Akademik İsa Həbibbəylidən ədəbiyyatşünaslıq
elminə yeni dəyərli töhfə
İsa
Həbibbəylinin yeni monoqrafiyası (Ədəbiyyatımızda
ortaq zaman mövqeyində yaranmış yazılı qəhrəmanlıq
eposu və Qorqud şəxsiyyətinə əhatəli elmi
baxış, yaxud “Kitabi-Dədə Qorqud” yazılı epos və
ya epopeya” monoqrafiyası) haqqında qeydlər
Dünya
eposşünaslığında öz tarixiliyi və mifik
parçalarında da tarix nümayiş etdirməsi
nöqteyi-nəzərindən türk dastançılıq
sistemində “tərəzinin ağır gözünü”
özünə əbədi yer edən ölməz sənətkarlıq
abidəsi “Kitabi-Dədə Qorqud” dastanı müxtəlif
zamanlarda araşdırmalara sözün ən gözəl
mənasında məruz qalsa da, hər zaman öz yeniliyini,
yeni araşdırma müstəvisinə ehtiyacını
qoruyub saxlayır. Dastanın müqəddiməsindən
başlamış hər bir boyunda millət, xalq, adət, ənənə,
türkçülük təbliğatı hər zamanda
öz mükəmməl yeniliyi ilə diqqət cəlb etməkdədir.
Hər zaman ədəbiyyat “dəbində” dəyişməz
yeri ilə tədqiqatçıların diqqətini cəlb edən
bu abidə mənəvi sənət xəzinəsi olaraq son dərəcə
incə xüsusiyyətləri ilə maraq dairəsində
olmuşdur. Düzdür, “xalqımızın
şəxsiyyət kitabı” adlandırılan bu abidə
meydana çıxdığı zamanlardan etibarən
araşdırılmaya cəlb olunsa da əsərin qədimliyi,
bu qədimliklə əlaqəli incə məqamlar, diqqət
edildikcə, bir çox məqamların sanki gözdən
yayınması təsirini bağışlayır. Yəni, köklü şəkildə
araşdırılma aparıldığı
düşünülsə də, hər bir parçası, hətta
hər bir cümləsi, kəliməsi türk tarixi, adət-ənənəsi,
dünyagörüşünün ifadəçisi kimi hələ
də geniş araşdırılmaya ehtiyac olduğunu göstərir.
Əsərin bir folklor hadisəsi olaraq təqdimatı
da uzun illərdir ki, elm aləminə məlum idi. Baxmayaraq,
ara-sıra əsərdə yazılı ədəbiyyat
ünsürləri ilə bağlı olan ciddi məqamlar
haqqında görkəmli alimlər maraqlı fikirlər
söyləmişdirlər. Lakin konkret şəkildə bu
fikri təsdiqləyən, onun dastandan – kitabdan gətirilmiş
aydın nümunələrlə elm aləminə təqdimi məhz
haqqında bəhs edəcəyimiz “Kitabi-Dədə Qorqud”
yazılı epos və ya epopeya” monoqrafiyası vasitəsilə
gerçəkləşib. Və məhz ilk dəfə olaraq
bu monoqrafiyada xalqımızın ölməz sənət əsəri
“Kitabi-Dədə Qorqud”dan Azərbaycan ədəbiyyatının
ortaq başlanğıc dövründə
yaradılmış yazılı ədəbiyyat abidəsi
kimi bəhs olunur. Monoqrafiyanın müəllifi akademik İsa
Həbibbəylidir.
Monoqrafiyaya maraqlı ön söz yazan
yazıçı Anar müəllifin sözügedən əsəri
vasitəsilə Dədə Qorqudun şəxsiyyəti haqda
ilk və maraqlı açıqlamalar verdiyini yazır. Anar
müəllifin “Kitabi-Dədə Qorqud”un müəllifinin – Dədə
Qorqudun mifik obraz deyil, məhz real tarixi şəxsiyyət
olmasını əsərə istinad edərək gətirdiyi
dəlillərlə maraqlı izahını təqdim etdiyini
ön sözdə yazır. O cümlədən, “Kitabi-Dədə
Qorqud”dakı Qalın Oğuz Elinin Azərbaycan dövlətçiliyi
baxımından tədqiq olunmasında akademik İsa Həbibbəylinin
xidmətini ilk addım hesab edir. Anar çoxlu sayda bu sahədə
– “Kitabi-Dədə Qorqud”un yazılı ədəbiyyat
nümunəsi kimi aparılan araşdırmalar sistemində ən
mükəmməl addım məhz bu monoqrafiyanı - “Kitabi-Dədə
Qorqud” yazılı epos və ya epopeya” monoqrafiyasını hesab
edir. Yazıçı özünün vaxtilə
“Kitabi-Dədə Qorqud”u xalqımızın ana abidəsi
adlandırmağı barədəki fikrini məhz akademik
İsa Həbibbəylinin abidəni “xalqımızın ata
kitabı” möhürü ilə əvəz edir, bu
möhürü bir az daha dastanaməxsus qədimliyə
vararaq genişləndirir, əsəri ədəbiyyatımızın
“Dədə kitabı” adlandırır.
