Azərbaycan və dünya
poeziyasının qiymətli
incisi: Nizami Gəncəvi
Bu meydanda sanma asandır durmaq,
Nizamilə pəncə-pəncəyə
vurmaq.
Nizamiyə pəncə
uzatsa hər kəs,
Qırılar pəncəsi, murada yetməz.
Şir pəncəsi
gərək şirlə
edə cəng
Barı şir olmasa,
qoy olsun pələng.
Nizami bir fildir, yox
bərabəri,
Söz incisi ondan aldı dəyəri.
Əlişir
Nəvai
Dünya mədəniyyət tarixinin
zənginliyi sonsuz bir ümmanı xatırladır. Bu sonsuz
ümman insan zəkasının bəhrəsi
olan nadir elm, fəlsəfə
və sənət inciləri ilə dolu zəngin xəzinədir. İnsanlığın dərin ehtiram və məhəbbətlə
qoruyub saxladığı
və yaşatdığı
bu mənəvi mədəniyyət xəzinəsində
orta əsr Azərbaycan fəlsəfə
poeziyasının ən
görkəmli nümayəndəsi,
Şərqi və Qərbi əsrlər boyu məftun etmiş Nizami Gəncəvinin insanpərvər
yaradıcılığı xüsusi yer tutur.
Nizami Gəncəvi
humanist, mütəfəkkir şair kimi şöhrət qazanmış,
əsərləri dünya
bədii söz xəzinəsinin incisi kimi sənət sərraflarının diqqətini
cəlb etmişdir. Onun əsərlərində
qaldırdığı bəşəri
ideyalar bir-birini əvəz edən bütün nəsillərin,
eləcə də bizim mənəvi müasirimizdir.
Azərbaycan ədəbiyyatı böyük
Nizamiyə qədər
mürəkkəb və
şərəfli yol keçmişdir. Bir tərəfdən Qətran
Təbrizi, Əbül-Üla
Gəncəvi, Şihabəddin
Söhrəverdi, Məhsəti
Gəncəvi, “Kitabi Dədə Qorqud” kimi möhtəşəm
bir abidə ilə təmsil olunan söz sənətinin ən layiqli varisi olaraq meydana çıxan Nizami Gəncəvi özünəqədərki
mədəniyyəti əlçatmaz
zirvəyə qaldırmışdır.
Nizami poeziyası fikir və düşüncə
baxımından zəngin
bir ümmandır.
Mayası elm və ürfan,
qayəsi insana və dünyaya məhəbbət olan bu poeziyada insan
yerlərin və göylərin sirlərini
öyrənməyə, dərk
etməyə həyatını
öyrəndiklərinə uyğun qurmağa çalışan fəal
bir şəxsiyyətdir.
O, Azərbaycan xalqının
bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdəndir.
O mənim qıpçaqlı
Afaqıma bənzərdi
Nizami Gəncəvi
1141-ci ildə Gəncədə
anadan olub. O, Gəncədə
doğulub böyüdüyünə
görə Gəncəli
mənasında Nizami Gəncəvi adıyla tanınıb. Şairin əsl adı
İlyasdır. Nizami hələ
uşaq ikən atasını, sonra da anasını itirib. Onun tərbiyə və təhsilini dayısı Xacə Ömər öz üzərinə götürüb, böyüdüb.
Böyük şair “Leyli
və Məcnun” poemasının müqəddiməsində
atası ilə anasını, sonra da dayısını itirməsindən
kədərlər içərisində
bəhs edir.
Nizami Gəncəvi
dayısının himayəsində
tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə yaşayıb. Bu gənc
qardaşlar, uğradıqları
fəlakətə baxmayaraq,
öz zamanlarına görə yüksək təhsil alıb, yaxşı yetişiblər.
Nizaminin yüksək təhsil alması ona “müdrik” ləqəbinin verilməsindən aydın
olur. Onun müdrikliyini,
islam alimləri
ilə yanaşı, tanınmış yunan filosoflarını “İsgəndərnamə”də
danışdırması, onların
dünyanın yaradılışı
haqqındakı fikir sistemlərini özünəməxsus
şeir dili ilə xülasə etməsi təsdiq edir. Bundan əlavə, şair
öz şeirlərində
tarixə, müqəddəs
dinə, hikmətə,
riyaziyyata, astronomiyaya dair geniş məlumata sahib olduğunu
göstərib.
Şairin musiqi aləmində geniş biliyə sahib olduğunu Barbədin Xosrov-Pərvizə çaldığı
otuz mahnının hərəsini ustalıqla
bir beytlə təsvir etdiyindən görürük. Ədəbiyyat sahəsində olan dərin məlumatını
“Kəlilə və Dimnə” nin
təmsillərinin qırxını
qırx beytə sığışdıra bilməsindən
anlayırıq. Astronomiya sahəsində
böyük mütəxəssis
olduğunu isə Məcnunun ulduzlara öz vəziyyətini şərh etməsindən
öyrənirik.
