Milli-mənəvi dəyərlərimiz
kimliyimizi təsdiqləyən vəsiqəmizdir
Xalqların kimliyinin
formalaşmasında milli-mənəvi dəyərlər
müstəsna rola malikdir
Azərbaycanda
milli-mənəvi dəyərlərin qorunub saxlanılması
hər zaman dövlət səviyyəsində prioritet vəzifələrdən
olub. Sağlam cəmiyyətin
formalaşdırılmasında, milli dəyərlərimizə
bağlı gəncliyin yetişməsində aparılan
dövlət siyasətində bu amilin böyük rolu var. Çünki, milli-mənəvi dəyərlər
xalqların kimliyinin formalaşmasında müstəsna rola
malikdir. Ümumiyyətlə, milli-mənəvi dəyərlər
dedikdə, əsas etibarilə, milli ideologiya, mədəni
yaddaş, milli tarix, milli dil, ənənəvi dini dəyərlər,
milli mədəniyyət və incəsənət, milli ədəbiyyat,
milli özünüdərk, və s. nəzərdə tutulur.
Tarixi təcrübə göstərir ki, öz
soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən
uzaq düşən millətlər və dövlətlər
müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən
silinmək təhlükəsi ilə üzləşiblər.
Gənc
Politoloqlar Mərkəzinin (GPM) rəhbəri İlkin
Əliyev qeyd edir ki, milli-mənəvi dəyərlərimiz
bir xalq kimi kimliyimizi təsdiqləyən vəsiqəmizdir:
«Bir xalqın və ya ölkənin digər millətlər
arasındakı yeri həm də onun milli-mənəvi dəyərlərini
nə dərəcədə yaşatması ilə
ölçülür. Xalqımız zəngin dəyərlərə
sahibdir. Bu dəyərlərin qorunması və təbliği,
əlbəttə ki, çox mühüm məsələdir.
Hər şeydən əvvəl, bu bizim milli kimliyimiz,
varlığımız və mədəniyyətimizlə
bağlıdır. Dəyərlərimizi qorumaq kimliyimizi
qorumaq, onları təbliğ etmək isə mədəniyyətimizin
təbliği deməkdir. Müasir dünyada kimliklərin, mədəniyyətlərin
və dəyərlərin təbliği və
tanıdılması üçün imkanlar daha genişdir və
biz bu imkanlardan maksimum dərəcədə istifadə edirik».
Azərbaycan
Şərq ilə Qərb arasında körpü rolunu
oynayan, sivilizasiyalararası
dialoqa mühüm töhfələr verən, tolerantlıq
nümunəsi və multikulturalizm diyarı kimi tanınan
ölkədir. Bunu təmin edən ən mühüm amillərdən
biri xalqımızın zəngin mənəvi dəyərlərə
malik olması, bu dəyərlərin qorunması,
yaşadılması, müasir dəyərlərlə zənginləşdirilməsidir.
İ.Əliyev bildirib ki, məhz
bunlar nəzərə alınmaqla Azərbaycanın
tolerantlıq nümunəsi beynəlxalq müstəvidə -
dünya miqyasında da yüksək qiymətləndirilir:
«Ənənə şəklində nəsillərdən nəsillərə
ötürülən bu mühit müsbət və mütərəqqi
nümunə kimi diqqəti cəlb edir, təqdirəlayiq hal
olaraq dəyərləndirilir. Müxtəlif mədəniyyətlərin
qovşağında yerləşən müstəqil ölkəmiz
apardığı uğurlu siyasət nəticəsində
multikultralizm və tolerantlığın mərkəzinə
çevirilib, respublikamızda müxtəlif xalqların
nümayəndələri sülh, əmin-amanlıq və
mehribanlıq şəraitində yaşayırlar. Öz ənənə
və dəyərlərini qoruyaraq müasir dünyaya
inteqrasiya edən ölkəmiz üçün bu siyasət
mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsində
biz həm öz tarixi mirasımıza sahib çıxır,
həm də dünyada sülhün təbliği, mədəniyyətlər
və dinlərarası dostluq münasibətlərinin
inkişafında aktiv rol oynayırıq».
Bəşər
mədəniyyəti tarixinin araşdırılması sahəsindəki
qazanılmış təcrübələr də sübut
edir ki, insanların mənəviyyatı, əxlaqi normaları
və baxışları ilə bağlı olan milli-mənəvi
dəyərlərin yaradıcısı xalqdır. Təbiətin
hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun
milli-mənəvi dəyərləridir. Bu səbəbdən
də hər şeydən əvvəl və hər sahədə,
o cümlədən mədəniyyət siyasəti sahəsində
mədəniyyətin təsbiti mövzusuna üstünlük
verilməlidir. Milli-mənəvi dəyərlər gələcək
nəsillərə daha da zənginləşdirilmiş halda
ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət
dəyişmədən və zənginləşdirilmədən
varlığını qoruya bilməz. Bu məqsədlə
müasir mədəniyyət siyasətində yaradıcı
və qurucu səciyyəli hər cür fəaliyyət təşviq
edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi,
istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə
mühüm əhəmiyyət verilməlidir.
