Akademik Arif Paşayevin Milli Aviasiya
Akademiyasının təşəkkül
tapmasında müstəsna rolu
Azərbaycan tarixi silsiləsindən
(Portret cizgiləri)
Xülasə. Məqalə Azərbaycanın görkəmli alimi, Milli
Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal
oğlu Paşayevin həyat və
yaradıcılığına həsr olunub. Məqsəd,
Akademik Arif Paşayevin çağdaş dövrümüzə
qədər keçdiyi yaradıcılıq yollarına, bir
neçə kitaba sığmayan fəaliyyət istiqamətlərinə
kiçicik də olsa səyahət etmək, müstəqil Azərbaycanımız
üçün gördüyü titanik töhfələrinə
nəzər salmaqdır.
Məhz akademik Arif Paşayevin tükənməz enerjisi
sayəsində milli aviasiyamız kadr hazırlığı
sistemini qurmuş, onu dünya standartları səviyyəsinə
çatdırmışdır. Akademik Arif Paşayevin
bu fəaliyyəti sayəsində nəinki, milli mülki
aviasiyamız, həmçinin Hərbi Hava qüvvələrimiz
də bacarıqlı kadr potensialına yiyələnmişdir.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
milli aviatorlarımızın sayəsində Milli Ordumuzun Hərbi
Hava Qüvvələri həm 1-ci, həm də 2-ci Qarabağ
savaşında böyük qəhrəmanlıqlar göstərmiş,
düşmənlərə sarsıdıcı zərbələr
endirərək möhtəşəm qələbəmizi təmin
etmişlər.
Sözsüz ki, bütün bu nailiyyətlərin həyata
keçirilməsində akademik Arif Paşayevin böyük
rolunu vurğulamaqla, onun milli kadr hazırlığı
sisteminin inkişaf etdirilməsi istiqamətində
atdığı addımlar Milli Aviasiya tariximizdə yeni səhifə
açmışdır.
XX əsrin sonu XXI əsrin əvvəllərində
artıq özünü təsdiq etmiş Azərbaycan
mülki aviasiyası nüfuzlu beynəlxalq aviasiya təşkilatlarına
daxil olmuş və fasiləsiz olaraq, ən müasir texnika və
avadanlıqla təchiz olunmuşdur. Bu yüksəlişdə
Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolunu
vurğulayaraq respublikada aviasiya sahəsi üçün milli
kadrların hazırlanmasının sistemli təşkilini həyata
keçirən Azərbaycan Milli Aviasiya Akademiyası çox
zəngin və məsuliyyətli bir dövr keçmişdir.
Milli Aviasiya Akademiyası (bundan sonra MAA) Azərbaycan Hava
Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) strukturuna
daxil olan Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisəsi kimi ölkəmizdə
mülki aviasiya sahəsində ali, əlavə və peşə-ixtisas
təhsil proqramlarını həyata keçirən ali təhsil
müəssisəsidir.
Azərbaycan
Nazirlər Kabinetinin 15 iyun 1992-ci il tarixli,
337 nömrəli qərarı ilə yaradılan aviasiya tədris
ocağının ilk adı «Milli Aviasiya Mərkəzi»
olmuşdur. İki ildən sonra isə Milli
Aviasiya Akademiyası adlandırılmışdır.
MAA-nın rektoru vəzifəsinə Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət
Mükafatı laureatı, Yusif Məmmədəliyev adına
mükafatın sahibi, akademik Arif Mir Cəlal oğlu Paşayev
təyin edilmişdir. Onun elmi maraq dairəsi olduqca
çoxşaxəlidir: yarımkeçiricilər fizikası
və texnikası, maddələrin parametrlərinin məsafədən
zondlaşdırılması, elmi cihazqayırma, radio və
ultrayüksək sürətli elektromaqnit dalğaları
diapazonunda maddələrin fiziki xassələrinin tədqiqi və
digər sahələrdə tanınmış alim kimi
çıxış etmişdir.
Son illərdə akademikin elmi fəaliyyəti aktual
istiqamətə - yüksək hərarətli keçirici
maddələrin fiziki xassələrini öyrənən unikal
elmi cihazların işlənib hazırlanmasına, habelə
pilotsuz uçan aparatların tədqiqinə yönəlmişdir. Arif Paşayev
300-dən çox elmi məqalənin, 15 monoqrafiyanın, habelə
35 ixtiranın və bir sıra fundamental ideyaların müəllifidir.
