yaşayan azərbaycanlıların ədəbiyyatı və
mədəniyyəti ilə bağlı olan son 30 ildə
topladığı şəxsi əşyaların (o cümlədən
incəsənət əsərləri), əlyazmaların, elmi
mənbələrin, kitabların hamısını burada cəm
etmişdir. 2001-ci ildə ocağın kolleksiyası Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə
köçürülmüş və ayrıca bir zalda
“İraq-türkman ədəbiyyatı və mədəniyyəti”
daimi ekspozisiyası açılmışdır. İraqın “Əməkdə şücaətə
görə” medalı ilə təltif edilmiş (1876), Kərkük
vəqfinin (1999) və türkman cəbhəsinin (2003) diplom və
yüksək mükafatlarına layiq
görülmüşdür. Q.Paşayevin həyat və
fəaliyyətindən bəhs edən “Bu sevda ölüncədi”
(2001), “İraq bizə iraq deyil” (2002) və
s. kitablar nəşr edilmiş, şair H.Kürdoğlunun
“Tovuzum mənim, Oğuzum mənim” poeması (1998) ona həsr
olunmuşdur.
Qəzənfər Paşayevin yüzlərlə məqaləsi,
səksəndən çox kitabı, kərpic-kərpic
yeddicildliyə sığmayan yeddi cilddən ibarət
“Seçilmiş əsərləri” mövcuddur. Onun qələmə
aldığı bütün əsərlər həmişə
ədəbi, elmi sferanın diqqətini cəlb etmiş,
maraqla qarşılanmışdır. Bu da
təbiidir, çünki Qəzənfər müəllimin
müraciət etdiyi mövzular əsasən “xam torpaqlar” aləmindən
alınır, təkrarsız bir hadisəyə çevrilir.
Lakin bütün bunlara rəğmən, onun
yaradıcılığının Everest zirvəsi “Altı
il Dəclə-Fərat sahillərində” (1985) bədii-publisist,
elmi-memuar üslubunda qələmə aldığı,
qızların cehizinə, oğlanların qüdrət
daşına çevrilmiş əsəridir... Tayı-bərabəri
olmayan bu əsəri milyonlar oxudu. Bu əsər
Qəzənfər Paşayev
yaradıcılığının rəmzinə, pasportuna
döndü. Hələ
sağlığında qəlblərdə Qəzənfər
Paşayevin mənəvi heykəli ucaldı. Necə ki, Üzeyir Hacıbəylinin “Koroğlu”
uvertürası, Bülbülün “Sənsiz”i, Səməd
Vurğunun “Azərbaycan”ı, Tahir Salahovun “Qara Qarayev” portreti,
Səttar Bəhlulzadənin “Təbiət mənzərələri”,
Məmməd Arazın “Dünya sənin, dünya mənim”i,
Sabir Rustəmxanlının “Ömür kitabı” əsərləri
kimi.
Elmi fəaliyyətində İraqda yaşayan azərbaycanlıların
- İraq türkmanlarının ədəbi-mənəvi
yaradıcılığının tədqiqi və təbliği
xüsusi yer tutur. Q.Paşayevin elmi fəaliyyətinin zirvəsi
onun “İraq-türkman folkloru” adlı monumental əsəridir.
Ə.Bəndəroğlunun “Şah əsər”, professor
M.Naqibin “Abidə bir əsər” başlıqlı məqalələr
həsr etdikləri, müəllifin 20 illik
axtarışlarının məhsulu olan bu monoqrafiya
Bakıda, Bağdadda və İstanbulda nəşr edilmiş,
Azərbaycanda və xaricdə tədqiqatçıların
diqqət mərkəzində olmuşdur.
