“Naxçıvanım
– göz nurum”
Odlar
yurdu Azərbaycanımızın qədim və ayrılmaz bir
hissəsi olan Naxçıvanı “Şərqin
qapısı” adlandırırlar. Mövcudluğu
dövründən bu
diyar dünya sivilizasiyasının aparıcı
mərkəzlərindən biri olmuş, bəşər mədəniyyətinin,
həmçinin qədim
Şərqin mədəni
ocaqları sırasında
durmuşdur. Tarixin səhifələrini vərəqlədikcə
görürük ki, Naxçıvanda dünya
şöhrətli siyasətçilər,
elm, incəsənət,
mədəniyyət və
ədəbiyyat dühaları
yetirmiş və yetirməkdədir.
Bu qədim
və bərəkətli
torpağın qoynunda
möhtəşəm bir
Çinar ağacı
kök atır. Bu Çinarın göylərə
ucalan budaqlarında bəşəri dəyərləri
açıb dünyaya
bəyan edən, elmi-əxlaqi təsəvvürün
şahı sayılan
Nəsirəddin Tusi kimi elm xadimi,
Azərbaycan tarixinin böyük bir hissəsini əks etdirən Məmməd Səid nəsri, Tanrısı gözəllik və sevgi olan Hüseyn
Cavid poeziyası, qaranlıqlar içində
zillət çəkən
xalqını “Molla Nəsrəddin” adı ilə güldürən və gülə-gülə
də düşündürən
Mirzə Cəlil satirası yaşayır. Bu Çinarın İslam Səfərli, Məmməd
Araz, Adil Babayev, Hüseyn İbrahimov, Hüseyn Razi, Əliyar Yusifli kimi pöhrələri
XX əsrin ikinci yarısından sonra əzəmətli budaqlara
dönmüşlər. İllər
ötdükcə bu ədəbi-bədii Çinarın
yeni pöhrələri
boy atır, sərt sınaqlardan keçərək
bərkiyir, özünə
layiq yerlər tutur. Yaradıcılıqları ilə Azərbaycan
ədəbiyyatını zənginləşdirən
Kəmalə Ağayeva,
Elmira Qasımova, Güllü Məmmədova,
Elman Həbib, Vaqif Məmmədov, Asim Yadigar, Muxtar
Qasımzadə, Xanəli
Kərimli, Hüseyn Əsgərov, Qatar Qərib, Elxan Yurdoğlu, Nərgiz İsmayılova... Naxçıvan
torpağında yaşayıb-yaratmaqla
doğma torpağa məhəbbətlərini öz
əsərlərində tərənnüm
etmişlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya
Birliyində 73 şairin
102 adda şeirləri,
9 müəllifin poemaları,
bir povestindən ibarət “Naxçıvanım
– göz nurum” adlı almanaxı çap edilərək oxuculara təqdim olunmuşdur. Kitab Xalq şairi Məmməd Arazın “Qızlar bulağı” şeiri ilə açılır. Hər
misrası ilə qəlbimizi ovsunlayan sevimli şairimiz Məmməd Araz öz poeziyasında doğulduğu Naxçıvan
torpağını ürəyinin
bir parçası bilir. “Bu yerlər,
o yerlər” şeirində
deyir:
Budur, uşaqlığım
keçən o yerlər,
Çadırdaş ətəyi, Nursu bulağı.
Burda böyümüşəm,
belə deyirlər,
İnana bilmirəm,
bilmirəm axı.
Batabatın qəlb ovsunlayan
gözəlliyi, Xalxal
meşəsinin füsunkarlığı,
Arpaçayın axarı,
Duzdağın süfrələr
bəzəyən neməti,
Əlincənin əzəməti,
Bəhruz Kəngərli
kimi sənətkarlar,
Koroğlu, Babəktək
oğullar, xumargözlü
qızlar İslam Səfərlinin şeirlərində bədiiləşmiş,
bunların bir çoxuna mahnılar bəstələnmişdir. Bu
ənənəyə sadiq
qalmış nəğməkar
şairin “Batabat bulağı” və “Xalxal meşəsi” şeirləri almanaxda yer almışdır:
Demirəm, uca bir dağ belindəsən,
“Aran meşəsi”sən el
dilində sən,
“Naxçıvan çayı”nın sahilində sən,
Boy at, qoy İslamın gülsün nəğməsi,
A Xalxal meşəsi,
Xalxal meşəsi.
Muxtar respublikanın
elə guşəsi yoxdur ki, Hüseyn
Razi şeirlərində
tərənnüm olunmasın. “Əlincə
qalası”, “Ordubada gəlin”, “Duz dağı”, “Salvartı”,
“Batabat”, “Naxçıvandadır”
və digər şeirlərində şair
muxtar respublikanın gözəlliklərini poetik
dillə qələmə
almışdır.
Əsərləri sevilə-sevilə oxunan Əliyar Yusiflinin “Naxçıvanam” və “Əlincə qalası” şeirləri də almanaxda yer almışdır. Şair
müqəddəs və
məğrur yerlərlə
oxucusunu tanış
edir, bu şeirlərdə doğma
diyara məhəbbəti
daha poetik, daha doğmadır:
Araz üstə dayanmısan mayak tək,
Gen sinənə yaraşıqdır
gül-çiçək.
Minarələr buluddan nəm çəkəcək,
Ana yurdum vüqarımsan, Naxçıvan,
Abidələr diyarısan, Naxçıvan!