Milli Aviasiya Akademiyası təşəkkül
tapdığı ilk dövrlərdə bir fakültə, iki
ixtisas, 80 tələbə ilə fəaliyyətə
başladı.
1994-cü ildə Hava Nəqliyyatının
Uçuş istismarı fakültəsi və onun nəzdində
Hava gəmilərinin uçuş istismarı və
aeronaviqasiya, Uçuş aparatlarının və aviasiya
mühərriklərinin konstruksiyası və istismarı
kafedraları yaradıldı. Həmin ildə
MAA-nın nəzdində Elmi Tədqiqat Aviasiya İnstitutu
(ETAİ) da fəaliyyətə başladı.
Arif
Paşayev yüksək elmi-praktiki potensiala malik olmaqla
yanaşı, yüksək vətəndaşlıq, vətənpərvərlik
hissləri ilə yaşayıb-yaradan, respublika əhəmiyyətli
işlərdə, xüsusən Azərbaycanda aviasiya təhsilinin
müasir səviyyədə inkişafına yorulmadan gərgin
əmək sərf edən, gənc nəslin təlim-tərbiyə
işlərində, onların yüksək vətənpərvərlik
ruhunda tərbiyə olunmalarını xüsusi diqqətdə
saxlayan qayğıkeş rəhbər, səmimi insan və ətrafında
olan hər bir işgüzar, yaradıcı əməkdaşın
yaxın məsləhətçisi və köməkçisidir.
1996-cı ildən indiyədək "Azərbaycan Hava
Yolları" Dövlət Konserni Milli Aviasiya
Akademiyasının rektorudur. Onun rəhbərliyi ilə
akademiyada tədris prosesi, elmi-metodiki işlər yüksək
səviyyədə təşkil edilmişdir. Milli
Aviasiya Akademiyasında rektor vəzifəsinə təyin
edildiyi vaxtdan burada "İqtisadiyyat və hüquq",
"Avianəqliyyat istehsalatı",
"İxtisasartırma" kimi kafedra və yeni ixtisaslar
açılmışdır. Burada ilk dəfə
Azərbaycan dilində təhsilin aparılmasına
başlanmışdır. Akademiyanın ərazisində
yeni tədris korpusu, müasir tələblərə cavab verən
idman kompleksi, tələbə yataqxanası, mehmanxana və
sairə binalar inşa edilmişdir.
2008-ci ilin fevralında aviasiya kadrlarının
hazırlanmasında və tədrisin nümunəvi təşkilində
göstərdiyi xidmətlərə görə MAA-nın
rektoru A.M.Paşayev Dövlətlərarası Aviasiya Komitəsinin
«Qızıl medalı» ilə təltif olundu. Bir il
sonra, 2009-cu il fevralın 12-də Azərbaycanın elm və təhsil
sahəsində layiqli xidmətlərinə görə
A.M.Paşayev bir daha yüksək mükafata layiq
görüldü: Prezident İlham Əliyevin Fərmanı ilə
ikinci dəfə «Şərəf» ordeni ilə təltif
olundu.
Akademik
A.M.Paşayevin rəhbərliyi dövründə Milli Aviasiya
Akademiyası təhsilin və elmi tədqiqat işlərinin səviyyəsinə
görə müasir dünya standartlarına cavab verən ali təhsil ocağına çevrilmişdir.
1999-2000-ci illərdə Dövlətlərarası Aviasiya
Komitəsinin qərarı ilə MAA mülki aviasiya sahəsində
ali təhsil müəssisəsi statusu verən
sertifikat (şəhadətnamə) almışdır. Akademiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının
(bundan sonra İCAO kimi qeyd ediləcək) 2000-2002-ci illəri əhatə
edən təhsil müəssisələrinin məlumat
kitabına daxil edilmişdir. Akademiyanın
elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotsuz
uçan aparatların, minaların axtarılması və zərərsizləşdirilməsi
üzrə radioidarəolunan robotların, radiotexniki təminat
obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış
nəzərət sistemlərinin yaradılmasına və s.
yönəldilmişdir. Onun rəhbərliyi altında
Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya
Komitəsinin qərarı ilə "Mülki Aviasiya ali təhsil
müəssisəsi" sertifikatına layiq
görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının
ali təhsil müəssisələrinin siyahısına daxil
edilmişdir.
Akademiyada çoxşaxəli elmi-tədqiqat işləri
aparılır. Bunlardan ən aktualı aviasiyada tətbiq
oluna biləcək mikroelektron sensorların öyrənilməsidir.
