“Hardasa o uzaqlarda...”
İstedadlı gənc şairənin yaradıcılığına
qısa baxış
Qısa tanıtma:
Sevinc Qərib Laçın şəhərində
doğulub. Orta məktəb illərindən
şeir yazmağa başlayıb. 1992-ci ildən
məlum işğal hadisələri ilə əlaqədar ailəsi ilə birlikdə Sumqayıt şəhərində
məskunlaşıb. Yeniyetmə yaşlarından
məcburi köçkün
həyatı yaşayan,
yurd acısı çəkən Sevinc Qərib Sumqayıtda ədəbi yaradıcılığını
davam etdirib. Şeir və məqalələri ilə
müxtəlif qəzet
səhifələrində görünüb.
İş fəaliyyəti
və şəxsi həyatındakı problemlərlə bağlı xeyli müddət ədəbi mühitdən
uzaq qalıb. Yaradıcılığı davam
etsə də, dərc olunmaqdan imtina edib.
2016-cı ilin sonlarından o, ədəbi
mühitdə yenidən
görünməyə başlayıb.
Mütəmadi olaraq dövri mətbuatda, müxtəlif qəzet və dərgilərdə
şeir və yazıları ilə çıxış edir.
2017-ci ildə “Hardasa
o uzaqlarda...” adlı ilk şeirlər kitabı işıq üzü görüb.
Kitabın ilk
və geniş təqdimatı Sumqayıt
“Poeziya Evi”ndə keçirilib. Sevinc Qəribin özünəməxsus
yaradıcılığı, fərqli üslubu qələm əhli və oxucular tərəfindən rəğbətlə
qarşılanır. Yaradıcılığı
haqqında müxtəlif
müəlliflərin təhlili
məqalələri çap
olunub. Türkiyə türkcəsinə uyğunlaşdırılmış
bir neçə şeiri “Baküden Fethiyeye Gönül Körpüsü” adlı
antologiyada yer alıb. Cənubi Azərbaycanda fəaliyyət
göstərən “Ədəbi
Körpü” aylıq
dərgidə onun şeirləri dəfələrlə
çap olunub.
İndi isə
Sizə Sevinc Qəribin bir neçə şeirini təqdim edirik.
Ağalar
İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Bir qara əl oynayır sevincimin içində
Ayrılıqdan vüsala salınıb
bu körpülər,
Eh... hələ də uzaqlar yetimlik çəkir orda.
Qorxuram bu yolların etibarı qırıla,
Həsrət yerin bərkidir,
təzə ev
tikir burda...
Körpülərin tağları qırıq bəndə söykənib,
Bir qara əl oynayır sevincimin içində.
Gün təzə boylanırdı
duman özün yetirdi,
Yenə yollar üşüyür
yiyəsizlik biçimdə.
Bir talesiz yurd orda,
üstü kədər
örtüklü,
Bəxt güzgüsü çatlamış
gəlin ömrüdü
ömrü.
Çırağının nefti yox, suyu başdan
bulanıb,
Ocağı közsüz qalıb, oğurlanıb kömürü.
Şeytan
quyruq bulayır tüstüsüz bacasında,
Qapısında iblisin nökərləri yallanır.
İlahi
göydən baxıb
nə düşünür
görəsən,-
O yurdun adamları yenə nəyə aldanır?!!
Yenə
savaş oxuyur meşələrdən gələn
səs,
Səbri daha dar gəlir
bu torpağın əyninə.
Ağaclar qulağını söykəyib
qayalara,
Güllələrin səsini həkk eləyir beyninə...
Yollar qucaqlayıb köhnə
izimi
Yoldumu izimi çəkib aparan,
Mənəmmi bu yolun inadın
qıran?
Kimiydi yanımdan ötdü çaparaq,
Kimiydi uzaqdan əl edib duran?
Yol məni, mən yolu gedib bitirdik,
İndi ayrılırıq bir tin başında.
O məndə, mən onda itib gedirdik,
Fərqində deyildik yayın, qışın da.
Fəsil
tanımadıq, il tanımadıq,
Qarı ayaqlayıb, buzu adladıq.
Kölgəni yurd seçib daldalanmadıq,
Küləyi belindən iki qatladıq.
Keçdik keçilməzi, tərsi
ram etdik;
Aşdıq olmaz adlı aşırım səddi.
Qismətə bölünməz kəsri
tam etdik;
Hasil ömrümüzdə
qoşa ədəddi.
Mənəmmiş yanımdan tələsik
keçən,
Mən yola düşəndə saçım
qaraydı.
Dünən zirvədəki qartalı
seçən,
Göz indi bilmədi hara haraydı.
Belə
unudurmuş insan özünü,
Belə ötüşürmüş illər
xəbərsiz.
Yollar qucaqlayıb köhnə izimi,
Təzə iz qoymağa ayaq təpərsiz.
Yıxılmazdı ürəyimdən adamlar
Bircə
adam saxlayaydın
gözümdə,
Kiçiltməzdin ucaltdığım “dağları”.
Bircə
ümid, bircə inam, tək güvən...
Qaraltmazdın dürr bildiyim “ağları”.
Gətirməzdin gözlərimə payızı,
Başlamazdı yarpaq-yarpaq tökümlər,
Xəzanına bulaşmazdı taleyim,
Yıxılmazdı ürəyimdən adamlar.
O qadın da yalançıymış,
İlahi,
Aldandım şeytanın mələk
üzünə.
