Maraqlı bir nasirlə görüş...
Bu yaxınlarda
Sumqayıt şəhərindəki
9-cu mikrorayonda yerləşən
bir poçt idarəsinə getmişdim.
Elə idarənin içərisinə təzə
daxil olmuşdum ki, poçtun müdiri, dostumuz, dəyərli nasir Arif Ərşada rast gəldim. Arif müəllim məni görən kimi özü yaxınlaşdı, hal-əhval
elədi. Bir az onunla həmsöhbət
olduq. Söhbət əsnasındı həmkarım
mənə gözəl
qəzəl ustası
Əli Əmirovun (Ələmi) yazdığı
qəzəllərdən danışdı.
Sonra Arif müəllim məndən
onun FB-də paylaşdığı hekayələri
oxuyub-oxumadığımı soruşdu. Mən doğrusu bilmədim nə cavab verim.
Sözün düzü
oxumamışdım. Ona
görə də dedim ki, oxumamışam.
Arif müəllimin stolunun üstündə qəzetlər, kitablar var idi. O mənə
3 qəzet verdi. İkisi "Azad Azərbaycan", biri isə "Sözün sehri" qəzeti idi. Bu qəzetlərdə
Arif müəllimin hekayələri çap olunmuşdu. "Babamın
nağılı", "Qızcığazın taleyi"
və bir də "Lotoreya bileti"…
Bu hekayələri
oxudum və Arif müəllimin zəkasına, maraqlı süjetlər qurmasına
heyran oldum. O qədər maraqlı hekayələr idi ki, elə bildim
1980-ci illərə geri
döndüm. O vaxtlar bizlər Süleyman Rəhimovu, Mir Cəlalı, İlyas Əfəndiyevi necə həvəslə oxuyurduqsa, mən də Arif Ərşadın
hekayələrini elə
həvəslə oxudum,
özü də birnəfəsə. Hekayələr
elə maraqlı idi ki, onlardan
ayrılmaq istəmirdim.
Sonralar Arif
Ərşad mənə
yenicə çapdan çıxmış hekayələr
toplusunu verdi. Burada olan 33 hekayəni mən demək olar ki, iki
günə oxudum. Bu hekayələr bir-birindən
maraqlı və oxunaqlıdır. Bu məqamda
istəyirdim oxucuları
Arif Ərşadla daha yaxından tanış edim.
Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Prezident mükafatçısı, “Qızıl
qələm” mükafatçısı,
şair, yazıçı-tərcüməçi,
çoxlu şeirlər
və 40-dan artıq hekayənin müəllifi
Arif Ərşadın
“Ömür qatarı”
adlı ilk kitabı
2014-cü ildə işıq
üzü görüb. “Hekayələr” adlı ikinci kitabı isə 2020-ci ilin dekabr ayında işıq üzü görüb.
Əsərləri dövrü mətbuatda tez-tez tirajlanan Arif Ərşad müasir ədəbiyyatımızda
həqiqətən maraqlı
hekayələr ustasıdır. Çünki, yazıçı ilk öncə
çox maraqlı süjetlər tapmaq, həmin süjetləri obrazların dilində oxucuya maraqlı dillə çatdırmaq,
dərin sözaltı
mənalar fikirləşmək,
gözlənilməz hadisələr
qurmaq istedadına malikdir. Məhz ona görə
də Arif Ərşadın hekayələri
çox maraqla oxunur. Onun hekayələrində gündəlik həyatımızın
acılı-şirinli anlarında
insan xarakterinin və ailədaxili münasibətlərin incə
nüansları çox
böyük ustalıqla
açıqlanır, təbiətə
və insana sevgi, vətənpərvərlik
tərənnüm olunur.
Məhz bütün bu məziyyətlərinə görə
Arif Ərşad müasir dövr hekayə janrında özünəməxsus üslubda
yazıları ilə
parlaq şəkildə
seçilir.
…Sumqayıt şəhər
Poeziya Evinə toplaşanlar və Arif Ərşadın “Hekayələr” toplusunu müzakirə edən tanınmış şairlər,
yazıçılar, filoloqlar,
jurnalistlər, oxucular
da onun hekayələrinin
bu formalarını, məziyyətlərini yüksək
səviyyədə təhlil
etdilər. Onlar çıxışlarında Arif Ərşadın hekayələrini təhlil
etməklə sübut
elədilər ki, o
XXI əsr Azərbaycan
ədəbiyyatının ən
maraqlı nasirlərindən
biridir.
Sumqayıt Poeziya Evində keçirilən tədbiri
Əməkdar jurnalist,
Sumqayıt haqqında
çoxlu yazıların,
kitabların müəllifi,
çox maraqlı yazıçı Eyruz Məmmədov aparırdı. O, Arif Ərşadla uzun illər davam edən dostluqlarından, çox yaxşı yaradıcılıq əlaqələrinin
olmasından, Arif Əraşdın təkcə
yaxşı yazıçı
yox, həm də insan olmasından,
dosta, ailəyə, qohumlara qarşı dəyanətindən danışdı.