Qeyd edək ki, “Kitabi-Dədə Qorqud”
yazılı epos və ya epopeya” monoqrafiyası Xalq
yazıçısı Anar tərəfdən
yazılmış ön sözdən, giriş, 4 fəsil, nəticə,
istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Girişdə müəllif dastanı bir
çox məziyyətlərinə görə daha çox
“yazılı ədəbiyyatın xüsusiyyətlərinə
cavab verən möhtəşəm roman-epopeya”
adlandırır. Və bu fikri də özünə sərlövhə
seçərək tədqiqatını fəsillərdə
geniş və məntiqli istiqamətdə davam etdirir.
Monoqrafiyanın I fəsli “Kitabi-Dədə
Qorqud” şifahi və yazılı ədəbiyyat abidəsi
kimi” adlanır. Bu fəsildə müəllif “Dədə
Qorqud” kitabının tədqiqat taleyindən bəhs edir.
Hamıya məlum olan məqamlardan biri kimi – dastanın
boylarının VII əsrdə yaranması haqda məlumatı
yeniləyərək müəllif yazır ki, “Dədə
Qorqud” boylarının heç də hamısı VII əsrdə
yaradılmamışdır. Belə ki, “Basatın Təpəgözü
öldürdüyü boy” hələ miladdan əvvəl
mövcud olmuş, oğuz tayfaları arasında
yayılmışdır”. Müəllif, o
cümlədən, “Duxa Qoca oğlu Dəli Domrul boyu”ndakı
hadisələri İslamın Azərbaycanla əlaqəsi
dövründən daha əvvəlki dövrlərə aid
olduğunu, buradakı əks olunan ideyaların oğuz
tayfalarının tək Tanrıçılıq dininə
etiqadı ilə bağlılığını
sübut edir.
Maraqlı məsələlərdən
biri kimi “Dədə Qorqud kitabı”nın müəllifinin
real tarixi şəxsiyyət olmasını müəllif
İsa Həbibbəyli bu əsərin Qorqud ata adlı
oğuzların Bayat boyundan çıxmış bir ustad tərəfindən
yarandığını elə əsərin özündə
mövcud olan maraqlı faktlarla sübut edir.
Müəllif İsa Həbibbəyli
monoqrafiyanın “Kitabi – Dədə Qorqud” – Azərbaycan
yazılı ədəbiyyatının ilk ədəbi abidəsi
kimi” başlıqlı hissəsində “Kitabi-Dədə
Qorqud” abidəsinin yazılı ədəbiyyat nümunəsi
olması barədə zamanında görkəmli mütəxəssislərin
söylədikləri qənaətləri əsas tutaraq
bu barədəki öz dəyərli fikirlərini daha da
genişləndirmişdir. “Kitabi-Dədə
Qorqud”un ilk tədqiqatçılarından olan akademik Həmid
Araslının, professor Məmmədhüseyn Təhmasibin,
sonrakı dövrlərdə Əlyar Səfərli və Xəlil
Yusiflinin, Xalq yazıçısı Anarın, akademik Tofiq
Hacıyevin və s. söylədikləri fikirləri təsdiq
edərək, əsərin yazılı ədəbiyyata
aid xüsusiyyətlərinin daha çox olduğunu yazır.
“Kitabi-Dədə Qorqud”un adındakı “kitab”
sözünün mahiyyəti haqqında da müəllif
çox maraqlı fikirlərlə çıxış edir.
O yazır ki, Qorqud boylarının məhz “kitab”
adlandırılması əsəri toplanılmış və
ya üzü köçürülmüş hər hansı
bir əlyazma deyil, onun müstəqil bir əsər olduğu
düşüncəsini formalaşdırır. Dədə
Qorqud da zəngin xalq ənənəsi əsasında
özünün “Oğuznamə” adlandırdığı
“Kitab”ı yaratmışdır.
Əsərdəki “namə” sözü
haqqında da müəllifin maraqlı fikri diqqət cəlb
edir: “Dədə Qorquda aid edilən “Oğuznamə”
anlayışındakı “namə” sözü bu abidənin
müəllif tərəfindən yaradılmış
yazılı ədəbiyyat olduğunu bildirən əlamətdir”
.
Müəllifin haqlı
yanaşdığı məsələlərdən biri də
sözügedən kitabdakı boylarda fərqli süjetlərin,
mükəmməl bədii obrazların, əvəzsiz bədii
təsvir vasitələrinin və bu kimi yazılı ədəbiyyat
əlamətlərinin mövcudluğudur. Müəllif
qeyd edir ki, bütün bunlar da əsərdən yazılı
ədəbiyyat nümunəsi kimi bəhs etməyə
geniş imkan verir.
Bu fəsildə akademik İsa Həbibbəyli
həm də “Kitabi-Dədə Qorqud”un təkvariantlı
olması prinsipini də vurğulayır. Qeyd edir ki,
folklorşünasların özləri də xalq ədəbiyyatının
çoxvariantlılıq xüsusiyyətini əsas
götürürlər. “Kitabi-Dədə Qorqud”da isə bu
prinsip yoxdur. Əsər birvariantlı şəkildə
yaranaraq belə də formalaşmışdır.
Çoxnüsxəli olmasına baxmayaraq əsər təkvariantlı
orijinal əsər kimi elmi mühitə məlumdur.
“Kitabi-Dədə Qorqud”un bədii dilinin zənginliyindən
də bəhs edən alim bunu da əlavə edir ki, bu əsər
bədii dilinin obrazlılığı baxımından ən
zəngin əsərdir. O cümlədən, əsərdəki
zəngin bədii təsvir və ifadə vasitələri
mükəmməl şəxsiyyətin – Qorqud atanın
obrazlı bədii təfəkkürünün məhsuludur.