Professor Qəzənfər Paşayevin dilçi-alim
dialektoloq, ədəbiyyatşünas, folklorşünas,
etnoqraf, salnaməçi, publisist, tərcüməçi,
pedaqoq kimi zəngin yaradıcılığı ilə
çoxşaxəli fəaliyyətindən xaricdə və
ölkəmizdə görkəmli elm xadimləri dərin
ehtiramla bəhs ediblər. Məlumdur ki, hər hansı bir
xalqın tarixini, dilini, ədəbiyyatını,
bütövlükdə mədəniyyətini “unikal sistem”,
tarixin yaddaşı və informasiya
daşıyıcısı olan mətnlər vasitəsilə
öyrənmək mümkündür...
Q.Paşayev elmə “öz mətnləri”-
özünün topladığı mətnlərlə gəlib
və tədqiqat obyektini böyük zəhmətlə
özü əldə edib. Mətnlərin
toplanması və nəşrə hazırlanması professorun
elmi fəaliyyətinin təməlində dayanır. Və
çoxşaxəli yaradıcılığının
böyük bir hissəsini təşkil edir: o hər biri ədəbiyyatşünaslığımızda
hadisəyə çevrilən 15 elmi əsərin müəllifi
olmaqla yanaşı, 21 çox dəyərli kitabın da tərtibçisidir...
“Altı il Dəclə-Fərat sahillərində”
kitabı filologiya elmləri namizədi Qəzənfər
Paşayevin altı illik müşahidə və tədqiqatının
nəticəsi olan bu kitab qədim mədəniyyətin
beşiyi İraq və iraqlıların dünəni, bu
günü, adət-ənənəsi, ictimai həyatı,
inkişafı haqqında geniş məlumat verir. Bir vaxtlar gözəl nəfəsli
müğənnimiz Nərminə Məmmədovanın
iraqlı Sinan Səidlə birgə oxuduğu
Evlərinin
önü yonca,
Yonca
qalxıb dam boyunca...
misralı məşhur Kərkük bayatısı
varlığımıza süzülərək bizə
çox mətləbləri açıqlayırdı. Bu həzin və məlahətli səsin qəlbimizdə
yaratdığı ilk təlatüm sonralar görkəmli tədqiqatçı-alim
Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat
sahillərində” kitabı ilə bir daha ruhumuzu dara çəkərək
bizi silkələdi. Ötən əsrin 80-ci illərində
Qəzənfər Paşayevin ən böyük tirajla (130
min) çap olunmuş “Altı il Dəclə-Fərat sahillərində”
adlı sanballı, elmi publisistik daha dəqiqi, bir səyahət
salnaməsi olan kitabı əllərdə gəzdi, dillər əzbərinə
çevrildi. Hamı bu əsərdən
danışırdı. Qapalı bir
mühitdə-sovet quruluşunun ağır diktələri və
rejimi altında yaşadığımız bir zamanda biz əslində
böyük dünyadan xəbərsiz idik. Məhz Qəzənfər Paşayevin bu
kitabının vasitəsilə bizə bəlli oldu ki, o qədər
də uzaq olmayan ölkədə, İraqda dilimizdə
danışan İraq türkmanları yaşayır. Biz ilk dəfə məhz professor Qəzənfər
Paşayevin bu kitabının vasitəsilə İraq ellərindən,
Kərkükdən xəbər tutduq.
Bizi təccübləndirən
təkcə bu xəbər deyildi, bizi heyrətləndirən bütün
buxovları, sədd və sərhədləri sözün
böyük qüdrəti ilə vurub dağıtmağı
bacaran Qəzənfər Paşayevin yazıçılıq
məharəti, vətəndaşlıq yanğısı,
milli təəssübkeşliyi və cəsarəti idi. O
zaman Qəzənfər Paşayev bizim üçün bir əfsanəvi
insana çevrilmişdi. O, İraq-Azərbaycan ədəbi əlaqələrində
bir elmi institutunun görəcəyi işi təkbaşına
yerinə yetirir. “Altı il Dəclə-Fərat
sahillərində” 1996-cı ildə Bağdadda ərəbcə
nəşr olunmuş və bu ölkədə böyük ədəbi
hadisəyə çevrilmişdi.
