Vətənə sevdalanan qəhrəman: Elşən Sultanlı

 

Şanlı zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsində hünəri ilə tarix yazan qəhrəman Vətən oğulları çox oldu. Onlardan biri Yardımlı rayonunun Teşkan kəndində dünyaya göz açmış Elşən Nazim oğlu Sultanlıdır.

 

Torpaq naminə haqq savaşımız başlananda Elşən ömrünün on səkkizinci baharına qədəm qoymuşdu. Elə bu yaşda canını Vətəninə fəda etməklə ölümsüz bir əbədi həyat qazandı. İndi qəlbimizdə döyünən ürək kimidir Elşən. qərinələr keçəcək, gələcək nəsillər üçün bu, qəlbi Vətən sevdalı igid məhz belə olacaqdır. Cismən işıqlı dünyada olmasa da Elşən qəhrəman döyüşçü, ən əsası Vətənə, torpağa sevgi rəmzi bilinib hər an böyük ehtiramla xatırlanacaq.

 

Bəli, Elşən 18 il yaşadı. Qaldı ki, yaşından çox-çox uca şərəf, şan sahibi oldu. Yoxluğu bilinmir, adı çəkiləndə isə həyata əzəmət, ilahi sevgidən yaranan bir ülviyyət gəlir.

 

 

 

Elşənin Vətəninə, xalqına layiqli övlad olması lap kiçik yaşlardan bilinir. Hər işdə saf, ülvi məqsədlərə can atır, yaşatmaq eşqi, yaratmaq həvəsi sanki Günəşdən nur alırdı. Orta məktəbi başa vuranda düzlüyünə, vətənsevərliyinə, yurduna sədaqətinə, millətinə sevgisinə el-obada hamı alqış deyir. Əməlləri dünyanın xeyirxahlığına, haqq-ədalətə tapınan, ürəyi hər zaman Vətən eşqi ilə döyünən Elşəni ən çox düşündürən təcavüzkar erməni faşistlərinin Qarabağda etdiyi vəhşiliklər olur.

 

2019-cu ildə həqiqi hərbi xidmətə yola düşəndə ailə, dost-tanış qarşısında ermənilərdən işğal olunmuş hər qarış torpaqların qisasını alacağına an içir. Ürəyinin istəyinə uyğun doğma Azərbaycana cəbhə bölgəsində keşik çəkir. Uğrunda canından keçməyə hazır olan oğul kimi Vətəninə xidmət edir. Müharibə başlanan günü düşmənlə döyüşə girir. Talış Suqovuşan uğrunda gedən ağır müharibənin qalibi olur.

 

Sonrakı döyüşlərdə Elşən yalnız qələbə əzmi ilə vuruşur. Məhv etdiyi erməni faşistlərinin sayı bilinmir. Vətənə sevgisi, düşmənə nifrəti döyüşdən-döyüşə igid əsgərə yenilməz güc verir. Tərtər-Ağdərə istiqamətdə gedən ölüm-dirim vuruşlarda vurduğu sarsıdıcı zərbələri düşməni məğlubiyyətə aparır. Oktyabrın 17-də isə canından artıq sevdiyi Vətənə tuşlanan gülləni polad sinəsi ilə susdurur. Elşənin şəhidlik zirvəsinə ucalması çiyin-çiyinə döyüşdüyü əsgər yoldaşlarını düşmənə qarşı daha amansız edir...

 

Şəhidin anası Gülnisə xanımı çox qürurlu gördüm. Söhbət zamanı dedi: «Övlad itkisi çətindir. İgid, mərd oğlum Vətəni üçün yaşadı... İndi onu bütün xalq özünə ləyaqətli övlad bilir. Mən belə oğul anasıyam, onunla fəxr edirəm... Elşən evə zəng edəndə deyərdi ki narahat olmayın, erməniləri qırırıq. Qarabağı alıb gələcəyəm. Elşən öz arzusuna çatdı, özü sona qədər bunu görə, bunun ləzzətini yaşaya bilməsə , onun yuxularını ərşə çəkən Qarabağ, işğal olunmuş torpaqlarımız azad olundu. Vətən sağ olsun! Dövlət Vətənə bağlı ElşənimiVətən uğrundamedalı ilə təltif etdi».

 

Zəfər ORUCOĞLU

 

Azad Azərbaycan.- 2021.- 19 avqust.- S.5