Nəhayət, müəllif, “Kitabi-Dədə Qorqud”un
yaradıcısı – Dədə Qorqudun müəlliflik məsələsinə
geniş yer vermişdir. “Dədə Qorqud”un kitaba çevrilməsini
xalq ədəbiyyatı motivlərinə yaradıcı şəkildə
yanaşması ilə həyata keçirən Qorqud ata
böyük istedada, geniş dünyagörüşünə
malik şəxsiyyətdir. Və tarixi şəxsiyyət
olaraq Qorqud ata haqqında da əsərdə mövcud olan “Rəsul
əleyhissəlam zamanına yaxın Bayat boyundan Qorqud Ata diyərlər,
bir ər qopdu. O kişi Oğuzun tamam bilicisi idi: nə deyirdisə,
olurdu. Gələcəkdən dürlü xəbər
söylərdi. Qorqud Ata Oğuz qövmünün
müşkülünü həll edərdi. Hər nə
iş olsa, Qorqud ataya danışmayınca iş görməzdilər.
O nə buyursa, qəbul edərdilər, sözün tutub gedərdilər.
Bu məlumat Dədə Qorqudun tarixi şəxsiyyət
olduğunu, Həzrəti-Məhəmməd peyğəmbərin
müasiri olduğu faktını sübut edir. Və
müəllif Dədə Qorqud haqqında ilk tutarlı məlumatın
XIV əsr Misir Məmlük tarixçisi Seyfuddin Əbubəkir
ibn Abdullah bin Aybək əd-Dəvadarinin “dürlər xəzinəsi
və zəmana tarixindəki seçilmişlərin toplusu”
kitabında mövcud olduğu haqda yazır. Əlavə olaraq
müəllif Dədə Qorqud haqda olan mifik təsəvvürlərin
də yer aldığı bir məlumatı bu bəhsdə
oxucuya təqdim edir: “Haqqındakı rəvayətlərə
görə o, alagözlü div qızı ilə izdivacdan
dünyaya gəlmişdir”. Bu kimi fikirlərlə
yanaşı, müəllif Dədə Qorqudun və
boyların digər qəhrəmanlarının qəbirlərinin
mövcudluğunun onların real tarixi şəxsiyyətlər
olmasını sübut edən fakt kimi dəyərləndirir.
İsa Həbibbəyli Dədə Qorqud şəxsiyyətinin
real və tarixiliyini tutarlı faktlara əsasən
açıqlamaqla yanaşı həm də onu
dünyanın bir çox böyük yazarları ilə
müqayisə edir. Bu yazarların, konkret olaraq antik yunan ədəbiyyatının,
bəzi mənbələrə əsasən Avropa ədəbiyyatının
banisi, əsasçısı Homerlə müqayisə edir. Hər
iki müəllifin: Dədə Qorqudun yaratdığı
“Kitabi-Dədə Qorqud” və Homerin yaratdığı
“İlliada” və “Odisseya” poemaları malik olduğu məkanların
cəmiyyətini, həyatını, ədəbiyyatını
təcəssüm etdirən qiymətli nümunələrdir.
Müəllif apardığı maraqlı və tutarlı
müqayisələrə əsasən bu nəticəni əldə
edir ki, “Dədə Qorqud Azərbaycan ədəbiyyatının
Homeri olduğu kimi, Homer də yunan ədəbiyyatının
Dədə Qorqududur”.
“Kitabi-Dədə Qorqud”dakı
müqəddiməçilik ənənəsi də əsərin
yazılı ədəbiyyata aidiyyatını bir daha artırır.
Ümumiyyətlə, müqəddiməçilik ənənəsi
Azərbaycan klassik ədəbiyyatında ilk dəfə
“Kitabi-Dədə Qorqud”da formalaşmışdır. Yəni yazılı ədəbiyyatın ilk müqəddiməsi
“Kitabi-Dədə Qorqud”un müqəddiməsi hesab oluna bilər
ki, bu da əsəri – “Kitabi-Dədə Qorqud”u ilk Azərbaycan
yazılı ədəbiyyat nümunəsi kimi dəyərləndirməyə
imkan verən məqamlardan biridir. Klassik ədəbiyyatdan
bizə məlum olan Allaha minacat məqamı “Kitabi-Dədə
Qorqud”un müqəddiməsində yer almışdır. Dədə
Qorqudun dilindən təqdim olunan bu minacatdan sonra
hökmdarın tərifi, fəxriyyə hissəsi klassik ədəbiyyat
ənənələrinin başlanğıcı hesab oluna bilər.
Bu barədə də akademik İ.Həbibbəyli haqlı
olaraq yazır ki, yazılı ədəbiyyatda möhkəm
yer tutan bədii müqəddimə prinsipləri ilk dəfə
Dədə Qorqud kitabında yaradılmışdır.
“Kitabi-Dədə Qorqud”da şeirlərə –
soylamalara da dərindən diqqət yetirən müəllif bu
şeirləri – soylamaları “vəznli sərbəst şeirlər”
adlandırır. Və bu soylamaları “Kitabi-Dədə
Qorqud”un yazılı ədəbiyyat nümunəsi
olmasını sübut edən vacib faktlar olduğunu yazır.
