YAD ET MƏNİ
- ŞAİQANƏ YAD ET
Qadın gülərsə...
Onun şeirlərilə
böyümüşük. Birimiz “Xoruz” deyib dalınca
qaçmışıq, birimiz “Keçi” deyib buynuzlarından
yapışmaq üçün onu qovmuşuq. Həccə gedən
tülküyə sadəlövhcəsinə
inanmışıq, saçı uzun suray xanımı su
çuxurundan çıxarmağa tələsmişik. Bəhs
edən ağaclara diqqətlə qulaq asmışıq,
gözəl gül deyib öyünən qərənfili dərib
döşümüzə taxmışıq.
Bizlər böyüdük, o şeirlər isə
uşaqlığında da qaldı, hansı ki, bu gün də
körpələr onlarla dil açır. Və dünya
durduqca bu, belə də olacaq. Azərbaycan ədəbi tarixində
misilsiz xidmətləri olan, “Mən şairliyimdən ziyadə
müəllimliyimlə fəxr edirəm” deyən Abdulla
Şaiqin 140 illiyinin astanasındayıq. Abdulla Şaiq
mənim üçün təkcə
uşaqlığımdan yadigar qalan şeirlərin müəllifi
deyil, təməli o ocaqda qoyulan və yarım əsrdən
çox davam edən bir dostluğun ünvanıdı. Tale
bizi eyni məktəbə gətirib, eyni sinifdə
qarşılaşdırdı. Biz illəri adladıqca, bu
qarşılaşma isti ünsiyyətə, daha sonra isə
bu günə qədər gələn dostluğa
çevrildi. Abdulla Şaiqin yubileyi ərəfəsində
düşündüm ki, onu rubrikamızın qonağı
edim. Etiraf edim ki, başlanğıcda
rastlaşdığım etirazı sonda razılıqla əvəzləyə
bildim. “Qadın gülərsə” bu gün
oxucularının görüşünə Əməkdar mədəniyyət
işçisi, Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Abdulla Şaiqin Mənzil-Muzeyinin
direktoru Ülkər Talıbzadə ilə birlikdə gəlib.
ADDIM
1957-ci ilin iyul ayının ilk günü
Bakı şəhərində anadan olmuşam. Dövrün
ən qabaqcıl təhsil ocağı olan 190 saylı məktəbdə
doqquz il oxusam da, musiqi yolunu seçdiyimdən 1974-cü ildə
Bülbül adına Orta İxtisas Musiqi Məktəbini,
1979-cu ildə Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi
Akademiyası) musiqi tarixi və nəzəriyyəsi
ixtisası üzrə bitirmişəm. Həmin ildən Azərbaycan
Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət
İnstitutunda fəaliyyətə başlamışam.
Hazırda institutun “Musiqi tarixi və nəzəriyyəsi”
şöbəsinin aparıcı elmi işçisiyəm.
1995-ci ildə “Azərbaycan vokal sənətində poeziya ilə
musiqinin vəhdəti” mövzusunda namizədlik işimi
müdafiə etmişəm. Hazırda görkəmli
musiqişünas, akademik Zərifə Səfərovanın
elmi yaradıcılığı mövzusunda doktorluq işi
üzərində çalışıram. Eyni zamanda babam
Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru kimi də fəaliyyət
göstərirəm.
OCAQ
Ziyalı bir ailədə böyümüşəm.
Atam akademik Kamal Talıbzadə Azərbaycan ədəbiyyatşünaslığına
böyük töhfələr vermiş, ədəbi tənqid
tarixi məktəbinin əsasını qoyanlardan biri olub. O,
atası Abdulla Şaiq irsini,
yaradıçılığını daima təbliğ edən,
yaşadan övlad idi. Azərbaycançılıq Kamal
müəllimin yaradıcılığının, əsərlərinin,
fəaliyyətinin ana xətti olub. Ədəbiyyatşünas
olan anam Rəfiqə Talıbzadə pedaqoji fəaliyyətlə
məşğul olub. Bir müddət 132 saylı orta məktəbdə
dil-ədəbiyyat fənnini tədris edib, daha sonra pedaqoji fəaliyyətini
Azərbaycan Dövlət Universitetində (indiki BDU) davam
etdirib. Tələbələri onun çox gözəl müəllim,
mehriban insan, ədəbiyyatı dərindən öyrədən
pedaqoq olduğunu hər zaman vurğulayıb və zəhmətini
dəyərləndiriblər. Qardaşım Şaiq
Talıbzadə şərqşünas idi. Vaxtsız
ölüm onu məndən tez ayırdı.