Az müddət ərzində MAA-nın mütəxəssisləri
tərəfindən bir sıra avadanlıqlar: hava gəmilərini
qaldıra bilən hidroqaldırıcı qurğu, vertolyotlara
xidmət etmək üçün asma nərdivan, təyyarələrin
quyruq dayağını 6 və 12 metr hündürlükdə
tənzimləyən cihaz, əyləc sıxaclarını
ayıran əl aləti (bundan «Binə» və «Zabrat»
aeroportlarında istifadə olunur) və digər lazımlı
texniki vasitələr hazırlanaraq, aviatorların istifadəsinə
verilmişdir.
Akademik
A.M.Paşayevin MAA-da Azərbaycanda analoqu olmayan, dünya
standartları səviyyəsində şəhərciyin
salınması işində gərgin, müntəzəm
şəkildə apardığı islahatlar, təhsilin səviyyəsinin
yüksəldilməsinə şəxsi nəzarəti,
Akademiyada sağlam elmi-pedaqoji mühitin yaradılması,
yüksək ixtisaslı mütəxəssislərinin ali məktəbə dəvət edilməsi
onun yüksək elmi potensiala və təşkilatçılıq
qabiliyyətinə malik olmasına sübutdur. Azərbaycanda
mülki aviasiyanın inkişafı ilə əlaqədar
olaraq 1997-1998-ci tədris ilindən MAA-ya qəbul olan tələbələrin
sayı artmağa başladı. MAA-nın
məzunlarının ilk buraxılışı
1995/1996-cı tədris ilində oldu. Həmin
ildə 39 tələbə MAA-nın məzunu kimi milli aviasiya
müəssisələrinə təyin olundular. Məhz
akademik A.M.Paşayevin zəhməti sayəsində 1999-cu ildə
Avianəqliyyat istehsalatı fakültəsi, onun nəzdində
Avianəqliyyat istehsalatı, Riyaziyyat və mexanika kafedraları,
İqtisadiyyat və hüquq fakültəsi və onun nəzdində
Hüquqşünaslıq kafedrası yaradıldı. Həmin dövrdə Milli Aviasiya Akademiyasının
«Elmi məcmuələr» jurnalı təsis olundu və Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının elmi-tədqiqat işlərinin nəticələrinin
dərc olunması tövsiyə olunan reyestrə daxil edildi.
Hazırda «Azəraeronaviqasiya» müəssisəsi
Akademiyada hazırlanmış radiotexnika və rabitə
sisteminin texniki sazlığını daim nəzarətdə
saxlayan mürəkkəb sistemə malik yeni qurğuya
böyük ümid bəsləyir. Bu
qurğunun əsas funksiyası hər bir obyektə dair
informasiyanı yığmaq, mühafizə etmək,
ötürmək, saf-çürük edərək, monitorda əks
etdirməkdən ibarətdir.
Tədris prosesinin beynəlxalq aviasiya təşkilatlarının
tələblərinə uyğun olaraq qurulması məqsədilə
1999-cu ildən etibarən MAA Dövlətlərarası
Aviasiya Komitəsi (DAK) tərəfindən
sertifikatlaşdırılmış və dövri olaraq onun
qüvvəsi yenilənmişdir.
DAK tərəfindən aparılmış
sertifikasiyanın nəticəsi olaraq Akademiyanın məzunlarının
diplomları DAK üzvü olan ölkələrdə
tanınmağa başlamışdır.
MAA 2000-ci ildə ICAO-nun Sorğu kitabına, 2002-ci ildə
isə İCAO-nun reyestrinə daxil edilmişdir. 2005-ci ildə
MAA-da “Aviasiya tarixi muzeyi” yaradıldı. Həmin
ildə Milli Aviasiya Akademiyası DAK-ın qərarı ilə
Mülki Aviasiya Ali Təhsil Müəssisəsi
Sertifikatına (Şəhadətnaməsinə) layiq
görüldü. Azərbaycan Dövlət Mülki
Aviasiya Administrasiyası tərəfindən qəbul
olunmuş qaydalara və prosedurlara, Beynəlxalq Mülki
Aviasiya təşkilatları tərəfindən qəbul
edilmiş qaydalara, standartlara, tövsiyə edilən təcrübə
və prosedurlara, digər beynəlxalq normativ-hüquqi
aktların tələblərinə uyğunluğunun müəyyən
edilməsi məqsədi ilə Milli Aviasiya Akademiyası
2006-cı ildə Təhsil Nazirliyinin akkreditasiyasından
keçmiş və ona ali məktəb statusunu müəyyən
edən 001 saylı sertifikat verilmişdir.
