Vətənpərvər,
qayğıkeş Ana: “Xeyirxahlıq Zərifə
xanımın həyat tərzi idi”
Görkəmli
ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevanın
dövlətimiz, xalqımız qarşısında xidmətləri
əvəzsiz olmuşdur. Zərifə
Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun
Şahtaxtlı kəndində dünyaya göz açıb.
1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil olub və 1947-ci ildə həmin
institutu bitirib. Sonra Moskva şəhərində Mərkəzi
Həkimləri Təkmilləşdirmə İnstitutunda
oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib. Elmi
tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan
Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib
çıxarmış və orada həkim-ordinator kimi işə
başlamışdır.
Zərifə xanım 1950-ci ildə aspiranturaya
daxil olmuş, oranı bitirdikdən sonra Respublika Oftalmologiya
Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyətə
başlamışdır. Həmin illərdə
Azərbaycanı traxoma göz xəstəliyi
bürümüşdü. O zaman xəstəliyə
qarşı təsirli müalicə üsulları yox idi və
onunla mübarizə təkcə oftalmologiya elmində deyil,
bütövlükdə respublikanın səhiyyəsi
üçün mühüm əhəmiyyət
daşıyırdı. Belə bir dövrdə Zərifə
xanım traxoma xəstəliyinə qarşı aparılan
müalicəvi və profilaktik tədbirlərin təşkilində
və keçirilməsində fəal iştirak edir. Konkret müalicə
təcrübəsindən başqa o, Azərbaycanda traxoma xəstəliyinin
daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara
məruzələr oxuyur, əhali arasında söhbətlər
aparırdı.
Beləliklə, Zərifə xanımın ilk
elmi araşdırmalarının mövzusunu həyat
özü müəyyənləşdirir.
Zərifə zanım tədqiqat
işini tarxomanın müalicəsi ilə bağlı məsələlərə,
bir az da dəqiq desək, traxomanın müalicəsində və
onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin
öyrənilməsində, o dövr üçün yeni olan
antibiotikdən-sintomitsindən istifadə olunmasına həsr
edir. Çünki sintomitsin geniş antibakterial spektrlərlə
yanaşı, antixlamedik fəallığa malik idi. Bu tədqiqatların
nəticələri Zərifə Əliyevanın 1960-cı
ildə uğurla müdafiə etdiyi “Traxomanın digər
terapiya üsulları ilə birlikdə sintomitsinlə
müalicəsi” mövzusunda namizədlik
dissertasiyasının əsasını təşkil edir.
Gənc alım Oftalmologiya Elmi-Tədqiqat
İnstitutunda böyük elmi işçi seçilir. Traxoma
xəstəliyinin öyrənilməsi və müalicəsi
üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə
xanım oftalmologiya elmi üçün vacib olan digər
istiqamətlərdə tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən
bəhs edən elmi işlərin mətbuatda dərc
olunması klinik göz xəstəliyi sahəsində
çalışan həkimlərin biliklərinin genişlənməsinə
kömək edir. 1960-cı ildən 1967-cı ilədək Zərifə
xanım Oftalmologiya İnstitutunda böyük elmi
işçi vəzifəsində çalışır.
1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona
Oftalmologiya ixtisası üzrə böyük elmi
işçi adı verir.
1967-ci ildə Zərifə Əliyeva Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun göz xəstəlikləri kafedrasına dosent
vəzifəsinə dəvət olunur. Yeri gəlmişkən,
bu institut ömrünün son illərində kollektivə rəhbərlik
etmiş mərhum professor Əziz Məmmədkərim oğlu
Əliyevin – Zərifə xanımın atasının
adını daşıyırdı.
Həmin dövrdə Zərifə
Əziz qızı həkimlik fəaliyyəti ilə məşğul
olur, bir çox cərrahiyyə əməliyyatları
aparır, xəstələrə məsləhətlər
verir, üstəlik onun fəaliyyəti yalnız öz
klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını
və şöbələrini əhatə edir. Bununla
yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə
kurslarının dinləyicisi həkimləri ilə pedaqoji
iş aparır. Tibbi təcrübə və kadr
hazırlığı məsələləri ilə
çox ciddi məşğul olmasına baxmayaraq Zərifə
xanım elmi tədqiqat işlərinin davam etdirilməsinə
böyük əhəmiyyət verir. Həmin dövrdə o,
oftalmologiyanın bir sıra aktual məsələlərinə
diqqət yetirir. Bu məsələlər arasında
diaqnostika, qlaukomanın və görmə orqanını
iltihabını müalicəsi və s. xüsusi yer tutur. Onun
diqqətini oftalmologiyanın elmi cəhətdən az
araşdırılmış sahəsi- görmə
orqanının patologiyası cəlb edir. Bu problemin
aktuallığı yalnız kimya və elektronika sənayesinin
geniş inkişafı ilə yox, həm də bir çox
yeni birləşmələrin görmə orqanına təsirinin
demək olar ki, elmi şəkildə tədqiq olunması ilə
əlaqədar idi.
