Ömrünü qurub-yaratmağa həsr
edən nüfuzlu inşaatçı
Bu gün respublikanın
tanınmış inşaatçılarından olan Əməkdar
mühəndis
Maxsudəli
Maxsudovun 80 yaşı tamam olur
O,
xoşbəxt adamdır. Taleyi həmişə
üzünə gülüb. Ancaq
bütünlükdə ömür yolları heç də
tam hamar olmayıb. Çətinlikləri,
problemləri də, istəməyənləri, işinə pəl
vurmağa çalışanlar da olub. Əvvəllər
tikinti idarəsinin, sonralar isə respublikada ən böyük
tikinti trestlərindən birinin rəhbəri olsa da, heç
vaxt sakit, rahat həyata can atmayıb. Səliqə-səhmanlı
kabinetdə yox, qızğın, gərgin işlərin
aparıldığı tikinti meydançalarında,
qışın qarlı-çovğunlu havasında, yayın
qızmarında çöldə-bayırda daha çox olub.
Başçılıq etdiyi əməksevər
kollektivin gücü ilə gördüyü işlər həcminə
və çətinliklərinə görə onu çox
sınaqlara çəksə də, heç vaxt ruhdan
düşməyib, sınmayıb, mövqeyindən geri
çəkilməyib, işini qətiyyətlə, prinsipiallıqla
davam etdirib. Elə bu dönməz,
prinsipial xarakterinə görə ona, rəhbərlik etdiyi
trestin kollektivinə hər zaman respublika əhəmiyyətli,
vaxtında yerinə yetirilməsi bəzən o qədər də
real görünməyən mühüm dövlət
tapşırıqları verilib. Böyük
işlərin öhdəsindən vaxtında, layiqincə gəlməsi
üçün ara-sıra müxtəlif vəzifə sahibləri
ilə qeylü-qalda da olub. Lakin haqlı,
ya haqsız mübarizədən çəkinməyib,
sözünü mərdi-mərdanə deyib,
“döyüşü” sonacan, uğurla davam etdirməyi
bacarıb.
Tikinti meydançalarında, müxtəlif səviyyəli
müşavirələrdə və digər tədbirlərdə
onu hərdən tənqid edənlər də (etiraf edim ki,
80-ci illərin ortalarında mən də “Vışka” qəzetində
trestlə bağlı iki dəfə tənqidi məqalə
vermişdim), narazı olanlar da olub. Ancaq çalışqan, zəhmətkeş
kollektivi ilə birgə gördüyü işləri
uğurla başa çatdırdıqdan sonra hətta
“narazılar” da bəzən onun əllərini sıxıb, səmimi
etirafla “cücə-payız” məsəlini yada salaraq, “sən
qalib gəldin, Maxsud, sən haqlı çıxdın” deyib,
onun işgüzarlığından, mühəndis
bacarığından razılıq bildiriblər.
Təsadüfi
deyil ki, çoxillik və səmərəli
inşaatçı fəaliyyətinin nəticəsi olaraq
Maxsudəli müəllim (o, daha çox Maqsud Maqsudov kimi
tanınır) düz 30 ildir ki “Azərbaycanın Əməkdar
mühəndisi” fəxri adını daşıyır. Sumqayıtın, həmçinin respublikanın
sosial-iqtisadi inkişafında xidmətlərinə görə
“Tərəqqi” medalına, 2019-cu ildə isə fərdi
Prezident təqaüdünə layiq görülüb.
