Öz elimin, yurd-yuvamın qızıyam
Qadın gülərsə...
Əgər qadının elmi tərifi
olsaydı, orada kövrəklik ifadəsi mütləq yer
alardı. Buna heç kəsin şübhəsi olmasın. Mən
əminəm ki, tarixə “Dəmir ledi” kimi düşən
qadınların belə, qəlbində hansısa bir məqamda
kövrəklik olub. Bu ilin aprel ayında dəvət
aldığım bir ədəbi məclisdə əlimə
bir kitab keçdi. “Mənim tale yolum” adlanan kitabın üz
qabığında əsl azərbaycanlı bir xanımın
baxışları ilə rastlaşdım. İstənilən
kitaba mündəricatdan boylanmaq kimi bir adətim var. Bu dəfə
də adətimə uyğun kitaba baxarkən, şeirlər
toplusu olduğunu anladım.
Həmişə etiraf etmişəm ki, poeziyaya
ruhən yaxın olmasam da, mənalı şeirdən yan
ötə bilmirəm. Beləcə, müəllifini
tanımadığım kitabı vərəqləyə-vərəqləyə
bir neçə şeirin oxucusuna çevrildim. Şeirlərdəki
həsrət, niskil diqqətimdən yayınmadı və
müəllifi axtarıb tapmaq kimi bir jurnalist marağı
yarandı məndə. Axtardım və onu ruhumun şəhəri
olan Gəncədə tapdım. Məlum oldu ki, bir
neçə kitabın müəllifidi, mətbuatda imzası
da görünür. Və onu “Qadın gülərsə”
rubrikamızın qonağı kimi görmək istədiyimi
bildirəndə, Səlbi Baxış imzası ilə
tanınan bu xanım məni “Əgər qadın gülərsə”adlı
şeiri ilə qarşıladı. Və ilk öyrəndidiyim
o oldu ki, şeirlərindəki həsrət və niskilin bir
adı - Vətən. Təqdimatı isə onun öz
ixtiyarına buraxıram. Gəlin tanış olaq.
ADDIM
1966-cı ilin soyuq fevral ayında
Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində
dünyaya göz açmışam. İki aydan sonra ailəmiz
Xanlar rayonuna (indiki Göygöl) köçdü və beləcə
həyatım bu rayona bağlandı. 1984-cü ildə
Göygöl rayonunda 4 saylı məktəbi əla qiymətlərlə
başa vurdum. Ədəbiyyata çox meylli idim, təhsl almaq
isə arzularımın zirvəsi idi. Lakin hərənin bir
alın yazısı var və insan yazılan qədəri də
yaşayır. Nə qədər səy göstərsəm də,
cəhdlərim boşa çıxdı, ali təhsil almaq mənə
nəsib olmadı, çünki müsabiqələr imkan vermədi.
Ailə qurandan sonra belə, cəhdimdən qalmadım, lakin
arzum yetməyən bir istək kimi eləcə də
qaldı. Ədəbiyyata olan sevgimdən erkən
yaşlarımdan yazıb-pozurdum. Amma o zamanlar bilmirdim ki, nə
vaxtsa Vətən həsrəti məni qələmə
sarılmağa məcbur edəcək.
AİLƏ
Yeddi uşaq olmuşuq ailədə - iki
qardaş, beş bacı. Mən ailənin
dördüncüsüyəm. Atam Qafar Məmmədov ailəsini
fəhləlik etməklə saxlayıb. Anam Rəna Məmmədova
da böyük bir külfəti dolandırmaq üçün
atama həmişə kömək edib. Onlardan daima
eşitdiyimiz öyüd-nəsihət düzlük və
halallıq olub. Bu nəsihət indiyə qədər yol
yoldaşımdı. Bizlərdən təhsil alan təkcə
böyük bacım oldu, Musiqi texnikimunu bitirə bildi, gözəl
muğamlar ifa edir. Valideynlərim bu həyatda özlərindən
sonra mehriban, bir-birinə çox bağlı övladlar qoya bildi.
Əfsus ki, onları tez
itirdim, demək olar ki, bir-birinin ardınca. Bu
azmış kimi qardaş acısı yaşamaq da bizə nəsib
oldu. Hərəmiz bir evin
çırağını yandırsaq da, ata-anamızın
bizə aşıladığı mehribanlıq öz
axarında davam edir.
