Qeyrətdən doğulan Vətən sevgisi

 

Ramil çağırış vərəqəsini alanda başqa həmyaşıdları kimi təmkinini pozmadı. Ürəyində intiqam, üzündə qürur hissi vardı. Düşünürdü ki, axı nə qədər səbr etmək olar? Azğın düşmən təxribatları, dinc sakinlərin snayper güllələri nəticəsində həyatını itirmələri nə vaxta qədər cavabsız qalacaq?

 

Ramil hələ 9 yaşında olanda birinci Qarabağ müharibəsi başlamışdı. O, vaxt indiki güclü ordumuz da yox idi. Erməni faşistlərini isə demək olar ki, bütün dünya müdafiə edirdi. Xalqımız təpədən dırnağa qədər silahlanan və havadarlarından dəstək alan düşmənlərin qarşısında əliyalın dayanmışdı. Elə buna görə də torpaqlarımızın 20 faizdən çoxu itirildi. Soydaşlarımız öz dədə-baba torpaqlarından qaçqın, köçkün vəziyyətinə düşdülər. Xocalı əsrin soyqırımına məruz qaldı…

 

O vaxtdan illər keçmişdi. Ramilin də artıq 37 yaşı vardı. Ali təhsil almışdı. Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmiş, artileriya üzrə müasir hərbi biliklərə mükəmməl yiyələnmişdi. Birki, suyu, duz çörəyi ilə böyüdüyün, havasını gen-bol ciyərlərinə çəkdiyin doğma vətəninin çağrışına, harayına necə səs verməmək olar? Vətən dar gündə, çətin zamanda özünün qeyrətli övladlarına söykənir;

 

- Oğul - atası Cəfər kişinin səsi Ramili düşüncələrdən ayırdı - olmaya, qorxursan? - soruşdu.

 

- Yox, ay ata, - deyə cavab verdi - Bədnam qonşuların başımıza gətirdiyi müsibətlər barədə düşünürəm. Gec-tez hamımız Vətən üçün əsgərik. Böyük türk şairi Nazim Hikmət demişkən: «Mən yanmasam, sən yanmasan, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa».

 

 

Ramil ailənin yeganə oğul övladı idi. Onun dedikləri Cəfər kişinin ürəyini kövrəltsə də qururunu gizlədə bilmədi: - Bax səndən bunu gözləyirdim, - dedi.

 

...2020-ci il sentyabrın 21-də Lənkərandan gedən gənclər N saylı hərbi hissənin tərkibində Ağcabədi rayonunda qeydiyyatdan keçərək döyüş paltarı geydilər. Hissə ayın 22-də axşam qaranlığında Beyləqanın Haramı düzünə gəldi. Üç gün ərzində burada keçirilən döyüş təlim-məşqlərindən sonra şəxsi heyət sentyabrın 26-da Füzuli rayonunun Canquli kəndində döyüş mövqeyində yerləşdirildi. Döyüş əmrini gözləyən şəxsi heyət nəhayət günorta saat birin yarısında müharibəyə qoşuldu. Alınan tapşırığa görə mövqelər tez-tez dəyişilirdi. Təbii ki, bu da azğın düşməni azdırmaq və onların zərbə hədəfinə çevrilməməkdən ötrü irəli gəlirdi.

 

Leytenant Ramil Cəfərov ağır artileriya diviziyasının 2-ci batereyasının tərkibində vuruşurdu.

 