«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin
Milli Aviasiya Akademiyası beynəlxalq səviyyədə
çox sayda təhsil və elm müəssisələri ilə
əməkdaşlıq edir. Bu siyahıya M.V.Lomonosov adına
Moskva Dövlət Universiteti, N.E.Bauman adına Moskva Dövlət
Texniki Universiteti, Sankt-Peterburq Mülki Aviasiya Akademiyası,
İstanbul Texniki Universiteti, Donetsk Dövlət Texniki
Universiteti, Moskva Dövlət Mülki Aviasiya Texniki Universiteti,
Baltik Dövlət Texniki Universiteti, K.E.Sialkovski adına Moskva
Aviasiya Texnoloji İnstitutu, Moskva Aviasiya İnstitutu, Ukrayna
Milli Aviasiya Universiteti, Təbriz Universiteti və
başqaları daxildir.
Bundan əlavə MAA TEMPUS, TRACECA (Transport Corridor Europe-Caucasus-Asia),
ABŞ-ın Fulbright Proqramı çərçivəsində
də ciddi addımlar atmışdır. Akademik
A.M.Paşayevin təşəbbüsü ilə 2010-2011-ci tədris
ilində MAA-da magistratura səviyyəsinə ilk dəfə qəbul
aparıldı.
2011-ci ilin dekabr ayında Milli Aviasiya Akademiyasının
DAK və DMAA tərəfindən növbəti
sertifikasiyaları keçirildi və MAA-ya verilmiş
sertifikatların müddəti növbəti illər
üçün artırıldı. 2012-ci ildə MAA Təhsil
Nazirliyinin növbəti akkreditasiyasından keçdi və bu
təhsil ocağı 089 saylı sertifikat verildi. Həmin ilin yanvar ayında MAA Avropa Mülki Aviasiya
Konfransının (ECAC) təlim mərkəzləri şəbəkəsinə
üzv qəbul edildi və bununla Akademiyada mütəxəssis
hazırlığının beynəlxalq standartların tələblərinə
uyğunluğu təsdiq edildi. 2012-ci il
may ayının 30-da Milli Aviasiya Akademiyası “Təhlükəli
yüklərin hava nəqliyyatı ilə daşınması”
üzrə Beynəlxalq Hava Nəqliyyatı
Assosiasiyasının (İATA) regional tədris mərkəzi
statusunu aldı. İnkişaf etməkdə davan edən MAA-da
2014-cü ilin sentyabr ayında 2 yataqxana korpusu, futbol
meydançası, tennis kortu, voleybol və basketbol
meydançalarına malik tələbə şəhərciyi
istifadəyə verildi.
2016-cı ildə Azərbaycanda ilk dəfə olaraq məhz
MAA-nın bazasında xanım pilotların
hazırlığına başlanıldı. 2018-ci ildə Təhsil
Nazirliyi tərəfindən növbəti 5 il
müddətinə akkreditasiya olundu. Həmin ildə
MAA həmçinin Dövlətlərarası Aviasiya Komitəsi
və Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya
Agentliyi tərəfindən sertifikasiyadan keçdi.
2019-cu ildə Milli Aviasiya Akademiyası DMAA tərəfindən
Azərbaycan Aviasiya Qaydaları (AAQ) "Part 147 Subpart
C"-nin tələblərinə uyğun Texniki xidmət
üzrə təlim və imtahan təşkilatı kimi
sertifikasiyadan keçdi və həmin ilin oktyabr ayından
MAA-da “Hava gəmilərinə texniki xidmət göstərən
personalın hazırlığı üzrə Texnik-mexanik
(B-1) və Texnik-avionik (B-2) kursları”na qəbul həyata
keçirildi.
Son bir neçə ildə Akademiyada 3 yeni tədris
korpusu, müasir tələblərə cavab verən təlim-trenajor
və idman kompleksləri tikilib istifadəyə verilib, fəaliyyətdə
olan korpuslar təmir edilərək, yenidən qurulmuşdur. MAA-da yeni
informasiya texnologiyaları və əsas fənlər üzrə
yeni proqramların tətbiqi sayəsində tədris prosesi
daim təkmilləşdirilir. Hazırda Akademiyanın
strukturuna 5 fakültə, 20 kafedra, hava gəmisi tipində 14
ixtisas sinifləri, «AZAL»-ın bazasında 4 laboratoriya, 24 min dərslik
kitabı olan kitabxana, Aviasiya personalının hazırlıq
Mərkəzi, Aviasiya Elmi Tədqiqat İnstitutu, Xüsusi
Konstruktor bürosu, təcrübə-sınaq istehsalat
bazası daxildir. MAA-nın əyani və qiyabi
şöbələrində 23 ixtisas üzrə 2000-dən
çox tələbə və müdavim təhsil alır.
