Bilirdim ki, hamı məni tanıyacaq

 

 

Qadın gülərsə…

 

Hər dəfə teatrdan söz düşəndə, Stanislavskinin kəlama çevrilən deyimini xatırlayıram: “Teatr asılqandan başlayır”. Və hər dəfə teatra gedəndə tamaşadan əvvəl asılqanın ətrafında gəzişən insanları görərkən, bu fikrin həqiqiliyinin şahidi oluram. Etiraf edim ki, teatra çox vurğunam və məktəb illərindən bizlərə aşılanan bu sevgiyə görə böyüyüb, tərbiyə aldığım dövrə borcluyam. Səhnədə Leyla Bədirbəyli, Barat Şəkinskaya, Hökumə Qurbanova, Şəfiqə Məmmədova, Əli Zeynalov, Mehdi Məmmədov kimi korifeyləri canlı gördüyümə görə: “Bilet almışam, sabah teatra gedirik” deyən mərhum atama minnətdaram, çünki teatr zövqün aynasıdı…

 

Bir il idi ki, ondan müsahibə almaq arzusunda idim. Lakin pandemiya adlı maneə yolumuzu yaman kəsmişdi. Mütəmadi olaraq etdiyim zənglərimə çox səmimi və mehribanlıqla cavab verən bu xanım hər dəfə deyirdi ki, xahiş edirəm bir az da gözləyək. Gözləyə-gözləyə bir də gördük ki, igid Azərbaycan əsgəri Şuşanı azad edib. Bunu gəlişi gözəl söz naminə demədim, çünki müsahibim olmasını çox arzuladığım bu sənətkar Şuşa adı çəkiləndə ürəyi köksünə sığmayan, onunla öyünən, düz otuz il yollarına, cığırlarına, havasına, suyuna, xarı bülbülünə, böyüdüyü məhləsinə həsrət qalan şuşalı qızıdı. Nəhayətdə müsahibəmiz gerçəkləşdi, lakin çox təəssüf ki, sosial məsafə yenə öz işini görə bildi. Buna da şükür edib, əziz oxucumuz, bu gün “Qadın gülərsə”də sizləri teatr, kino və televiziya tamaşalarında saysız obrazlar yaratsa da, yaddaşlarda Gülnar kimi qalan respublikanın Xalq artisti, Prezident təqaüdçüsü Firəngiz Mütəllimova ilə maraqlı söhbətə dəvət edirik.

 

ADDIM

 

 

 

1959-cu ilin bir bahar günü qəlbimin sultanı olan Şuşada anadan olmuşam. 1976-cı ildə Şuşa 4 saylı orta məktəbi, 1980-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) kino və dram aktyorluğu fakültəsini bitirmişəm. Həmin ildən təyinatla gəldiyim Akademik Milli Teatrın səhnəsində külüng çalıram desəm, yanılmaram. Uzun illər məzunu olduğum ali təhsil ocağında kurs rəhbəri olmuş və aktyor sənətindən dərs demişəm. Səhhətimlə bağlı üç ildi ki, pedaqoji fəaliyyətimi saxlamağa məcbur olmuşam. Hazırda teatrda, kinoda və televiziyada mənə uğur gətirən sənətimlə birlikdəyəm.

 

OCAQ

 

Müəllim ailəsində bu dünyaya göz açmışam. Təyinatla Ağcabədiyə işləməyə gələn valideynlərim bir-birini bəyənib, könül verib və sonda ailə qurublar. Üç qız və bir oğlandan ibarət ailənin ilk övladıyam. Atam əslən Qəbələdən, anam isə Şuşadan olub. Təyinat vaxtları bitdikdən sonra onlar Şuşada yaşamağa qərar veriblər. Və nə yaxşı ki, bu seçimi ediblər. Şuşa düşmən əlinə keçənə qədər hər ikisi orada müəllim kimi çalışıb. Şuşa itkisi ilə heç cürə barışmayan ata-anam ömürlərinin sonunadək bu həsrətin acısı ilə yaşasalar da, ümid edirdilər ki, o yerlərə qayıdacaqlar. Atam dünyasını dəyişəndə cibindən bir şeir çıxmışdı: “Şuşam, səni görəcəyəm, yoxsa Bakıda öləcəyəm”? Heyf ki, valideynlərim Şuşanı bir daha görmədən bu dünyadan köç etdilər. İnanıram ki, indi onların narahat ruhları artıq rahatlığını tapıb.

