Qələm olmasa, gecələrim səhəri
açmaz
Özündən
razılıq kimi səslənməsin, dəfələrlə
insanların ilk görüşdən mənimlə
çoxdanın tanışı kimi ünsiyyət
qurmasının şahidi olmuşam, hətta dərdini
bölüşəcək qədər. Əvvəllər
mənə təəccüblü gələn bu hal,
sonralar adiləşdi, çünki artıq adətkərdə
olmuşam.
Bugünkü müsahib həmkarımın
adını tez-tez eşitsəm də, üz-üzə belə
görməmişdim, elə uzaqdan uzağa onun jurnalist,
müqəddəs Məkkəni ziyarət edənlərdən
olduğunu bilirdim. Bu yaxnlarda sosial şəbəkələrdə
adı ilə rastlaşdım və ad gününün
yaddaşımıza həkk olan bir tarixlə üst-üstə
düşdüyünü bildim. Düşündüm ki,
tarixin ürək açmayan günü olsa da, onu bu ərəfədə
rubrikamızın qonağı edim. Vaxt itirmədən əlaqə
nömrəsini əldə edib zəng çalaraq məramımı
bildirəndə, çox rahat və həzin bir səs
vaxtı, saatı söyləyib məni evinə dəvət
etdi. Divarlarında bir ömrün xatirələrini yaşadan
xudmani bir otaqda qabaq qənşər oturub onu dinləyirdim. Bəyaz çöhrəsində, tez-tez dolan
gözlərində ağır bir dərd yükü izini
buraxmışdı. Müsahibim danışdıqca, bir
ömür kitabının səhifələrini vərəq-vərəq
oxuyurmuş kimi onu tanımağa
çalışırdım, çünki
qarşımdakı tək həmkar deyildi.
Rubrikamızı həvəslə izləyən
oxucularıımızı intizarda çox saxlamadan
qonağımızı təqdim edim. “Həmkar”
bu gün sizləri həkim-jurnalist, kordioloq, tibb üzrə fəlsəfə
doktoru, şairə, publisist, Azərbaycan Yazışılar
Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi İdarə
Heyətinin üzvü, “Qafqaz Media” İctimai Birliyinin sədri,
Qafqazmedia.az saytının rəhbəri, Prezident təqaüdçüsü,
Hacı xanım Azadə Taleh Abbasqızı ilə
görüşə dəvət edir.
MƏN
1964-cü ilin fevral ayının
son günlərində dahi Nizami yurdu olan qədim Gəncəbasarda
dünyaya gəlmişəm. 1981-ci ildə M.Qorki adına 1
saylı orta məktəbi (hazırda İsmət Qayıbovun
adını daşıyır) qızıl medalla, 1988-ci ildə
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb
İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) II müalicə-profilaktika
fakültəsini bitirmişəm. Bir fəal kimi təhsil illərində
Tələbə Elmi Cəmiyyətinin üzvü olmuşam.
Qədirli adına Hövzə-klinik xəstəxanasında
interna keçəndən sonra təyinatla 13 saylı Birləşmiş
şəhər Xəstəxanasının II poliklinikasına
sahə həkimi kimi göndərilmişəm. Uzun illər Həkimləri
Təkmilləşdirmə İnstitutunda həm müəllim,
həm həkim kimi fəaliyyət göstərmişəm.
Jurnalistikaya, qələmə olan məhəbbət mənimlə
daima qoşa addımlayıb. Etiraf edim ki, jurnalistika əsas
ixtisasımdan bir addım öndə olsa da, həkim
olduğumu heç zaman unutmamışan. Uzun illər müqəddəs
Məkkə ziyarətinə həkim kimi göndərilmişəm.
Bu gün belə, həkim kimi mənə müraciət edənlərdən
məsləhətimi, yardımımı əsirgəmirəm,
çünki mən Azərbaycan həkimiyəm.
AİLƏ
Ata, ana və iki qız övladından ibarət
bir ailənin ilk övladıyam. Əslimiz Borçalı
mahalının Sarvan (Marneuli) rayonuna bağlıdı.