Müəllifin “İraq-türkmən folklorunun janrları”
kitabı da həm Bakıda, həm Bağdadda, həm də
İstanbulda nəşr edilib. “İraq-Türkmən
ləhcəsi” araşdırmasıda böyük rəğbətlə
qarşılanıb. Kərkükdə
yaşayıb-yaradan söz adamları haqqında professor Qəzənfər
Paşayevin müxtəlif yazılarını oxumuşuq.
Görkəmli alimimizin çap etdirdiyi “İraq-Kərkük
bayatıları”, “Kərkük mahnıları”, “İraq-Kərkük
atalar sözləri”, “Kərkük tapmacaları”, “Kərkük
folklor antologiyası”, “Nəsiminin İraq divanı” və s.
kitabları ədəbiyyatımızın zənginləşməsinin
bu yöndə böyük fədakarlıq, vətəndaşlıq
mövqeyinin göstəricisidir. Müəllif kitabın bir fəslin
belə adlandırmışdır: “İraq bizə iraq deyil”.
Burada onu qeyd edə bilərik ki, ümumən uzaqların
yaxın olmasını, o cümlədən İraqın bizə
iraq yox, daha da yaxın olmasını
arzulayan hər kəs dost xalqlarımız arasındakı ədəbi-mədəni
əlaqələrin inkişafına qüvvəsi
çatdığı qədər kömək göstərməlidir.
“Altı il Dəclə-Fərat sahillərində”
əsəri də məhz belə nəcib bir niyyətlə
oxuculara təqdim olunur.
Professor Qəzənfər Paşayevin “Nəsimi
haqqında araşdırmalar” adlı kitabı 2010-cu ildə
işıq üzü görmüşdür. Altı əsrdir
ki, qismətinə bol-bol kədər və sevinc payı
düşən Nəsiminin poeziyası ürəkləri fəth
edir. Bununla belə, şairin həyat və
yaradıçılığı ilə bağlı bir
çox məqamlar, xüsusən də onun qətli və
“dönüklüyü” ilə bağlı məsələlər
üzərində qara bir pərdə mövcud idi. Son vaxtlarda aparılmış tədqiqatlarda Nəsiminin
poetik irsi və müdhiş taleyi üzərinə yeni
işıq salınmış, bu sahədə bəzi irəliləyişə
nail olunmuşdur. Professor Qəzənfər
Paşayevin kitabında bu deyilənlərdən və elm aləmi
üçün maraqlı olan başqa məsələlərdən
söz açılır. Kitabda alimin
müxtəlif illərdə Nəsiminin həyat və
yaradıcılığına həsr etdiyi məqalələri
toplanmışdır. Əminik ki, əsər
kitabsevərlər və ədəbiyyatşünaslar tərəfindən
maraqla qarşılanacaq.
Professor Qəzənfər Paşayevin “Borcumuzdur bu
ehtiram” kitabı 2010-cu ildə nəşr olunmuşdur. Kitabda filologiya elmləri
doktoru, professor Qəzənfər
Paşayevin ünsiyyətdə olduğu, əksəriyyəti
ilə illər boyu dostluq etdiyi dünyasını dəyişmiş
dəyərli insanlar haqqında fikirləri, düşüncələri
yer alır. O insanlar ki, örnək olan əməlləri və
müdrik kəlamları ilə bizimlədir. “Borcumuzdur
bu ehtiram” xalq tərəfindən sevilən unudulmaz
insanların xatirəsinə bir töhfədir. Qəzənfər Paşayevin kitabı
ömrünü xalq, millət, elm, mədəniyyət və
dövlət yolunda fədakarlıqla həsr edib, bu
dünyadan ləyaqətlə köçənlərə həsr
olunub. Bu dəyərli kitabın bir məziyyəti
də ondadır ki, kitabın müəllifi bu dünyada qalib
gedənlər haqqında yazmağa mənəvi haqqı olan
insandır. Sözlərimizə Cabir Novruzun
fikri ilə aydınlıq gətirə bilərik.
Sağlığında
qiymət verin insanlara,
Sağlığında
yaxşılara yaxşı deyin.