 

TEATR

 

Teatr mənim üçün bir məbəddi, divarlarına nəfəsim hopmuş ikinci doğma evimdi. Burada o qədər hüzur və rahatlıq tapıram ki, bunu sözlə ifadə edə bilmirəm. Onun səhnəsində səni vur-tut iki saat ərzində izləyən yüzlərlə baxışın altında tamaşaçıya nəsə çatdırmaq, zövqünü oxşamaq, alqış sadaları altında onlara təzim etmək, gül-çiçəyə qərq olmaq, təkrar səhnəyə çağırılmaq kimi hissləri yaşamağı teatr bəxş edib mənə. Bu divarların arxasında ağır zəhmət, bir tamaşanı ərsəyə gətirmək üçün aylarla çəkən gərgin məşqlər, tarıma çəkilən əsəblər, yaradıcılıq prosesindəki mübahisələr, rejissorun iradları, fikir mübadiləsinin sonunda səni anşlaqla gözləyən tamaşaçı var. Və pərdə arxasında çəkdiyin bütün zəhmətin, yorğunluğun bəhrəsini tamaşaçı sənə yalnız teatrda verir. Teatr məktəbdi, teatr həyatdı, teatr tərbiyə verən bir mədəniyyət ocağıdı. Eşidəndə ki, teatrı intriqa yuvası adlandırırlar, bu, məni hədsiz incidir. Xırdalıqlara varsaq, elə bir sahə yoxdu ki, orada yaxşı-pis, bacarıqlı-bacarıqsız, bir-birinə həsəd aparan insanlar olmasın. Lakin teatrı anlayıb dərk etmək üçün incə zövqə malik olmaq lazımdı. Bu isə hər kəsdə olmur. Və mənim üçün arxa giriş qapısından başlayan teatr hər şeyin fövqündədi.

 

 

 

AKTRİSA

 

Şuşada evimiz kinoteatr olan məhlədə idi. Tez-tez filmlərə gedirdim və doymaq bilmirdim. Deyərdim ki, aktrisalığa gələn yol məhz bu filmlərdən başladı. Qardaşımla aramızda kiçik yaş fərqi var və evdə ikimiz olardıq. Rəhmətlik anam işə gedən kimi onun yaylıqlarını başıma örtüb məşqlər edirdim, gah Almaz olurdum, gah Sevil… Yadımdadı dördüncü sinifdə oxuyurdum, hər güzgüyə baxanda deyirdim ki, elə biri olacam ki, məni hamı tanıyacaq. Bunu daxilən hiss edirdim, hətta alqış səslərini belə, eşidirdim. Lakin bütün bunları içimdə saxlayırdım, çünki hədsiz utancaq olmuşam. Biri ilə danışanda başıaşağı durub qızarırdım. İncəsənət İnstitutuna qəbul olmağım Şuşada yaman əks-səda doğurmuşdu ki, bu Bəhər müəllmin hansı qızıdı, çünki böyüdüyüm məhləmizdən başqa məni tanıyan yox idi. Anam aktrisa olmağıma qarşı olsa da, atam əksinə bunu arzu edirdi. Üst-üstə düşən arzularımız sayəsində ali məktəbin qapıları üzümə açıldı. Şanslı tələbə oldum – Böyükağa Kazımov, Rza Təhmasib, Ənvər Həsənov kimi müəllimlərdən dərs alıb sənət yoluna qədəm qoydum. Təyinatla Akademik Milli Teatra göndərildim, hansı ki, artıq bir il əvvəl orada məşqlərə başlamışdım. Səhnədə ilk çıxışım 1980-ci il oktyabr ayının 4-ü olub. Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşasındakı Qumral obrazı mənim debütümdü. Çox zəhmətlərdən, çətinliklərdən keçərək, heç bir kömək, dəstək olmadan pillə-pillə ucala bildim. Tanrının bəxş etdiyi istedad məni sənətdə yaşadır. Öz yolumu tapıb, dəsti-xəttimi cızıb, özümə inamla irəliləyərək, yüksək fəxri ada layiq görülmüşəm. Sənətimin aşiqiyəm, bir ildi teatrlar pandemiyaya görə bağlanıb. Hər axşam tamaşa vaxtlarında özümü səhnədə təsəvvür edirəm, çünki aktyor və aktrisa üçün səhnə həyatdı. Səhhətimdə ciddi problem yaranmışdı, məni ağır beyin əməliyyatı gözləyirdi. Elə bir əməliyyat ki, nəticədə əlil arabasında qalmaq kimi bir təhlükə vardı. Həmin ərəfədə son tamaşam “Qanlı Nigar” oldu. Tamaşaçı alqışına baş əyərkən, gözlərim doldu. Düşündüm ki, ilahi, görəsən bu səhnədə bir də tamaşaçıma təzim edə biləcəyəmmi? Əməliyyatdan çıxdım, yarım il gəzə bilmədim, lakin hər halımda şükr etdiyim Rəbbim məni səhnəyə qaytardı və ayağımda qalan problemi unutdurdu. Səhnə yaşadandı, müşahidə etmişəm ki, hansı səbəbdənsə ondan uzaq düşənlərin ömrü azalır. Bütün rollarımı sevə-sevə, ürəklə oynamışam, deyərdim ki, hətta yaşamışam o obrazlarla. Etiraf edim ki, bir-iki məcburi yaratdığım obrazlar da olub, amma etiraz etməyib onlar üçün də səhnəyə çıxmışam. Səhnə elə bir sehrdi ki, pərdə arxasında dekorasiya quran fəhlə belə, ondan ayrı qala bilmir. Elza Seyidcahanın “Mən aktyoram” adlı bir mahnısı var, klipdə xeyli səhnə adamının siması görünür. Şair Vahid Əziz mahnıya çox möhtəşəm sözlər yazıb: “Dondan-dona girərik, Sevilərik, sevərik, Milyon həyata gəlib, Milyon dəfə ölərik”. Ünvanı səhnə olan bizlərin həyatı bax, budu.