İxtisasca iqtisadçı olan atam Abbas Hüseynov
Qasımlı, anam Zemfira Hüseynova Sadaxlı kəndindən
olub. Anam müəllimə olsa da, atam ona işləməyə
icazə verməyib. Çox mehriban bir ailədə
böyümüşəm. Hər həftə sonu biz
Borçalıya gedərdik, hətta mən məktəbə
gedənə qədər Gəncədə doğulduğumu
bilmirdim. Aşıq sənətinin vurğunu olan atam sazı
mənə də sevdirə bilmişdi. Qəribə bir qayda
qoymuşdu atam. Hər dəfə Borçalıya gedəndə,
mütləq Səməd Vurğunun Mənzil-Muzeyini ziyarət
edərdik və sonra yolumuza rəvan olardıq. Oradan sonra atam
maşını idarə etməyi ya mənə, ya da
bacıma verərdi. Maşın sürməyi özü
öyrətmişdi bizə. Deyərdi: birdən yolda halım
dəyişər, öyrənin ki, mənzil başına
çata bilək. Anam həlim bir qadın idi. Hər gün
evimizdə on beş nəfərlik xörək bişərdi.
Deyərdim ki, ay ana, dörd nəfərik, amma hər gün
bu qədər yemək bişirirsən sonra da qonşulara paylayırsan.
Anamın o cavabı ömürlük qulağımda
sırğa olaraq qalıb: qızım, Bakıdan
Borçalıya gedən də, ordan qayıdan da, mütləq
bizim evdə ayaq saxlayacaq. Qonağı ac saxlamaq
bizlərdə ayıbdı. Həqiqətən də onun
dediyi kimi olardı. Ağlım kəsəndən atamı
hamıya kömək edən, yıxılana dayaq olan biri kimi
görmüşəm və heç kəs onun yanından əliboş
qayıtmazdı. Kömək edə bilməyəndə,
mütləq maddi yardım göstərərdi. Bu
gün atamdan qalan bu əməli davam edə bilirəmsə,
xoşbəxt övladam və: “Sağ əlin verdiyini sol əl
bilməməlidi” kəlamını heç vaxt unutmuram,
çünki bir Hacı xanımam. Atam kimi iqtisadçı
olan məndən kiçik bacım Tahirə Gəncədə
yaşayır.
YOL
Mənə həmişə elə gəlib ki,
əynimdə ağ xalat, əlimdə qələm bu
dünyaya gəlmişəm. Tələbəlik
illərində Təkmilləşdirmə İnstitutunda
İctimai İxtisaslar fakültəsində xüsusi
jurnalistika kursu keçib bu ixtisasa yiyələndim. İlk
yazdığım “Göygöl” şeiri o zaman “Kirovabad
kommunisti” qəzetində dərc olunub və bu yaxınlarda əlimə
keçən həmin qəzet məni uzaq illərin
qonağı etdi. Mənim savadlı jurnalistlərdən
öyrənmək kimi bir şansım oldu. İlk gəldiyim
“Səhər” qəzetində Məzahir Süleymanzadə,
Hidayət Elvüsal, Mahir Süleymanov, Knyaz Aslan kimi peşəkarlardan
qəzetçiliyi öyrəndim. Bir müddətdən sonra
öz qəzetimi təsis etdim. Doğma Borçalı qəzetimizin
də, jurnalın da adına çevrildi.
Yaradıcılıq eşqi bu yolla yürüməyimdə həmişə
təkanım olub. Bir yerdə dayanmaq xarakterimə ziddi və əlimə
sevərək aldığım qələmlə uzun,
ağlıma gəlməyəcək qədər ağır
bir yolun yolçusu olacağımı düşünə
belə bilməzdim.
AĞRI
Ölkədə vəziyyət qarışanda
içimdə bir təlatümlə yaşayırdım və
bunu təkcə özüm bilirdim. 1990-cı ilin yanvar
ayının 19-u idi. O zaman 13 saylı Birləşmiş
şəhər Xəstəxanasının poliklinikasında
çalışırdım. İkinci növbədə
olduğumdan saat 8-ə qədər yerimdə olmalı idim.
