HAVZAVA
TOPONİMİ
Havzava Lənkəran rayonunda
kənd adıdır. Lənkəran şəhərindən
15 km şimal-qərbdə, Talış
dağlarının ətəyində yerləşir.
Ərazisi 381 hektar, əhalisi 2400 nəfərdir
(2018).
Havzava talış dilində Havziəvə adlanır. Havzava Havziəvənin Azərbaycan dilinə transliterasiyasıdır. Kəndin adı bəzən yanlış olaraq Havzova, Havzavu kimi də yazılır. Toponim 1917-ci ildə hətta Havzavul variantında da qeydə alınmışdır. Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə yaşayış məntəqəsinin adı Havzova şəklində yazılsa da, əslində kəndin adı Havzova yox, Havzavadır. Bu gün özünü havzovalı, kəndini isə Havzova adlandıran kimsəyə rast gəlmək mümkün deyildir. Çünki, kənd sakinləri talış və Azərbaycan dillərində özlərini havziəvıj/havzavalı, kəndlərini isə Havziəvə/Havzava adlandırırlar.
Kəndin adı Havzova, Havzavu kimi də qeyd edildiyindən toponimin izahı həmin variantlar əsasında da izah edilir. Tədqiqatçı-toponimist Musarza Mirzəyev yazır: “Havzava toponimi havzavu sözündən yaranmışdır. “Havza” talışca yaşıl, “vu” hündür olan yer deməkdir. Bu toponimin “havzavə” sözündən yaranmasını da ehtimal etsək, mənasını “ön tərəfi yaşıl olan yer”, “yaşıl çəmən” kimi də anlamaq olar. “Havza” sözü talış dilində “yemiş” (qovun) mənasında da işlənir” (Talış toponimlərinin qısa izahlı lüğəti”. B., 1993, səh.24). İki cildlik “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabından oxuyuruq: “Havzova kəndi – bəzi tədqiqatçılara görə, havza (talışca “yaşıl”) və oba/ova sözlərindən düzəlib, “yaşıl oba, yaşıl kənd” deməkdir” (I cild. B., 2007, səh.224). Akademik Budaq Budaqov və professor Nadir Məmmədov həmmüəllifi olduqları “Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti” kitabında isə qeyd edirlər: “Havzova kənd. Havzo talış dilində “yaşıl”, va (oba) isə Azərbaycan dilində “kənd” deməkdir. Kəndin düzgün adı Havzooba olmalıdır. Havzooba – Yaşıl oba” (B.,2007, səh.55).
Yuxarıda qeyd etdiyimiz kimi kəndin adı Havzova, Havzavu deyil, Havzavadır. Buna görə də, toponim Havzova, Havzavu yox, Havzava variantında izah olunmalıdır. Toponimin adında obə/oba komponenti olmadığından onun “Havzooba – Yaşıl oba” kimi izahı heç də həqiqətə uyğun deyildir. Havzava talış dilində Havziəvə sözündən yaranmışdır. Havziəvə talış dilində təsviri oykonimdir. Beləki, “havz/havzə” – yaşıl, “və” – qabaq, ön deməkdir. Beləliklə, Havziəvə-Havzava talış dilindən Azərbaycan dilinə tərcümədə “ön hissəsi yaşıl olan yer” mənasını verir. Toponim coğrafi reallığı da əks etdirir. Həqiqətən də kənd üç tərəfdən Talış sıra dağları (meşəli dağ) ilə əhatə olunmuşdur.
Havzava (Lerik r., Züvüc kəndi), Havzapi qəbiristanlığı (Lənkəran r., Vilvan kəndi), Havzətük (Masallı r., Mahmudavar kəndi) mikrotoponimləri bu qəbildəndir.
İldırım
ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd
tam orta məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi
Azad Azərbaycan.- 2021.- 4 fevral.-
S.9.