 

GÜLNAR

 

 

 

Televiziyada aparıcılıq etdiyimdən, mərhum telerejissor Tariyel Vəliyev məni tanıyırdı. Teatrda mənə yaxınlaşıb dedi ki, bir televiziya tamaşası çəkməyə hazırlaşırıq, orda obraz var, səni o rola çəkmək istəyirəm. Lakin televiziya aparıcısı olmusan deyə, səni yoxlamaq istəyirik, əsərin müəllifi də səni tanımır. Teatra təzə gələn 21 yaşlı gənc qızı kim tanıyırdı ki… Razılaşdım və marağımı boğa bilməyib rejissordan, “Niyə məhz məni çəkmək istəyirsiz” soruşanda, Tariyel müəllim dedi ki, əsərdə obrazın bir gülüşü var, o təbəssüm tərəf müqabilini əsəbləşdirir. O gülüşü səndə hiss edirəm. Beləcə, məşqlər başladı. Tərəf müqabilim Yaşar Nuriyevin gözünə baxa bilmirdim. Mənə istiqamət verirdi, harda, nəyi necə etmək lazım olduğunu başa salırdı. Müəllifin qarşısında necə səy göstərdimsə, on dəqiqədən sonra Aslan Qəhrəmanov əlini stola vurub dedi ki, mənim yazdığım Gülnar budu. Xarakter etibarilə Gülnarla tam fərqli insanlar olsaq da, içimdən gələn hansısa mizan bu obrazı uğurla yaratmağıma imkan verdi. Gülnar imkanlı ailənin ərköyün qızı, istəmədən nişanlanan, bütün istəkləri dərhal həyata keçən və bütün bunlardan bezən bir xarakter idi. O, daxilində bu buxovlardan azad olmaq, sevdiyini tapmaq arzusunda olsa da, istəklərini biruzə vermirdi. Və günlərin bir günü həmişə bir mənalı şəkildə yalnız “Hə” cavabı eşidən bu şıltaq qız, onun əksinə gedən, ona “Yox” deyə bilən biri ilə üz-üzə gəlir. Elçinə qarşı yaranan maraq, bir sevginin yolunu açır. Tamaşa çəkilərkən, bu qədər uğurlu bir obraz yaradacağıma inanmırdım. Elə bil bir gecənin içində şöhrət quşu qondu başıma. Hətta səhər rəhmətlik atam zəng vurub dedi ki, ay bala, dünənə qədər Bəhər müəllimin qızı deyirdilər sənə, bu gün mənə Firəngiz Mütəllimovanın atası deyirlər. Sənə aktrisa olmağa imkan verdiyimə görə məni qınayanlar, indi səni zirvələrə qaldırıb. Tamaşadan 40 il keçməsinə baxmayaraq, bu gün də Gülnar adımla qoşa çəkilir və bu mənə çox xoşdu. Tamaşa haqqında bir subyektiv fikrim də var. Düşünürəm ki, tamaşa bir hissədən ibarət olsa idi, Elçinlə Gülnarın qovuşma ehtimalı tamaşaçının ixtiyarına buraxılsaydı, daha maraqlı olardı. Bununla belə, Gülnarı çox sevirəm, sənət yolunda vizit vərəqəm olsa da, bu gün qazandığım uğur və mükafatlarımın yanında xüsusi yeri var.