- Mövqeyimizi Cəbrayıla dəyişdik, - deyə Ramil iştirak etdiyi bütün döyüşləri, şahidi olduğu döyüş səhnələrini təfərrüatı ilə diqqətə çatdırmaq istəyirdi. - Cəbrayılda dörd gün döyüşdük. Düşmən hədəflərini susdurduqdan sonra Qubadlıya getmək barədə əmr aldıq. Burada düşmənin xeyli sayda hərbi hissəsi, döyüş texnikası cəmləşmişdi. Güclü müdafiə istehkamları qurulmuşdu. Basdırılan saysız-hesabsız minalar qəhrəmanlıqla döyüşən əsgərlərimizin irəliləməsinə mane ola bilmirdi. Qubadlı düzənliyində öncə bizi güclü kaset mərmiləri ilə atəşə tutdular. Mərmilər böyük dağıdıcı qüvvəyə malik idi. Atılan kimi qəlpələr geniş bir ərazini əhatə edir, çoxlu insan tələfatına səbəb olurdu. Məcbur qalıb arxaya çəkildik. Hamımız yerə yatdıq. Üstümüzdən mərmilər uçurdu. Başımızı qaldıra bilmirdik. Təxminən 4 saata qədər bu vəziyyətdə qaldıq. Amma sürünə-sürünə də olsa yerimizi dəyişdik. Nəhayət məlumat gəldi ki, qarşıdakı təpənin arxasına keçək. Çətinliklə də olsa deyilən yerdə mövqe tutduq. Fasiləsiz beş gün burada döyüşdük. Əsgərlərimizin irəliləməsinə mane olan düşmənlərin zərbə hədəflərini məhv etdik. Piyada qoşunlarımızı mühasirəyə düşməkdən xilas elədik. Artıq verilən döyüş tapşırıqları yerinə yetrilmişdi. Mövqeyimizi yenidən dəyişdik. Qubadlıda Narlıq deyilən yerə gəldik. Tapşırığa əsasən buradan Laçın dəhlizində düşmən qüvvələrinə zərbə endirməli idik. Bir neçə hədəfi məhv etdik. Laçın dəhlizini daha yaxından vurmaq üçün Qubadlının Sarıyataq kəndində yerləşdik. Düşmən duyuq düşmüşdü. Laçın dəhlizinə girişimizi bağlamaq üçün Həkəri çayının üstündəki körpü partladıldı. 9 gün neytral sahədə ac-susuz qaldıq. Bizə yemək-azuqə gətirən maşınımızı vurdular. Çətinliklə də olsa sağ olduğumuz barədə məlumatı ötürə bildik. Əvvəl köməkçi qrupa göndərildik. Sonra bizə yardım gəldi və şəxsi heyətimizi bərpa etdik.

 

 

 

Əslində biz Laçın dəhlizinə daxil olmuşduq. Burada düşmənin ağır artileriyasını sıradan çıxarmış, bir neçə postunu ələ keçirmiş, çoxlu sayda hərbi qənimət əldə etmişdik. Tapşırığa əsasən yenidən Sarıyataq məntəqəsinə - əvvəlki mövqeyimizə qayıtdıq. Kəşfiyyat müşahidə məntəqəsindən yeni tapşırıq aldıq. 4 şəxsi heyətlə 600 metr məsafədən düşməni müşahidə etməli idik. Dörd nəfərdən biri Xaçmazdan olan topçu Vüsal baş tuşlayıcı idi. Dördümüz də ayrı-ayrı rayonlardan olmağımıza baxmayaraq bizim üçün Azərbaycan adlı bir Vətən vardı. Hamımız bu Vətən uğrunda döyüşürdük. Təbii ki Şəhid olanlarımız, yaralılarımız da olurdu. Bəzən görürdük yaralı yaşaya bilər, köməyə ehtiyacı var, dərhal onun köməyinə çatırdıq. Şəhid olanları döyüş zonasından uzaqlaşdırırdıq. Hamımızı Vətən sevgisi birləşdirirdi. Ürəyimizdə aşıb daşan qisas hissi vardı. Biz ölmək yox, öldürmək üçün döyüşürdük. Döyüş uğurlarımızın bir səbəbi də məhz bu idi. Hələ Narlıqda olanda düşmənin 300 nəfərdən ibarət şəxsi heyətini tamam məhv etdik. Bu döyüş uğurlarımıza görə bizə komandanlıq tərəfindən təşəkkür gəldi. Mənə baş leytenant hərbi rütbəsi verildi...

 

Ramil danışdıqca iştirak etdiyi, şahidi olduğu döyüş səhnələri, ordumuzun döyüş qəhrəmanlığı, müharibənin ağrı–acısı... gözlərimizin önündə canlanırdı. Şəhidlərin qanı tökülən, canları bahasına alınan bu torpaqlarda döyüşdən-döyüşə atılan, göydən başına od yağan Ramilin xəyalı dolaşırdı. Bəzən təbii halından çıxaraq söhbətinə ara verir, yanında şəhid olan əsgər dostlarını xatırlayır, gözləri yol çəkirdi…

 

- Qələbə xəbərini harada eşitdin? - deyə ondan soruşduq.

 

- Qubadlıda.

 

- Ordudan vaxt tərxis olundun?

 

- Qələbədən sonra bizi Şuşanın Çanaxlı kəndinə apardılar - dediÇünki artileriya diviziyası orada yerləşirdi. Şəxsi heyətdə olan dostlarım, o cümlədən Vüsal indi xidmətdədir. Məni bir aydan sonra evə buraxdılar...

 

Ramil Cəfərov 1983-cü ildə Lənkəran rayonunun Şilavar kəndində dünyaya göz açıb. Atası Cəfər kişi hazırda təqaüddə olsa da, rayonun tanınmış ziyalılarındandır. Kənddə el ağsaqqalı kimi hörmət nüfuz sahibidir. Nəqliyyatın istismarı üzrə ali təhsilli mütəxəssisdir. Uzun illər Bakıda yol polisində məsul vəzifə daşıyıb. Həyat yoldaşı - Akifə xanım da təqaüdçüdür. Ailədə bir oğlan, bir qız ərsəyə çatıb.