İş vaxtının qurtarmağına on dəqiqə
qalmış baş həkim gəlib dedi ki, bu gün
qalmalısan, hadisələr gözlənilir. Xəstəxana
20-ci sahə deyilən ərazidə yerləşirdi. İki
yaşlı oğlum Talehi dayədən götürüb
işə qayıtdım və evə xəbər verildi ki, vəziyyətlə
əlaqədar xəstəxanada qalmalıyam. Axşam saat 9-10
arası oğlumu yatırmağa getdim və az keçməmiş
məni çağırdılar ki, Badamdar sahəsində
insanlar toplaşıb, hər an nə isə ola bilər. Cərrahiyyə
otağı hazır vəziyyətə gətirilmişdi,
çünki tanklar artıq şəhərə daxil
olmuşdu. Və artıq ilk yaralılar daxil olmağa
başladı. Rus ordusu əliyalın insanlarımıza divan
tutmuşdu. Yaralıları xilas etmək mümkün deyildi,
biz ancaq yaraları tikməklə məşğul idik.
Gördüklərim bir dəhşət idi, Səhiyyə
Nazirliyindən isə bizə susmaq əmri verilmişdi.
İndi hər şeyi söyləmək mümkün
olduğu zaman, daxili sarsıntı yaşayıram. Körpə
oğlumla birlikdə üç gün növbədə
qaldım və yalnız şəhidlərin dəfnində
iştirak etmək üçün xəstəxanadan
çıxa bildim. Bu üç gündə yaralılara da
kömək etdim, təcili tibbi çağırışa da
getdim, maşının atəşə tutulduğu həyəcanı
da yaşadım. Yaşananlar azmış kimi
iki ildən sonra Xocalı faciəsi bizə dağ çəkdi,
özü də fevralın 26-sı – ad günümdə. Həmin
gecə yuxuda gördüm ki, aşsüzən dolu nar veriblər
mənə. Narları bir-bir kəsib içinə baxıram
və dənələri böyük olanları yeyirəm.
Yedikcə isə ağzımın kənarından qan
damır. Narahat halda oyanıb inanclı tanışım bir
xanıma zəng vurub yuxunu danışdım. Soruşdu ki,
nar çox idi? Dedim çox idi və demək olar ki,
hamısını yedim. Eşitdiyim: “Azadə, çoxlu insan
öləcək” cavabına görə ona acığım
belə tutdu. Bir az sonra isə Xocalı harayı Azərbaycanı
bürüdü. O vaxtdan uşaq kimi ad günü keçirməyi
sevən mənim üçün düz 28 ildi bu tarix qan
yaddaşıma çevrilib, özümü Xocalıdan olan
biri kimi hiss edirəm. Biz ötən ilin payızında elə
bir qələbə qazandıq ki, bütün dünyanı
silkələdi. Lakin Xocalı hələ də mənim
üçün əlçatmaz olaraq qalıb. Qələbəmizdən
sonra Allahdan dilədim ki, bu ad günümdə Xocalıda
qurban kəsim. Görünür hələ vaxtı deyil, amma
o zamanın gələcəyinə əminəm. Və o
vaxtdan etibarən şəhidlər mənim
yaradıcılığımın və təbliğatımın
əsas mövzusu oldu. Harada olmağımdan asılı
olmayaraq Azərbaycanımı təbliğ etməkdən nə
usanacaq, nə də bu yoldan geri çəkiləcəyəm.
2002-ci ildə Azərbaycandan
on bir nəfər həkimi Fransaya Ümumbioloqların
simpoziumuna apardılar. Gedəndə özümlə
“Xocalı harayı”, “Qarabağ bizimdir”, “Qarabağ ürəyimizdir”
adlı 1600 ədəd ingilis dilində plakat hazırlayıb
apardım. Xırdalıqlara varmaq istəmirəm,
lakin mən o plakatları Kann şəhərində
kinofestivalların keçirildiyi sarayda yaymağa nail oldum.
Böyük təhlükə ilə üzləşməyimə
baxmayaraq, bunu bacardım. O plakatları İtaliyanın
San-Remo şəhərində gül kollarının üzərinə
qoymaqla, səsimizin eşidilməsinə
çalışdım və əlimdə qalan son altı
plakatı Vətənə qayıdarkən Paris aeroportunun
oturacaqlarına sancaqladım. Polislə
üz-üzə gəlməyimə rəğmən, erməni
adlı ünsürü ayağımın altına yıxmaq
gücünə belə, bunu etdim. 90-cı ildən bu yana mən azadlığımız uğrunda
bir əsgərə çevrilmişəm – həm qələmimlə,
həm əməllərimlə. Xocalı sakinləri
mənə o qədər doğmadı ki, çox vaxt mənim
ordan olduğumu zənn edirlər. Xocalıdan
sonuncu çıxan İcra Hakimiyyətinin müavini
Şöhrət Həsənovun ailəsinin bir üzvünə
çevrilmişəm. Bütün əhalini
çıxararaq, sonda Xocalını tərk edən və
düşmən gülləsinə tuş gələn bu
insanı yazdığım poemanın qəhrəmanına
çevirdim. Bu ağrını, bu acını ovutmaq
üçün bacardığım hər şeyə əl
atdım və sonda anladım ki, ayağım o torpağa dəyənə
qədər rahat ola bilməyəcəyəm.