 

VƏTƏN

 

Şuşanın işğalına qədər Vətən sevgisinin dərinliyinə varmamışdım. Bilmişəm ki, bu, Vətən mənimdi və onu sevməyə borcluyam. Ana yurdum Şuşaya həsrət qaldığım bu uzun zaman kəsiyində mən Vətənin nə olduğunu kəşf etdim. Hər il yayda mən Şuşaya getməsəydim, özümü yarımçıq, natamam hiss edərdim. Və bilsəydim ki, 1991-ci ilin yayında çıxdığım Şuşanı bir igidin ömrü qədər görməyəcəyəm, bəlkə də can verərdim orada. Mən Vətənimdə otuz il Vətənsiz yaşadım, ömrümdən ömür getdi, onu hər gecə yuxularımda gördüm. İçimdə yandım, qovruldum, Şuşa deyə-deyə bu dünyadan köçən valideynlərimi öz torpağında dəfn edə bilmədim. Bu, o qədər ağrılı bir hissdi ki... İllərdi sonu bəlli olmayan bir müəmma içində yaşamışam. Və günlərin bir günü dövlət başçımız, Ali Baş Komandan, “Şuşa, sən azadsan” deyəndə, bilmədim nə edim. Hisslərim bir-birinə qarışmışdı, ağlıma gəlməyən başıma gəlmişdi. Qaçmaq, qışqırmaq, haray çəkmək, hönkürmək istəyirdim. Axı mən Şuşalı illərim üçün çox darıxmışam. Havası, gül-çiçəyinin ətri üçün darıxmışam. Uşaqlıq illərində qarda sürüşməyim, danlanmağım, döyülməyim, cəzalanaraq küncdə qalmağım, İlaxır çərşənbədə üzümü kömürlə qaraldıb, oğlan paltarı geyinib torbamı götürərək bayram sovqatı yığmağım üçün darıxmışam. Ana yurdum mənim üçün çox müqəddəsdi, yeganə məkandı ki, dağların başında yerləşir. İndi elə bir vəziyyətdəyəm ki, illərlə arzuladığım Vətənimə necə ayaq basacağımı təsəvvür edə bilmirəm. İki dəfə dəvət alsam da, ora ailəmlə getmək istəyirəm. Orada hansı hisslər yaşayacağımdan bixəbərəm, bəlkə elə həmin anda ruhum məni tərk edəcək??? Tək onu bilirəm ki, torpağımı mənə qaytaran, bu yolda canından keçən oğullarımızın yoxluğuna varlığımızı borcluyuq. O oğulları böyüdən analara borcluyuq, bu qələbə ilə Azərbaycan adını bir daha dünyaya tanıdan Prezidentimizə borcluyuq. Xoşbəxtəm ki, mənim artıq Şuşa adlı bir nisgilim yoxdu.