 

Cəfərova Ramilə Cəfər qızı, Riyaziyat informatika üzrə ali təhsil alıb. Ailəlidir, iki uşaq anasıdır. Uşaqları Nurlan Aydan sağlam böyüyürlər.

 

Ailənin yeganə oğlan övladı olan Ramil Lənkəran Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin Gömrük işinin təşkili idarə olunması ixtisası üzrə bitirib. Bir neçə dildə, o cümlədən ingilis dilində sərbəst danışır. İki uşaq atasıdır, qızı Ruqayyə yeddi, oğlu Yusif beş yaşındadır

 

Ramil hərbi işin sirlərinə hələ Azərbaycan Silahlı Qüvvələrində xidmət edərkən yiyələnib. Xidmətin son üç ayında zabitlik təlim–məşqi keçib leytenant rütbəsi ilə Lənkərana qayıdıb.

 

İkinci Qarabağ müharibəsi başlayanda hərbi meydanda Ramil Cəfərovun da yeri görünürdü. Axı o, artileriya zabiti idi.

 

44 ğünlük Vətən müharibəsi 30 illik Qarabağ həsrətinə son qoydu. Böyük qələbə yolu şəhidlikdən, igid, cəsur ölümün gözünə dik baxan, səngərdən-səngərə, döyüşdən-döyüşə atılan, müqəddəs Vətən sevgisini öz qanları ilə torpağa yazan oğulların qeyrət hünərindən keçdi.

 

 

 

Analar, atalar döyüşlərə qatılan övladları ilə qürur duysalar da, ürəklərindəki yaralar sağalan deyil. Hələ yollara baxan, ciyərparalarını səbirsizliklə gözləyən valideynlər var. Onlara elə gəlir ki, övladları getdiyi yolla da geri qayıdarlar. Lakin...

 

 

- Qələbə qurbansız əldə olunmur, – deyə Ramil Cəfərov söhbətinə davam etdi. Müharibədə ölüm lap qulağın dibində olur. Lakin bizi döyüşdən-döyüşə, qələbədən–qələbəyə aparan bir qüvvə var idisə, o da Vətən sevgisi idi. Bu sevgini müharibədə sözdə yox, əməldə, hünərinlə, ölümünlə yerinə yetirməli olursan. Yanımda Şəhid olan döyüş yoldaşlarımın son sözləri, arzuları indi qulağımda səslənir: “Kaş böyük qələbəni görə biləydim, Vətən sağ olsun!”

 

Müsahibimizin atası Cəfər kişi söhbətimizə qoşulub dedi:

 

- Sağ olsun müzəffər Ali Baş Komandanımız, bizi uzun illərdən sonra Qarabağa qovuşdurdudediQələbəmiz məhz İlham Əliyevin böyük sərkərdə kimi müdrik rəhbərliyi ordumuzun qəhrəmanlığı sayəsində qazanıldı. Müharibədən sonra bütün şəhid ailələri, qazilər dövlət qayğısı ilə əhatə olunublar. Onlara hər cür yardım, köməklik göstərilir. İndiyə qədər yüzlərlə şəhid ailələrinə evlər, əlil qazilərimizə isə avtomobil verilib, ehtiyacları ödənilib. Təbii ki, bu son hədd deyil, diqqət qayğı davamlıdır...

 

Bəli, Vətən, onun uğrunda döyüşənləri, qurban gedənləri heç vaxt unutmur. Sevgiyə sevgiylə cavab verir. Şəhidlərin xatirəsi əbədiləşdirilir. Qarabağ müharibəsinin şəhid qazilərinə, müharibə iştirakçılarına təkcə dövlət qayğısı deyil, həm böyük ümumxalq məhəbbəti var. Başqaları kimi Ramil Cəfərov da bunu yaxından duyur. Çünki böyük qələbədə onun da payı var. O, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görəCəbrayılın azad olunmasına görə görəmedalları ilə təltif edilib. Bir Vətən övladı kimi öz borcunu şərəflə yerinə yetirdiyinə görə başını uca tutur, hamının üzünə dik baxa bilir. Yəqin ki, vaxt gələr, indi qayğı ilə böyüyən balaları balaca Ruqayyə , Yusif ataları ilə fəxr edər, ürəyində aşıb–daşan müqəddəs Vətən sevgisini həyatda özlərinə meyar seçərlər.

 

Xudaverdi CAVADOV

Qulaməli Hüseynov

Azad Azərbaycan.- 2021.- 15 aprel.- S.5.