***
...Maxsudəli
Maxsudov 15 aprel 1941-ci ildə - Hitler Almaniyası SSRİ-yə
qarşı müharibəyə başlamazdan iki ay əvvəl
İmişli rayonunun Bəcrəvan kəndində dünyaya
göz açıb. Müharibənin məhrumiyyətləri
onların da ailəsindən yan ötməyib. Kolxozda adi
fəhlə işləyən atası Abbas kişi
ailənin sonbeşiyi olan Maxsud 3 yaşında ikən -
1944-cü ildə ağır xəstəlikdən vəfat
edib. Buna görə də 5 uşaq anası olan Buta xala
çiyinlərinə çökmüş
ağırlıqlar altında balalarını dolandırmaq,
onları böyüdüb, ağ günə
çıxartmaq üçün gecə-gündüz kolxozda
çalışmalı olub. Yaxşı ki,
Maxsuddan böyük olan bacı və qardaşları illər
ötdükcə bacardıqları qədər analarına
kömək edib, dayaq olublar. Övladlarını
canından artıq sevən, onların yolunda hər əzab-əziyyətə
dözən Buta xalanın və
qardaş-bacılarının himayəsi, qayğısı ilə
böyüyən Maxsud 1948-ci ildə kənd orta məktəbinin
ilk sinfinə daxil olmuş və onilliyi yaxşı və əla
qiymətlərlə bitirərək, 1958-ci ildə o
dövrün ən nüfuzlu, eyni zamanda peşəkar müəllimlərinin
yüksək tələbkarlığına görə
“çətin” sayılan Azərbaycan Dövlət Politexnik
İnstitutunun qəbul imtahanlarından uğurla keçərək,
inşaat fakültəsinin “Sənaye və mülki tikinti”
şöbəsinə daxil olur. İnstitutun əyani
şöbəsinə qəbul olunmuş olsa da, o
dövrün ciddi tələblərinə uyğun olaraq qrup
yoldaşları ilə bigə o da ilk il
yarım ərzində gündüz işləyib, gecə
oxumalı olub. Əslində bu elə Maxsudun
özü üçün də sərfəli idi.
Çünki il yarım ərzində
Bakı şəhər Baş Tikinti Trestinin 7 ¹-li tikinti idarəsində
fəhlə kimi çalışmaqla həm tələbə
ehtiyaclarını ödəyə bilir, həm də ailəsinə
dayaq olurdu.
Nəhayət, çətin və gərgin təhsil illəri
başa çatır və Maxsud 1964-cü ilin dekabrında
Dövlət İmtahan Komissiyası qarşısında
öz diplom işini uğurla müdafiə edərək,
inşaatçı-mühəndis ixtisası qazanır. Və 5 il
yarımlıq ali təhsildən sonra doğma kəndlərinə
gedib, aldığı mühəndis diplomu ilə
anasını və bacı-qardaşlarını sevindirərək,
o dövrkü qayda üzrə bir ay istirahət edib, Bakıya
qayıdır.
1965-ci
ilin fevralından təyinat üzrə respublika Sənaye
Tikintisi Nazirliyinin Sumqayıt şəhərindəki 1¹-li
Tikinti Trestinin 16 ¹-li idarəsində usta kimi fəaliyyətə
başlayır. Bu vəzifədə çalışarkən
onun tikintisini apardığı ilk obyektlər sonralar
Sumqayıt məktəblilərinin Sarıqaya massivində
sevinclə yay istirahətlərini keçirdikləri
“Metallurq”, “İnşaatçı” və “Kimyaçı”
pioner düşərgələri olub (təəssüf ki,
indi onlardan heç bir əsər-əlamət qalmayıb. Onları daim xalq malını əlinə
keçirməyə çalışan
böyüklü-kiçikli məmurlar, oliqarxlar zəbt edərək,
özlərinin alınmaz qalalarına çeviriblər).
Sonralar
Maxsud müəllim həmin idarədə iş
icraçısı, sahə rəsi olmuş, Azərbaycan
Boru-prokat zavodunda aparılan geniş miqyaslı rekonstruksiya
işlərində qazandığı təcrübə,
göstərdiyi mühəndislik bacarığı və
biliyi nəzərə alınaraq, idarənin baş mühəndisi,
1975-ci ildə isə 18 ¹-li Tikinti İdarəsinin rəisi vəzifəsinə
təyin edilir.
İşinə olan məsuliyyəti, yüksək
texniki savadı, müxtəlif təyinatlı inşaat
texnikasından istifadənin səmərəliliyinin
artırılması üçün tətbiq etdiyi texniki
yeniliklər, işgüzarlığı və eyni zamanda
yüksək təşkilatçılıq
bacarığı sayəsində o, artıq 1980-ci ildə
daha məsul işə - 1¹-li Tikinti Trestinin Baş mühəndisi
vəzifəsinə irəli çəkilir. Bu, həmin
dövr idi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanın
sürətli sosial-iqtisadi inkişafına yönəlmiş
çoxşaxəli fəaliyyətinin, səmərəli tədbirlərinin
nəticəsi olaraq respublika bütünlüklə geniş
bir tikinti meydançasını xatırladırdı. Kənd
təsərrüfatında olduğu kimi ölkə sənayesinin
də bütün sahələrində - kimya, neft-kimya,
metallurgiya, energetika və s. sahələrdə böyük
miqyasda yenidənqurma, genişləndirmə işləri
aparılırdı. Təkcə Sumqayıtın Boru-prokat,
Sintetik kauçuk, Superfosfat, Məişət kimyası
zavodlarında tikilməkdə olan yeni istehsalatlar, tətbiq
edilən yeniliklər xeyli işçi qüvvəsi və
böyük texniki potensial tələb edirdi.
