SƏYLƏRİN
QIRILSIN
(Hekayə)
Müzəffər bu gün yuxudan erkən qalxmışdı. Tövlənin qapısını açıb, qoyun-quzunu çölə çıxartdı. Əlinə çubuq alıb, sürünü kənd yoluna sarı apardı. Qoyunlarını qarşıdan gələn kəndin nobat sürüsünə qatıb geri döndü. Həyətin ortasındakı su krantını açıb əl-üzünü yuduqdan sonra tut ağaçının altında açılmış süfrəyə əyləşdi. Xanımının nazik yuxa arasına qoyduğu yumurta dürməyini həvəslə yeməyə başladı. Arvadı samovardan süzdüyü çayı ərinin qabağına qoyub, nazlana-nazlana dedi:
- A kişi, axşam da gec yatmısan, özün də yorğunsan, rayona getməyin belə vaçibdir ki?
Müzəffər bu gün köhnə maşınının bir-iki yerini düzəltdirməkdən ötrü rayona getməyi hələ iki gün bundan qabaq planlaşdırmışdı. O, maşınının daim xarab olan hissələrinin vaxtı-vaxtında dəyişdirilməsi üçün rayon mərkəzində işləyən maşın ustalarına tez-tez müraciət edirdi. Maşının üzdən bəzədilməsinə və ya təmizliyinə elə də ciddi fikir verməsə də, işlək hissələrinin sazlığını daim diqqətdə saxlayırdı. Armudu stəkanda süzülmüş çaydan bir qurtum içib, arvadını bic-bic süzdü:
- Vacibdir, arvad, vacibdir. Kişinin maşını, bir də arvadı gərək həmişə saz ola ki, istədiyi vaxtı minə bil...
- Yenə səhər-səhər əttökən-əttökən danışma. Belə arvad qədri bilənsən? Maşının təmirinə qoyduğun pulun yarısını mənə xərcləsəydin, mən indi dumbul kimi arvad idim. Bir də ayılıb görəssən ki, mən də qonşu Tavat arvad kimi başımı qoydum yerə, bax onda qalassan yaman günə.
- Nə olub sənə,
ay arvad? Sən özünü Tavatla
bir tutursan? Ay qız, sənin 30 yaşın var, rəhmətliyin - 82. Bir də
ki, heç narahat olma, sən
məndən sonra öləssən, sizin nəsil çox yaşayan nəsildir.
Maşallah, hələ turp
kimisən, - deyib, arvadının böyründən
bir çimdik götürdü.
Müzəffər yeməyini yeyib qurtarandan sonra maşınını işə
salaraq, sürüb həyətdən çıxdı. Kəndin
ayağında avtobus gözləyən kəndçisi
“eşşək Alı”nı görcək, maşını saxladı.
Kənd camaatı daldalada onu belə çağırırdı,
üz-üzə gələndə
isə hamı ona "Alı müəllim" deyə
müraciət edirdi.
Xeyrə-şərə yaramadığından kənd camaatı yanında elə də hörməti yox idi. Soruşanda bəhanəsi də bu olurdu ki,
bəs, "aparatda işlərin hamısı
mənim çiynimdədir,
buna görə də xeyrə-şərə
getməyə vaxtım
olmur". Alı rayon İçra
Hakimiyyətində şöbə
müdiri idi. Özünün şəxsi maşını
olmadığından hər
səhər işə
avtobusla gedib-gəlirdi.
Həmişə səliqəli geyimi
ilə seçilən
Alı nədənsə
özünə şəxsi
maşın almırdı.
Kənddə yaşayan və
öz şəxsi maşınları olan sürücülərin özlərini
görməməzliyə vurub,
maşını onun yanından sürüb getməsi isə mümkün deyildi.
O, yolun kənarında
elə yerdə dayanırdı ki, rayon istiqamətinə gedən
bütün kənd maşınları mütləq
onun yanından keçirdi və onu rayon mərkəzinə
havayı aparırdılar.
Axşam
da evə gələndə kəndə
gələn maşınlara
oturub geri qayıdardı.
Alı Müzəffərin maşınına
əyləşib, salamlaşdı:
- Sabahın xeyir, kəndçi, nə var, nə yox?