“Kitabi-Dədə Qorqud”u yazılı epos
adlandıran akademik İsa Həbibbəyli qeyd edir ki,
yazılı eposun şərtlərində olduğu kimi, bu əsər
də qoşulub-düzüldüyü epoxanın əsas
problemlərini əks etdirir. Bu barədə müəllif
yazır ki: “Bu məqamda böyük bir epoxanı və
ümummilli idealları əks etdirdiyinə görə
“Kitabi-Dədə Qorqud” yazılı epos anlayışı ilə
“Kitabi-Dədə Qorqud” epopeyası təyinatı bir-birini
tamamlayır”.
Müəllif sadalanan məziyyətləri nəzərə
alaraq əsərin janrını da yazılı ədəbiyyatın
roman-epopeya janrına aid edir.
Monoqrafiyanın II fəsli “Kitabi-Dədə
Qorqud”un əlyazma nüsxələri: mirzəçilikdən
katiblərədək” adlanır. “Kitabi-Dədə Qorqud”un əlyazma
nüsxələri haqqında” adlı yarımbaşlıqda əsərin
taleyi haqqında müfəssəl məlumat öz əksini
tapır. “Kitabi-Dədə Qorqud”un əlyazma
nüsxələrinin tapılma və ictimai mühitə məlum
olması, fərqli və oxşar məqamları
monoqrafiyanın bu hissəsində öz əksini tapır.
Əsərin məlum olan “Kitabi-Dədə Qorqud – alp ozan qiraəti,
yaxud Xan-Sultan əlyazması” nüsxəsi haqqında müəllif
yazır ki, əsərin Həmid Araslının
haqqında bəhs etdiyi XI əsr əlyazması “Xan-sultan əlyazması”ndan
üzü köçürülüb. “Xan-sultan
əlyazması”nın təxminən VII əsrdə alp
ozanların dilindən söylənməsi və o dövrdə
yaşayan mirzələr tərəfindən yazıya alınmasından
bəhs edən müəllif XI əsr nüsxəsinin daha da
savadlı, təhsilli mirzələr tərəfindən köçürülməsini
söyləyir. “Kitabi-Dədə Qorqud”un akademik Həmid
Araslı versiyası – XI əsr nüsxəsi tədricən
“Xan-sultan əlyazması”nı sıxışdırıb
aradan çıxarmışdır.
Naməlum XV əsr əlyazmasından bəhs
edən akademik bu nüsxənin isə XI əsr nüsxəsindən
üzünün köçürüldüyünü
yazır. Burda səbəb kimi XV əsr nüsxəsindəki
dil xüsusiyyətlərini əsas götürür. Qeyd edir
ki, XV əsr nüsxəsinin dil xüsusiyyətlərinin
mövcud dövrlə – XV əsrlə müqayisə edərkən
XI əsr dil xüsusiyyətləri daha uyğun gəlir. Bu da
XV əsr nüsxəsinin XI əsr nüsxəsindən
köçürüldüyünü təsdiq edir. Müəllif
digər tədqiqatçılar kimi Drezden nüsxəsini
ümumiyyətlə məlum nüsxələrin ən əsası
hesab edir, nüsxənin faksimilesinin Azərbayacana gətirilməsində
ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu
haqqında bəhs edir. Vatikan nüsxəsinin nəşrini isə
ümumiyyətlə qorqudşünaslıq elminin
inkişafı üçün, Azərbaycanın elmi-mədəni
həyatı üçün əsas hadisələrdən
hesab edir. “Kitabi-Dədə Qorqud”un Berlin nüsxəsinin
taleyindən bəhs edərkən, onun Fridrix fon Dits tərəfindən
Drezden kitabxanasından götürülüb üzü
köçürüldükdən sonra Berlin kitabxanasına
verildiyini yazır. Və əlavə edir ki, bu
nüsxəni də ilk dəfə Türkiyədə Kilisdən
olan Rüfət adlı bir müəllim 1916-cı ildə nəşr
etmişdir. Əsərin “Türkmən Səhra nüsxəsi:
üçüncü əlyazma”sı “Kitabi-Dədə
Qorqud”un üçüncü əlyazması olaraq 2018-ci ildə
İranın Gülüstan ostanının Günbəd
şəhərində yaşayan Vəli Məhəmməd
Xoca tərəfindən aşkara çıxarılaraq elm
adamlarına göndərilmişdir. Bu baxımdan həmin
nüsxə Günbəd nüsxəsi də adlanır. Bu
nüsxədə də mifoloji məqamlar diqqət çəkir.
Həm də bu nüsxə “Salur Qazanın yeddi başlı əjdahanı
öldürməsi” adlı bir boydan ibarətdir. Bu boyda Dədə Qorqudun şəxsiyyətinə
dair nisbətən fərqli məqamların olduğunu yazan
müəllif həm də bu – on üçüncü boyu
“Kitabi-Dədə Qorqud”u tamamlayan bədii mətn kimi dəyərləndirir,
bu nüsxənin əvvəlki nüsxələrdən fərqli
cizgiləri haqda dəyərli fikirlərlə
çıxış edir. “Sankt-Peterburq əlyazması olubmu?