 

FİRƏNGİZ

 

Həmişə Tanrıdan sağlam ömür arzu etmişəm. Və düşünürəm ki, mənalı ömür yaşaya bilmişəm. Bunun üçün özüm çalışıb-vuruşmuşam. Narahat vaxtımda belə, özümə təkan verməyi bacarmışam. Ağır xəstəliklə çarpışdığım vaxtlarda, çoxu elə düşünürdü ki, Firəngiz daha teatra qayıda bilməz. Lakin mən yarım il gəzə bilməsəm də, əlillik vəsiqəsindən imtina etdim. Özümə ruh verərək qalib gəlməyi bacardım, doğma səhnəmə qayıtdım. Hər şey insanın özündən asılıdı. Mübarizə aparıb qalib də ola bilər, düşkün olub özünü məhv edə də bilər. Mən özümə birinci yolu seçdim. İmkan verə bilməzdim ki, onu xalqına tanıdan, ugurlarına yol açan səhnə Firəngizsiz qalsın. Allahıma çox bağlı, şükür edən biriyəm və Yaradan məni həmişə qoruyub. Həyatda həm qazandıqlarım olub, həm də itirdiklərim. İnsan var ki, uğurun dalınca qaçır. Məni uğur özü tapıb həmişə. Bir istəmişəmsə, onun üçü gəlib əlimə. Bu da Tanrıma olan sevgimdəndi. Rəbbim həyatda tək bağlandığım, arxalandığım yeganə varlıqdı ki, məni hər çətinlikdən hifz edib. Həyatda heç kəsə həsəd aparmamışam, sənət yoldaşlarımla səmimi ünsiyyətə üstünlük vermişəm, tamaşalarında həvəslə iştirak etmişəm. Qəlb qırmaq, kin saxlamaq, qeybət etmək mənə yad olan xüsusiyyətlərdi. İnsan var ki, onun kiçik bir təsəlliyə, xoş bir sözə ehtiyacı var. Əgər bu onu xoşbəxt edəcəksə, niyə bir qəlbi sevindirməyək? Həyatda atalar demiş, «Öz gözündə tiri görməyib, başqasının ğözündə tük axtaranlar» çoxdu. Elə tiplərdən uzaq duraraq, insanlara həyatlarını rahat yaşamağı tövsiyə edərdim. Ailənin ilk övladı kimi, valideynlərimdən sonra yük mənim çiynimdədi. Narahat bir dövrdə yaşayırıq və çalışıram ki, atalı-analı düzənimiz pozulmasın. Həyat mənə ən böyük arzumu yaşatdı – Şuşam qayıtdı. Daha bir arzum sosial məsafədən, qoruyucu maskalardan rahatlıqla xilas olmaqdır. Teatrlar tamaşaçını, səhnə isə bizləri gözləyir.

 

QADIN GÜLƏRSƏ...

 

Dəvətinizə, maraqlı suallarınıza görə sizə və qəzetinizə təşəkkurümü bildirirəm. Tanrı qadını əhvalının xoş ovqatında xəlq edib. Ona ağıl, səbr, gözəllik verib. Ən əsas isə qadına ana olmaq xoşbəxtliyini bəxş edib. Bu xoşbəxtliklə onun qayğı, nəvaziş, məsuliyyət yükünü artırıb. Və buna rəğmən əgər qadının üzü hiss etdiyi sevgidən, gördüyü diqqətdən gülürsə, demək ki, yaşamağa dəyər. Arzu edirəm ki, Tanrı gülər çöhrəni xanımlardan əskik etməsin.

 

SON SÖZ

 

İllər hamımızın üzündə öz izini qoyur, istəməsək belə... Onunla üz-üzə, göz-gözə söhbətləşə bilməsək də, eşitdiyim hər kəlməsində, səsinin avazında sanırdım ki, illər əvvəl televiziya ekranından mənə tanış olan bir obrazla danışıram. Əslində elə onunla danışırdım, yaradıcılığında qırmızı xətt olan Gülnar adlı Firəngiz Mütəllimova ilə. Söhbətimizə isə Vahid Əzizin misraları ilə nöqtə qoyuram: “Aktyorun təskinliyi çiçəkdir qucaq-qucaq, Səsimizlə şəklimiz bizdən çox yaşayacaq”...

 

Tamilla TEYMURQIZI

 

Azad Azərbaycan.- 2021.- 8 aprel.- S.7.