Fərman Kərimzadə
(3 mart 1937-17 mart 1989) “Təbriz namusu” və...
və
onun əsərləri haqqında söz açmaq – ulu
tariximiz, namuslu ata-babalarımızın şərəfli
keçmişindən söz açmaq deməkdir. O,
sabahı dünəndən görən sənətkarlardan
idi. Yaradıcılığı ilə
keçmişi gələcəyə qovuşdurmaq
yazıçıdan istedadla yanaşı, həm də öz
tarixinin bilicisi olmağı tələb edir. Bu yolda Kərimzadə qələmi ilə
özünü təsdiq elədi. Onun
romanlarının hər biri tariximizin, soyumuzun yaddaş salnaməsidir.
“F.Kərimzadə
(Respublika radiosunun səslər muzeyindən): - Mən Azərbaycan
xalqının həyatında çox qəribə bir
dövrü təşkil eləyən bir tarixi məsələ
ilə rastlaşmışam. Azərbaycan
xalqının, Azərbaycan qızlarının qeyrəti ilə
bağlı bir məsələdir ki, ondan roman yazmaq istəyirəm.
Əmir Çobanın (azərbaycanlıdı)
qızı Bağda xatun Nur hökuməti Əmir Səidi zəhərləyib
öldürüb. Onun oğul
övladı yox idi. Bununla da, Azərbaycan
monqol zülmündən xilas oldu. Roman “Təbriz namusu”
adlanır.”
Fərman Kərimzadə dünyasını dəyişəndən
sonra yazıçı Əmir Mustafayev qeyd edirdi ki, “Təbriz
namusu”nun diqqət çəkən məqamlarından birini
müəllifin mifologiyamıza, əsatirimizə müraciət
etməsində görür. Əsər Alan-Qoa əsatiri
ilə başlanır. Alan- Qoa gözəl-
göyçək bir xatındır. Əri
Dobun-Bəyan tayfa başçısıdı. Bir il əvvəl Dobun-Bəyan dünyadan
köçüb. Onu ata-baba adəti ilə dəfn
etmək istəyirlər. Amma özü
canını tapşırmazdan əvvəl belə vəsiyyət
etmişdi ki, bu dünyada nəhayətsiz çölləri,
doğma qardaşlarımı, döyüş atımı və
bir də xatunumu sevmişəm. Ata-baba
qaydası ilə xatunumu da özümlə aparmalıyam.
Çölləri də, atımı da,
qardaşlarımı da, elimi də elə onun kimi sevirəm,
bir cüt oğlumu da o cümlədən. Onda gərək hamısını da özümlə
aparım. Yox, hamısı qoy qalsın.
Bircə atımı mənim yanıma göndərin.
Bir də qılıncımla, ox-kamanımı.
Siz, görməsəniz də, xəyal kimi o
atın belində tayfamın içində olacaq, onun igidlərinin
zəfərli yürüşlərində iştirak edəcəyəm.
Xatunum isə qoy cüt körpəmi
atalarına layiq böyütsün”.
Başçı öləndən sonra tayfanın
pozulmaz qanunlarına görə, Alan-Qoa ərinin yanına
köçməli idi. O, ölümün gözünə dik baxa-baxa bu
anı mərdliklə qarşılamağa hazır idi. Elə bu vaxt gecənin bir vədəsində bacadan
qəlbinə nur şuası düşdü və bu nurdan
Alan–Qoa uşağa qalır və Şamanın köməyilə
ölümdən xilas olur.
Çox maraqlı faktdır. Bu faktın
timsalında faciəmizi də duyuruq, ürək
ağrısı ilə fikirləşirik ki, düşmən
həmişə aramızda birliyin olmasından istifadə
edib. Birlik, birlik, yenə də birlik!!! Romandan
bugünkü oxucunun çıxaracağı nəticə
budur.
Romandan
parça: - Birdən hardansa, Günəşdən, Aydan xəbərsiz
şığıyan bir şüa bacanı
aydınlaşdırdı. Şüa mis
manqalın üstündə gəzdi, paxır atmış
misin şüası dil çıxarıb,
alaçığın divarlarında dolaşdı və
orada alaçığı saxlayan çubuqların
arxasındakı əcaib heyvanlara oxşayan
naxışları işıqlandırdı. Şüa gəzir, nəyi isə axtarırdı.