ATA
Kiçik yaşlarımda Kamal Talıbzadə
mənim üçün övladlarını sevən,
onların qayğısına qalan ata idi. İllər
keçdikcə, fəaliyyətinə az-çox bələd
olduqca onu dərindən tanımağa başladım. Kamal
müəllim ailəsinə, valideynlərinə çox
bağlı bir insan olub. Eyni zamanda işinin vurğunu idi atam.
Evdə çox az olurdu. Bütün ömrünü Milli
Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunda keçirib. Kiçik elmi işçi kimi gəldiyi
institutda pillə-pillə ucalaraq, uzun illər direktor
müavini, bir müddət direktor vəzifələrində
çalışıb. Onun vəfatından sonra
“Kübarlıq məktəbi” adlı bir kitab
hazırladıq. Kitabda Kamal müəllimlə bağlı
görkəmli şəxsiyyətlərin, onunla bərabər
ədəbiyyat sahəsində çalışanların,
dostlarının, iş yoldaşlarının, tələbələrinin
xatirələri yer alıb. Və bütün bu xatirələrdə
bir xətt var – Kamal müəllim mənə kömək
edib. O, yalnız öz işi ilə məşğul
olmayıb, gənclərin yetişməsində Kamal
Talıbzadənin böyük xidməti var. Yadımdadı,
onun dissertantları evə gələrdi. Qonaq
otağının qapısını bağlayıb saatlarla
onlarla məşğul olardı. O zamanlar artıq tələbə
olan mən onlara qibtə edərdim ki, kaş mənim də
belə elmi rəhbərim olaydı. Kamal müəllimin elmi fəaliyyəti
göz önündədi. Onun “Azərbaycan ədəbi
tənqidinin tarixi” kitabı ədəbiyyatşünaslıqda
önəmli yerlərdən birini tutur. İnstitutun elmi təşkilati
işlərilə yaxından əlaqə saxlayan Kamal
Talıbzadə neçə-neçə ədəbiyyatşünaslar
nəsli yetişdirib. Kamal müəllim dünyasını dəyişəndən
sonra illərini sərf etdiyi muzeydə onun arxivindən ibarət
xüsusi guşə yaratdıq, bir hissəsini isə fondda
yerləşdirdik. Düşünürəm ki, bu onun
haqqıdı. Atamın arxivilə tanış olanda, hər dəfə
onu yenidən kəşf edirəm. Azərbaycan
Yazıçılar İttifaqının ədəbiyyat
sektorunun rəhbəri, Ədəbiyyat İnstitutunda uzun illər
Müdafiə Şurasının sədri olub. Eyni
zamanda keçmiş SSRİ məkanına daxil olan
respublikaların müdafiə şuralarının
üzvü kimi tez-tez elmi ezamiyyətlərə gedib. Ən əsası
məni muzey işinə yönləndirən atama çox
minnətdaram və həyatda düzgün mövqe
tutmağımda ona borcluyam.
ŞAİQ
Muzeyə gələnə qədər mən
Abdulla Şaiqi babam olmağından savayı, bir
yazıçı, klassik, uşaq yazarı kimi
tanımışam. Uşaq şeirlərini əzbər
bilmişəm, “Araz” romanını, “Məktub yetişmədi”
hekayəsini oxumuşam. Həqiqətdə isə onu muzeyə
gələndən sonra tanıdım. Ən əvvəl
Abdulla Şaiq böyük türkçü, xalqının,
millətinin təəssübkeşi, yetişən gəncliyin
inkişafı, tərəqqisi uğrunda çalışan
şəxsiyyət olub. Azərbaycan uşaq ədəbiyyatının
banilərindən biri, şair, yazıçı, dramaturq, tərcüməçi,
pedaqoq ictimai xadim – bütün bunlar Abdulla Şaiqin
daşıdığı adlar olub. Lakin o,
yaradıcılığından ziyadə müəllimliyi ilə
iftixar etdiyini xüsusi olaraq vurğulayıb. Abdulla Şaiq
böyük pedaqoq olub, Azərbaycanda ilk türkdilli sinfi
yaradıb, dərsliklər, dərs proqramları tərtib
edib. O bütün ömrünü savadlı, sağlam
düşüncəli gənc nəslin yetişməsinə
sərf edib. Tərtib etdiyi dərsliklərə
öz klassiklərimizlə yanaşı, dünya və rus ədəbiyyatından
da nümunələr daxil etməklə, türk
balalarının onları tanımasında, gənclərin
dünyagörüşünün formalaşması istiqamətində
yorulmaq bilmədən çalışıb, tərcümələr
edib. Tiflisdə Rüştiyyə məktəbində
oxuduğundan rus dilini, Xorasanda təhsil aldığı
üçün fars və ərəb dillərini mükəmməl
bilib. Onun kitabxanası rus klassiklərinin əsərləri ilə
zəngin idi. Uşaq psixologiyasına yaxşı bələd
olan şair onlar üçün şeirlər yazıb.