Yaxud Bəkir Çobanzadə versiyası” başlıqlı
hissədə müəllif diqqətçəkən məqamı
araşdırmaya cəlb edir. Bəkir Çobanzadənin
Leninqrad Şərqşünaslıq İnstitutunda qədim əlyazmaları
araşdırarkən rast gəldiyi boy haqqındakı
yazdığı məqalənin tapılmasının qorqudşünaslıq
üçün böyük töhfə olacağını
hesab edir.
Monoqrafiyanın III fəsli
“Kitabi-Dədə Qorqud boyları: qalın Oğuz elinin hekayətləri”
adlanır. Əcdad düşüncəsinin tamamilə
geniş şəkildə əks olunduğu bu ədəbi-əbədi
abidənin mövzusu və ideyasını müəllif
oğuz tayfalarının həyat tərzi və
dünyabaxışında, fəaliyyətində, daxili-mənəvi
həyatında, ittifaq və nifaqında, cəsurluğu və
mənəvi dünyasında, adət-ənənələrində,
oğuz eli qadınlarının oğuz cəmiyyətindəki
rolunda və s. məqamlarda üzə çıxarır.
Müəllif bu abidəni “oğuz tayfalarının həyat
tərzi, mübarizəsi və qüdrəti haqqında
möhtəşəm kitab” adlandırır. “Kitabi-Dədə
Qorqud”un coğrafiyasından bəhs edərkən əsərdə
baş verən hadisələrin təzahür etdiyi məkanların
əsas etibarilə Azərbaycan ərazilərinə məxsus
olduğunu yazır. Azərbaycanın bir çox məkanları
ilə yanaşı əsərdə Naxçıvana aid olan əllidən
çox toponimin adının çəkilməsi abidəni
ümumtürkçülüklə yanaşı, azərbaycanşünaslıq
abidəsi olması faktını bir daha təsdiqləyir. “Kitabi-Dədə Qorqud”un müxtəlif zamanlarda
qadağa qoyularaq mürtəce abidə damğası
vurulmasını, sonradan bəraət qazanaraq yenidən Həmid
Araslıdan başlayaraq bu günədək
araşdırılmağa başlanması məsələlərindən
akademik İsa Həbibbəyli ətraflı və geniş
şəkildə bəhs etmişdir.
Ümummilli liderin “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin
keçirilməsi ilə bağlı imzaladığı 7
aprel 1997-ci il fərmanı ilə həm ölkəmizdə,
həm də dünyanın müxtəlif yerlərində bu
sahədə tədbirlərin keçirilməsi ilə davam
etmişdir. Ulu Öndərin xidmətini
milli dövlətçiliyimizə həsr olunmuş ən
böyük xidmət olaraq dəyərləndirən müəllif
“Kitabi-Dədə Qorqud”da həm də Azərbaycanın
dövlətçilik ənənələri ilə
bağlı maraqlı faktları ön planda araşdırmaya
cəlb edir. Qalın Oğuz Elinin Azərbaycan dövlətçilik
ənənəsinin ilkin faktorlarının cəmləşdiyi
bir “el, məkan”
olduğunu akademik qürurla vurğulayır, əsərin
müqəddiməsindəki incəlikləri çox həssaslıqla
və bədii-fəlsəfi məqamların zənginliyi
nöqteyi-nəzərindən araşdırmaya cəlb edir.
“Kitabi-Dədə Qorqud”un müqəddiməsində
verilmiş zəngin mənəvi dəyərlərin təsviri
ilə yanaşı müəllif boyların əsas mövzu
ideyasını, mahiyyətini açıqlayır: “Dirsə
xan oğlu Buğac boyu: Bayandır xanın təqdimatı və
Buğacın hekayəti”ndəki oğuz türklərinə
məxsus mərasim və adətlər qabardılır.
Müəllif bu boyda təsvir olunan adqoyma mərasimini qəhrəmanın
“ikinci doğuşu” adlandırır. Bu boyda, həmçinin,
qadının Oğuz cəmiyyətindəki yeri və rolunun
təhlili də müəllif tərəfindən uğurla
aparılmışdır. “Qazan və Uruz
boyları silsiləsi”ndən bəhs edən müəllif
oğuzların əsl döyüş səhnələri
haqqındakı məqamların təhlilini ön plana çəkir,
oğuz cəmiyyətindəki münasibətlər
haqqında dəyərli mülahizələrlə
çıxış edir. Müəllif bu
silsilə boyları “bütövlükdə Oğuz cəmiyyətini
təqdimetmə” xüsusiyyətlərinə görə səciyyələndirir,
sədaqət, ləyaqət, vəfa, etibar, mərdlik kimi alicənab
xüsusiyyətlərin döyüş zamanında da oğuz
igidlərinin qanında tüğyan etdiyi məqamları
boydakı təsvirlərə əsaslanaraq
açıqlayır. Və bu kimi xüsusiyyətləri təsvirə
gətirib müxtəlif bədii ifadə vasitələrinin
köməyi ilə təqdim olunmasını müəllif “əsl
ədəbiyyat hadisəsi” adlandırır. Belə məziyyətlərin
də “Kitabi-Dədə Qorqud”u məhz yazılı ədəbiyyata
yaxınlaşdırmasını bir daha vurğulayır.
