Şahzadə Əbulqasım türbəsi

 

Lerik rayonunun dini-tarixi abidələrindən biri Şahzadə Əbulqasım türbəsidir. Türbə rayon mərkəzindən 18 km aralıda, Rvarud kəndi ərazisində, qəbirstanlıqda yerləşir. Ziyarətgah adından da göründüyü kimi Əbulqasım adlı şəxsin adı ilə bağlıdır. Sual olunur, görəsən Əbulqasım kimdir qəbri niyə ziyarətgaha çevrilmişdir?

 

Bu barədə Əbulqasımın qəbri üzərindəki qara mərmər üzərində yazılmışdır: “Şahzadə Əbulqasım XVI əsrdəariflərin sultanı, türbətimüqəddəs, taliblərin ən seçilməsiadlandırılan Seyyid Babagil adı ilə tanınan Nizaməddin Şahsevər Gilani Kəskərinin sərkərdəsi, qoşun başçısı olmuşdur. Seyid Baba Gilani (Babagil) vəfat edəndən sonra yerini qoşuna başçılığı Şahzadə Əbulqasıma vəsiyyət edir. Şahzadə Əbulqasım bir müddət sonraseyidlər ocağıkimi tanınan Rvaruda gəlmiş, burada yaşamış, hörmət qazanmış müqəddəs bir şəxs kimi dünyasını dəyişmişdir. O vaxtdan onun qəbri müqəddəs bir ziyarətgah kimi məşhurlaşmışdır”.

 

Qeyd edək ki, Babagil (Bobogil) adı ilə tanınan Nizaməddin Əmir Şahsevər Gilani Kəskəri XVI əsrdə yaşamış Lerik rayonunun Babagil kəndində dəfn edilmişdir. Bu gün Bobogil türbəsi kimi məşhur olan ziyarətgah məhz Nizaməddin Əmir Şahsevər Gilani Kəskərinin adı ilə bağlıdır.

 

Şahzadə Əbulqasımın Babagilin sərkərdəsi, qoşun başçısı olması faktını qəbul etmiş olsaq, türbənin tarixi XVI əsrə gedib çıxmış olur. 2013-cü ildə rvarudlu xeyriyyəçi Nizami Babayevin şəxsi vəsaiti hesabına Şahzadə Əbulqasımın məzarı üstündə dörd metr hündürlüyündə şərq memarlıq üslubunda məqbərə tikilmiş, Əbulqasımın qəbri qara mərmərə alınmışdır. Qırmızı kərpicdən inşa olunmuş məqbərə səkkizguşəli olub, dəyirmi formada örtülmüşdür. Məqbərənin bir qapısı ensiz, lakin hündür olan səkkiz pəncərəsi vardır. Türbəyə daxildən həm çöl tərəfdən bətkeş vurulmuşdur.

 

Şahzadə Əbulqasım türbəsi Lerik rayonunun ən gözəl memarlıq nümunələrindən biridir. Türbə memarlıq abidəsi kimi qeydə alınmasa da, Mədəniyyət Nazirliyi tərəfindən dini turizm marşrutuna daxil edilmişdir. Türbənin yerləşdiyi qəbiristanlıq daŞahzadə Əbulqasımqəbiristanlığı kimi tanınır.

 

Şahzadə Əbulqasım ziyarətgahından başqa Rvarud kəndindəMir Cahangir Ağa”, “Seyyid PaşaSeyyid Vəliağaadında ziyarətgahlar da vardır.

 

İldırım ŞÜKÜRZADƏ,

Lənkəran rayonunun Havzava kənd

tam orta məktəbinin tarix müəllimi

 

 Azad Azərbaycan.- 2021.- 25 fevral.- S.9.