Abdulla Şaiq Azərbaycanda ilk uşaq dram əsərini yazan
dramaturq olub və “Gözəl Bahar” əsəri ilə bu
janrın təməlini qoyub. Gənc
Tamaşaçılar Teatrında bədii hissə müdiri
olarkən teatrın repertuarını zənginləşdirmək,
dövrün gənclərini tərbiyə etmək
üçün xeyli əsərlər yazıb. İki
çağırış SSRİ Ali Sovetinin deputatı
olaraq, Ü.Hacıbəyli və digər görkəmli şəxsiyyətlərlə
birlikdə ölkəsini təmsil edib. Onun fəaliyyət
dairəsi millətinə və onun balalarına xidmətdən
ibarət olub. Abdulla Şaiq yüksək insani keyfiyyətlərə
malik olub. Özü çox sədaqətli, dostcanlı
olduğu kimi, onu da sadiq dostlar əhatə edib. Atam babamla
bağlı söhbətlərinin birində belə bir hadisə
danışıb. Bir səhər babamgilə naməlum bir
şəxs gəlib deyib ki, Hüseyn Cavid vağzaldadı, onu
Sibirə aparırlar. Məni Şaiqin evinə gedib isti əyin-baş
lazım olduğunu çatdırmaq üçün göndərib.
Bunu eşidən babam dərhal atamı Cavidin evinə
yollayıb ki, Müşkünaz xanımı xəbərdar
etsin. Babamgilə gələn Müşkünaz xanım
lazım olanlardan bir bağlama hazırlayıb. Abdulla Şaiq
vağzala tək gedib və neçə saat gözləsə
də, gələn olmayıb. Və məlum olub ki, uydurulan bu
bəhanə ilə onu 37-ci ilin qara siyahısına salmaq istəyiblər.
Bu hadisədən bir neçə gün sonra
Yazıçılar İttifaqında keçirilən iclasda
bu məsələ müzakirəyə
çıxarılır, lakin sadiq tələbələri onu
xilas edə bilir. O zaman Xalq komissarı işləyən
Ruhulla Axundov Abdulla Şaiqi nəzərlərdən
yayındırmaq üçün Şuşaya dərs deməyə
göndərir. Mirzə İbrahimov isə ön söz
yazmaqla babamın əsərlərini çap etdirir və onun
əsl sovet yazıçısı olduğunu
vurğulayır. Və beləcə, onu repressiyanın
caynağından qurtara biliblər. Babam dünyasını dəyişəndə
iki yaşım olub. Məni görüb, ilk nəvəsi kimi
çox sevib. Ülkər ulduzu Şaiq
yaradıcılığında azadlıq rəmzi olub və
ona müraciətlə şeir də yazıb. Mən anadan
olanda düşünmədən bu adı mənə verən
babam ölümündən bir il əvvəl mənə də
şeir ithaf edib. Təbii ki, iki yaşlı bir körpənin
xatirində nə qala bilərdi ki… Lakin atam, daha çox anam
babamla bağlı mənə xeyli xatirələr danışıb,
çünki Rəfiqə xanım babamın sevimli gəlini
kimi onunla ünsiyyətdə çox olub. Babamın mənimlə
kifayət qədər şəkilləri var ki, indi bu fotolar
onun mənzil muzeyində saxlanılır.
MUZEY
Namizədlik işimi müdafiə edəndən
sonra atam dedi ki, qızım, məndən sonra bu ocaqda
başladığım işi davam edən biri olmalıdı
və o davamçının sən olmağını istəyirəm.
Mən onun istəyinə qarşı çıxa bilməzdim,
çünki Kamal müəllim belə lazım bilmişdi.
