Qorbaçovun üzərində
əbədilik qalacaq ləkə:
SSRİ-nin sonunu gətirən “Aşkarlıq”
və “Yenidənqurma
20 Yanvar
dedikdə, hər kəsin yadına o düşür. Təbii
ki, mənfi planda. SSRİ-nin ilk və son prezidenti, 1990-cı
yanvarın 20-də baş vermiş Bakı
qırğınının müəllifi Mixail Qorbaçov.
1990-cı
il yanvarın 20-də Bakıda törədilmiş faciəli
hadisələr haqqında Azərbaycan Respublikası Milli Məclisinin
Qərarında göstərilir ki,
“İşğalçılıq siyasəti ilə Azərbaycanın
suverenliyinə qəsd etmiş, xalq hərəkatını
boğmaq üçün bədnam kommunist ideologiyası
libasında köhnə imperiya iddialarını həyata
keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil
etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti
və hökuməti rəhbərliyinin, şəxsən
Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı
ağır cinayət törətdiyi qeyd olunsun”.
SSRİ-nin
son prezidenti erməni separatizminə dəstək vermək,
Bakıya qoşun yeridilməsi kimi qərarların müəllifi
kimi hər zaman mənfi planda xatırlanır. Yəqin ki, bu ləkə
onun üzərində əbədilik qalacaq. Yeri gəlmişkən,
Qorbaçevin alnındakı o ləkə uzun müddət Azərbaycanda
sovet dövlətinin başçısı haqqında ifadənin
simvolu olub.
Əslində,
pis başlamamışdı. 1985-ci ildə 54 yaşında
SSRİ-nin birinci şəxsi postuna gətirilən
Qorbaçov nəhəng imperiyada bir sıra dəyişikliklərə
imza atdı. Amma bu dəyişikliklər də SSRİ-nin
sonunu sürətləndirdi. SSRİ-yə “Aşkarlıq” və
“Yenidənqurma” kimi terminləri dövriyəyə buraxan yeni
lider Qərbdə böyük rəğbət
qazanmışdı.
Mixail
Qorbaçov 1931-ci il martın 2-də Şimali Qafqaz
diyarının (hazırkı Stavropol) Medvejensko rayonu, Privolnoe
kəndində doğulub. Atası rus, anası isə
urkaynalı olub. 1955-ci ildə Moskva Dövlət Universitetinin
hüquq, 1967-ci ildə isə Stavropol Kənd Təsərrüfatı
İnstitutunu aqronom-iqtisadçı ixtisası üzrə
bitirib.
1952-ci ildən
Kommunist Partiyasına üzv olub, müxtəlif komsomol və
partiya postlarını tutub. 1955-ci ildə universiteti bitirdikdən
sonra Stavropolda prokurorluğa təyinat alsa da, bu vəzifədə
cəmi 10 gün işləyib, daha sonra öz istəyi ilə
Stavropol Diyar Komsomol Komitəsində təbliğatçı
vəzifəsinə təyinat alıb.
Daha sonra
partiya vəzifə pillələrində irəliləyib.
1962-ci ildə partiya təşkilatçısı, 1970-ci ildə
isə diyar partiya təşkilatının sədri, bir il
sonra isə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin üzvü seçilib və 1991-ci ilə qədər
üzv, həm də rəhbər olaraq qalıb. 1979-1980-ci illərdə
Siyasi Büro üzvlüyünə namizəd, 1980-1990-cı
illərdə isə üzv olub.
Çernenkonun
ölümündən sonra – 1985-ci il martın 11-də Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
baş katibi seçilib. Eyni zamanda, SSRİ Ali Soveti Rəyasət
Heyətinin üzvü seçilib.
SSRİ-yə
faktiki olaraq son qoyduöu üçün Qərbdə
Qobaçov həm də demokrat kimi tanınır. Ancaq hakimiyyətdə
olduğu müddətdə təkpartiyalı sistemi
saxlayıb, eyni zamanda, xüsusən də ittifaq
respublikalarında baş verən etirazların, həmçinin,
Bakıda baş verən aksiyaların zorakılıqla
yatırılmasına göstəriş verdiyi
üçün bir çoxlarına görə Qorbaçov
sadəcə uğursuz islahatçı və şovinist idi.
SSRİ-yə sadiq siyasətçilər isə onu
satılmış siyasətçi adlandırır.
