Diaspor hərəkatı
məntiqi davamlılıqla genişlənməkdədir
Azərbaycan diasporunun
uğurlu fəaliyyəti təsədüfi deyil, ciddi və mədsədyönlü
siyasətin nəticəsidir
Diasporla
İş üzrə Dövlət Komitəsinə yeni sədr
təyin olunandan sonra qurumun fəaliyyətində bir
canlanma müşahidə olunmaqdadır. Elə komitə sədri Fuad Muradov da
DİDK-nın yaranmasının 16 illiyi münasibətilə
keçirilən tədbirdə buna diqqət çəkərək,
iki ay yarım ərzində komitənin xeyli iş
gördüyünü vurğulamışdı.
Komitə sədri kimi Avropa
ölkələrinə səfər edən Fuad
Muradovun keçirdiyi görüşlərdə
xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq
ideyaları ətrafında birləşmək
imkanlarından, Dağlıq Qarabağ münaqişəsi
və Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında
diaspor təşkilatlarının rolundan
danışılıb. Bir neçə
gün əvvəl F.Muradov Avropaya səfəri çərçivəsində
Almaniyanın qərb bölgələrində
yaşayan azərbaycanlılar və buradakı diaspor
təşkilatlarının rəhbərləri,
eləcə də ölkənin qərb bölgələrində
təhsil alan azərbaycanlı gənclərlə
görüşüb. Diasporla İş
üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən
"Ekspress"ə daxil olan məlumata görə,
komitə sədri onların qayğıları ilə
maraqlanıb, soydaşlarımızın təklif
və ideyaları ətrafında maraqlı müzakirə
aparılıb. Diqqət mərkəzində
olan məsələlərdən biri bu ölkədə
yaşayan ailələrin uşaqları
üçün Azərbaycan dili məktəblərinin
açılması olub.
Tədbirdə Komitənin yeni
yazılmış himni səsləndirilib, yeni loqo, ilk
dəfə yaradılan infoqrafik diaspor xəritəsi
və qurumun yenilənmiş saytı barədə məlumat
verilib.
Səfər çərçivəsində
mühüm görüşlərdən biri də
Almaniyanın Köln şəhərində yaşayan
azərbaycanlı iş adamları ilə keçirilib.
Toplantıda Almaniyadakı
azərbaycanlı iş adamlarının fəaliyyəti,
"Made in Azerbaycan" brendinin tanıdılması,
iş adamlarının ölkəmizdə biznes
maraqlarının artırılması ilə
bağlı fikir mübadiləsi aparılıb,
onların təklifləri dinlənilib. Almaniya
azərbaycanlılarının Koordinasiya
Şurasının yaradılması və biznes forumun
keçirilməsi təklifləri maraqla
qarşılanıb. İş adamları yeni biznes
platformasının və resurs mərkəzinin
yaradılmasını təklif ediblər. Muradov yeni təşəbbüslərin
olmasının, sosial-mədəni layihələrin həyata
keçirilməsinin əhəmiyyətini
vurğulayaraq, görüş
iştirakçılarını əmin edib ki,
onların təşəbbüsləri,
təklifləri qiymətləndiriləcək, bundan
sonra heç bir diaspor təşkilatı və heç
bir insan diqqətdən kənarda qalmayacaq, gənclərin
diaspor fəaliyyətinə cəlb olunması
üçün mümkün addımlar atılacaq.
Komitə sədri diaspor hərəkatının
keyfiyyətcə yeni mərhələyə-lobbiçilik
fəaliyyətinə keçməsinin gerçəkləşdirilməsi
yolunda da mühüm planların olduğundan bəhs
edib.
Yeri gəlmişkən,
Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradovun başçılıq etdiyi
nümayəndə heyəti Rumıniyaya səfəri
zamanı da bir sıra görüşlər
keçirib. Səfər zamanı nümayəndə
heyətinin üzvləri Rumıniyadakı
diplomatlarımızla birlikdə Buxarestdə yerləşən
Tei Parkındakı Heydər Əliyev xiyabanında ulu
öndər Heydər Əliyevin büstü önünə
gül dəstələri qoyublar.