Naxçıvan torpağının Məhsətisi
şairə Kəmalə
Ağayevanın “Doğma
Naxçıvanım” və
“Quran əllər var olsun” şeirlərində
doğma el-obaya məhəbbət hissləri
ümumiləşmişdir.
Elman Həbibin yaradıcılığında
Naxçıvan mövzusu
bir neçə bəndlik şeirdən başlamış və “Naxçıvannamə” adlı
bütöv bir kitaba dönmüşdür. Ümumiyyətlə, Elman Həbib yaradıcılığında
muxtar respublikamızın
dünəni, bu günü, sabahı şair istedadına xas olan səviyyədə
tərənnüm olunmuşdur.
Şair-publisist Vaqif Məmmədov da qədim diyara olan məhəbbətini özünəməxsus tərzdə
ifadə etmişdir. Muxtar respublikamızın
alınmaz qalası hesab edilən Sədərək haqqında
bir çox şeirlər yazan Vaqif Məmmədovun “Naxçıvan nəğməsi”
şeiri daha poetikdir. Yaşı beş minə
çatan Naxçıvanın
Əshabi-Kəhfi möcüzə,
Şəruru hünər
meydanı, Ordubadı
yaşıl ada, Zorbulağı zor axandı, şairin Batabat – cənnət bağı, Sədərək
qeyrət qalası kimi tərənnüm olunan şeirində gözlərimiz önündə
canlı tablo yaradılmışdır.
Araz üstə qərar tutan, yaşı əsrlərlə ölçülən
doğma Naxçıvanımızın
müstəqillik yaşı
çox olmasa da, yüksək tərəqqi
ilə inkişaf etməsi, tarixin yaddaşında əbədi
həkk olunan yeni abidələrin tikilməsi qələm sahiblərinin qəlblərini
riqqətə gətirir
və bir-birindən gözəl əsərlər
yaranır.
Ulu öndər Heydər Əliyevin: “Naxçıvan
Azərbaycan xalqının
tarixini əks etdirən abidələri özündə yaşadan
bir diyardır” müdrik fikrini yaradıcılığına epiqraf
seçən şair-publisist
Muxtar Qasımzadə
“Gəmiqaya”, “Oğlan
qala, qız qala”, “Əlincə”, “Fərhad evi”, “Gülüstan”, “Qarabağlar
türbəsi” kimi şeirlərində qızıldan
qiymətli örnəklərimizə
tariximizin canlı şahidləri kimi poeziya qiyafəsində bir daha ömür
qazandırmışdır. Kitabdakı “Könül dostu Naxçıvanım”
şeirində də şair öz ənənəsini davam etdirir:
Qürur
duydum Əcəmindən,
müdrik öndər
Əlisoydan,
Dədəm Qorqud dastanından
məhəbbətlə dolu
boydan,
Əlincədən, Arpaçaydan, Qazan
göldən, Ulu çaydan,
Atabəyim, Hinduşahım, dahi
Tusim-kəhkəşanım,
Ata yurdum, ana yurdum,
könül dostum Naxçıvan!
Tanınmış şair-publisist Asim Yadigarın yaradıcılığında
Azərbaycanımızın qədim və ayrılmaz parçası
olan Naxçıvan diyarı bütün gözəllikləri ilə
tərənnüm olunmuşdur. “Naxçıvanım
– göz nurum”, “Azərbaycan tarix yazır”, “Gəncləşən
Naxçıvanım” adlı
şeirlərində şair
öz sevgi və məhəbbətini
doğma elinə bəyan edir:
Naxçıvan – göz nurum, bəxtiyarlığım,
Naxçıvan – düşmənə göz
dağım mənim.
Bu yurddan güc alıb azadlıq eşqim,
Ucalıb üçrəngli bayrağım
mənim.
“Naxçıvan – göz
nurum” almanaxında muxtar respublikamızın digər tanınmış
şairlərinin də
şeirləri yer almışdır. Hər bir şeirdə
bu gözəl diyar məhəbbətlə
tərənnüm olunmuşdur.
Asim Yadigarın “Kalba Musa çeşməsi”, Fərəc
Fərəcovun “Müstəqillik
yollarında”, Muxtar Qasımzadənin “Naxçıvanqala
haqqında ballada”, Zeyqəm Vüqarın “Hər oğul qazanmır el məhəbbətin”,
Məmməd Tahirin “Gəncləşən şəhər”,
Qafar Qəribin “Bu şəhər gördüyün
o şəhər deyil”,
Elxan Yurdoğlunun “Naxçıvan dastanı”,
Zaur Vedilinin “Nuh yurdu”, Nazəni
Həsənovun “Dahi rəhbərin bir iş günü” kitabın poemalar bölməsində dərc
olunmuşdur. Nəsr bölməsində
isə istedadlı alim, yazıçı, bir çox elmi və bədii
kitabların müəllifi
Nərgiz İsmayılovanın
“Əcəmi” povesti oxuculara təqdim edilmişdir.
Ümumiyyətlə, “Naxçıvanım
– göz nurum” almanaxında verilmiş şeir və poemalarda, povestdə qədim Naxçıvanın
ulu keçmişi, əsrlərin yadigarı olan tarixi abidələri,
bu torpağın əsrarəngiz təbiəti,
eləcə də gündən-günə gözəlləşən,
abadlaşan şəhərlərin,
qəsəbələrin, kəndlərin
misilsiz dərəcədə
inkişafı poetik dildə tərənnüm
olunur. Bu kitabı
oxumağa dəyər.
İbrahim Yusifoğlu
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun əməkdaşı
Azad Azərbaycan.- 1 aprel.- 2021.- S.11