İblisiymiş, qaranlığın Allahı
İşıq kimi görünürmüş
gözümə.
O adam da babasıymış
günahın,
Savab bilib yar seçmişəm özümə.
Düz sözəydi apardığım
pənahım
Güvəndim... aldandım kişi sözünə.
Bircə
adam saxlayaydın
gözümdə,
Bircə
ümid, bircə inam, tək güvən...
Əllərimi tanrıya borc vermişəm
Sənə nə könlümə
yağan yağışdan,
Ruhunu, könlünü buz tutan adam.
Çəkmə izlərimi, çəkmə
yoxuşdan,
Şeytanın evinə üz tutan adam.
Mənim ruhum başqa, düşüncəm başqa.
Quşun dimdiyində yem sevinciyəm.
Könlümə dost olur bəzən
qarışqa,
Kimdi bu qəribdən küsüb
inciyən.
Əbəsdir tənimə yetişmək
cəhdin,
Məni dağ doğurub, səni dərələr.
Sənin
savab ilə ötüşmək cəhdin,
Xülyadı, önünə iman sərələr.
Çək uzağa duasız
əllərini,
Mən göylərdən
duaları dərmişəm.
Savab yazsın deyə əməllərimi,
Əllərimi Tanrıya borc vermişəm.
Vicdan qamçılayıb atını,
səndən-
Çox-çox uzaqlarda dincini alır.
İnsaf
da, mürvət də
dolanır gendən,
Boğaza çəkməyə ülgücün
qalır.
Mənim
könlüm yalın,
ruhum da çılpaq
Umduğum bir ovuc torpaqdı, Allah!
Suyunu, havanı
ver özgələrə.
Ürəyim bir əsim yarpaqdı Vallah,
Bir ovuc torpağı çox görmə mənə.
Bir xışma torpaq ver yastıq əvəzi,
Elə bircə
xışma sürtüm
gözümə.
Çıxsın azadlığa dustaq
nəfəsim ,
Torpaq ətri
dolsun ciyərlərimə.
Hər gecə yuxuma hicran tökülür,
Hər gecə
yuxumda torpaq görürəm.
Nəfsimin ilməsi sap-sap sökülür,
Hər gecə
yuxumda torpaq yeyirəm.
Umduğum bir ovuc torpaqdı, torpaq!
Dünya qoy dünyanın qalsın özünə.
Mənim
könlüm yalın,
ruhum da çılpaq,
Bir ovuc torpaq ver çəkim
üstümə.
Ruhum leysanlara təslim
Balışıma daşır gözüm,
Kürdən qopan qol kimidi.
Öyrənib sulara üzüm,
Ümmana bir yol kəm
idi.
Susuram, içim alışır,
Dinirəm sözüm yandırır.
Var olan nəyə çalışır,
Məni yoxa inandırır?!
Haqq verər göz gördüyünə,
Aldadar qulaq adamı.
Bəxtim
düşüb kor düyünə,
Əcəl alacaq "qadamı".
Kərpic-kərpic hördüyümə,
Divar-divar ah sarılır.
Ömür deyib sürdüyümə,
Dərd baxır bağrı yarılır.
Əlimi
tutan öz əlim,
Ayaqlarıma əsayam.
Əsirdi
ağzımda dilim,
Səbrini udan kasayam.
Getdiyim yolun kəsəsi,
Qəmin izinə calanır.
Kimim var umub küsəsi,
Kölgəm dizimə dolanır.
Duyğularım uçuq, pərən,
Ruhum leysanlara
təslim.
Ehh... nəfəsindən öpərəm
Dönsə könlümə söz
fəsli...
* * *
İnsafın olsun göy üzü
bir gecəlik
zülmətini çək
içinə.
Bir ulduzu pay ver mənə
yastığımda rəqs
eləsin
saçlarımın havasına
.
bir az nurundan götürüm
pərdə tutum qaranlığın
yuvasına.
Buz donunda təklik ruhu
var-gəl edir otağımda.
Ayı ver çəkim üstümə
örtüyüm olsun bu gecə.
Qucaqlasın işıq məni
qaranlığın canı
çıxsın
yatağımda...
həsrətin yorduğu
ömür kimidi
qaranlıqdan doyan gözüm:
bir az yuxu umacağı,
bir az işıq istəyi var.
İnsafın olsun göy üzü,
bircə gecə
zülmətini çək
içinə.
Ümidlərin dirildiyi yerə
Çox
qalan deyiləm buralarda,
yerini dar elədiyim adam!
Bir ovuc torpağa möhtacam,
Bir udum vətən havasına.
Getmək
üçün yol gərəkdi,
Qalmaq üçün
bəhanəm yox.
Gecələrin ümidsiz səhərindən
təngə gəlmişəm,
gündüzlərin gecə
rəngindən
yorulmuşam.
Yollar zülmətin qusduğu
qaranlıq kimi görünməz,
uzaq, qorxulu...
ümidlər ölü,
arzular yaralı,
dilək də dilənmir dildə,
gedib Tanrıya çatmır dualar,
yalvarışlar,
göyün gözətçiləri
yuxulu...
çox qalan deyiləm buralarda,
yerini dar elədiyim adam!
Axtarıb tapacam
qaranlıqda itən yolları,
çıxıb gedəcəm
ümidlərin dirildiyi yerə...
Sevinc Qərib
Azad Azərbaycan.- 2021.- 1 aprel.-
S.11.