İnanıram ki, Ali Baş Komandanım o
günü mənə nəsib edəcək.
JURNALİST
Heç vaxt qələmdən nə yoruldum, nə də
usandım. Qələm olmasa, gecələrim səhəri
açmaz. Gecələri çox sevirəm,
çünki gündüzlər gördüyüm eybəcərliklər
orada yoxdu. Səhərə yol gələn
bir neçə saatlıq zaman kəsiyində
yaradıcılığımla daha çox baş-başa qala
bilirəm. Hərdən özümə
sual verirəm – Azadə, nə edə bilmisən? İstər elmi sahədə, istər ictimai fəaliyyətdə,
istər yaradıcılıqda düşünürəm ki,
xidmət göstərə bilmişəm. Bir patentin və səmərələşdirici təklifin,
iki metodik tövsiyənin, 60-a qədər elmi məqalənin,
bir dərsliyin və 34 kitabın müəllifiyəm.
On səkkiz il rəhbərliyim altında
yol gələn “Qafqaz Media” İctimai Birliyi 500-ə yaxın tədbir
keçirib ki, bunun böyük qismi xeyriyyəçiliklə
bağlıdı. Dünyanın 32 ölkəsində
Vətənimi təmsil etmişəm, 20-dək xarici dövlətlərin
diplomları ilə mükafatlanmışam. Şeirlərim dünyanın 16-a yaxın Ədəbiyyat
antologiyalarına daxil edilib. Əsərlərim bir
çox dillərə – rus, ingilis, gürcü, alman, özbək,
ərəb, fars dillərinə tərcümə
olunub. Harada olmuşamsa, Azərbaycan və azərbaycançılıq
naminə haqq səsimi yüksəltməkdən
qorxmamışam. Etiraf edim ki, şəhid
mövzusunu qələmə almaq hər yazara nəsib olmur.
Son illər yazdıqlarım sırf şəhidlərlə
bağlıdı, çünki bu mövzu içimə bir
rahatlıq gətirir. Ümumi şəhidlər
haqqında ayrı, yeddi şəhidin adına
ayrı poemalar yazmışam. 40-a qədər
şəhidin adını anaraq onlara yazılar yazıb,
şeirlər həsr etmişəm. Hazırda
şəhidlərimizin ruhunu şad edəcək yeni bir
kitabımı Novruz əfəsində oxuculara təqdim etməyə
tələsirəm. Bir arzum da var ki, hər
şəhid anasının ürəyinə su səpəcək
kitablar ərsəyə gətirə bilim, çünki şəhidlər
öləndə yox, unudulanda ölür. Əgər qələmimdən
çıxan hər əsərdə bir şəhid
yaşayacaqsa, xoş mənim halıma.
MEDİA
Bugünkü jurnalistikadan razı deyiləm. Təməlini Həsən
bəy Zərdabinin qoyduğu saf jurnalistikanın nüfuzuna
iyrənc əməllərilə xələl gətirənlər
az olmadı və təəssüf ki, qələmi
müqəddəs bilən vicdanlı jurnalistlərlə eyni
yolda yürüməyi bacardılar. Vicdan
anlayışından uzaq, jurnalistikadan bixəbər insanlar əlinə
qələm aldıqdan sonra mətbuatda anarxiya yarada bildilər.