Sonra Fuad Muradov xaricdə yaşayan
rumınlarla iş üzrə nazir xanım Natalya-Elena
İntotero ilə görüşüb.
Görüşdə iki ölkə diasporlarının
birgə əməkdaşlığını və təcrübə
mübadiləsini əks etdirən memorandum
imzalanıb (AZƏRTAC). Rumıniyalı
nazir rəhbərlik etdiyi qurumun iş istiqamətləri,
xaricdə yaşayan rumın diasporu ilə əlaqələrin
qurulması, "Diaspor start-up" layihəsi barədə
məlumat verib. Eyni zamanda, nazir xaricdə
rumın dilinin öyrədilməsi, təhsil layihələri
barədə danışıb. Bildirib ki, Rumıniya və
Azərbaycan strateji tərəfdaşlardır və iki
ölkə arasında imzalanan bu memorandum buna
sübutdur.
Fuad Muradov Rumıniyanın Azərbaycanın
müstəqilliyini tanıyan ilk ölkələrdən
biri olduğu barədə bildirib. O, Azərbaycan
diasporunun yaşayış xəritəsi, fəaliyyəti,
gələcəkdə nəzərdə tutulan layihələr
barədə məlumat verib. Bildirib ki,
Rumıniya ilə imzalanan memorandum iki ölkə
diasporlarının yaxınlaşması, birgə fəaliyyət
göstərməsi, layihələrin yerinə
yetirilməsi, bir-birinin təcrübəsindən
bəhrələnməsi istiqamətində
mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın
Prezident İlham Əliyevin rəhbərliyi altında
sürətlə inkişaf etməsi, yüksək nəticələr
əldə etməsi, ümummilli lider Heydər
Əliyevin diaspor quruculuğuna verdiyi töhfə
nazirin diqqətinə çatdırılıb. Sədr Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi barədə
danışaraq, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinin diqqətinə
çatdırılmasında Azərbaycan
diasporunun rolunu qeyd edib.
Sonra Fuad Muradov dini məsələlər
üzrə dövlət katibi Viktor Opaski ilə
görüşüb. Görüşdə
Rumıniyanın müsəlman icmasının ali
müftisi Yusuf Murad da iştirak edib. Görüşün
iki ölkə arasında müvafiq sahədə fikir
mübadiləsi aparılması üçün əhəmiyyətli
olduğunu və Azərbaycanın bu sahədə
mövcud təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə
çatdıran Opaski Azərbaycanda mədəni
müxtəliflik, tolerantlıq və multikulturalizm
kimi məsələlər üzrə fəal iş
aparıldığını qeyd edib.
Ölkəsindəki dövlət-din münasibətlərindən
danışan O bildirib ki, Rumıniyada dövlət tərəfindən
dini icmalara və din xadimlərinə maaş verilir,
bu sahədəki qanunvericilik bütün dini
konfessiya mənsublarının etiqad
azadlığının təmin olunmasına şərait
yaradır. Hazırda Rumıniyada 18 dini
icmanın dövlət qeydiyyatına
alındığını, bunlardan 16-sının xristian,
1-nin yəhudi, 1-nin isə müsəlman icması
olduğunu vurğulayan V.Opaski dini icmalar
arasında qarşılıqlı hörmət və
tolerant münasibətlərin olduğunu bildirib.
Dövlət katibi Münxendə, o cümlədən
Madriddə inşa edilən və inşa ediləcək
kilsələr barədə məlumat verib. O,
Rumıniyada müsəlman icmasının fəaliyyəti,
gördüyü işlər barədə ətraflı
danışıb. Həmçinin Azərbaycanla əlaqələrindən,
Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlığından
bəhs edib.
Fuad Muradov Azərbaycan
icmalarının yaşadıqları ölkələrin
cəmiyyətlərinə inteqrasiya olunmalarına,
bu dövlətlərin ictimai-siyasi, iqtisadi və mədəni
həyatında fəal iştirakına xüsusi
önəm verildiyini diqqətə çatdırıb.