Nəhayət, ipək üzlü
yorğanın altından bir baş göründü.
Qabarıq almacıq sümükləri olan qadının qara
qaşları, süd kimi ağ sifəti
vardı. Sonra şüa onun böyründə
yatmış körpənin yumru, qırmızıya
çalan sifətinə sancıldı. Diksinmiş
uşaq bir an gözlərini açıb,
tez yumdu və balaca yumruqlarını gözlərinin
üstünə sıxıb ağladı. Ana
uşağın səsini yuxuda eşitsə də,
ayılmadı. Yuxulu-yuxulu öz
üstündəki yorğanı körpənin üstünə
atdı.
Bu zaman qadın yuxu görürdü. Vaqiəsində
alaçığın bacasından qırmızısaqqal,
ağsifət, mavigöz bir igid tullanıb içəri
düşmüşdü və onun lüt bədəninə
tərəf gəlirdi. Qadın yuxuda onunla
çarpışır, özündən uzaqlaşdırmaq
istəyir, bu isə mümkün olmurdu.İgid sifətcə
heç vəchlə seyrəksaqqal Dobun-Bəyana
oxşamırdı. Lakin necə də hərarətli,
necə də şirin, necə də unudulmaz bir
görüş idi. Heyhat! Şirinlik birdən–birə
yoxa çıxdı, qadın sustaldı, möhkəmcə
tərlədi. Gözlərini geniş
açıb, qaranlığa baxdı. Nə
qırmızı saqqallı kişidən, nə də
alaçıqda gəzən şüadan əsər-əlamət
gördü. Ətli qolunu qaldırıb,
qaşlarının üstünə qoydu və hiss etdi ki, qolu
üşüyür. Alnındakı isti təri
soyuq tər əvəz etmişdi. Qadın
xəcalət çəkdi. Ərindən
sonra yuxuda olarkən başına gəlmiş bu əhvalatdan
heç kəs xəbərdar olmasa da, özü
utanırdı, ət tökürdü. “Bu,
nə olan işdi, Tanrı?”
Fərman Kərimzadə həyatda yoxdur. Ona görə
yazıçının obrazına, “Təbriz namusu” əsərinə
münasibətimiz də kövrəkdir. Və
bu kövrəkliyin fonunda tənqidçiyə söz verəndə,
onun səmimi ürək sözlərini dinləyəndə
heç də təəccüblənməyin. İstəyimiz keçmişimizlə bağlı
bir romanı təqdir etməkdir. Beləliklə, filologiya
elmləri doktoru, professor Qulu Xəlilov
(müsahibə 1990-cı ilə aiddir).
Qulu Xəlilov:
- Azərbaycan xalqının keçdiyi şanlı yol, tarixi
mərhələlər mərhum, sevimli
yazıçımız Fərman Kərimzadənin dərin məhəbbətlə
qələmə aldığı sahələrdən idi.
F.Kərimzadə yenə də tarixi mövzuya sadiq
qalaraq, orta əsr Azərbaycanın XIII-XIV yüzilliklərinə
müraciət etmiş, öz mövzu dairəsini daha da
genişləndirmişdir. Roman nə
üçün “Təbriz namusu” adlanır?
Orta əsrlər ən çox monqol istilaları, bir
çox tayfaların, kiçik dövlətlərin bir-birilə
vuruşması, döyüşməsilə səciyyələnir. Çingiz xan
kimi fatehlərin istilaçılıq siyasətini davam etdirən
monqollar yaxın Şərq ölkələrini, o cümlədən,
Azərbaycanı, onun vilayətlərini istila etməkdən
ötrü hərbi yürüşlər, səfərlər
təşkil edirdilər. Başlar kəsmək,
gözlər çıxartmaq, xalqları soyub-talamaq,
görünməmiş cinayətləri törətmək
bir çox tarixi romanlarda olduğu kimi, “Təbriz namusu” əsərində
də geniş yer tutur. Mübarizənin
bir tərəfində Çingiz xan, oğlanları Uqedey,
Tuluy, Əmir Səid və başqaları dayanırlar.