Etiraf edim ki, bu işə başlamadan əvvəl mənzil
muzeyləri haqda məlumatım yox idi, gördüyüm bircə
Ü.Hacıbəylinin Mənzil-Muzeyi olmuşdu. Və
atamın bu istəyindən sonra mən təkcə Bakı
şəhərində deyil, ətraf yerlərdə olan muzeylərlə
tanış olmağa başladım. Artıq bu sahənin
işçisi olan mən, bizim nə qədər zəngin
muzeylərimizin olduğunu gördüm. Hər muzeyin
özünün özəl xüsusiyyətləri,
abu-havası var. Muzey işçiləri gözəl təbliğatçıdı.
Ekskursiyaya gələnlər təkcə muzey sahibinin şəxsiyyəti
ilə deyil, onun yaşadığı dövr, mühitlə
bağlı zəngin məlumatlar əldə edə bilir. Abdulla Şaiqin Mənzil-Muzeyinin özəlliyi nə
onun şəxsi əşyaları, nə də ədibdən
qalan mirasla bağlıdı. Bu özəllik Abdulla Şaiqin
uşaqlara, gənclərə olan xüsusi münasibətində,
dövrünün şəxsiyyətləri, ictimai xadimləri,
müəllimləri, ziyalıları ilə olan şəxsi
ünsiyyətindədi. Kimlər gəlib bu evə?
Hüseyn Cavid, Hümmət Əlizadə, Mikayıl
Müşfiq, Atababa Musaxanlı, Yusif Vəzir Çəmənzəminli,
Cəfər Cabbarlı, Məhəmməd Hadi, Əhməd
Cavad, Mikayıl Rzaquluzadə, Səməd Vurğun və daha
kimlər... Abdulla Şaiqin müəllim yoldaşları, zəmanənin
yazıçılarının hamısı demək olar ki,
bu evin qonağı olub. Və divarlarına bu dahilərin nəfəsi
hopmuş muzey o istiliyi, hərarəti hələ də
saxlayır. Bura gələn hər kəs etiraf edir ki, muzey
öz dövrünün abu-havasını bu gün də
özündə yaşadır. Burda doğulub, boya-başa
çatan Kamal müəllim bu evin bütün incəliklərinə
bələd olduğundan, muzeyi yaradarkən həmin
abu-havanı saxlamağı bacarıb. Muzeyə tamaşa etməyə
gələnlərin əksəriyyəti Kamal müəllimə
belə bir sual verərdi: “Bəs Abdulla Şaiqin yataq
otağı hanı”? Təbii sual idi, çünki seyrçi
digər Mənzil-Muzeylərində sahibinin yataq
otağının olduğunu görüb. Bu suala Kamal
Talıbzadə özünəməxsus alicənablıqla
cavab verib deyərdi ki, yataq dəsti, dolab hamının evində
var. Mən bu muzeyi yaradarkən Abdulla Şaiqin şəxsiyyətini,
daxili aləmini, iç dünyasını göstərmək
istəmişəm. Bu səbəbdən onun
yaradıcılığını ön plana çəkib,
ona üstünlük vermişəm. Mövzu ekspozisiya
planını qurarkən istədiyim məhz bu olub və yataq
otağını məsləhət bilməmişəm. Bu, mənim
prinsipimdi. Düşünürəm ki, muzeyimizin özəlliyi,
özünəməxsusluğu da Kamal müəllimin bu
prinsipindədi. Bu ev yalnız yaradıcılıq söhbətlərinin,
diskussiyalarının, fikir mübadiləsinin məkanı
olmayıb, eyni zamanda çal-çağırlı da olub.
Sonralar folklorşünas alim olan Hümmət Əlizadə
Abdulla Şaiqin şagirdi olub və bir müddət bu evdə
yaşayıb. Bir gün babam öyrənir ki, o, bir qıza
aşiq olub, lakin qızı ona vermək istəmirlər.
Abdulla Şaiq özü elçi gedir, iki aşiqi
qovuşdurur və bu evdə onların toyu olur. Toyda zəmanənin
tanınmışları iştirak edir.
İştirakçılardan biri Səməd Vurğun olur və
bütün toy boyu nənəm Şahzadə xanıma kömək
edən gənc bir qızı gözləri ilə izləyir.