Maxsud
müəllim Trestin baş mühəndisi kimi Boru-prokat
zavodunun boruyayma sexində yeni texnoloji xəttin, Sintetik
kauçuk zavodunda Yaponiya istehsalı olan yüksək məhsuldarlıqlı
müasir EP-300 kompleksinin inşasına, eyni zamanda Superfosfat
zavodunda yeni sulfat turşusu sexinin tikintisinə uğurla texniki
rəhbərlik edir, bütün biliyi, bacarığı ilə
işlərin sürətlə, həm də keyfiyyətlə
aparılması üçün gecə-gündüz
çalışmalı olurdu. Çünki həmin
obyektlərin hər biri öz iqtisadi əhəmiyyətinə
görə həm Moskvanın, həm də Azərbaycan rəhbərliyinin
ciddi nəzarətində idi.
İnşaat-quraşdırma işlərinin qrafikindən kənara
çıxmaq, subpodryad təşkilatların iş cədvəlini
pozmaq qəti şəkildə yolverilməz idi. Bu, heç mümkün də deyildi.
Çünki hər bir obyektdə Mərkəzi Komitə və
Nazirlər Soveti tərəfindən müvafiq nazirlik, baş
icraçı təşkilat və müəssisə rəhbərlərindən
ibarət yaradılmış operativ qərargah bütün
tikinti-quraşdırma işlərini diqqətlə izləyir,
həftədə ən azı iki dəfə müşavirə
keçirərək, işlərin gedişini müzakirə
edir, hər bir sahənin lazımi avadanlıq, texnika və
materiallarla vaxtında, qabaqcadan təmin edilməsinə,
briqadaların işində boşdayanmalara yol verilməməsinə
çalışırdı.
Baş
mühəndis kimi 1¹-li Trestin fəaliyyətinin səmərəli
təşkil edilməsinə bacarıqla nail olduğuna
görə Maxsud Maxsudov 1984-cü ildə (43 yaşında)
ilk gündən əzmlə, fədakarlıqla
çalışdığı, respublikanın ən
böyük işçi qüvvəsinə və istehsal
potensialına malik həmin Trestin müdiri təyin edilir. Onun
rəhbərliyi dövründə 19 tikinti idarəsi,
üç min nəfərə yaxın işçisi olan
Trestin kollektivi təkcə Sumqayıtda deyil, respublikanın
digər şəhər və rayonlarında da geniş
miqyaslı, böyük həcmli tikinti-quraşdırma
işləri aparırdı. Bakının Dərin
özüllər zavodunda tikilməkdə olan istehsalat sexləri,
Sahil qəsəbəsində yeni tədris korpusu,
Bakı-Novorossiysk neft kəmərinin Ucar rayonu sahəsindəki
ötürücü nasos stansiyası və s. Maxsud müəllimin
rəhbərliyi ilə aparılan tikinti işlərinin xəritəsinə
daxil idi. Və bütün bu işlərin
öhdəsindən gəlmək trest
inşaatçılarından gərgin əməklə
yanaşı, işə böyük həvəs və maraq
da tələb edirdi. Maxsud müəllim isə
öz şəxsi nümunəsi, inşaatçılara
göstərdiyi maddi həvəsləndirməsi, hər bir
işçiyə diqqəti və mənəvi
qayğısı ilə buna nail olmağı bacarırdı.
“Planı
pozmusan, sabahdan işdən çıxarılırsan!”
şoku...
