İslamda intihar ən böyük günahlardan biri sayılır

 

Psixoloq: «Özlərini asanların boyun nahiyəsinə baxanda çırmaq izləri görunür,

bu, o deməkdir ki, peşman olur, amma özünü qurtara bilmir»

 

İki gün öncə Ağcabədi Pedaqoji Kollecində təhsil alan tələbənin intihar etməsi xəbəri yenə ildırım sürəti ilə sosal şəbəkələrdə yayıldı. Düzdür bu xəbər bəzi media orqanlarında da yer aldı. Ancaq əsas məsələ heç bu xəbərin yayılmasında deyil, niyə baş verməsindədir?

 

Sosiologiyanın əsasını qoyan alimlərdən biri olan fransız fikir adamı Emil Dürkheymə görə, intiharın əsas səbəblərindən biri fərdlə ictimai dəyərlər, normalar arasında yaranan vakuumdur. Bunu anomiya adlandıran E.Dükheym bildirib ki, bu kimi vakuumlar keçid dövrlərində daha çox rastlanır. Bu, elə bir dövrdür ki, əvvəlki normalar fərd üçün öz qüvvəsini itirib, yeniləri isə hələ formalaşmayıb.

 

Psixoanalitik Qreqori Zilburqa görə, elmi baxımdan intihar problemi izaholunmaz olaraq qalır: « Tibet müdrikliyi, kliniki psixopatalogiya bu problemin səbəblərini, empirik həllini tapa bilmir».

 

Psixoloq Antoon Leenaars isə öz araşdırmasına bu cümlə ilə başlayır: "Heç kim intiharı bilmir, hətta intihar edənin özü ".

 

İntiharın bunca sirli fəlsəfi şəkil almasında tarixi paradiqmalar da az rol oynamayıb. Bizi onun ikinci tərəfi maraqlandırır daha çox. Bəzən deyilir ki, intiharın fəlsəfi akta çevrilməsi Sokratdan başlayır. Afina hökuməti Sokrata özünü zəhərlə öldürmək hökmü çıxarır. Sokrat isə bunu etməmişdən öncə bir neçə gün insanlar qarşısında intiharın fəlsəfi əsaslandırılması istiqamətində nitqlər edir. O deyirdi ki, intihar onun qəlbini azad edəcək ölümsüzlüyə qovuşduracaq. İntihar ölümsüzlük anlayışları Sokratın fəlsəfi intihar ritualı ilə eyniləşir.

 

İslamda isə intihar günahdır, Allah tərəfindın bağışlanmaz aktdır, intihar edən sorğusuz-filansız cəhənnəmə vasil olur. Bəlkə buna görə, İslam Şərqində intihar ayrıca bir mədəniyyət kimi formalaşmadı. Baxmayaraq ki, burada da intihar halları tez-tez baş verir. Çünki həyatda real olaraq özünü cəhənnəmdə hiss edən insanın qarşısını bəzən xəyali cəhhənnəm qorxusu ala bilmir. Cəhənnəm isə hər addımda, hər qarışda var. Bu dünyanin cəhənnəmindən qurtulub əbədi cəhənnəmə getmək qorxusu intiharın qarşısını ala bilmir.

 

Psixoloq Elnur Rüstəmov bildirib ki, adətən bütün intihar edənlər "peşman olub geri qayıtmaq istəyir": "Hər bir insanın həyatı boyunca intihar fikri ağlından keçir. Amma bunun həyata keçirilməsi ani bir qərardır. Özlərini asanların boyun nahiyəsinə baxanda, çırmaq izləri görunür, bu, o deməkdir ki, peşman olur, amma özünü qurtara bilmir".

 

E.Rüstəmovun sözlərinə görə, insanlar daha çox diqqət cəlb etmək üçün "göstərişli intiharlara" əl atır. Ən çox da, ailədaxili konfliktlər üzündən. Digər səbəblər isə, sosial qayğılar psixoloji xəstəliklərdir: "Ailə daxilində həll edilməmiş konfliktlər sonradan intiharla sonuclanır, ən çox da çıxış yolu tapa bilməməyə görə". Psixoloq müşahidələrinə əsasən deyib ki, bu səbəblə intihar edənlərin əksəriyyəti yeniyetmələrdir: "Onlar çox vaxt şikayətlənir ki, ailəmdə məni başa düşmürlər, anlamırlar. Təəssüf ki, valideynlər uşaq tərbiyəsini aldıqlarını telefon bilgisayarla məhdudlaşdırır".

 

Yeniyetmə intiharını yeniyetməlik dövrünü psixologiyası ilə əlaqələndirən mütəxəssis deyir ki, ailə övladını əsasən bir istiqamətə yönləndirir, bu isə, gəncin kənar insanlara qulaq asmasına səbəb olur: "Dərs oxu, kənara getmə, mən sənə güvənirəm", deyilir. Eyni zamanda, məktəbə getdiyi 10 dəqiqə ərzində on dəfə zəng vurur valideyn. Sual yaranır, güvənirsənsə, zənglər nəyə lazımdır? Bu, o deməkdir ki, güvənmirsən". Bu tip məsələlər isə şüuraltı iz qoyur. Onun fikrincə, hər bir insanın həyatı boyunca intihar fikri ağlından keçir, amma bunun həyata keçirilməsi ani bir qərardır. Bu isə, gəncin ətrafdan təcrid olunması, özgüvəninin istəməsi özünə qapılmasına səbəb olur.

 

"Sevgi məsələləri"nə görə intihar edənlər barədə psixoloq deyib ki, milli ədəbiyyatda sevgi dastanlarının əksəri "əzablar üzərində qurulub". "Sevirsənsə, əzab çəkməlisən. Heç bir çıxış yolu göstərilmir. İstər "Leyli Məcnun", istərsə , "Xosrov Şirin"də sevgi ülvi göstərilir, amma sevgi uğrunda mozaxist bir düşüncə qoyulur". E.Rüstəmovun sözlərinə görə, bunlar insanlara şüuraltı təsir göstərir.

 

NATİQ

 

Azad Azərbaycan.- 2021.- 16 fevral.- S.3.