Bu qız atamın xalası Xavər xanım olub. Aradan bir müddət keçəndən sonra babam
baldızına elçi gedərək onu Səməd
Vurğuna alır və yenə də bu evdə onların toy
məclisi qurulur. İndi muzey olan bu evin divarları babamın,
Hümmət Əlizadənin, Səməd Vurğunun, bir də
atamın toyuna şahidlik edib. Bir zamanlar xeyirxah sakinləri
olan, güclü zəka sahibləri kimi qonaqları qəbul
edən bu ev indi muzey olsa da, o səmimiyyəti, mühitin nəfəsini
qoruyub saxlaya bilib. Qarşıdan Abdulla Şaiqin 140 illik
yubileyi gəlir. Sərt qadağa və məhdudiyyət
rejimində işindən qalmayan muzey, bu tədbirə də
hazırlaşır. Bütün il boyu muzey rəsmi saytı,
You Tube kanalı və sosial şəbəkə səhifələri
ilə onlayn xidmət göstərib, eksponatlarla bağlı
maraqlı informasiyalar verib. Hazırda virtual tur adlı
planımız var, Mədəniyyət Nazirliyində bu layihə
üzərində işlər gedir. Yubileylə bağlı
“Şaiq nümunə məktəbi” adlı kitab
hazırlamışıq, onu çap etdirmək
arzusundayıq. Abdulla Şaiq
yaradıcılığının tədqiqatçısı,
şaiqşünas alim, filologiya üzrə fəlsəfə
doktoru, dosent Arzu Hacıyeva Abdulla Şaiqin məşhur dərsliklərindən
biri olan “Türk çələngi” kitabını
transfoneliterasiya edib və bu vəsaitin də nəşri nəzərdə
tutulub. Silsilə tədbirlər planımız var.
Kütləvi tədbirlərə hələ icazə verilmədiyindən,
onlayn şəklində artıq bir tədbirimiz keçirilib.
“Nizami dühasının izləri Şaiq
yaradıcılığında” adlı tədbiri təqdim
etmişik. Onun anım günü fevral ayının 24-də
kiçik bir heyətlə Abdulla Şaiqin Fəxri
Xiyabandakı məzarını ziyarət edəcəyik. Həm
bir nəvə, həm soyadı daşıyan və
yaşadan, həm bir övlad kimi Kamal müəllimin zəhmətilə
ərsəyə gələn bu muzey onun qoyduğu ənənələrlə
yürüyür və belə də davam edəcək.
VƏTƏN
Vətən kəlməsinin
qarşısında həmişə ana adı çəkilir.
Ana isə hər birimiz üçün müqəddəslik
nişanəsidi. Anaya olan məhəbbət Vətənlə
təndi. Dünyanın ən gözəl nöqtəsi mənim
Vətənimdi. Çox qürurluyam ki, üçrəngli
bayrağım bu gün işğal altından azad edilən
torpaqlarımızda dalğalanır. Biz çox gözlədik,
səbr etdik, çünki şəhid vermək, qan tökmək
istəmirdik. İpə-sapa yatmayan düşmən isə
bunu bizim zəifliyimiz, qüvvəmizin olmaması kimi qəbul
edirdi. Lakin 30 illik bir savaşı 44 günə uduzanda, kimin
kim olduğunu anladı. Nə yaxşı ki, gələcək
nəslə bizdən sonra Qarabağlı Azərbaycan qalacaq.
Abdulla Şaiqin dililə desək: “Sənindir çırpan
ürək, Səndən doğar hər dilək, Nə
gözəlsən, nə göyçək, Sən, ey ana Vətənim”.
ÜLKƏR
Mən ixtisasca musiqişünasam. Güclü
təhsil sistemi, zəngin ənənələri, savadlı
müəllim kollektivi olan 190 saylı məktəbdə
oxuyarkən, paralel olaraq musiqi təhsili də alırdım.
Dillərə meylli olduğumdan fənlər arasında Azərbaycan,
rus və fars dillərini çox sevirdim, böyük həvəslə
onları öyrənirdim. Musiqi dərsləri bir qədər
yorucu olduğundan, dərinliyinə çox da
varmırdım. Yeddiillik musiqi məktəbini bitirəndə
anam mənə seçim etməyi təklif etdi. Xeyli
düşündüm və hiss etdim ki, yeddi ildə heç
demə musiqi məni özünə bağlaya bilib və bu
sahəyə daha həvəsli olduğumu anladım.