III fəslin “Bamsı Beyrək
romanı” adlandırılan hissəsində müəllif
“Baybörənin Beyrək boyu”nun bir neçə məqamı:
oğuz cəmiyyətinin siyasi və mənəvi həyatını,
sədaqəti, adqoyma adətini, qalın oğuz elində
möhkəm ailə və nəslin çoxalması məsələsini,
müharibə ilə bağlı etnik milli
özünümüdafiə düşüncələrini
açıqlayır. Yenə də həmin fəslin
“Dəli Domrul boyu: ölümdənqaçma motivi” adlı
hissəsində “Duxa oğlu Dəli Domrul boyu”ndakı hadisələri
türkün ailə, əxlaq düşüncəsini, etno-mədəni
baxışlarını müasir türkçülük
üçün ölməz mədəni-əxlaqi dəyər
mirası kimi qiymətləndirir. Ümumiyyətlə,
“Kitabi-Dədə Qorqud”da qadının oğuz cəmiyyətindəki
yüksək mövqeyə malik yerini müəllif təsadüfi
hal deyil, uzun tarixi-mədəni prosesin məhsulu olaraq dəyərləndirir.
Bu baxımdan yazır ki: “Fikrimizcə, “Dəli Domrulun
halalı” olan qadın dünya ədəbiyyatında bərabəri
olmayan dönməz vəfa sahibi olan ömür-gün
yoldaşı obrazıdır”. Müəllif bu boyda
ölümsüzlük, ölümdənqaçma motivini incəliyinədək
açıqlayaraq yenə də yazır: “Dəli
Domrul boyu”ndakı ölümdənqaçma motivi həyatın
mənasının yalnız özü üçün deyil,
başqaları üçün də yaşamaqda axtaran, əsl
məhəbbət və sədaqət yolunda canını
qurban verməyi bacaran insanların ölümsüzlük
qazanması ideyasını təsdiq etməyə xidmət
edir”.
“Qalın Oğuz Elinin vəziri və onun
oğlu Yegnək” adlı hissədə “Qazılıq Qoca
oğlu Yegnək” boyundakı soylamaya xüsusi dəyər verən
müəllif bu soylamanı Qazlıq Qoca oğlu Yegnəyin
“Bayandırnamə”si adlandırır. Bu soylamadakı məlumatları
müəllif müsqətil bir boya çevrilmək hüququ
qazana biləcək məlumatlar olaraq dəyərləndirir.
“Basatın Təpəgözü
öldürdüyü boy”u haqlı olaraq akademik İ.Həbibbəyli
“Kitabi-Dədə Qorqud”u dünyaya tanıdan boy
adlandırır. Dərin mifoloji kökləri
olan bu boyun əsas obrazı olan Təpəgözü Fridrix
fon Dits tərəfindən Homerin “Odisseya”sındakı Polifemlə
müqayisəsi haqda bəhs edən müəllif
üstünlüyün elə Dits tərəfindən
“Kitabi-Dədə Qorqud” boyuna verildiyini qeyd edir. Qeyd edək ki, sonrakı dövrlərdə azərbaycanlı
qorqudşünaslar: professor Məmmədhüseyn Təhmasib,
professor Əli Sultanlı, akademik Kamal Abdulla və s. mütəxəssislər
tərəfindən “Kitabi-Dədə Qorqud”un “Basatın Təpəgözü
öldürdüyü boy”dakı Təpəgözlə
Homerin “Odisseya”sındakı Polifem obrazı arasında
müqayisələr aparılmışdır. Müəllif
monoqrafiyada bu barədə də maraqlı fikirlərlə
çıxış edir.
“Bəkil oğlu İmran boyu:
dövlətçilik və təhlükəsizlik məsələləri”
adlı yarımbaşlıqda sözügedən boyda
Qalın Oğuz Elinin dövlətçilik ənənələrini,
sərhədlərini, bu elin camaatı arasındakı
münasibətləri müəyyən etmək
baxımından son dərəcə əhəmiyyətli
sayır. Müəllif yazır ki, bu boyda dövlətçilik
məsələləri ön plandadır. Boydakı mifoloji
köklər Bəkili söykökünə, ictimai
düşüncə isə milli dövlətçiliyə
möhkəm, qırılmaz şəkildə bağlayır.
Müəllif bu boyu “islamiyyətdən qabaqkı mifik təfəkkürlə
bağlı”, milli dövlətçilik ənənələrinin
qorunması baxımından əhəmiyyəti yüksək
boy olaraq araşdırır.
“Uşun Qoca oğlu Səgrək boyu: Sədərəkdən – Dərəşama və
Əlincə qalasına” adlı III fəslə aid bu hissədə
müəllif boyda əksini alan Səgrək
sözünün qorqudşünaslıqdakı bir çox
izahlarını təqdim edir, bu sözü – Səgrəyin
Naxçıvandakı Sədərək rayonun adı ilə,
Səgrəyin qardaşı Əgrəyin isə Qərbi
Azərbaycanda və Naxçıvanın Şahbuz
rayonundakı yer adları ilə bağlı olduqlarını
tarixi və coğrafi araşdırmalara əsasən təsdiqləyir.