O bildirib ki, Rumıniyanın Dini Məsələlər
üzrə Dövlət Katibliyinin bu istiqamətdə
160 illik təcrübəsi böyük maraq kəsb edir və
bu qurumla komitənin əməkdaşlığının
gələcəkdə də davam edərək yeni
müstəviyə çatdırılmasını
arzulayır.
Sonra Xaricdə Yaşayan
Rumınlarla İş Komissiyasının sədri
senator Viorel Riçard Badea, Rumıniyanın Baş
naziri Viorika Dançilanın iş aparatında
dövlət müşaviri Andreea Pastarnak və
Baş nazirin strateji tərəfdaşlıqların tətbiqi
üzrə müavini Ana Birçal ilə
görüşlər keçirilib. Görüşlərdə
iki ölkə diasporları arasında əməkdaşlığın
istiqamətləri müzakirə olunub. Bildirilib
ki, Rumıniya diasporunun təcrübəsi öyrənilməlidir,
xüsusilə diasporun maliyyələşdirilməsi
və xaricdə rumın diasporu ilə bağlı
qanunun tətbiq edilməsi təcrübəsi Azərbaycan
tərəfi üçün maraqlıdır.
Baş nazirin strateji tərəfdaşlıqların
tətbiqi üzrə müavini Ana Birçal tərəflər
arasında 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığın
yaradılması haqda Birgə Bəyannamə
və Strateji tərəfdaşlığın həyata
keçirilməsi üzrə Birgə Fəaliyyət
Planının vacibliyinə toxunub, iqtisadi əlaqələrin,
qarşılıqlı sərmayə
qoyuluşlarının genişləndirilməsinin
önəmini qeyd edib. Rumıniya ilə Azərbaycan
arasında ikitərəfli əlaqələrin səviyyəsindən
duyulan məmnunluğu ifadə edən A.Birçal bu
ilin martında ölkəmizə səfərini
xatırladıb, ölkələrimiz
arasında iqtisadi, mədəni, elm və təhsil əlaqələrinin
dərinləşdiyini, nəqliyyat və enerji layihələrini
həyata keçirmək üçün böyük imkanların
mövcud olduğunu qeyd edib. O əlavə
edib ki, Rumıniya Azərbaycan ilə Aİ
arasındakı dialoqun inkişafından və yeni
müqavilə üzrə danışıqlarda irəliləyişin
müşahidə olunmasından məmnunluq hissi
keçirir və bu danışıqların uğurla
yekunlaşdırılması üçün səylərini
əsirgəməyəcək.
Sonra Dövlət Komitəsinin
sədri Azərbaycanın Rumıniyadakı səfirliyində
Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət
Assosiasiyasının üzvləri, Rumıniyada
yaşayan azərbaycanlılar ilə görüş
keçirib. Görüşdə sədr həmvətənlərimizin
qayğıları ilə maraqlanıb,
soydaşlarımızın təklif və ideyaları
ətrafında maraqlı müzakirələr
aparılıb. O, diaspor hərəkatının
keyfiyyətcə yeni mərhələyə keçməsinin
gerçəkləşdirilməsi yolu və istiqamətləri
barədə məlumat verib. Azərbaycanlıların
yaşadıqları ölkələrdə cəmiyyətə
inteqrasiya problemləri, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə
təbliğatın genişləndirilməsi barədə
danışıb. Xüsusilə azərbaycanlılar
arasında əlaqələndirmənin gücləndirməsinin
mühüm olduğunu vurğulayan sədr gələcəkdə
bu istiqamətdə daha qəti addımlar
atılacağına inamını bildirib.