Trenajor kompleksində kursantlar və müdavimlər
təyyarəçi-şturman və dispetçer vərdişləri
qazanırlar. Pilot ixtisasına yiyələnən kursantlar
«Ək-40» təyyarələrində uçuş dərsləri
keçirlər.
Aviasiya personalının hazırlanması Mərkəzində
yalnız «Azərbaycan Hava Yolları» Dövlət Konserninin
müəssisələri üçün deyil, həm də
respublikamızın ərazisində yerləşən
müstəqil aviaşirkətlər üçün
kadrların hazırlanması və
sertifikatlaşdırılması həyata keçirilir. MAA-da
Almaniyadan alınmış yeni trenajor kompleksinin (DFS
firmasının istehsalı) quraşdırılması nəzərdə
tutulur. Bu qurğuda Hava hərəkətinin
idarə olunmasını həyata keçirən
dispetçerlər təlim-məşq məşğələləri
keçirlər. Heydər Əliyevin anadan
olmasının 80 illik yubileyi münasibətilə MAA-nın əsas
təlim-tərbiyə və tədris guşələrindən
biri kimi 2006-cı ildə Heydər Əliyev Muzeyi
yaradılmışdır. 2013-cü ildə
Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə
muzeyin ekspozisiyası yenidən işlənib dizayn edilərək
ziyarətçilərin ixtiyarına verilmişdir. Muzey 4 ekspozisiya zalından və 1 konfrans
otağından ibarətdir.
2010-cu ildən etibarən MAA-nın nəzdində fəaliyyət
göstərən Mərkəz Nəzəri və Praktiki
Hazırlıq şöbələrindən ibarətdir. Nəzəri Hazırlıq
şöbəsində ixtisasartırma kurslarına hər il aviasiya sahəsində çalışan
mütəxəssislər cəlb olunur. Praktiki
Hazırlıq şöbəsində peşəkar mülki
aviasiya pilotlarının hazırlığı
üçün vacib olan 4 ədəd uçuşu tam
simulyasiya edən trenajorlar
quraşdırılmışdır. Burada
Airbus A319/320, Boeing 757/767, ATR-42/72 təyyarələri, həmçinin
Mi-8AMT helikopterinin pilotları təlim keçir.
Yaxın vaxtlarda pilot kadrların hazırlanma səviyyəsini
yüksəltmək məqsədi ilə Avropa ölkələrində
istehsal olunmuş yeni təlim təyyarələri
alınmış və kursantların ixtiyarına
verilmişdir. Bu təyyarələr «AZAL»ın
sifarişinə əsasən lazımi texniki tələblərə
uyğun hazırlanmışdır. Gələcəyin
planında aviasiya texnikasının uçuş və texniki
istismarı sahəsində ingilis dilinin tətbiqi nəzərdə
tutulur.
Tədris mərkəzində hava gəmisində baş
verən müxtəlif tipli qəza vəziyyətlərini
modelləşdirməyə imkan verən qəza-xilasetmə
hazırlığının aparılması
üçün müasir trenajor kompleksi mövcuddur. Mülki
Aviasiya sektorunda uçuşların təhlükəsizliyinin
təmin edilməsi məqsədilə hazırda PHM-də
fiziki şəxslərin təlim keçməsi təşkil
edilmir. Təlimlər yalnız hüquqi
şəxslər (mülki aviasiya müəssisələri) və
PHM arasında ikitərəfli razılaşmalar əsasında
təşkil edilir. Simulyatorlar vasitəsilə
uçuşlar ən yüksək beynəlxalq standartlara
uyğun olaraq tam imitasiya edilir və onların mütəmadi
olaraq keyfiyyət uyğunlaşdırması aparılır.
Milli Aviasiya Akademiyasının müasir standartlara cavab
verən, hər cür şəraitə malik olan İdman
kompleksi 2000-ci ildə tikilib istifadəyə verilmişdir. Bu kompleks
müasir tələblərə cavab verən güləş,
ağır atletika, stolüstü tennis, voleybol, basketbol,
trenajor zallarına, futzal meydançalarına,
üzgüçülük hovuzuna, masaj otaqlarına, sauna,
duşxanalar və digər vacib şəraitə malikdir.