“İç Oğuza Dış
Oğuzun dönük çıxması və Beyrəyin
öldüyü boy: faciəli sonluq, yoxsa nikbin final?!” adlı
hissədə “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsində
yer alan sonuncu boy – “İç Oğuzun Dış Oğuza
dönük çıxması boyu”nu “Azərbaycan oğuznaməsinin
möhtəşəm yekunu” adlandırır. Bu boyda da
müəllif ictimai münasibətləri geniş şəkildə
şərh edir, bu münasibətləri, ümumiyyətlə,
Oğuz Elinin humanist dünyagörüşünü tam
müəyyən edən məqamları aşkarlayır. “Günahlarından keçməyi xahiş etdilər”
və “Qazan onların günahını
bağışladı” cümlələrinin malik olduğu mənanı
müəllif incəliklərinə qədər
araşdırır və ümumiyyətlə, Oğuz Elinin hələ
o dövrlərdə ictimai-siyasi baxımdan tam
formalaşmış cəmiyyət olduğu fikirlərini
irəli sürür.
Müəllif bu bəhsin sonunu maraqlı fikirlərlə
yekunlaşdırır: “Xan Qazan “İç
Oğuza Dış Oğuzun dönük çıxması
boyu”nda Alp Aruzu öldürməklə Qalın Oğuz elindəki
xəyanətə layiqli cəza vermiş, “Salur Qazanın
yeddibaşlı əjdahanı öldürməsi boyu”nda isə
yeddibaşlı əjdahanı məhv etməklə,
ümumiyyətlə yer üzündən şəri məhv
etmək missiyasını həyata keçirmişdir.
Dünya eposunun və Azərbaycan ədəbiyyatının
şah əsəri olan “Dədə Qorqud kitabı”ndan
çıxan ən möhtəşəm ictimai-əxlaqi nəticə
budur” (İ.H.s.206).
IV fəsil “Kitabi-Dədə Qorqud”un
poetikası” adlanır. Bu fəslin “Kitabi-Dədə
Qorqud”da təhkiyə və tərənnüm: boylama və
soylama” adlı yarımbaşlığında akademik İsa Həbibbəyli
“Kitabi-Dədə Qorqud”un müəllifinin – Dədə
Qorqudun milli yaradıcılıq ənənələrinə
sadiq qalaraq nağılçılıq ənənələri
kimi məqamlardan faydalanmasını diqqət mərkəzinə
çəkir, boyların təhkiyəsində Azərbaycan
nağılçılıq ənənəsinin mühafizə
olunduğunu vurğulayır. “Kitabi-Dədə Qorqud”dakı
epik təhkiyə məqamlarının sonrakı dövrlərdə
Nizami yaradıcılığına da təsirini müəllif
sistemli şəkildə izah edir.
Türk aləminə belə böyük miras
bəxş edən müəllif – Dədə Qorqud
yaratdığı bu əsərdə - “Kitabi-Dədə
Qorqud” təkcə müəllif, el ağsaqqalı və s.
möqelərdə çıxış etmir. Həm də
peşəkar rəssamlıq qabiliyyəti də “Kitabi-Dədə
Qorqud”un müəllifinin – Dədə Qorqudun əsas cəhətlərindən
biridir. Belə ki, Dədə Qorqud təsvir etdiyi obrazları
rəssam dəqiqliyi ilə təqdim edir. Bu baxımdan akademik
İ.Həbibbəyli “Bənzərsiz obrazlar yaratmaq ustadı:
Dədə Qorqud yazıçı-rəssam kimi” yarımfəsildə
haqlı olaraq yazır: “Tərəddüd etmədən
demək olar ki, dünya ədəbiyyatı və təsviri sənətində
Dədə Qorqud səviyyəsində bu qədər ən
incə cizgilərinə qədər fərqli obrazlar yaradan, bənzərsiz
portretlər çəkən şair-yazıçı və
ya rəssam görmək çətindir... Dədə
Qorqud nadir istedada malik olan dahi yazıçı-rəssamdır”.
Söylənilən gerçəkliyi monoqrafiya müəllifi
boyların ayrı-ayrılıqda təhlilini apararaq şərh
edir.
“Dədə Qorqud şeir mədəniyyəti:
xalq şeirindən yazılı şeirə keçid”
adlı yarımfəsildə müəllif Dədə Qorqud
şeirlərini “Azərbaycan şeir mədəniyyətinin
klassik örnəkləri” adlandırır. Buradakı
poetik mətnləri incələyən müəllif
onları vəzn, qafiyə baxımından tədqiqata cəlb
edir və haqlı olaraq bu mətnləri heca və sərbəst
vəznin sintezindən ibarət vəznə malik
olmalarını söyləsə də, burada daha çox sərbəst
şeir əlamətlərinin olduğunu
vurğulayır. Şeirlərin tam şəkildə Qorqud ata
ruhunun məhsulu olduğunu müəllif əsərdəki
bütün poetik mətnlərin vahid dil-üslub xüsusiyyətlərinə
malik olması ilə əlaqələndirir.
“Dədə Qorqud şeirində məcazlar”ı
araşdıran müəllif boylarda epitetlərdən istifadənin
daha çox olduğunu müəyyən edir. Hətta müəllif
silsilə epitetlərin var olduğu poetik mətnləri də
təqdim edərək nəsr bölməsində bu bədii
təsvir vasitəsinin zənginliyini qeyd edir. Lakin epitetlə
yanaşı “Kitabi-Dədə Qorqud” boylarında digər bədii
təsvir vasitələrinə, o cümlədən,
mübaliğələrə rast gəlməyin mümkün
olduğunu yazır. Fantastik mübaliğələrin boylarda
mükəmməl şəkildə istifadəsi onları
düzüb-qoşan müəllifin – Dədə Qorqudun bədii
düşüncəsinin zənginliyini sübut edən məqamlardandır.