YOL
Həyatda hərənin öz yolu, öz
cığırı var. Oxumaq kimi yetmədiyim bir arzum qalsa da,
bacardığım qədər öz
cığırımı tapa bildim. Bu
cığırı tapmaqda mənə əvvəllər əlimə
aldığım qələm kömək etdi. Adətən deyirlər ki, dərd insanı dilə
gətirir. Vətən həsrəti mənə
böyük dərd oldu. Qürbət
adlı həyat məktəbində dərs aldım. Bir də gördüm ki, içimdə,
düşüncəmdə nə varsa, hamısı misralara
çevrilir. Nə şair, nə də
yazar deyirdim özümə. Yazdıqlarımı
üzə çıxarmağa belə utanırdım. Həyat yoldaşım Eldar məni çox həvəsləndirirdi.
Vətənə növbəti gəlişlərimin
birində “Vedibasar” qəzetinin redaktoru, çox hörmət
bəslədiyim Nəsibə İsrafilqızı
yazdığım şeirləri görüb ilk müəllim
kimi əlimdən tutaraq, məni cəsarətli olmağa
yönəltdi. Və beləcə, bu iki insanın təkidilə
2015-ci ildə “Mənim tale yolum” və “Səadət sevgidədi”,
2020-ci ildə isə “Dərdim niyə azalmır” kitablarım
işıq üzü gördü.
Söz
qoşaraq, şeir yazdım dərdimə,
Göy
yamaclı, bağ-bağatlı kəndimə,
Ana yurdum,
baba yurdum Vedimə,
Vətənimin igid əsgər qızıyam.
VƏTƏN
Vətənin dəyərini qürbətdə yaşayanlar
daha yaxşı bilir. Bu həsrət, bu niskil sardı məni qələmə.
Bu həsrətin nə olduğunu kiçik
yaşlarımdan nənə-babamın, ata-anamın söhbətlərindən
bilirəm. Vedi deyəndə qəlbləri
qan ağlayardı. O zaman hardasa mənə təəccüblü
də gələrdi onların bu həsrəti, ta ki bu hissi
özüm yaşayana qədər. Bir mahnıda deyildiyi kimi:
“Vətən - əlim çatandı, ünüm yetəndi”.
Bax, bunu yaşaya bilirsənsə, deməli,
dünyanın ən xoşbəxtisən.
SƏLBİNAZ
1988-ci ildən başlayan hadisələr get-gedə Azərbaycanı
qaynar bir qazana çevirməkdə idi. Vətənin
aqibəti böyük və müəmmalı bir sual
altında qalmışdı. Yuxarıların
çəkişmələri insanları belə, onlara
unutdurmuşdu. Belə bir
anlaşılmazlıq içində yaşayan insanların əksəriyyəti
ailəsini dolandırmaq üçün Rusiyaya üz tutdu və
mən də bu həyatı yaşamaq məcburiyyətində
qaldım. Amma oxumaq həsrətilə
qovrulan mən, övladlarıma təhsil vermək
üçün hər şeydən keçməyə
hazır olmuşam. Xoşbəxtəm ki,
buna nail oldum, yarımçıq arzumu onlar tamamladı. Böyük qızım Gəncə Humanitar
Kollecini, ikincisi Neft Akademiyasını, oğlum Çelyabinsk
şəhərində Cənubi Ural Dövlət Universitetini
bitirib. Hazırda özümü üç ali təhsilli bir ana zənn edirəm. Qələm yenə də əlimdədi. “Ömür yollarında”, “Dolub boşalan dünya”,
“Gözüm yolda, könlüm səsdə” silsiləsindn
olan antologiyalarının yaradıcı üzvüyəm.
“Nəsimi”, “Xəlil Rza Ulutürk”
diplomlarına, QMİB-nin “Nabat yolu” mükafatına, “Xarı
Bülbül” medalına layiq görülmüşəm.
ANASAN-Anadolu sənətçi, şair, yazar,
aşıq və Bilim Adamlar Birliyinin Gəncə təmsilçisiyəm.