Kompleksin nəzdində voleybol, basketbol, həndbol,
şahmat, dama və digər bölmələr fəaliyyət
göstərir.
2019-cu il 15 fevral tarixdə Akademik Arif Paşayevin 85
illiyi münasibətilə Milli Kitabxanada onun
yaradıcılığına həsr olunmuş kitab sərgisi
təşkil olundu. Tədbir təşkilatçıları
Azərbaycanda fizika, texnika və aerokosmika elminin
inkişafında müstəsna rol oynamış,
respublikamızda elmin, təhsilin təşkilində xüsusi
xidmətlər göstərmiş görkəmli alim,
bacarıqlı elm və təhsil təşkilatçısı,
fəal ictimai xadim akademik Arif Paşayevin 30-dan artıq kitab və
monoqrafiyanın, 400-dən çox elmi əsərin müəllifi
olduğunu və fizikanın müxtəlif sahələrinə
həsr olunmuş 300-ə yaxın elmi əsərinin xarici
ölkə mətbuatında nəşr olunduğunu, eyni
zamanda, 60-dan çox ixtira üçün müəlliflik
şəhadətnaməsi və sənaye nümunələri
aldığını, alimin əldə etdiyi elmi nəticələrin
ixtira səviyyəsində işlənib beynəlxalq sərgi
və müsabiqələrdə qızıl, gümüş
medallar və diplomlarla təltif olunduğunu, bir sıra sənaye
müəssisələrində tətbiq edildiyini diqqətə
çatdırdı. Qeyd edildi ki, alimin elmi əsərləri
mühüm praktiki əhəmiyyət kəsb etməklə
yanaşı, gənc alimlər üçün də
çox dəyərli mənbələrdir. Akademikin əsərlərində
əks olunan fundamental elmi-texniki nəticələr, faydalı
elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti, Azərbaycanda
ali aviasiya təhsilinin müasir səviyyədə
təşkili tanınmış ziyalının müstəsna
xidmətlərindəndir: «Səmərəli elmi və elmi-təşkilati
işlə yanaşı, olduqca faydalı pedaqoji fəaliyyətlə
də məşğul olan akademik Arif Paşayevin rektoru
olduğu Milli Aviasiya Akademiyası respublikamızın
qabaqcıl ali təhsil müəssisələrindən birinə
çevrilib. Azərbaycanda ilk dəfə olaraq müasir
dünya standartlarına uyğun, təhsil, elm və
istehsalatın vəhdətini nəzərdə tutan ali təhsil ocağı yaratmağa nail
olmuş akademik Arif Paşayev ölkəmizdə aviasiya təhsilinin
müasir səviyyədə inkişafına gərgin əmək
sərf edən, gənc nəslin təlim və tərbiyəsini
həmişə diqqətdə saxlayan qayğıkeş rəhbərdir».
Sərgidə
akademik Arif Paşayevin Azərbaycan və digər dillərdə
çap edilmiş monoqrafiyaları, dərslikləri, dərs
vəsaitləri, elmi məqalələri, beynəlxalq simpozium
və konfranslardakı çıxışlarının
tezisləri, müəlliflik şəhadətnamələri və
ixtira patentləri haqqında yazılar, həmçinin alimin
elmi, pedaqoji, ictimai fəaliyyəti haqqında 300-dən
artıq ədəbiyyat nümayiş edilir.
Bütün
yuxarıda deyilənləri Ukrayna Milli Aviasiya Universitetinin
rektoru Vladimir İsaenkonun Azərbaycan Milli Aviasiya
Akademiyasının rektoru akademik Arif Paşayevə verdiyi
yüksək dəyərləndirməsində universitetin onun
kimi fəxri doktoru olmasından qürur hissi keçirdiyini
bildirmiş, tanınmış ictimai xadim, yüksək
elmi-praktiki potensiala malik alim olduğunu, Azərbaycanda aviasiya təhsilinin
müasir səviyyədə inkişafına yorulmadan gərgin
əmək sərf edən rəhbər kimi
tanındığını qeyd etmişdir.
Ellada KƏRİMOVA,
Tarix üzrə fəlsəfə
doktoru,
Azərbaycan Milli Aviasiya
Akademiyasının dosenti
Azad Azərbaycan.-
2021.- 4 fevral.- S.3.