Yeri gəlmişkən, Buxarestdə
Rumıniya Azərbaycanlıları Birliyinin təsis
edilməsi ilə bağlı tədbir keçirilib. AZƏRTAC bildirir ki, Azərbaycanın və
Rumıniyanın dövlət himnləri səsləndirildikdən
sonra yeni təşkilatın sədri Vaqif Həsənov
bildirib ki, bu qurumun təsis edildiyi 2018-ci il hər
iki ölkənin tarixində əlamətdar bir ilə təsadüf
edir. Avropa və Asiyanın kəsişməsində
yerləşən, Cənubi Qafqaz regionunun ən
böyük ölkəsi olan Azərbaycan müsəlman
Şərqində ilk demokratik, parlamentli
respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 100 illiyini qeyd edir.
Rumıniyada isə Böyük Birliyin
yaradılmasından 100 il ötür.
Sonra Azərbaycan və Rumıniya
arasında diplomatik münasibətlərin tarixi ilə
bağlı qısa film nümayiş olunub.
V.Həsənov bildirib ki, təşkilatın
yaradılmasında məqsəd Rumıniyada
yaşayan həmvətənlərimizi, o cümlədən
Azərbaycanın bu ölkədəki dostlarını bir araya gətirmək və hər
iki ölkə arasında müxtəlif sahələrdə
münasibətlərin daha da gücləndirilməsinə
töhfə verməkdir. Birlik
Rumıniyanın dövlət və hökumət
orqanları ilə, müxtəlif təşkilat və
icmalarla qarşılıqlı faydalı əməkdaşlıq
qurmaq niyyətindədir.
Birliyin digər həmtəsisçiləri
Robert Burlaku və Mihnea Alik çıxış edərək
onun məqsədləri, həyata keçirəcəyi
layihələr barədə məlumat veriblər.
Rumıniya-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbərinin
müavini, Rumıniya Deputatlar Palatasının
deputatı Dinu Sokotar çıxışında təşkilatın
Azərbaycan və Rumıniya
arasında əlaqələrin daha da irəli
aparmasına töhfə verəcəyini söyləyib,
bu istiqamətdə həyata keçirilən layihələri
dəstəklədiyini vurğulayıb.
Rumıniyadakı SOCAR
Petroleum SA şirkətinin baş direktoru Həmzə
Kərimov belə bir təşkilatın
yaradılmasını əlamətdar hadisə
adlandırıb, ona fəaliyyətində
uğurlar arzulayıb. O, yeni təşkilatın
Rumıniyada yaşayan soydaşlarımız
arasında həmrəyliyin gücləndirilməsində
önəmli rol oynayacağını bildirib.
Rumın-Amerikan
Universitetinin professoru, universitet Senatının
nümayəndəsi Florin Bonçiu, Ploieşti Neft-Qaz
Universitetinin prorektoru, professor Mihai Minesku
çıxışlarında təmsil
etdikləri ali təhsil ocaqları ilə təşkilat
arasında elm və təhsil sahəsində əməkdaşlıqda
maraqlı olduqlarını vurğulayıblar.
Rumıniya-Azərbaycan
Dostluq Cəmiyyətinin sədri, professor Dumitru Balan rəhbərlik
etdiyi qurumun ölkələrimiz arasında
münasibətlərin inkişafı istiqamətindəki
fəaliyyəti və həyata keçirilən layihələr
barədə məlumat verib.
Rumıniya Müsəlman Türk
Tatarları Demokratik Birliyinin sədri Məfkurə
Qafar da təmsil etdiyi təşkilat barədə
danışıb.
Tədbirdə bu ölkədə
təhsil alan və yaşayan azərbaycanlılarla
yanaşı, Azərbaycanın Rumıniyadakı səfirliyinin
əməkdaşları, Rumıniya dövlət və
hökümət nümayəndələri,
parlamentin deputatları, bu ölkədə fəaliyyət
göstərən bir sıra aparıcı şirkətlərin
rəhbərləri, iş adamları, enerji məsələləri
üzrə mütəxəssislər,
ali təhsil ocaqlarının professor və müəllim
heyətləri, rumın tələbələr,
Rumıniyadakı türk və tatar icmalarının
nümayəndələri iştirak ediblər.
Qədimov, Cavanşir.
Azad Azərbaycan.-
2019.- 19 dekabr.- S.5