Bütün ömrümü musiqi tarixinə, musiqi nəzəriyyəsinə
həsr etmişəm desəm, düz olar. Əhvalımın
elə vaxtı olur ki, o zaman musiqiyə qulaq asmaq istəyirəm.
Yorğun olanda köməyimə yenə də musiqi gəlir.
Və hər dəfə də müxtəlif musiqi növləri
mənim həmdəmim olur. Müasir simfonik musiqini, klassik
musiqini dinləməyi daha üstün tuturam. İstər elmi
fəaliyyətimdən, istərsə muzeydəki işimdən
həmişə zövq almışam və heç zaman
onlar arasında seçim etməmişəm. Milli
Elmlər Akademiyası mənim üçün nəhəng
və qocaman elm dəryası, muzey isə mənə etibar
edilən baba ocağımdı. Yadımdadı, məktəbdə
oxuduğum illərdə müəllimlərin məni göstərərək
Abdulla Şaiqin nəvəsi olduğumu deyəndə,
çox utanırdım, hətta ağlayırdım belə.
Lakin Şaiq dünyasını anlayandan, onu dərk edəndən
sonra bu addan utanan o məktəbli qızdan incisəm də,
sonda bağışlamışam, çünki bu şəxsiyyəti
dərk etmək o zamanlar onun imkanı daxilində deyildi. Mən
çay süfrəsinin arxasında belə, ədəbi
mühitdən, mədəniyyətdən söhbətlər
edilən bir evdə böyümüşəm. Anam müəllimliyindən
danışardı, yaxşı tələbələrini Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna
atamın yanına göndərərdi. Kamal müəllim də
öz növbəsində onları yetişdirərdi. Ailədən aldıqlarımı övladlarıma
ötürməyə çalışmışam və
düşünürəm ki, bunu bacarmışam. Övladlarımın
hər ikisi valideynlərimlə sıx ünsiyyətdə
olub, onlarla xeyli vaxt keçiriblər və bizdə
formalaşan mühit həm Fərəhdə, həm Fəxridə
özünə yer edə bilib ki, bu da onların
qazancıdı. Geriyə boylananda keçdiyim ömür
yolundan razıyam, təkcə itirdiklərimdən savayı.
Atam, anam, qardaşım üçün çox
darıxıram. Qardaşım Şaiq Talıbzadə hədsiz
istedad sahibi, fars dili mütəxəssisi idi. Uzun illər
muzeydə bərabər çalışmışıq.
Babamızın əski əlifba ilə olan
yazılarının oxunmasında yardımı çox olub.
Təəssüf ki, uzun sürən xəstəlikdən
sonra dünyasını vaxtsız dəyişdi. Məni
ağrıdan da onun erkən yoxluğudu.
QADIN GÜLƏRSƏ
Şaiq adını anıb bizə üz
tutduğunuza, məni rubrikanızın qonağı etdiyinizə
görə qəzetinizə təşəkkürümü
bildirirəm. Ailə kiçik bir cəmiyyətdi və orada
üzü təbəssüm saçan qadının
ocağı isti, bu istiyə qızınanlar isə
rahatdı. İstərdim ki, bu rahatlıq və istı ocaq
dünyamızın hər bucağında olsun. Olsun ki, bu təbəssümdən
hamıya pay düşsün.
SON SÖZ
Müsahibə boyu ikinci dəfə eyni hissləri
yaşadım, çünki Ülkər mənim
üçün müsahib deyildi. Baxmayaraq ki, müsahibədən
əvvəl, “biz bir-birimizi tanımırıq, ilk dəfədi
görüşürük” şərtini qoysam da,
alınmadı... O danışdıqca, mən yarım əsrlik
zaman kəsiyindən geri qayıtdım. O zamanda 190 saylı məktəb
vardı. O məktəbin 1A sinfinə gələn,
çantasına gücü çatmayan yeddi yaşlı bizlər
vardıq. Həmin bizlər illəri adlayaraq məktəbin
seçilən bir sinfinin şagirdlərinə çevrildik və
sonda ondan ayrıldıq. Ayrılmayan təkcə
dostluğumuz oldu. Bizimlə bərabər yol gələn
dostluğumuz. Ülkər danışırdı, mən də
uzaq illərdən soraq verən dostumu dinləyirdim...
Tamilla TEYMURQIZI
Azad Azərbaycan.- 2021.- 18 fevral.-
S.7.