İşlərin
heç də pis getmədiyi bir vaxtda Mərkəzi Komitənin
o vaxtkı katibi, insanlığına, vətənpərvərliyinə
görə xalqın böyük rəğbət bəslədiyi,
lakin işdə yol verilən heç bir nöqsanı, məsuliyyətsizliyi
qəbul etməyən, ədalətli olması ilə
yanaşı prinsipiallığı ilə də seçilən
Həsən Həsənova bir gün məlumat çatır
ki, Maxsud Maxsudovun tresti Sumqayıt Superfosfat zavodunda tikilməkdə
olan yeni sulfat turşusu sexinin nəzərdə tutulan iş həcmini
yerinə yetirməyib, planı kəsirdə qoyub. Bunu eşidən
Mərkəzi Komitə katibi belə bir faktın respublika
üçün yolverilməz olduğunu bildirərək,
trestin müdirinə narazılıqla, kəskin şəkildə
deyir: “Planı pozmusan, sabahdan işdən
çıxarılırsan!”.
Gecə-gündüz yorulmaq bilmədən
çalışan Maxsud müəllim eşitdiyi gözlənilməz
xəbərdarlıqdan şoka düşüb, nə edəcəyini
bilmir. Dərdini
kimə desin? Əlacsız qalıb, vaxt itirmədən
Sumqayıtın o vaxtkı rəhbəri, çox gözəl
insan, kadrları qiymətləndirməyi bacaran Cahangir
Müslümovun yanına gedir və vəziyyəti ona
danışaraq deyir:
- Cahangir
müəllim, bildiyiniz kimi, trestimiz ötən ay bütün
gücünü buraxılış obyekti olan EP-300-də
tikinti-quraşdırma işlərinin tamamlanmasına verib. EP kompleksi İttifaq əhəmiyyətli, ilk növbədə
vacib olduğundan, əsas qüvvəmizi ora yönəltmişdik,
orda işi ləngidə bilməzdik. Bu səbəbdən
də Superfosfat zavodundakı işlərimizi tam yerinə yetirə
bilməmişik, bir az kəsirimiz
qalıb, ancaq inanın ki, bu ay ordakı işlərimizi
artıqlaması ilə başa vuracağıq. Lakin Mərkəzi Komitə katibi Həsən müəllim
sabahdan mənim işdən
çıxarılacağımı bildirib. Düzü,
mənim elə bir arxa-dayağım yoxdur ki, məni müdafiə
etsin, Mərkəzi Komitə katibinə mənim
sözümü deyə bilsin...
Cahangir
müəllim Trestin işgüzar rəhbəri kimi
tanıdığı M.Maxsudovu diqqətlə dinləyib
deyir:
- Kim deyir
ki, sənin arxa-dayağın yoxdur? Bir dəqiqə...
Və hökumət telefonunun dəstəyini
götürərək, Mərkəzi Komitə katibinin
üç rəqəmli nömrəsini yığıb,
hörmətlə salamlaşaraq, ona Trestlə bağlı məsələnin
nə yerdə olduğunu səbrlə, ətraflı izah edir.
Şəhər
rəhbərini diqqətlə dinləyən Həsən
müəllim tapşırır ki, qoy onda Maxsudov sabah Superfosfat zavodunun qərargahına gəlsin,
məsələni elə orda, yerində araşdıraq. Səhərisi
gün Həsən Həsənov operativ qərargahda
keçirdiyi müşavirənin sonunda yalnız Maxsud müəllimin
yox, heç kəsin gözləmədiyi halda
üzünü dünən “incitdiyi” trest müdirinə
tutaraq 50-60 nəfərin yanındaca deyir:
- Bəli,
olur ki, Mərkəzi Komitə katibi də səhv qərar
verir. Sənə inandım, EP-300-ə görə çox
sağ ol. İşini davam elə...
Maxsud
müəllim Cahangir Müslümzadənin təmənnasız
qayğıkeşliyini, əsl kişi mərdanəliyini
və Həsən Həsənovun özünəməxsus
etirafını, mənəvi böyüklüyünü bu
gün də dərin ehtiramla, minnətdarlıqla
xatırlayır.