Bu böyük işğalçıların dizlərini
qatlamaq üçün Azərbaycanın vətənpərvər
adamları, sərkərdələri Cəlaləddin,
Teymurtaş, Qara bəy, Əmir Çoban və
başqaları birləşməlidir, Torpağın, vətənin,
xalqın taleyi bu birlikdən, vahidlikdən asılıdır.
O yerdəki bu vahidlik, birlik hökm-fərmandır, ora
düşmən burnunu soxa bilmir. Həm də vətənin,
torpağın taleyi tələb edir ki, belə məqamlarda gərək
hər cür xırda, lüzumsuz hissləri tapdalayıb
keçməyi bacarasan! Azərbaycanın Şirvan, Təbriz,
Ərdəbil, Muğan, Naxçıvan, Qarabağ, Gəncə,
Şəki kimi cənnət guşələrini pəncələrinə
keçirmək istəyən canavar iştahalı
yırtıcıların dişlərini qırmaq
üçün bu birlik indi də çox vacibdir! Romanın
surətlərindən biri yaxşı deyir:
-
Başı bəlalı vətənimizin dərdləri
çoxdur. Allaha acıq getməsin, Azərbaycanı
elə zəngin, elə gözəl yaradıb ki, hansı
düşmən dişini itiləsə, bura cumur. Nemətlərimizi yeyib doymaq bilmirlər. Altmış ildən coxdur ki, Çingiz xan
övladlarının tapdağı olduq, indi-indi
özümüzə gəlirik. Xalq oyanmalıdır... Hamını qəflət yuxusuna veriblər.
Qoy heç nədən xəbərləri olmasın, öz vətənində
özgə kimi yaşasın, öz haqqına, öz
malına sahib ola bilməsin...
Tarixi
romanlara, xüsusilə fatehlik niyyətilə meydana atılan
sərkərdələrin həyat yoluna xas olan başlar kəsmək,
zülümlər etmək, evlər dağıtmaq, kəndlər
yandırmaq, qadınların namusuna təcavüz etmək və
s. kimi qeyri-insani hərəkətlər bu romanda da xeyli yer
tutur. Bizə elə gəlir ki, “Təbriz namusu” əsərinin
əsas məziyyətlərindən biri elə romanın
öz adında ehtiva olunmuşdur: Azərbaycan
qadınının ləyaqəti torpaq, vətən kimi
müqəddəsləşdirib təsvir etmək! Bu baxımdan, F.Kərimzadənin tarixi romanlarına
xalq yaradıcılığından, mərdlik və qəhrəmanlıq
dastanlarımızdan, şifahi ədəbiyyatımızın
qaynaqlarından səmərəli, xeyirli bir təsir
süzülüb gəlir və bu motivlər onun
romanlarına həm xəlqi, həm də muasirlik ruhu
aşılayır. Azərbaycan
qadını onun romanlarında adilikdən çıxıb
ağlı, zəkası, namusu, qeyrəti, mərdliyi ilə
vətənin, torpağın rəmzinə çevrilir.
Hələ bu da azdır. Burada vətən
və torpaq naminə hər cür fədarkarlığa gedən
onlarla cəngavər vardır! “Təbriz namusu” romanında biz
bu kimi xüsusiyyətləri ən çox Sara xatun, Bağda
xatun kimi qadınların simasında görürük!