Bu
versiyanı sübut edən amillərdən biri də
Qorbaçovun irəli sürdüyü islahat
proqramlarının uğursuz olması, yaranmış nisbi
yumşalmanın doğurduğu tələblərin
zorakılıqla yatırılması idi. Faktiki olaraq
Qorbaçov qeyri-müəyyən, irəli sürdüyü
proqramların nəticəsini hesablaya bilməyən və ya
bildiyi halda, baş verənlərə şərait yaradan
avantürist idi.
Hakimiyyətə
gəldiyi ilk illərdə onun alkoqol əleyhinə
kampaniyası, rüşvətxorluq və yeyinti hallarına
qarşı başlatdığı həbslər rəğbət
doğururdu. Bir qədər sonra isə “aşkarlıq” və
“yenidənqurma” kampaniyaları başlandı, SSRİ-də
oğurluqla əldə olunan qazancların bir formada
leqallaşması prosesinə start verildi, kooperativ hərəkatı
başladı.
Ancaq
yaranmış vəziyyət tezliklə əks nəticə
verdi, əzaq qıtlığı baş verdi, həmçinin,
yaranmış nisbi yumşalma ilə paralel olaraq, əsasən,
ittifaq respublikalarında etirazlar, etnik münaqişələr
alovlandı. Və bu zaman Kreml proseslərə obyektiv və
lazımi reaksiyanı verə bilmədi.
Qərblə
mütəmadi danışıqlarda olan Qorbaçov Sovet
Ordusunu Şərqi Avropadan geri çəkdi, Almaniyanın
birləşməsinə şərait yaratdı, lakin daxildə
baş verən çağırışlara daha sərt
reaksiya verdi. Almatı, Tbilisi və nəhayət, Bakıda
etirazları yatırmaq üçün zorakılığa əl
atdı.
1990-cı
ildə Mixail Qorbaçov SSRİ-dən “qan tökmədən”
dəyişikliklərə nail olduğuna görə, Nobel
Sülh mükafatına layiq görülüb. Bir ildən sonra
1991-ci il dekabrın 25-də isə SSRİ rəsmən ləğv
olunduqdan sonra Qorbaçov işini itirir. Onun tərcümeyi-halında
titulları, tutduğu vəzifələrin, simvolik desək,
sayı-hesabı yoxdur. Ancaq onu indi nə ölkəsində –
Rusiyada, nə də SSRİ-nin digər respublikalarında
sevmirlər. Azərbaycanda hətta yeni nəsil belə onu nifrətlə
xatırlayır.
Bir
neçə il əvvəl Rusiyada keçirilən rəy
sorğusunda iştirakçıların yalnız 10 faizi
Qorbaçovu “hörmətlə”
xatırladığını deyib. Yerdə qalanlar ya
etinasız olub, ya da nifrətlə yad edib.
Qorbaçov
isə yaşayır və elədiklərindən məmnundur.
Dünyada ən bahalı seminar demiş şəxs kimi tarixə
düşüb, öz adına fond yaradıb, 90-cı illərdə
qəzet təsis edib və Qərbdə hələ də
populyarlığını qoruyub-saxlayır. Hələ
Stavrapolda işləyərkən rüşvətxorluğa
görə məşhurlaşmış SSRİ-nin ilk və
son prezidenti verdiyi geniş müsahibələrdə
özünü və fəaliyyət dövründə
verdiyi qərarları təmizə çıxarmağa
çalışır.
Özünün
yazdığı “Həyat və
islahatlar” kitabında 20 Yanvar hadisələrinə toxunan
Qorbaçov Bakıda baş verən hadisələrə bəraət
qazandıraraq hadisələrin bu şəkildə baş verməsinin
əsas günahının Dağlıq Qarabağ ətrafında
kəskinləşən erməni-azərbaycanlı
qarşıdurması olduğunu qeyd edib.
SSRİ-nin
son prezidenti yazır ki, Bakıda baş verənlər
“çox qan axıdılmasının qarşısını
almaq üçün” olub. Eyni zamanda, etiraf edib ki, 20 Yanvar
hadisələrindən dərs götürüb. Ancaq indi
artıq çox gecdir. Həm onun, həm də bizim
üçün. /oxu.az/
Azad Azərbaycan.- 2020.- 23 yanvar.-
S.6.