Sağlığında
yaman deyin yamanlara.
Qəzənfər Paşayev həm
sağlığında, həm də yoxluğunda insanlara qiymət
verməyi bacaran biridir.
İstedadlı
şəxsiyyət Qəzənfər Paşayevin “Ədəbi
məktublar” kitabında yer alan məktublar
XX əsrin 80-ci illərindən başlamış
günümüzədək 35 illik dövrü əhatə
edir. Tədqiqatçının XX əsrin
60-80-ci illərdə xarici alim və ədəbiyyatçılara
ünvanladığı məktubları “Altı il Dəclə-Fərat
sahillərində” kitabında çap olunduğundan, onlar
“Ədəbi məktublar”a daxil edilmədi. Kitabda akademiklər
Bəkir Nəbiyev, İsa Həbibbəyli, AMEA-nın
müxbir üzvü Nizami Cəfərov, Xalq
yazıçısı Elçin, Xalq şairləri Nəriman
Həsənzadə, Sabir Rüstəmxanlı, professor Süphi
Saatçı, Nizaməddin Şəmsizadə, Vilayət
Quliyev, Cəlil Nağıyev, Yavuz Axundlu, İmamverdi
Əbilov, Əflatun Nemətzadə, Vaqif Yusifli, Ağaverdi
Paşayev, şair Məmməd İsmayıl və ingilis
yazıçısı Ceyms Oldricə, “Qardaşlıq” dərgisinə,
“Ədəbiyyat qəzeti”nə, şair Əli Rza Xələfliyə,
ədəbiyyatşünas İntiqam Qasımzadəyə,
yazıçı-alimlər Salatın Əhmədliyə, Pərvinə
və başqalarına ünvanlanmış maraqlı məktublardan
söhbət açılır.
Filologiya
elmləri doktoru, professor Qəzənfər Paşayevin
“Seçilmiş əsərləri”nin I cildinə müəllifin
“İraq-Türkman folkloru “ (Bakı,
“Yazıçı”, 1992, Bağdad, 1995) və “Altı il Dəclə-Fərat
sahillərində” (Bakı, 1985, təkrar nəşr) 1987;
Bağdad, 1996-ərəbcə) əsərləri daxil
edilmişdir.
Xalqın ən böyük milli sərvəti onun
folklorudur. Monoqrafiyası bayatıda, nağıl və dastanda əbədiləşən,
canlı yaddaşa çevrilən, hər kəsin soyunu, əslini,
zatını unutmağa qoymayan, şüurda,
düşüncədə, mənəviyyatda xalqın
bütövlüyünü təmin edən folklordur. Bu baxımdan, müəyyən içtimai-siyasi səbəblər
üzündən soykökündən ayrı düşmüş,
iraqın şimalında, əsasən, Kərkük vilayətində
toplu halda yaşayan, Azərbaycanca danışan elatın
folkloru xüsusi əhəmiyyət kəsb edir. Canlı bir dildə, elmi-kütləvi şəkildə
yazılmış bu əsərdə İraq-Türkman
folkloru, ilk dəfə olaraq sistemli monoqrafik təhlildən
keçirilir, onun epik, lirik, arxaik janr və növləri ətraflı
tədqiq olunur, əhəmiyyətli, səciyyəvi
xüsusiyyətlər üzə çıxarılır.