Müasir
dünya siyasətində qlobal, regional və lokal problemlərin,
qloballaşma və mədəni inteqrasiya məsələlərinin
həllinə yeni münasibət müşahidə edilməkdədir.
Demokratiyanın siyasi system kimi
formalaşdırılmasını tələb edən bu
prosesdə Azərbaycan Respublikası da fəal iştirak etməkdədir.
Lakin hər zaman diqqətə alınmalıdır ki,
yalnız milli və bəşəri dəyərlərin
sintezi və dunya təcrubəsi yonundə həyata kecirilən
islahatlar sayəsində dünyanın sosial, mədəni,
iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri
səviyyəsinə catmaq mümkündür. Sosial, mədəni,
iqtisadi tərəqqiyə xidmət edən bu prosesdə
qarşıya çıxan problemlər isə bilavasitə mədəniyyət
sahəsində bəşər tarixinin, dünyanın
inkişaf təcrübəsinin öyrənilməsini, kompleks
əlaqələrinin genişləndirilməsini zərurətə
çevirir ki, bütün bunlara da yalnız mükəmməl
mədəniyyət siyasəti sayəsində nail olmaq mümkündür.
Bu
gün Azərbaycanın beynəlxalq miqyasda tanınmasına,
müstəqilliyinin möhkəmlənməsinə dair bir
sıra tədbirlər həyata kecirilir. Eləcə də təhsil
və mədəniyyətin inkişafı ucun zərüri qərarlar
qəbul edilir. Dövlət aparatının, təhsil və mədəniyyət
institutlarının Avropa standartlarına uyğun şəkildə
qurulması istiqamətində səylər gostərilir.
Milli-mədəni, intellektual qüvvələr öz fəaliyyətləri
ilə dövlətin mədəniyyət sahəsindəki
siyasətinin müasir durumunu təhlil edir və bu siyasətin
perspektivlərinə aydınlıq gətirməyə
calışırlar.
Minillərin
sınağından çıxan, əsrlərcə
formalaşan milli-mənəvi dəyərlər bəzən
eyni millətin nümayəndələrinə məxsus olur, yəni
etnik baxımdan eyni soy-kökə malik olan xalqlara şamil
olunur. Bu isə əsasən monoetnik həyat tərzi keçirən
cəmiyyətlərdə müşahidə olunur. Bəzi
xalqlar isə mövcud olduğu zaman və məkan kəsiyində
müxtəlif etnik mənsubiyyətin
daşıyıcıları olmalarına baxmayaraq, qismətlərinə
tarixin axarında eyni coğrafi məkanı paylaşmaq
yazılır. Azərbaycan xalqının tarixində
olduğu kimi. Azərbaycan, məhz belə bir dövlətçilik
ənənəsinə sahibdir. Azərbaycanda əsrlər boyu
yaranan adət və ənənələr müxtəlif etnik
qrupların birgəyaşayışı sayəsində
formalaşaraq özünəməxsus bir kolorit yaradıb.
Avar, saxur, ləzgi, yəhudi, talış, udin, kürd və
s. kimi müxtəlif etnoslara malik xalqlarla azərbaycanlıların
birgəyaşayışı onların ortaq milli-mədəni
dəyərlərə malik olması ilə nəticələnib.
Laylalarımız, bayatılarımız,
ağılarımız, nağıllarımız,
dastanlarımız, mətbəximiz, toyumuz, yasımız birgəyaşayış
normaları çərçivəsində formalaşıb.
Şifahi
ədəbiyyatımızdan müasir nəsrimizə qədər
hər zaman müxtəlif xalqların nümayəndələrinin
əsərlərində də, bütün bunlar öz əksini
tapıb.
Bəli,
mənəvi dəyərlərimizin qorunub saxlanılması və
inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət
siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada
Azərbaycan dövləti öz daxili və xarici siyasətini
yeni tarixi şəraitə, müasir tələblərə
uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə,
dilimizə, dinimizə, millimənəvi dəyərlərimizə
istinad edərək həyata kecirir.
Bilman ALLAHVERDİYEV
Azad Azərbaycan.- 2021.- 4 fevral.-
S.9.