Hər hansı bir mətbu orqanının rəhbəri
yoldan ötənə jurnalist vəsiqəsi verəndə, nə
gözləmək olardı ki? 1998-ci ildə
Ulu Öndər mətbuatın üzərindən senzuranı
götürməklə, daxildə olan ünsürlər
öz xəyanətini ustalıqla işə sala bildi. Adını eşidib, mahiyyətini anlamayanlar
sarı mətbuatla fəaliyyətə başladı. Tənqidi təhqirə qatdı, qələmi
şantaja çevirdi, insanların zəif damarına basmaqla
heysiyyəti, mənəviyyatı ilə oynamağa
başladılar. Təəssüf ki,
şərəfini pula satanlar yetişdi, qələmi dəyərdən
salanlar ayaq açsa da, nə yaxşı ki, uzağa gedə
bilmədilər. Prezident İlham
Əliyevin sərəncamı ilə ilin əvvəlində
yaradılan Medianın İnkişafı Agentliyindən isə
gözləntilərimiz çoxdu.
VƏTƏN
…İyirmi
il Məkkə ziyarətinin arzusunda
olmuşam və Tanrı bu yolu on dəfə mənə nəsib
edib. Hər yeni ziyarətdə Həcərül-əsvəd
daşına əl vurmaq həsrətini çəkmişəm.
2008-ci ildə Əməkdar jurnalist Rəşid
Faxralı da bizim köməkliyimizlə ziyarətə
getmişdi. Məndən soruşdu ki,
daşa əl vura bilmisən? Yox deməyə
utandım və bildirdim ki, yenə də toxunmaq istərdim, gəl,
bir cəhd edək. Rəşid arıq
cüssəsi ilə o kütlədə əzilsə də,
sıxılsa da, mənə Həcərül-əsvəd
daşına əl vurub öpməyə kömək etdi.
Ordan ayrılandan sonra soruşdu ki, nə hiss
etdin? Dedim ki, ata həsrəti idimi, ana nəvazişi
idimi bilmirəm, amma hiss etdiyim pıçıltı ilə
üzümə dəyən Ləbbeyk sözü oldu. Vətən mənim üçün o müqəddəs
Həcərül-əsvəd daşıdı.
HƏMKAR
Bir dəfə
atamla yaxın dost olan Nəriman Həsənzadə bir
çay süfrəsi arxasında jurnalistikadan söz
düşəndə dedi ki, yaramaz jurnalistlərin sayı
artıb, lakin sən onlardan ola bilməzsən,
ona görə ki, Hippokrat andı içmisən və
heç vaxt birini şikəst edib pul qazanmazsan.
Rəhbərlik etdiyim təşkilatda da, saytda da ətrafımda
gənclər çoxdu. Ümumiyyətlə gənclərlə
işləmək mənə xoşdu. Hər il Gənclər günündə “Qafqaz Media”
İctimai Birliyinin təsis etdiyi diplom, medal, döş
nişanları ilə onları sevindirir və bundan
böyük həzz alıram. Sağlam gənclik
istəyiriksə, onları həvəsləndirməyi
bacarmalıyıq. Mənə kömək
üçün müraciət edənləri heç vaxt əliboş
qaytarmamışam. İmkanım daxilində
olmasa da, sözümə etimad edən dostlarım həmişə
var. Vaxtilə artıq haqq dünyasında uyuyan, həkim-nevropotoloq
olan dayım qızı Zeynəb Mehdiyeva mənə dayaq olub,
kömək edib. Həyatda mənə dəstək
olanları heç vaxt unutmuram. Həmişə
istəmişəm ki, həyatda hər kəs layiq olduğu
yerdə, mövqedə olsun. Bugünkü
saf gəncliyin bir istəyi var – irəliləmək. Bunun üçün Azərbaycanda həm imkan var, həm
də şərait. Bu istiqamətdə fəal iş
aparan həmkarlarımız çoxdu və arzu edərdim ki,
yaşından asılı olmayaraq, qələminə sadiq
qalan jurnalistlərimiz layiqli qiymətini alsın. Xocalı öz adını 28 ildi ki, taleyimə
bağlayıb və bu, artıq ömürlük bir
yol-yoldaşı olub mənə. Nə qədər
çalışsam da, bu günü ömrümdən silə
bilmərəm. Hər il bu tarixi
Xocalıda olmaq arzusu ilə səbirsizliklə gözləmişəm.
Tarixi qələbəmizdən bəri ümid
etmişəm ki, nəhayət o günü görəcəyəm.
Azərbaycanın ən yaxın dostu, havadarı, ölkə
rəhbərinin qardaşı Rəcəb Tayyib
Ərdoğanın da ad gününün bu tarixdə
olduğunu bildiyimdən, xəyal qurmuşdum ki, türkün
böyük dostu həmin günü Xocalıda qeyd edəcək.