Qəzənfər
Paşayevin “Seçilmiş əsərləri”nin
II cildinə “Dilimiz-varlığımız” (Bakı, 2011), “Kərkük
dialektlərinin fonetikası” (Bakı, 2003) monoqrafiyaları, mətnlər
İraq-türkman ləhcəsi üçün səciyyəvi
olan sözlərin lüğəti və ədəbi əlaqələrimizdən
bəhs edən “Könüldən könülə yollar
görünür” başlıqlı məqalələr
toplusu daxil edilmişdir. Folklorçu, ədəbiyyatşünas,
tərcüməçi və publisist kimi tanınan professor Qəzənfər
Paşayev eyni zamanda dəyərli dilçi alimdir. Tədqiqatçının
bu əsərində yer alan “Kitabi Dədə Qorqud”,
“İraq-türkman tarixinə və dialektinə bir
baxış”, “Qürur duyduğum tarixi şəxsiyyətlər”
bölməsini və ayrı-ayrı məqalələri həyacansız
oxumaq olmur. Şirin və axıcı dildə
yazılan, intellekt məhsulu olan “Türkologiya elmimizin
iftixarı”, “Çoxşaxəli yaradıcılıq yolu” “Gələcək
nəsillərə yadigar” kimi səmimi yazılar oxucular tərəfindən
daima maraqla qarşılanmışdır.
Professor Qəzənfər
Paşayevin “Seçilmiş əsərləri”nin
III cildinə alimin “İraq-türkman folklorunun janrları
(İstanbul, 1998; Bakı, 2003; Tehran 2008) monoqrafiyası və
“Borcumuzdur bu ehtiram” (Bakı 2010) əsəri daxil
edilmişdir. 1-ci əsərdə
İraq-türkman folkloru ilk dəfə olaraq elmi-nəzəri
cəhətdən araşdırılaraq elm aləminə təqdim
edilmişdir. “Borcumuzdur bu ehtiram” əsərində
isə dünyasını dəyişmiş, lakin qəlblərdə
yaşayan tanınmış və xalq qarşısında əlahiddə
xidmətləri olan görkəmli şəxsiyyətlərdən
bəhs edilir.
Professor Qəzənfər
Paşayevin “Seçilmiş əsərləri”nin IV cildinə
“Nəsimi haqqında araşdırmalar” monoqrafiyası və
“Ədəbiyyatşünaslıq elmimizin patriarxı” əsəri,
eləcə də nümunə məktəbinə çevrilən
görkəmli şəxsiyyətlərə, ədəbi əlaqələrə,
mədəniyyətimiz yolunda əzmlə çalışan
insanlara, ədəbiyyatımızı yaradan və yaşadan
qələm sahiblərinə İraqda yaşayan və azərbaycanca
danışan kərküklülərə və s. həsr
olunmuş məqalələr daxil edilmişdir. Müəllifin
“Sevərək yaşayanlar” başlığı altında təqdim
etdiyi bölmdə elm, sənət, ədəbiyyat fədailərindən,
başqa bölmələrdə isə ədəbi-elmi əlaqələrdən,
Kərkük dünyasından, ürəkdən gələni
deməsən olmur, sazlı-sözlü dünyamızdan və
s. bəhs edilir.
Qəzənfər
Paşayevin İraq türkmanları ilə əlaqəli
çap etdirdiyi qiymətli folklor kitabları, Oğuz
kökündən və soyundan olan azərbaycanlılara
İraq türkmanlarının nə qədər bir-birilərinə
dil və folklor baxımından bağlı
olduqlarını-yüzillər boyunca zamanın
qopartdığı qanlı və dumanlı qasırğalara
baxmayaraq, yenə də dədə misrasına, Dədə
Qorquda, əzabkeş Nəsimiyə Kərbalanın müqəddəs
torpağında uyuyan böyük Füzuliyə olan
bağlılıqlarını göstərmək
üçün ölümsüz bir tarixdir.
Kərküklü İrmağın doğru olaraq qeyd
etdiyi kimi, “Vətən torpağı kiçilib-genişlənə
bilər, sərhədləri tükənə bilər, hətta
şan və şərəfi tapdalana bilər. Dini dəyişdirilə
bilər, tarixi təhrif edilə bilər. Lakin
dil folklor adlandırılan iki varlıq vardır ki, həyat
yaşadıqca yaşayır, xalqın keçmişi
haqqında təkzibolunmaz tarixi sənədə çevrilir”.