Hərbi yürüşlər və dövlətlər
arasındakı münasibətlərlə əlaqədar
romanda çox maraqlı bir motiv var. Bu da içəridən
xəyanətin baş verməsindən ibarətdir. Monqollar vaxtilə
türk ellərinə hücuma keçmək istərkən,
bir erməni keşişi “neçə aylıq yol keçib”
Çingiz xanın yanına getmiş, ona itaət edəcəyini
bildirmiş, müqabilində xandan çoxlu hədiyyələr
almışdır. Sən demə, bu
keşiş bu ölkələr, yollar, ordular bu yerlərin
hökdarları barədə Çingiz xana xeyli məlumat
vermişdir. Çingiz xan müsəlman
ölkələrini tutanda keşişin dediklərinin “əhəmiyyəti”
çox olmuşdur. Monqolları özlərinə
yaxın sayan məliklər müsəlman ölkəsinin
hökmdarı Əbu-Səidə çoxlu daş-qaşla bərabər
Siranuş adlı bir qız göndərirlər. Məqsəd də bu olur ki, Ermənistan sərhədlərini
Ağ dənizdən gündoğanadək - Çin dənizinə
qədər uzatsınlar, hər vasitəilə dünyaya
ağalıq etmək istəsinlər. Siranuş
Əbu-Səidin sarayında Kotaktaj xatun adı ilə
tanınır, müsəlmanlığı qəbul etsə də,
casusluqla məşqul olur. Sultan Əbu-Səidin
qılığına girib cinayətlər törədir,
sarayın sirrini məliklərə verir. Həmin
məlik və keşişlər də bu əqidədirlər
ki, “Hökmdarları ələ almaq üçün
onların arvadlarının qəlbinə yol tapmaq
başlıca şərtdir. Çünki
qadın hökmdarın zəif damarını tuta bilmir.
Ən xoş saatda onun hərəkətlərini
idarə etməyi bacarır. Sevimli qadın
hökmdarın zəifliyidir”
“Təbriz namusu” romanı belə bir həqiqəti də
əks etdirir ki, o dövrün hakim dairələrinin
başçıları arasında şöhrət, sərvət,
qan tökmək hərisliyi vətən və xalq təəssübündən
çox güclü olmuşdur. Onların çoxunda
milli birlik, vahidlik hissi zəif olduğundan, bundan ən
çox xalq, torpaq, vətən əziyyət çəkmiş,
düşmən qüvvələr parçalanmış, səpələnmiş
zidd fikirlərdən bacarıqla istifadə etmişlər.
Azərbaycan
qadınının ləyaqət və namusunu dərin məhəbbətlə
təsvir edən yazıçı haqlı olaraq, onların
taleyini yurdun, vətənin taleyilə sıx bağlayır və
bütün roman boyu namus, vətən, torpaq, vəhdət
harayını bizə pıçıldayır. Elə monqol istilasına da Bağda xatun kimi qeyrət
və mərdlik mücəssəmiəsi olan qadınların
hünəri sayəsində zərbə endirilir. Əminik ki, “Təbriz namusu” adlı maraqlı roman həyatdan
vaxtsız getmiş vətənpərvər, vətəndaş
yazıçımızın yarımçıq
qalmış ömrünə yeni- yeni uzun illər
calayacaqdır. Xahişimiz budur ki, xarici romanlardan öncə
millətimizin qeyrətli nasirlərinin, xüsusilə də,
Fərman Kərimzadənin həm də “Xudafərin
körpüsü”, “Qoca qartalın ölümü”
romanlarını oxusunlar.
O adamlar
xoşbəxtdirlər ki, xalqının, elinin gərəklisinə
çevrilib, özünün fərdi yolunu vaxtında müəyyənləşdirib,
sənət obrazlarını oxucularının gözlərində
yarada biliblər. Belə sənətkarlardan biri
Fərman Kərimzadədir.
Yaradıcı
adamların qəribə taleyi olur: onların ömür
yolları başa çatsa da, sənət ömürləri
davam edir. İstedadlı Azərbaycan nasiri,
tarixi romanlar müəllifi Fərman Kərimzadə ilə də
görüşümüz bununla bitmir. Hər
dəfə oxucular onun kitablarını əllərinə
aldıqca Kərimzadə ömrü yenidən çiçəklənəcək,
dünənimizin xoş sədası kimi əbədi bir
musiqiyə çevrilərək, qəlbimizdə səslənəcək.
Azərbaycan xalqının ürəyində,
yaddaşında özünə daha dərin köklər
atacaqdır.
Rafiq RƏHİMLİ,
Əməkdar Mədəniyyət
işçisi, yazıçı-dramaturq
Azad Azərbaycan.-
2021.- 8 aprel.- S.11.