“Dədə Qorquq şeirinin janrları” bəhsində
müəllif “Dədə Qorqud kitabı”ndakı öyüdlərin
“yumlar” adlandırıldığını söyləyir.
Müəllif yazır ki, klassik öyüdnamələrdən
fərqli olaraq Dədə Qorqud yumları nəsihət vermək,
dua etmək, çağırış motivlərini
özündə əks etdirir. Bunun da kökləri
xalq yaradıcılığı, xalq təfəkkürü
ilə bağlanır ki, folklorşünaslıqda da
yumların “alqış məzmunu” daşıması haqda
fikirlərə əsaslanaraq müəllif bunu Dədə
Qorqudun poetik mətnlərinin çox vaxt xeyir-dua anlamına
malik olması ilə izah edir. Bununla yanaşı, müəllif
Dədə Qorqud boylarında ağı janrının izlərinə
rast gəlindiyi söyləyir. Bu məqamı –
ağı izlərini, əsasən, “Qazan bəyin oğlu Uruz
bəyin dustaq olduğu boy”da kafərlər tərəfindən
əsir alınmış Uruzun ölüm-qalım xəbərini
ala bilməyən Burla xatunun dilindən verilən poetik
nümunə vasitəsilə təqdim edir.
Akademik İsa Həbibbəyli
monoqrafiyada “Kitabi-Dədə Qorqud”un indiyədək
qorqudşünaslar tərəfindən aşkara
çıxarılmış incəlikləri ilə
yanaşı gizlində qalmış, gözdən, diqqətdən
yayınmış həssas məqamlarına da tutarlı
faktlarla aydınlıq gətirmişdir ki, bunlardan biri də
“Dədə Qorqudun süjetli lirikası” məsələsidir.
Dədə Qorqud şeirlərinin çoxunda süjetli
lirikanın olduğunu konkret olaraq “Duxa Qoca oğlu Dəli
Domrul” boyu üzərində müşahidə apararaq
aşkara çıxarır. Hətta buradakı süjetli
şeiri “Dədə Qorqud kitabı”ndakı şeir təcrübəsinin
aparıcı tərkib hissəsi kimi qiymətləndirir.
“Dədəm Qorqud: Nizami müdrikliyi, Füzuli
şeiriyyəti və Şəhriyar sadəliyi” adlı hissədə
müəllif mütəfəkkir düşüncə sahibi
olan Dədə Qorqudu Azərbaycan ədəbiyyatında
Nizamiyə bənzədir. Qeyri-adi bədii təsvir vasitələrindən
istifadəyə görə isə Dədə Qorqudun şeirlərini
Məhəmməd Füzuli lirikası ilə müqayisə
edir. Dədə Qorqudun peşəkarcasına
istifadə etdiyi məcazlar həyatilik baxımından Molla Pənah
Vaqif şeirinin, hikmətlə zəngin olması
baxımından Hüseyn Cavid, dilinin sadəliyi və səlisliyi
baxımından Məhəmmədhüseyn Şəhriyar, Səməd
Vurğun yaradıcılığının təməlidir.
“Kitabi-Dədə Qorqud”un müəllifinin – Dədə
Qorqudun şeirlərdə işlətdiyi bədii təsvir
vasitələrini müəllif haqlı olaraq ədəbiyyatımızın
“bədii kəşfi” adlandırır.
“Nəticə” adlanan bölmədə akademik
İsa Həbibbəyli “Kitabi-Dədə Qorqud”da zərgər
dəqiqliyi ilə apardığı araşdırmaları
bir neçə punkt – bölmə vasitəsilə ümumiləşdirir.
O, “Kitabi-Dədə Qorqud”u şifahi xalq ədəbiyyatı
ənənəsi ilə yazılı ədəbiyyat ənənəsinin
vəhdəti kimi, şifahi yolla yaradılan Azərbaycan
yazılı ədəbiyyatının mükəmməl
bünövrəsi, özündən sonra yaranmış
yazılı ədəbiyyata gur işıq salan, təkan verən
abidə adlandırır. “Kitabi-Dədə Qorqud”un müəllifi
– Dədə Qorqudu isə oğuz elinin başbiləni,
müşkülləri həll edən, yol göstərən
adlandırır. Sonda müəllif, haqlı olaraq, bu əsəri
– “Kitabi-Dədə Qorqud”u “azərbaycançılıq
ideyasının beşiyi və alınmaz qalası”
adlandırır.
Monoqrafiyanın sonunda Azərbaycan,
türk, rus və ingilis dillərindəki ədəbiyyatın,
Azərbaycanda nəşr olunmuş Azərbaycan və rus dillərində
qorqudşünaslıqla bağlı nəşrlərin
siyahısı, rusca “Xülasə”, kitabdan istifadəni istiqamətləndirən
“Bələdçi” təqdim olunur.
Akademik İsa Həbibbəylinin “Kitabi-Dədə
Qorqud” yazılı epos və ya epopeya” adlı monoqrafiyası ədəbiyyatımıza
qorqudşünaslıqla bağlı yeni fikirlərlə zəngin
olan dəyərli töhfədir.
Aytən
CƏFƏROVA,
AMEA
Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat
İnstitutu,
filologiya üzrə
fəlsəfə doktoru
Azad Azərbaycan.- 2021.- 18 fevral.-
S.10,11.