Xalqın
taleyinə biganə olmayan, qayğıkeş, vətənpərvər
adam
1988-ci ildə
erməni millətçiləri Dağlıq Qarabağ iddiası
ilə Azərbaycana qarşı düşmənçiliyə
başladıqdan sonra Moskvanın bütün cəhdlə
bizi – haqlı tərəfi yox, təcavüzkarı müdafiə
etdiyini görən respublikanın o vaxtkı rəhbərliyi
Kremlin və ermənilərin qəzəbinə düçar
olmamaq üçün Ermənistandan didərgin salınmış
həmyerlilərimizi Qarabağa yerləşdirməyə risk
etməyib, guya bədxah qonşulara qarşı “dinc” bir
demoqrafik plan qurmağa çalışaraq, Xocalıya şəhər
statusu verməklə onun yenidən qurulmasına, genişləndirilməsinə
qərar vermişdi. Respublikanın digər tikinti təşkilatlarından
olduğu kimi Sumqayıtın 1¹-li Trestinin də bir-neçə
briqadası sabaha xoş ümidlə, həvəslə
Xocalıda yeni sosial obyektlərin – poçt və
yaşayış binalarının tikintisində, müxtəlif
emalatxanalar yaradılmasında, su çəkilişində və
s. fəallıqla iştirak edirdilər. Vaxtaşırı
Maxsud müəllimin özü də sovet əsgərlərinin
“buraxılış vərəqəsi” ilə Əsgərandan
keçib, inşaatçılara baş çəkir,
onların ərzaqla, lazımi tikinti materialları ilə təmin
edilməsinə şəxsən diqqət yetirir, qayğı
göstərirdi. Təəssüf ki, o vaxtkı respublika rəhbərliyinin
qətiyyətsizliyi, tədbirli olmaması üzündən
Xocalıda bir ilə yaxın görülən işlər əhəmiyyətsiz
oldu - erməni faşistləri əks plan quraraq, 1992-ci il
fevralın 25-26-da gecə ikən Xocalıya hücum edib,
şəhəri yandırdılar, yüzlərlə sakini qətlə
yetirdilər, amansız divan tutdular...
1992-ci
ilin mayında Şuşa və
Laçından olan həmvətənlərimiz Sumqayıta pənah
gətirəndə onların çoxu – 300 nəfərə qədər
adam bir vaxt 1¹-li Trestin Sarıqaya ərazisində inşa etdiyi
“İnşaatçılar” pansionatına sığınmışdılar.
Onların su, qaz, işıq xərclərini
öz üzərinə götürən Trest kollektivi Maxsud
müəllimin təklifi ilə bir müddət onlara ərzaq
yardımı da göstərmişdi. Başqa cür ola da bilməzdi, axı o özü hələ
uşaqlıqdan yaşayış çətinliyinin, məhrumiyyətin
nə olduğunu bütün acılığı ilə
bilirdi.
1994-95-ci
illərdə Maxsud müəllim Sənaye Tikintisi nazirinin
müavini Şaiq Eyyubovun başçılıq etdiyi
inşaatçılar heyəti ilə birgə bir-neçə
dəfə 4-5 maşından ibarət yardım karvanı ilə
Bağanis-Ayrım, Əskipara, Barxudarlı, Xeyrimli və digər
kəndləri düşmən hücumuna məruz
qalmış Qazax rayonuna tikinti materialları, metal məmulatlar,
dam örtükləri və s. aparmış,
döyüşçülərə ərzaq
yardımları etmişdilər.
Təsadüfi
deyil ki, Trest rəhbəri kimi həmin illərdə
Dağlıq Qarabağın sosial-iqtisadi inkişaf
proqramının yerinə yetilriməsində fəal
iştirakına, azərbaycanlı əhalinin
yaşayış şəraitinin təmin edilməsi
üçün göstərdiyi şücaətə və
köməyə görə Maxsud Maxsudov “Azərbaycan
Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülmüşdü. Bu,
düz 30 il əvvəl olmuşdu.
Arxada illər
qaldı, irəlidə isə hələ çox illər
var...