Qəzənfər Paşayevin Azərbaycan aşıq sənəti
və aşıq yaradıcılığına həsr etdiyi
məqalələri və tərtib etdiyi kitabları da
ictimaiyyətin rəğbətini qazanmışdır. Xüsusən
də “Qoca Azaflıyam” kitabı nəinki təkcə ölkəmizdə,
eləcə də İranda və Türkiyədə geniş
şöhrət qazanmışdır. Q.Paşayev
ayrıca olaraq maddi-mədəniyyət abidələrini
yaşadan bir adamdır. O, sadəcə Kərkük
folklorunu tədqiq etməklə kifayətlənməmiş,
silinməyə üz tutan bu abidələri toplayaraq
yaşatmağa və əzmli və qərarlı
davranmışdır. Bakının folklor qoxuyan İçərişəhərində
əski bir ev təmir etdirərək onu
“İraq-Türkman ocağı” adı altında muzeyə
çevirmişdir. İçinə də bu qədər
İraq türkləri haqqında İraqda, Türkiyədə
və Azərbaycanda yayınlanmış bütün kitab və
dərgiləri şüşəli vitrinlərdə sərgiləmişdir
Filologiya
elmləri doktoru, professor Qəzənfər
Paşayev elmi maraq dairəsi çox geniş olan
tanınmış Azərbaycan alimlərindəndir. Onun yaradıcılığına işıq salan
mütəxəssislərin yazısından görərik ki,
Qəzənfər müəllimin 40-a yaxın kitabı
(monoqrafiyaları, tərtibləri tərcümə əsərləri),
çoxsaylı elmi və publisistik məqalələri, rəyləri
vardır. Onu xarici ölkələrdə
ingilis, rus, türk və ərəb dillərində də
xeyli kitab və məqaləsi nəşr olunmuşdur.
Bütün bunlar onu deməyə əsas verir ki, professor Qəzənfər
Paşayev öz alim ömrünün bu ahıl
çağında da xalqımız, ədəbiyyatımız
və elmimiz üçün gənclik həvəsi ilə
çalışmaqda, bir-birindən maraqlı olan yeni əsərlər
yazıb yaratmaqdadır.
Qəzənfər Paşayev zamanın ağır
ruzigarlarının, tufan və qasırğalarının
yaddaşlardan qoparıb apara bilmədiyi, əsrlərin və
nəsillərin əmanət kimi yaşatdığı,
sirli-soraqlı folklor xəzinəsinə baş vurduqca qəlbində
bir ilham çağlayır. O, yeni güc və qüdrətlə
qanadlanır...
Professor Qəzənfər Paşayevin çoxşaxəli
fəaliyyətində xeyriyyəçilik, mesenatlıq həmişə
razılıq və minnətdarlıqla qarşılanır, təqdir
olunur. Çətinə-dara düşənin yanında
olmaq, yıxılanı qaldırmaq istəyi onun təbiətində,
fitrətindədir. O, əsl xalq adamı, xalqın
ürəyindən qopan, xalqla nəfəs alan
ziyalıdır. Onun çoxlarına örnək
olan mənalı həyatı, elmi, bədii
yaradıcılığı ayrı-ayrı publisistik və bədii
əsərlərin mövzusuna çevrilmişdir.
Oxucular tərəfindən maraqla qarşılanan “Bu sevda
ölüncədir”, “İraq bizə iraq deyil” kitabları və
görkəmli şair H.Kürdoğlunun ona həsr etdiyi
“Tovuzum mənim, Oğuzum mənim” poeması bu qəbildəndir.
Professor Qəzənfər Paşayev fenomeni elmi və ədəbi
ictimaiyyət, eləcə də oxucular arasında mötəbər
nüfuz rəmzinə çevrilmişdir. O, klassik və müasir ədəbiyyatımızı,
incəsənətimizi geniş arenada - dünyada təmsil edən
söz-sənət adamları haqqında həmişə
qürur duyğusu ilə söz açır. Müxtəlif
dillərdə çap olunan məqalələrində Azərbaycan
elmini ləyaqətlə təmsil edir.
Aynur TURAN
Azad Azərbaycan.-
2020.- 3 sentyabr.- S.8.