Bütün bunları mənə nəsib edən
Allaha sonsuz şükürlər olsun. Mən
bu gün torpaqları işğaldan azad olmuş bir ölkənin
vətəndaşıyam. Bu hissi
yaşamağın qüruru yerə-göyə
sığmır. Vaxtı ilə bizə
yuxarıdan baxanlara indi biz meydan oxuyuruq. 30
illik bir əsarətdən vur-tut 44 günə xilas olmağın
tarixdə nə adı var, nə də bənzəri. Buna yalnız türk oğlu türk qadirdi ki, onu da
dünyaya sübut etdi. Biz böyük
itkilər bahasına bu tarixi yazdıq. Analara
oğul dağı çəkildi, bacılar qardaş
acısı daddı, cavan gəlinlərimiz
yarımçıq ömür yaşamağa məhkum oldu,
körpələr ata məhəbbətinə əbədi həsrət
qaldı. Şəhidlər bizlər üçün
darıxan torpaqları öz qanları ilə suvardı, illərdi
namərd tapdağı altında inləyən Qarabağ cana gəldi. İllərin həsrətilə
yaşayan Cıdır düzündə Qarabağ atları
şahə qalxdı, Xarı Bülbül sevincini yenidən
yaşamağa başladı. Dəmir
yumruq elə qalxdı ki, düşmən hər an onu
başı üzərində hiss edəcək və edir də.
Çox acıyıram ki, nənə-babam,
valideynlərim torpaq həsrəti ilə bü dünyadan
köç etdi. Acıyıram ki, dədə-baba
yurduma hələ ayağım dəymir, amma içimdə qəti
bir inam, əminlik var ki, o yerləri yenə də nəfəsimizlə
isidəcəyik. Biz əslində çox
qorxaq, lakin arxasındakı havadarlara güvənən bir
düşmənlə üz-üzəyik. Ali Baş Komandan dəfələrlə onu təkbətək
döyüşə səsləsə də, onlar
qınından çıxmağa cəsarət tapa bilmədi.
Və sonda illərdi susan dünya kimin kim
olduğunu gördü. Prezidentimizin dediyi kimi: “Zəngəzur
da, İrəvan da bizim tarixi dədə-baba yurdumuzdu və biz
mütləq öz torpaqlarımıza qayıdacağıq”.
O günləri yaşayacağımıza inanıram.
Qurban olum
Vətənimin daşına,
Dolanaram
gündə min yol başına,
Qurban
ollam gözdən axan yaşına,
Vətənimin igid əsgər qızıyam.
QADIN
GÜLƏRSƏ
Vətənimə, dövlətimə, dövlətçiliyimizə
hədsiz bağlı bir Azərbaycan qadınıyam. İnsan
qürbətdə olanda Vətənin ən kiçik sədasını
belə izləyir. Ev, ailə işlərinə
baxmayaraq, yerli mətbuatımızı sosial şəbəkə
üzərindən daima izləyirəm. Qəzetinizə
bələdəm, rubrikanızın oxucusuyam. Lakin
heç ağlıma gəlməzdi ki, bir gün həvəslə
izlədiyim “Qadın gülərsə”nin
qonağı ola bilərəm. Bunun
üçün qəzetinizin rəhbərliyinə, mənimlə
maraqlanaraq, axtarıb tapdığınıza görə sizə
dərin təşəkkürümü bildirirəm.
Qadının
dünyası sehrli sirdi,
Dağların
başında gəzər dumanı,
Gül
kimi saraldıb soldurar dərdi,
Sevən ürəyində sızlar kamanı.
Qadının ana kimi uca bir adı var və onun
çöhrəsindən heç zaman təbəssüm əskik
olmasın ki, dünya yaşasın.
SON
SÖZ
Araşdırmaları çox sevirəm, çünki
onların arxasında özümə maraqlı xeyli məqamlar,
bilməli olduğum bilmədiklərim, səmimi dostluğa
çevrilən ünsiyyət olur. Bugünkü
müsahibim də özüm üçün daha bir
tapıntım oldu. Çox kövrək, səmimi, həssas,
qəlbi torpağı üçün döyünən Səlbi
Baxışdan ayrılanda, bir kəlamı xatırladım:
“Vətəni sevmək imandandır”. İmanımız
kamil olsun.
Tamilla TEYMURQIZI
Azad Azərbaycan.-
2021.- 5 avqust.- S.5.