Sonra sözü, Əməkdar mədəniyyət
işçisi, Prezidentin
Fəxri təqaüdçüsü,
qocaman şair Əşrəf Veysəlliyə
verdi. Əşrəf Veysəlli həmkarını
belə maraqlı hekayələr yazdığına
görə təbrik elədi və onun hekayələrində
olan səmimiliyi, maraqlı obrazlar tapmasını xüsusu vurğuladı.
Sonra Əməkdar
mədəniyyət işçisi,
filologiya elmləri doktoru, bir vaxtlar
Arif Ərşada ədəbiyyat fənnindən
dərs demiş Rafiq Yusufoğlu çıxış elədi. O, Arif Ərşadın (Səfərəliyevin)
bir vaxtlar təhsil aldığı
Sumqayıt şəhər
23 nömrəli tam orta
məktəb illərindən
şeirlər yazdığını
və həmin şeirləri o vaxtlar oxuduğunu vurğuladı.
Onu bu yeni kitabının
işıq üzü
görməsi münasibətilə
təbrik elədi.
Tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin Sumqayıt şöbəsinin sədri
Gülnarə Cəmaləddin
də çıxış
etdi. O, Arif Ərşadın
təkcə maraqlı
yazıçı olmasını
yox, həm də həmkarlarının
bir neçə kitabının çox yaxşı redaktoru olduğunu vurğuladı.
Arif Ərşadın orta məktəb yoldaşı,
Azərbaycan Vəkillər
Kollegiyasının üzvü
Azər Saleh onun hekayələr kitabı haqqında yazdığı və “Sözün sehri” qəzetində, çoxlu
saytlarda çap olunan “Hekayə danışan adam” geniş məqaləsindən
ətraflı məlumat
verdi.
Sonra söz,
Əməkdar incəsənət
xadimi, yazıçı,
dramaturq, rejissor, jurnalist Ağalar İdrisoğluna verildi. O, Arif Ərşadın bir neçə hekayəsini təhlil elədi. Onun hekayələrində maraqlı
süjetlərin olması,
balaca bir hekayədə bəzən
povest səviyyəli mövzuları çox ustalıqla yerləşdirməsi,
hekayədə hər
bir obrazın öz dil üslubu
olmasını vurğuladı.
Həm də Arif Ərşadın
uşaq psixologiyasını
yaxşı bilməsi,
hekayələrin bəzilərinin
onların dili ilə çox ustalıqla işləndiyini
bildirdi. O, Arif Ərşadın həm də maraqlı tərcüməçi olduğunu
və dünya klassiklərindən, fransız
yazıçısı Emil Zolyanın “Tereza Raken”, “Naturalizm” və Amerika yazıçısı Karlos
Kostanedanın “Don Xuanın
təlimi” romanlarını
çox maraqlı və oxunaqlı dillə Azərbaycan dilinə tərcümə
etməsindən danışdı.
Yazıçı-həkim, Sumqayıt Dostlar Klubunun idarə heyətini sədri, dəyərli ziyalı Hümbət Həsənoğlu Arif Ərşadın böyük
ziyalı, yaxşı
dost, yüksək səviyyəli
vətənpərvər olduğunu,
öz yaradıcılıq
üslubunda heç kimi təkrarlamadığını
və kitabda olan 33 hekayəsinin hər birinin süjet xəttinin ayrı-ayrı olduğunu,
gözlənilməz hadisələr
qurduğunu Poeziya Evinə toplaşanlara bildirdi: «İstənilən
yazıçının məqsədi
həqiqəti oxucuya bədii formada çatdırmaqdır. Əgər
o, buna
nail ola bilirsə
bu yazıçının
ustalığıdır. Buna
görə mən qətiyyətlə deyə
bilərəm ki, Arif Ərşad öz hekayələrində
buna tam nail olub».
Sonda söz Arif Ərşada verildi. O, tədbirə gələnlərə
öz təşəkkürünü
bildirdi. Və sonra hekayəni
necə yazdığını
və bütün süjetləri həyatdan
götürdüyünü tədbir iştirakçılarına
açıqladı. Olmuş iki
hadisəni danışmaqla
və bu mövzuların necə hekayəyə çevrildiyini
tədbir iştirakçıları
özləri də gördü və Arif Ərşadı alqışladılar. Elə bu
hekayələrlə də
tədbir iştirakçıları
Arif Ərşadın
necə dərin yumora və ustalıqla süjet seçməyə, qurmağa
qadir olduğunu gördülər.
Beləliklə, iki saat davam
edən tədbir ora toplaşanların yaddaşında çox maraqlı bir kitab təqdimatı kimi qaldı.
Əziz oxucular,
sizə məsləhət
görərdim ki, Arif Ərşadın əsərlərini tapıb
oxuyasınız. Onda mənim yazdıqlarımın
necə həqiqət
olduğunu biləcəksiniz.
İnanıram ki, Arif Ərşadın “Hekayələr” toplusu sizin stolüstü kitabınız olacaq.
Lipar Cəmşidqızı
Azad
Azərbaycan.- 2021.- 19 avqust.- S.7.