Arzuları yarımçıq qalan igid: Ramin İbadlı

 

 

Torpaq insanın alın təri ilə yoğrulduqca qiymətlənir, şəhidlərin qanı ilə suvarıldıqca müqəddəsləşir. Bu torpaqları öz qanı ilə müqəddəsləşdirən belə igid oğullardan biri Beyləqan rayon İkinci Aşıqlı kəndində zəhmətkeş bir ailədə doğulmuş İbadlı Ramin Qubad oğludur. Qəhrəmanımız 20.12.1991-ci ildə dünyaya göz açmışdı.

 

Böyüdükcə evdə, məktəbdə daima vətənpərvər ruhda tərbiyə alan Ramin el-obasına bağlı biri idi. Hərbi xidmətini başa vurduqdan sonra sevə-sevə Vətənə xidmət etmək arzusu bir an belə Ramini tərk etmirdi. Bu istək onu zabitlər kursuna qədər gətirib çıxarmışdı. Təhsilini bitirərək N saylı hərbi hissədə taqım komandiri təyin olunur. İşinə bağlı olmağı, verilən tapşırıqları vaxtında yerinə yetirdiyi üçün dəfələrlə komandanlıq tərəfindən qiymətləndirilmişdi. Ramin kəşfiyyat bölüyündə idi. Daima tapşırıqlara öndə gedərdi. 25.08.2014-cü ildə üç dostu tapşırıq alıb xidmətə yollanır. Lakin mənfur düşmən gülləsi bu dostları yarı yolda qoyur igidliklə ən ali məqama səhidlik zirvəsinə ucalırlar. Ramin nişanlı idi, toy günü belə təyin olunmuşdu.

 

Əfsuslar olsun ki, bir ömur yarım qaldı, xonçalar açılmadı

 

İgid Ramin

 

Kaş olaydı belə oğlu hər ananın,

Sevgili yarı hər sevən cananın,

Cəsurdur övladları Beyləqanın

Aşıqlının igid nər oğlu Ramin.

 

Kəşfiyyatçı gizir gedərdi öndə,

Üç dostuyla şəhid oldu bir gündə,

Atəşkəs vaxtı iki min on dördə,

Aşıqlının igid nər oğlu Ramin.

 

Bir qardaşı, bacısı var idi,

Anasının ürəyi, ilk barı idi,

Könül verdiyi bir yarı var idi,

Nişanlıydı igid ər oğlu Ramin.

 

And içdin ki, üç rəngli bayrağına,

Dağ çəkəcəm erməninin bağrına,

Qurban oldun vətənə, torpağına,

Aşıqlının igid ər oğlu Ramin.

 

Toy günü baş daşı hazır oldu,

Kamilqızının da gözləri doldu,

Anan, bacın, yarın saçını yoldu,

Aşıqlının şəhid ər oğlu Ramin

 

 

Raziyə KAMİLQIZI

 

 Azad Azərbaycan.- 2021.-  19 avqust.- S.5.