1968-ci ildən başlayaraq Zərifə
Əliyeva məqsədyönlü şəkildə görmə
orqanının patologiyası ilə məşğul
olmağa başlayır. Qeyd etmək lazımdır ki, bir
sıra ciddi elmi məsələlərlə yanaşı Zərifə
xanım bütün ömrü boyu peşə ilə əlaqədar
əmələ gələn göz xəstəliyi problemlərinə
xüsusi maraq göstərmişdir. Zərifə xanım bu
problem üzərində iş apararkən çox vaxt
bilavasitə sənaye müəssisələrində
olmuş, zərərli peşə sahələrində
çalışan şəxsləri oftalmoloji müayinədən
keçirmişdir. Bununla yanaşı Bakının və
Sumqayıtın bir sıra sənaye müəssisələrinin,
o cümlədən Şin zavodunun sexlərində laboratoriya
şəraitində elmi təcrübələr
aparmışdır.
Genişmiqyaslı klinik və təcrübi
tədqiqatlar nəticəsində alim zəhərli maddələrin
görmə orqanına təsirinin əsas qanunauyğunluğunu
aşkara çıxara bilmişdir. Çoxillik
müşahidələrin, klinik tədqiqatların və
eksperimentlərin nəticələri Zərifə
xanımın doktorluq dissertasiyasının əsasını
təşkil etmişdir. O, “Azərbaycanın
bir sıra kimya müəssisələri işçilərinin
görmə orqanının vəziyyəti” mövzusunda
yazdığı dissertasiya işini dünyanın ən
nüfuzlu oftalmologiya mərkəzlərindən birində -
H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda müdafiə etmişdir.
Zərifə Əliyevanın dissertasiya işi
alim-oftalmoloqların yüksək qiymətini almış,
oftalmologiyanın bu sahəsində ilk işlərdən biri
olmuşdur.
1977-ci ildə Zərifə xanıma tibb elmləri
doktoru elmi dərəcəsi verilmişdir. Doktorluq
dissertasiyasını müdafiə etdikdən bir qədər
sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun oftalmologiya
kafedrasının professoru seçilir. 1983-cü ildə isə
həmin kafedranın müdiri olur. Elə ilk gündən alim
ətrafına istedadlı gənc həmkarlarını
toplayaraq, elmi-tədqiqat işini, kadrların və elmi
işçilərin hazırlanmasını müvəffəqiyyətlə
təşkil edə bilir. Amma kafedranın mövcud bazası
elmi tədqiqatların keçirilməsi tələblərinə
cavab vermirdi. Təşəbbüs göstərmək
lazım gəlirdi və Zərifə xanım bu problemin həlli
yolunda bir sıra konkret addımlar atır.
1979-cu ildə Azərbaycan Elmlər
Akademiyasının Fiziologiya İnstitutunda Zərifə
xanımın təşəbbüsü və təşkilatçılığı
ilə yaradılan laboratoriyada az intensivli zəhərli istehsal
sahələrində görmə orqanına fizioloji, klinik,
funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi
üzrə bir sıra qiymətli tədqiqatlar aparılır.
Elmi araşdırmalar nəticəsində Zərifə
Əliyeva bir neçə monoqrafiya, o cümlədən
“Şin istehsalında gözün peşə patologiyası”,
“Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod
sənayesində gözün peşə xəstəliyinin
profilaktikası” monoqrafiyalarını çap etdirir. Bu əsərlər
dünyanın elmi ictimaiyyətinin etimadını qazanır.
1981-ci ildə oftalmologiyanın inkişafına
verdiyi böyük töhfəyə - görmə
orqanının peşə patologiyası sahəsində
apardığı elmi tədqiqatlara görə, professor Zərifə
Əliyeva oftalmologiya aləmində ən yüksək
mükafata – SSRİ Tibb Elmləri Akademiyasının
M.İ.Averbax adına mükafata layiq görülür. Qeyd
olunmalıdır ki, professor Zərifə Əliyeva həmin
mükafata layiq görülən ilk qadındır.
1983-cü ildə Zərifə xanım Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən
sonra onun fəaliyyəti daha da genişlənir.
Həmin dövrdə Zərifə xanım
qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi
məsələlərinə həsr olunmuş bir sıra
maraqlı tədqiqatlar aparmışdır. Gərgin
və gərəkli tədqiqatlar nəticəsində o, bir
sıra elmi məqalələr və iki monoqrafiya –
“Gözün hidrodinamik sisteminin anatomo-fizioloji
xarakteristikası” və “Yaşla bağlı gözün əsəb
yollarının dəyişməsi” monoqrafiyalarını
çap etdirmişdir.
