Bala Qartal
(Elegiya)
Eşidəndə ki, Qubad mənim doğulduğum və boya-başa çatdığım, canımdan çox sevdiyim Ağdamın hərbi hissəsinin əsgəri olub və mənim doğma yurdumu, Qarabağı erməni gavurlarından azad edərkən şəhid olub, bir ana kimi göz yaşlarımı saxlaya bilmədim. Bu bala qartala sevgim çox artdı. Və ürəyim sızıldadı ki, fevral ayının 4-də Qubad Usuroğlunun doğum günüdür, amma onun bu ad gününü valideynləri onsuz keçirəcək , çox kövrəldim. Axı analar nə qədər güclü, qoçaq olsalar da övlad adı eşidəndə kövrəlirlər…
Qubad Usur oğlu Əliyev 1994-cü ilin fevral ayının 4-də Sumqayıt şəhərində anadan olmuşdu. O, 2001-ci ildə Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbdə 1-ci sinifə daxil olmuşdu və 2010-cu ildə əsas təhsilini həmin məktəbdə bitirmişdi. Sumqayıt şəhər 1 nömrəli Peşə Liseyində təhsilini davam etdirmişdi. 2013-cü ildə Qubada Sumqayıt Peşə Liseyinin Telekommunikasiyada komputer texnikasının istismarı üzrə operator dərəcəsi diplomu verilmişdi. Amma elə həmin il, yəni 2013-cü ildə hərbi xidmətə çağırılmışdı. Ağdam rayonu 190 saylı hərbi hissənin əsgəri olmuşdu. İki il hərbi xidmətdə hamının böyük hörmətini qazanmışdı. Bununla bağlı valideynlərinə komandirindən təşəkkür məktubu da gəlmişdi. Əsgərlik xidmətini başa vuranda baş atıcı və tuşlayıcı vəzifəsi almışdı. 2015-ci ildə Delta Qrup CO MMC Cəmiyyətinin Logistika Departamentinin Mərkəzi Anbar şöbəsində fəhlə işləmişdi.
Qubad Əliyev 2016-cı ildə ailə həyatı qurmuşdu. Həyat yoldaşı Balaxanım İsa qızı Əliyeva da 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. 2018-ci ildə onların bir oğlu Elcan dünyaya gəlib. O, indi hər gün atasının tezliklə ordudan geri qayıdacağı günü gözləyir…
Qubadgilin əsli Qərbi Azərbaycandan olduğuna və bir vaxtlar erməni gavurları tərəfindən öz dədə-baba yurdlarından qovulduğuna görə onun həmişə ermənilərə qarşı böyük nifrəti vardı. Atası Usur Qubad oğlu Əliyev 1967-ci ildə Qərbi Azərbaycanın Sisiyan rayonu Vağudi kəndində anadan olub. Anası Nigar Yavər qızı Əliyeva 1971-ci ildə Qərbi Azərbaycanın Sisiyan rayonu Dəstəyurd kəndində anadan olub. O, həmişə valideynlərinin də ermənilərə nifrət elədiyini görürdü. Həmişə də evlərində dədə-baba yurdları ilə bağlı valideynlərinin xoş xatirələrini dinlədikcə Qubad tez böyümək və vəhşi düşməndən qisas almaq haqqında fikirləşirdi. Axır ki, Qubad öz arzusuna çatdı və 2020-ci ilin oktyabrın 9- da hərbi səfərbərliyə çağırıldı. Elə həmin gündən də müharibə bölgəsinə getdi. O, elə ilk gündən erməni gavurlarına qarşı böyük qəhrəmanlıqla döyüşməyə başladı. Dağlara, qayalara çox asanlıqla qalxdığına və döyüş üçün özünə yaxşı yerlər, mövqelər seçdiyinə, güllələri sərrast atdığına görə komandiri ona elə həmin gündən “Bala qartal” ləqəbi verdi. Əsgər yoldaşları da onu bu adla çağırmağa başlayıblar.
Qubad Usur oğlu Əliyev cəbhə bölgəsinin Qubadlı, Ağdərə, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə öz xüsusi bacarığı ilə seçilən qəhrəmanlardan biri olub. Son döyüşü Qırmızı Bazar istiqamətində Şuşaya doğru gedən yerdə olub Qubadın. Həmin vaxtı ayağında yarası olub və komandiri deyib ki, “sən döyüşə getmə. Qoy səni hospitala aparsınlar”. Qubad da deyib ki, “belə məqamda mən döyüş yoldaşlarımı və sizi tək qoya bilmərəm”.
Qubad noyabrın 8-i saat 13 radələrində anasına zəng edib: “Ana, bizi təbrik edə bilərsən biz artıq Şuşanı aldıq”-, deyən Qubad 2 saat sonra Şuşa yüksəkliyində qəhrəmancasına həlak odub. Onun dəfn mərasimində iştirak edən yaralı əsgər yoldaşı Qubadın bu döyüşlərdə bir addım belə özünü geri vermədiyini və həmişə də qabaqda getdiyini deyirdi: “Şuşada qızğın döyüş getdiyi zaman Qubad və Fərid adlı başqa bir döyüş yoldaşımız dağın başında yerləşən pozisiyada düşmənlə üzbəüz vuruşurdular. Hər biri yüzdən artıq ermənini gəbərtdilər. Bunu görən ermənilər silahlarını atıb Xankəndinə doğru qaçırdılar”…
Taleyin hökmünə bax, oktyabrın 9-u müharibəylə gülə-gülə gedən Qubadın noyabrın 9-unda şəhid xəbəri gəldi. Noyabrın 11-də Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olundu bizim igid balamız. Qubad Əliyevin bu düyüşlərdəki xidmətlərinə görə ölkə başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyevin sərəncamı ilə, Xocavənd və Vətən uğrunda gedən döyüşlərə görə medallarla təltif olunub Qubad Əliyev.
Qubadın bu qəhrəmanlığına
tanınmış şairə Lilpar Cəmşidqızı
da biganə qalmayıb. O, Qubada “Bala Qartal” adlı
belə bir şeir ithaf eləyib:
Qısa
olan bir ömürü yaşadın,
Bala Qartal, şəhadətin mübarək.
Şəhid kimi ucalarda var adın,
Bala Qartal şəhadətin mübarək.
Əsir
düşən torpaqlarla
görüşdün,
İgidliklə Vətənində vuruşdun.
O Vətənin torpağına
qarışdın,
Bala Qartal şəhadətin mübarək.
Sən yandıqca bu Vətənin oduna,
Özün yazdın şəhidliyi
adına.
Tanrı
salar səni hər vaxt yadına,
Bala Qartal şəhadətin mübarək.
Bax, bu da 26 yaşlı qəhrəman bir gəncimizin qısa ömür hekayəsi. Amma Azərbaycan xalqı heç vaxt bu qəhrəmanlarımızı unutmayacaq. Nə qədər ki, Azərbaycan xalqı yaşayacaq, həmişə də belə igid şəhidlərimiz, qazilərimiz yaşayacaq. Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!
Azadə
MƏHƏMMƏDQIZI,
publisist-jurnalist
Azad Azərbaycan.- 2021.- 4 fevral.-
S.10.