Lakin Prezidentimizin dediyi kimi, nəyi nə vaxt, nə
zaman edəcəyini özü bilir. Bildiyim
odu ki, illərdi gəlişini arzulamadığım bu tarixi
bir günü Xocalıda mütləq qeyd edəcəyəm,
bax, o zaman, dünyaya yenidən gəlişim olacaq. Tanrıma hədsiz bağlı bir insanam və həmişə
də özümü Allahın sevimli bəndəsi
sanmışam, çünki Rəbbim istədiyimi məndən
əsirgəməyib. Lakin nədənsə
alnıma amansız bir qədər yazmaqla, həyat mənimlə
çox amansız bir oyun oynadı, məni təklədi, tərki-dünya
etdi. Cəmi on ayın içində əvvəl
həyat yoldaşımı, daha sonra yegənə oğlum
Talehi 32 yaşında itirdim. Heç vaxt
üsyankar biri olmamışam. Həyat
yoldaşım Cavanşir Vahabov ölkə
başçımız İlham Əliyevlə sinif
yoldaşı olub. O, xəstə yatanda da, dünyadan
köçəndə əli ailəmizin üstündə
oldu. Dövlət başçımıza bu
diqqət və qayğıya görə təşəkkürüm
sonsuzdu. Cavanşirdən sonra söykənə
biləcəyım, mənə həm oğul, həm qardaş
olan bir tək Taleh qaldı. O da mənim növbəmi
qabaqlayıb, bir göz qırpımında uçub getdi. Mən onun çiyinlərində getməli
olduğum halda, Taleh mənə övlad acısı
yaşatdı, qardaş dağı çəkdi. Təsəlli verənlər də oldu, irad bildirənlər
də. Tanrının hökmünə qarşı
çıxmaq nə həddimədi, vaxtsız
ölümün, yarımçıq qalmış
arzuların ağrısını çəkirəm. Çox kövrək qəlb sahibi idi Taleh, son qəpiyini
belə, verib kimisə sevindirməyi bacarırdı. Etdiyi yaxşılıqları əsla dilinə gətirməzdi.
Biləni bildim, bilmədiklərimin bir qismi
ölümündən sonra aşikar oldu, bir qismini də
özü ilə apardı. Yas günlərində
tanımadığım bir qadın gəlib xeyli göz
yaşı tökəndən sonra titrək səslə əlindəki
zərfi mənə uzadıb dedi ki, Azadə xanım, mən
bankdan yalnız iki min manat götürə bildim. Çox narahat oldum. Məlum oldu
ki, bu qadının ağır vəziyyətdə olan
oğluna təcili ürək əməliyyatı lazım
imiş. Hardan və necə öyrəndiyini
bilmədim, əslində bunun bir önəmi də yox idi
artıq. Taleh maşınını
satıb lazım olan məbləği o ailəyə verib ki,
oğlanı xilas etsinlər. Mən isə: “Taleh,
maşının hanı” soruşanda, bir cavab
almışdım: “Ana, borcum vardı, satıb onu
bağladım”. Vəssalam. Bircə onu
dedim ki, Talehin etdiyi əməllər haqq
dünyasındakı sorğu-sualların cavabıdı,
heç birimizin haqqı yoxdu ki, ona xələl gətirsin. Aparın pulu qaytarın ki, üstünüzdə
qalmasın. Həmin ailə ilə indi də
əlaqə saxlayıram, Talehin həyatını xilas etdiyi
oğlan artıq ayaqdadı. Yoldaşım
bəlli bir xəstəliklə haqq dünyasına qovuşdu,
oğlumun qəfil ölümü dünyamı alt-üst
etdi. Tovuz hadisələrindən sonra könüllü
olaraq orduya yazılmışdı, hər an
getməyə hazır idi. Mən qəti əminəm
ki, bu Vətən müharibəsində Taleh mütləq
iştirak edəcəkdi və onu bir şəhid zənn edib
özümü bu təsəlli ilə ovuduram. Anamın adını daşıyan yegənə
qızı Zemfira ilə bağlı çox arzuları
vardı. Onun Ankarada təhsil almasını istəyirdi,
orada ev belə behləmişdi. Nə qədər ayaqdayam onun özü ilə
apardığı arzuları gerçəkləşdirməyə
borcluyam. Onlarsız sevdiyim bu şəhər mənə
o qədər dar gəlir ki indi… Canımı belə qurban
verməyə hazır olduğum bu Vətəni tərk etməyə
hazırlaşsam da, harada olmağımın heç bir
önəmi yoxdu… Mən əməllərimlə,
gördüyüm işlərlə, qələmimlə, haqq
səsimlə olduğum, tanındığım Azadə kimi
də qalacam. Sadəcə bir atanın
övladı ilə bağlı həyata keçirə bilmədiyi
arzuların arxasınca gedirəm. Həmkarlarıma
bir həkim kimi sağlamlıq, Cəlaləddin Ruminin dililə
göründüyü kimi olub, olduğu kimi görünməyi
arzu edirəm.
