“Bulaq”ın qızıl səsli aparıcısı
Azərbaycan
radiosunda “Bulaq” verilişini dinləmiş hər kəs Məhluqə
Sadıqovanı yaxşı xatırlayır. “Bulaq” verilişinin qızıl səsli aparıcısı teatrda da yaddaqalan obrazlar
canlandırıb - Pəri,
Yaxşı, Gülüş,
Turac, Sona… saymaqla bitməyən xarakterik rollar.
Dünən Xalq artisti, görkəmli
aktrisa Məhluqə Sadıqovanın anadan olmasından 104 il ötdü. Məhluqə
Sadıqova 1917-ci il aprelin 28-də Şuşa
şəhərində anadan
olub.
Yaradıcılıq fəaliyyətinə 1936-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
başlayan görkəmli
aktrisa ömrünün
60 ildən artıq bir dövrünü bu sənət ocağı ilə bağlamışdır. Azərbaycan
teatr məktəbinə
xas olan yüksək peşəkarlıq,
böyük emosional təsir gücü, zamanın ruhunu gözəl əks etdirmək bacarığı
onun yaradıcılığında
öz parlaq ifadəsini tapıb. Aktrisa Azərbaycanın böyük
sənətkarlar nəslinin
yaradıcılıq ənənələrinə
həmişə sadiq
qalıb. Öz oyununda xarakterik ifadə vasitələrinə
üstünlük verən
Məhluqə Sadıqova
“Oqtay Eloğlu”, “Solğun çiçəklər”,
“Almaz”, “Sevil”, “Dönüş”, “1905-ci ildə”,
“Göy quş”, “Skapenin kələkləri”, “Pəri cadu”,
“Vaqif”, “Fərhad və Şirin”, “Xanlar”, “Günahsız müqəssirlər”, “Şeyx
Sənan”, “Qış
nağılı”, “Vanya
dayı”, “Şeytanın
şagirdi”, “Nazirin xanımı”, “Lənkəran
xanının vəziri”,
“Qadın faciəsi”,
“Yalan”, “Atayevlər ailəsi”, “Şöhrət
və ya unudulan adam” və digər səhnə əsərlərində mükəmməl
obrazlar yaradıb.
Doğma səhnədə,
əsasən, lirik və xarakterik rolların yaddaqalan ifaçısı kimi tanınan görkəmli sənətkar yaratdığı
dolğun və rəngarəng obrazlarla Azərbaycan teatr sənətinin inkişafına
mühüm xidmətlər
göstərib. Məhluqə Sadıqovanın ifasında
təbii və gözəl səhnə təcəssümünü tapdığı
üçün tamaşaçılar
tərəfindən böyük
rəğbətlə qarşılanan
bu qadın obrazları böyük aktyor sənətinin qiymətli nümunələri
olub, Azərbaycan milli teatr salnaməsinin unudulmaz səhifələrini təşkil
edir.
Səhnəmizə Azərbaycan qadınının
sadə və təmkinli danışığını,
şirin ləhcəsini
gətirən Məhluqə
Sadıqova XX əsr milli mədəniyyətimiz
tarixində məharətli
bədii qiraət ustası kimi də yaxşı tanınıb. O, 40 ildən çox Azərbaycan radiosunda “Bulaq” verilişinin əvəzsiz aparıcısı
olub, özünün
dərin təsir gücünə malik, emosional və bənzərsiz səsi sayəsində tükənməz
xəzinə olan xalq yaradıcılığını
Azərbaycan dinləyicisinə
sevdirməsi ilə yaddaşlarda silinməz
iz qoyub.
Ali insani keyfiyyətləri
özündə toplayan
Məhluqə xanım
Azərbaycan qadınının
canlı təcəssümü
kimi tamaşaçıların
həmişə sevimlisi
olub, öz sənətkar şəxsiyyəti
ilə bir neçə nəslin yüksək milli-mənəvi
dəyərlər ruhunda
yetişməsində əhəmiyyətli
rol oynayıb.
Məhluqə Sadıqovanın milli teatr sənətimizin inkişafı sahəsində
hədsiz sədaqətlə
göstərdiyi xidmətlər
yüksək qiymətləndirilib.
O, 1949-cu ildə Əməkdar
artist, 1978-ci ildə isə Xalq artisti
fəxri adlarına layiq görülüb.
Aktrisa 2003-cü il avqust ayının
15-də Bakıda vəfat
edib.
Tofiq SEYİDOV
Azad Azərbaycan.- 2021.- 29 aprel.-S.10.