Əmək
fəaliyyətinə uzaq 1965-ci ildə başlayan Maxsud müəllim
ömrünü mənalı yaşayaraq, düz 36 il eyni müəssisədə - 1¹-li Tikinti
Trestində çalışıb. Onun rəhbərliyi
ilə nəinki sənaye, həm də çoxlu sayda sosial
obyektlər, yaşayış evləri tikilib. Bu gün haqlı olaraq fəxr edir ki, şəhərin
ən böyük və yaraşıqlı, müasir mədəniyyət
ocağı – “Kimyaçı” sarayı məhz onun rəhbərliyi
ilə tikilib. Düzdür, tikintinin gedişi zamanı
Moskva onun maliyyələşməsini bir ara
qəsdən (yəqin ki, SSRİ kimya sənayesinin erməni
naziri Kostandovun “barmağı”nın işarəsi ilə)
dayandırmışdı. Yalnız Ulu öndər
Heydər Əliyev işə qarışdıqdan sonra məsələ
yoluna qoyulmuş, tikinti başa
çatdırılmışdı (Bir vaxt EP-300-ün
tikintisinin də maliyyə və digər problemləri də məhz
o zamanlar SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
kimi yüksək vəzifə tutan dahi, vətənpərvər
rəhbərimizin sayəsində həll edilmişdi).
Təəssüf
ki, ötən dövrün 90-cı illərində respublikada
hökm sürən hərc-mərclik və iqtisadi böhran
Sumqayıtın böyük əmək ənənələri
olan, respublikanın inşaat-quraşdırma sahəsində
böyük uğurları olmuş 1 ¹-li Trestdən də yan
ötmədi və 2001-ci ildə onun fəaliyyəti tamamilə
dayandırıldı. Lakin bununla Maxsud müəllimin
əmək fəaliyyətinə son qoyulmadı. Respublikada ona yenə də ehtiyac vardı. Və
tikinti sahəsində zəngin təcrübəsi, bilik və
bacarığı, təşkilatçılıq qabiliyyəti
nəzərə alınaraq, çox keçmədən ona
respublikanın Dövlət Tikinti və Arxitektura Komitəsində
mühüm bir vəzifə - Dövlət Baş Texniki
inventarlaşdırma, mülkiyyət hüquqlarının
Qeydiyyatı və şəhərsalma Kadastrı İdarəsinə
rəis təyin edildi. Və yaxşı ki, o, daha 5 il bu məsuliyyətli vəzifədə
çalışaraq, həmin sahəyə də öz layiqli
töhfəsini verə bildi.
...Bütün
həyatını qurub-yaratmaq kimi çox mühüm,
faydalı işlərə həsr etmiş Maxsud müəllim
bugünlər ömrünün 80-ci ilini
alnıaçıq, üzüağ qarşılayır. Fəxr
edir ki, Sumqayıtın sosial-iqtisadi inkişafında –
böyük sənaye obyektlərinin, indi minlərlə ailənin
məhəllə və mikrorayonlarda firavan
yaşadığı binaların, məktəb və uşaq
bağçalarının, mədəniyyət və
sağlamlıq obyektlərinin inşasında
özünün də, rəhbərlik etdiyi 1¹-li Trestin
mehriban, əməksevər kollektivinin də böyük əməyi,
zəhməti olub. Sevinir və son 5 ildə
ölkə rəhbərinin diqqət və qayğısı
sayəsində daha da abadlaşan, yeni salınmış dənizkənarı
bulvarı ilə möcüzəli şəkildə gözəlləşən,
füsunkar olan doğma Sumqayıtın küçə və
parklarını iftixarla gəzib-dolaşır. Axı, bu şəhər onun arzularının
reallaşdığı, əməyi ilə şöhrət
tapdığı, ad-san qazandığı şəhərdir.
O, bu şəhərlə birgə ucalıb!..
Bu şəhər
həm də onun istəkli övladlarının – hər biri ali təhsilli mütəxəssis olan iki
oğul və iki qızının, 10 nəvəsinin və
iki nəticəsinin doğulub-böyüdüyü gözəl,
doğma, sevimli şəhərdir, dünyanın ən
gözəl şəhəri!
Belə
bir şəhərdə yaşayıb-yaratmaq, doğmalarla,
dost-tanışlarla, bütün sumqayıtlılarla birgə
ömrün yeni bir zirvəsini – 80 illiyi qarşılamaq nə
böyük fəxr, nə böyük sevinc, nə
böyük xoşbəxtlikdir!
Yubileyiniz
mübarək, Maxsud müəllim!
Rəhman ORXAN
Əməkdar jurnalist
Azad
Azərbaycan.- 2021.- 15 aprel.- S.10.