Nizaminin əsərlərinə yazdığı
müqəddimələrdən çıxan məlumatlardan
onun qədim dillərdən pəhləvi,
nəsturi, yəhudi dillərini də bildiyini öyrənirik. O öz
poemaları üçün
topladığı materialları
adi və geniş yayılan sadə mənbələrdən
deyil, qeyd edilən qədim dillərdəki məxəzlərdən
dəqiq tədqiqatlar
vasitəsilə əldə
etdiyini anlatmışdır.
Şairin ilk evləndiyi qadın Dərbənd hakiminin göndərmiş olduğu
qıpçaqlı bir
kəniz olub. Nizami bu türk qızını
ürəkdən sevib
və onunla evlənib (1173-cü il). Canı qədər sevdiyi
və əsərləri
qədər istədiyi
bircə oğlu Məhəmməd həmin
türk gözəlindən
dünyaya gəlib.
“Xosrov və Şirin”i yazarkən
(1180-ci il) qıpçaqlı gözəl
vəfat edib.
Şair
dünya ədəbiyyatında
misilsiz gözəllik
nümunəsi kimi yaratdığı Şirinin
öz əri Xosrovun cənazəsi üstündə fədakarlıqla
can verdiyini təsvir edərkən, sözü
öz sevimli xanımına gətirərək
deyir: “O (Şirin), mənim qıpçaqlı
Afaqıma bənzərdi”.
Bəzi tədqiqatçıların qənaətinə
görə, şair Şirinlə müqayisə
etdiyi qıpçaqlı
həyat yoldaşının
adının Afaq olduğunu bildirmişdir. Eyni zamanda,
oğlu Məhəmmədin
bu qadından doğulduğunu da “türküm
köçdü isə
də, İlahi, türk balasını Sən özün qoru” sözləri ilə bizə anladır. Şairin öğlu Məhəmmədə
bəslədiyi sevginin
həddi-hüdudu olmamışdır.
Dahi şairimiz
Nizaminin həyatı doğulduğu Gəncə
şəhərində keçib. O, təvazökarlıq
və qənaətə
riayət edərək
zahidanə sadə bir həyat tərzilə yaşayıb.
Təvazökarlıq Nizami həyatının
ana xətti olub.Təvazökarlıqla eyni
mənbədən gələn
gözütoxluq şairə
məxsus olan bir məziyyətdir.
Onun nəzərində
hər bir adam ancaq
öz gözütoxluğu
ilə əsl böyüklüyünü tapır və yalnız xalqa möhtac olmadıqca azadlığın
həqiqi zövqünü
dadır.
Nizami Gəncəvi
dövrünün şairlərindən
fərqli olaraq hökmdarların qapılarından
uzaqlaşıb təvazökar
bir həyat tərzində yaşayıb. Dünya
şöhrətli şair
bu hərəkətin
hikmətini belə şərh edir: “Padşahın verdiyi maaşdan imtina et, bundan gələcək
şey bədbəxtlik
və avaralıqdan ibarətdir. Padşahla oturub-durmaqdan çəkin,
çünki bu pambıqla odun münasibətinə bənzər.
Od nə qədər parlaq olsa da, salamatlıq oddan uzaqlarda olar. Pərvanə şamın işığına
can ataraq ona yaxınlaşdıqda yanar.”
Dahi şair
“İskəndərnamə”də öz vəziyyətini təsvir edərkən bildirir ki, o, “Allaha sığınmaqdan
başqa qayğısı
olmayan bir mütəfəkkirdir” və
sonra özünü məşhur yunan filosofu Sokrata bənzədir. İnzivada yaşayan şair ona göstərilən ehtiram və etibarın səbəbini yenə Sokratın cümləsi ilə şərh edir: “İnsanlar onlardan qaçanlara daha çox meyl edərlər.”
Nizami Gəncəvi beş
böyük məsnəvisindən
birincisini – “Məxzənül-əsrar”ı
1160-cı ildə yazıb.
O zaman şair 20 yaşında olub. “Məxzən” onun
ilk əsəri deyildir.
O vaxtlarda şair sufiyanə qəsidələri,
qəzəlləri və
başqa şeirləri
ilə artıq yaxşı tanınan bir sənətkar idi.
Son böyük əsəri olan “İskəndərnamə”ni 1201-ci ildə yazıb. Bu tarixdən dörd və ya beş
il sonra təsvir etdiyi bütün qəhrəmanları
kimi o da kədərli
bir aqibətə uğrayıb. İskəndərin və onun ətrafındakı yunan filosoflarının ölümünü
bir-bir təsvir edən şair öz ölümünü
də təsəvvür
edib və “Onlar yuxuya getdikləri
kimi Nizami də yatdı”, - deyibdir. Bu tarixi
insanımız ömrünün
yarım əsrlik bir qismini sənət,
hikmət və insanları düz yola sövq etməyə sərf edib. Nəhayət, öz sözləri
ilə desək,
1209-cu ildə o, “müvəqqəti
qəlbini tərk edərək əbədiyyətə
qovuşub”. Beləliklə, dünyanın ölməzləri
sırasına girən
Nizami, həyatında
arzu etdiyi kimi, ömrünün sonuna qədər özünə sadiq qalan şəxsiyyəti ürfan əhlinin mənəvi ziyarətgahı
olub.
Aynur TURAN
Azad
Azərbaycan.- 2021.- 29 aprel.- S.11.