Zərifə Əliyeva həm də
gözün zədələnməsinin profilaktikası və
müalicəsi imkanlarını öyrənmişdir. Bir sıra elmi işlərində o, görmə
orqanı zədələndikdə mövcud olan cərrahiyyə
əməliyyatları üsullarını
araşdırmış, həmin üsulların təkmilləşdirilməsi
üçün bir sıra faydalı tövsiyələr
işləyib hazırlamışdır. Bu tövsiyələr
cərrahiyyə əməliyyatına məruz qalan zədələnmiş
görmə orqanının müalicəsini xeyli
yüngülləşdirmişdir.
Alimin bır sıra elmi işləri görmə
orqanında bədxassəli şişlərin
diaqnostikasına və müalicəsinə həsr
olunmuşdur. Zərifə xanımın daktriologiyadan bəhs
edən – “Göz sulanmasının müasir cərrahiyyə
üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə
oftalmoloqların yox, həm də fizioloqların diqqətini
özünə cəlb edir.
Zərifə Əliyevanı həkim etikası
və tibbi deontologiya məsələləri həmişə
düşündürmüşdür. O, gənc həkimlərin
tərbiyəsinə, onların peşə fəaliyyəti ilə
bağlı problemlərin öyrənilməsinə və həllinə
xeyli zəhmət sərf edib. Onun çoxşaxəli məqalələri,
çıxışları məhz bu məsələyə
həsr olunmuş “Yüksək etimad” kitabı isə cəmiyyətdə
həkimin şəxsiyyət kimi formalaşması prosesinə
dəyərli töhvə vermişdir.
Alim səhiyyədə kadr
hazırlığına və həkimlərin
ixtisasının təkmilləşdirilməsinə də gərgin
əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi
altında gənc alimlərin və həkim-oftalmoloqların
böyük bir nəsli yetişmişdir. Zərifə
xanım tələbələrinə zəngin təcrübə
öyrətmiş, onlara diqqət və qayğı ilə
yanaşmışdır. O, heç zaman gərgin işdən
usanmamış, ürəkdən və ilhamla
çalışmışdır.
Zərifə xanımın həkim
kimi fədakarlığı, yüksək vətəndaşlıq
məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi,
insanlara və onların problemlərinə göstərdiyi
qayğı, fəal həyat mövqeyi ona həmkarlarının,
yetirmələrinin və xəstələrinin dərin
hörmətini qazandırmışdır. Böyük
xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə
görə professor Zərifə Əliyeva 1983-cü ildə
Azərbaycan Elmlər Akademiyasının akademiki seçilir.
Zərifə xanımın həyat
fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya
elminin inkişafındakı xidmətləri o qədər zəngin
və çoxşaxəlidir ki, onun fəaliyyətinə nəzər
salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət
olması qənaətinə gəlmək olur. Onun fitri istedada malik novator alim, pak və nadir bir insan
kimi yaşadığı dərin mənalı ömrü,
keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan
vətəndaşı, alim və həkimi üçün həyat,
mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir.
Dünya oftalmologiya elminin tanınmış
simaları Zərifə xanım haqqında tarixi sözlər
demişlər. Məşhur oftalmoloq, akademik A.Nesterov
demişdir: “Zərifə Əliyeva çox ağıllı
insan və böyük professional idi. Mən onu öz sahəsinin
məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli
idi”.
Akademik N.Puçkovskaya isə “Xeyirxahlıq Zərifə
xanımın həyat tərzi idi” deyərək – alimin
yüksək insani keyfiyyətlərə malik olduğunu
vurğulamışdır.
Professor A.Burovkina onu nəciblik və mənəvi
paklıq timsalı adlandırmışdır.
Professor N.Şurpina Zərifə xanımı
dünya şöhrətli alim adlandıraraq “Biz onu
sevmişik, sevirik və ömrümüzün sonuna qədər
sevəcəyik” demişdir.
Zərifə xanım Əliyeva
elmi, ictimai fəaliyyəti ilə yanaşı eyni zamanda
özünün sadəliyi, insanpərvərliyi, humanist fəlsəfi
dünyagörüşü, qayğıkeşliyi ilə nəinki
respublikamızda, eyni zamanda SSRİ miqyasında ən
öncül yerdə özünə layiq yer tutmuşdur.
Bu gün onun bu hamanist dünya
görüşündən bütün dünya iftixarla
söhbət açır. Zərifə xanımın möhtəşəm
abidəsi dünya dövlətləri
başçılarının və xalqlarının,
xalqımızın, türk dünyasının, bəşəriyyətin
ziyarətgahına çevrilmişdir. O, eyni zamanda bəşər
tarixinə bənzəri olmayan siyasi xadim olaraq daxil olmuş, əbədiyaşar
Heydər Əliyevin ömür-gün yoldaşı olmaqla,
ona həmişə mənəvi dəstək olmuşdur.
Zərifə xanım Əliyeva 1985-ci ilin
aprelin 15-də 61 yaşında əbədiyyətə
qovuşmuşdur.
Dəmir QURBANLI
Azad Azərbaycan.-
2021.- 29 aprel.-S.3.