Səhər tezdən xeyirdimi
rayona sarı getməkdə?
Müzəffər ağızucu Alının
salamını aldı:
- Sabahın xeyir. Maşını düzəltdirəcəm, bir-iki yerdə səs-küyü var. Tez gedirəm ki, tez də qayıdım.
Alı pəncərəni açıb
əlini maşından
çölə çıxardaraq
dilləndi:
-Yorğun görünürsən.
Nə vacib idi ki,
rahat yatardın, dincəlib, günortaüstü
gələrdin də,
olmazdı?
- Bəs bilmirsən, bu gün qonşuluğumuzda
yaşayan Tavat arvadın "yeddisi"dir.
Axşam iki böyük heyvanı kəsib, soyub, doğramışam. Sağ
olsun kənd camaatı, hərə bir işin qulpundan
yapışdı - odun
gətirən kim, mağar quran kim, aşbaza
köməy eləyən
kim. Ona görə gec yatmışam, bir az yorğunam.
Tezdən gedirəm ki,
günortaya qədər
məclisə çatım.
Alı cibindən bir siqaret çıxardıb
yandırdı, tüstüsünü
sinəsinə çəkib
dedi:
- Allah rəhmət eləsin. Rəhmətlik yaxşı arvad
idi. Ölməyindən heç xəbərim
olmayıb. Müzəffər, bəlkə qayıdanda məni də götürəsən?
- Götürüm də, iş yerindən?
- Hə, qayıdanda məni də götür, birlikdə gedək, mən də başsağlığı
verim. Kəndçiyik də, yaxşı
deyil. Mən kabinetdə sənin
zəngini gözləyəcəm,
səndə mənim mobil telefon nömrəm
var?
- Yox, yoxdur.
- Saxlayanda deyərəm, telefonunun yaddaşına yazarsan. Bax, gözləyəcəm ha, zəng eləyərsən.
Alı icra hakimiyyətinin qabağında
maşından düşərkən
telefon nömrəsini
Müzəffərə deyib,
qapını bağlayaraq
idarəyə keçdi. Müzəffər maşını icra hakimiyyətinin binasından
çox da aralı olmayan təmir emalatxanasına sürdü. Ustanın əlində
dünəndən işi
yarımçıq qalan
maşın olduğundan
Müzəffərin maşınının
düzəlməyi xeyli
vaxt çəkdi.
Saat 2-nin yarısında
usta maşının
hazır olduğunu yaxınlıqdakı çayxanada
çay içərək
gözləyən Müzəffərə
xəbər verdi.
Müzəffər ustanın pulunu
ödəyib, maşını
birbaşa icra hakimiyyətinin qabağına
sürüb, bir kənarda saxladı, mobil telefonunu çıxardıb Alıya
zəng etdi. Telefon çağırsa da, Alı telefona cavab vermirdi. Bir neçə dəqiqədən
sonra Müzəffər
yenidən Alının
mobil telefonunun nömrəsini yığdı.
Bir neçə çağırışdan sonra
nəhayət ki Alı telefona cavab verdi.
- Alo, eşidirəm.
- Alı müəllim, danışan Müzəffərdi.
Mən aşağıda səni gözləyirəm, gəlirsən?
- Hə, Müzəffər,
sənsən, eşidirəm.
Nə məsələdi, nə olub?
Müzəffər bir anlıq duruxdu, sonra özünü toplayıb
Alının sualına
cavab verdi:
- Necə yəni, nə olub? Bəs sən
demədin ki, hüzr yerinə gedəndə səni də aparım?
Xəttin
o başından Alının
səsi gəldi:
- Hə, yadıma düşdü, nahar vaxtı Tavat arvadın hüzr yerinə getməliydik axı. Deməli belə, Müzəffər, sən get, məni gözləmə.
- Nə oldu, gedəsi olmadın?
- Yox, gedəsi olmadım. Sən get, mən artıq nahar eləmişəm.
Müzəffər əsəbi halda
telefonu söndürdü.
"Səylərin qırılsın!..", - deyib, maşını işə salaraq, kəndə doğru
sürməyə başladı.
Arif ƏRŞAD
Azad Azərbaycan.- 2021.- 4 fevral.-
S.11.