QIRX DÖRD GÜN
İllərlə iradlara, tənələrə,
istehzalara tuş gələn Vətənimlə həmişə
fəxr etmişəm, onun haqq səsini yaymaqdan usanmamışam,
çünki inanmışam ki, qəhrəmanlar yetişdirən
bu torpağın intiqamı yaman olacaq. Bəli, biz itirdik,
insanlarımız qırıldı, qaçqın, məcburi
köçkün həyatı yaşadı, içimizdən
olan xainlərin arxadan vurduğu zərbəyə məruz
qaldıq, daha nələr, nələr… Bunların
hamısı oldu. Lakin itirdiyimiz bu illər ərzində
yavaş-yavaş hər sahədə güclü bir Azərbaycan
yetişməyə başladı. Nə Ulu Öndər, nə
onun yolunu qətiyyətlə davam edən ölkə
başçımız heç vaxt Qarabağ itkisi ilə
barışmayacaqlarını hər zaman ən uca tribunalardan
bəyan etdi. Buna inanmayıb, ağız büzənlər
isə çox oldu. Və sonda otuz il gözləyən,
düşmən tapdağı altında əzilən,
darmadağın edilən, qəhrəmanlarını gözləyən
torpaqlar bir göz qırpımında alındı. Bəli,
30 ilin müqabilində 44 gün bir göz qırpımı
idi. Tarix indiyədək belə bir müharibə
müddəti görməmişdi. Muğamı dinləmək
üçün ölkənin Birinci vitse-prezidentini istehza ilə
Qarabağa “dəvət” edən Vaçikin qızı Anna
bir də gördü ki, Mehriban Əliyeva artıq öz
torpağında çox rahat gəzir, üstəlik
muğamları da dinləyir. Tarixi ədaləti bərqərar
edən, qətiyyəti, iradəsi,
düşünülmüş addımı ilə
düşməni diz çökdürən bu dövlətin
Ali Baş Komandanı, xalqın lideri İlham Əliyev həm
daxildə, həm xaricdə olan ağızları susdurdu. Və
üçrəngli bayrağımızın tezliklə Xankəndi,
Xocalı və Xocəvənddə də
dalğalanacağına əminəm.
SÖZ ARDI
Vətəndaş, ziyalı, vətənpərvər,
xeyriyyəçi, qadın və dərd yükü
daşıyan ana… Bu adlar Azadə xanımla qoşa
addımlayır. Acısını içində
boğmağa çalışsa da, qəmli çöhrəsi,
nəmli gözləri bunu gizlədə bilmirdi. Bir tək Vətən,
Azərbaycan adı çəkiləndə bu çöhrəyə
işıq gəlirdi. Sabah – fevralın 26-sı Azadə
xanımın ad günüdü. Həmişə sevinclə
qeyd etdiyi bu günü 28 ildi ki, unudub, onun gəlişini istəmir,
çünki arzusu hələ ki, ürəyində qalıb.
Azadə xanım, bir atalar məsəli var: “Yüzə
dözən, yüz birə də dözər”. Dediyiniz kimi
Allahın sevimli bəndəsi olmusuz həmişə.
Tanrı isə sevimli bəndəsini gözlətsə də,
onu naümid etməyib heç zaman. Sizi ürəkdən təbrik
edir, ünvanımıza söylədiyiniz isti, səmimi
sözlərə görə minnətdarlığımı
bildirir və deyirəm – Xocalıda görüşənədək.
Tamilla TEYMURQIZI
Azad Azərbaycan.- 2021.- 25 fevral.-
S.6.