Vətənpərvərliyi
formalaşdıran əsas amillər: milli-mənəvi dəyərlər
və folklor
Millətin milli mənlik şüurunun
formalaşması, mənəvi-siyasi cəhətdən
yetişməsi həm də onun vətənpərvərlik səviyyəsi
ilə müəyyən edilir. Milli mənlik
şüuru isə məhz tarixi yaddaşa əsaslanır.
Xalqın yaxın və uzaq keçmişi, elm,
mədəniyyət, dövlətçilik, siyasət sahəsində
əldə etdiyi nailiyyətlər, qəhrəmanlıq
tarixi, eyni zamanda dövlətin müasir inkişaf göstəriciləri
gənclərdə vətənpərvərliyi
formalaşdıran əsas amillərdir. Ölkənin
iqtisadi-ictimai, mədəni inkişafı, əhalinin sosial
rifahı da vətənpərvərlik təbliğatında
ruh yüksəkliyi yaradan əsas faktorlardan biri kimi qiymətləndirilməlidir.
Ulu Öndərimiz Heydər Əliyev milli-mənəvi dəyərlərimizə
yüksək qiymət vermiş, dövlət siyasətinin əsas
prioritetlərindən biri kimi bunu həmişə diqqət mərkəzində
saxlamışdır. Azərbaycan Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva da bu məsələlərə hər
zaman önəm vermişlər.
Vətənpərvərlik
və milli-mənəvi şüurun təbliği bir tərəfdən
ictimai səciyyə daşıyaraq şagirdlərin, tələbələrin
vətəndaş kimi formalaşmasında, öz Vətənini,
ləyaqətini qorumaqda mənəvi təsir gücünə
malikdir, digər tərəfdən vətənpərvərlik
gənclərdə vicdan, ləyaqət, ədalət hisslərini
tərbiyə edir, onları şəxsi mənafe, eqoizmdən
uzaqlaşdıraraq, millət, xalq sevgisini oyadır. Bu isə öz növbəsində dövlətin
demokratik prinsiplərlə idarə olunmasına, xalqın mənafeyinə
xidmət edilməsinə zəmin yaradır. Bir sözlə, Vətənini, xalqını, millətini,
torpağını sevən şəxsin ədalət və mərhəmət
hissi də uca olur.
Əsl vətəndaş dedikdə, vətənə,
dövlətə xidmət edən, böyük mənəvi
keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətənpərvərlik
tərbiyəsinin mənbəyi ailədir. Təcrübə göstərir ki, ailədə vətənpərvərlik
tərbiyəsi özbaşına, kor-koranə deyil,
planlı, sistemli, məqsədli şəkildə təşkil
olunmalıdır. Uşaqlarda vətənpərvərlik
tərbiyəsi dedikdə, yüksək əxlaqi-mənəvi
keyfiyyətlərə yiyələnmə və şəxsiyyət
kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını,
nizam-intizamı, vətəninin tarixini,
coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini
bilməli, savadlı olmalı, vətəni sevməlidirlər.
Onlar hər bir işə şüurlu
yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz
olmalı, pis niyyətlə, əliəyriliklə
barışmamalıdırlar. Mənəviyyat
tərbiyəsini qiymətləndirmək üçün
uşaqlarda yaxşını pisdən ayırmaq, həqiqətə,
ədalətə, insanlara-böyüklərə, ailə
üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər
aşılanmalıdır. Onların
davranış xüsusiyyətlərini uyğun qiymətləndirməli,
yaxşı davranış və qarşılıqlı əlaqə
təmin olunmalıdır. Azərbaycan
Respublikasında hüquqi, demokratik dövlət quruculuğu
inkişaf etdikcə, vətənpərvərlik tərbiyəsinə,
o cümlədən böyüməkdə olan nəslin hərbi
vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət
yetirilməlidir.
Vətənpərvərlik hissinin formalaşmasında
folklor yaddaşının, xüsusən də özündə
bu və ya digər tarixi hadisənin izlərini daşıyan
folklor nümunələrinin də xüsusi rolu olduğu
heç bir şübhə oyatmır.
Azərbaycan folkloru qürur mənbəyimiz olan
tariximizin şanlı səhifələri ilə həddən
artıq zəngindir və heç bir tərəddüd etmədən
deyə bilərik ki, burada ən qədim dövrlərdən
başlayaraq günümüzədək baş vermiş bir
çox real tarixi hadisənin folklorlaşmış əksini
görürük. Ən əski nümunələrdən
söz açarkən hələ e.ə. V əsrdə Herodot
tərəfindən yazıya
köçürülmüş “Astiaq” və “Tomiris” əfsanələrini
misal çəkmək olar. Təsadüfi
deyil ki, tarixçilər sözügedən əfsanələrin
süjetini real tarixi hadisələr, folklorşünaslar isə
sırf folklor nümunəsi kimi gözdən
keçirmişlər.
Eyni fikirləri
“Alp Ər Tonqa dastanı”na da şamil etmək
mümkündür. Orada haqqında söz açılan, qədim
Aşşur mənbələrində adı “Partatua”, yunan mənbələrində
“Prototiy”, fars mənbələrində isə “Əfrasiyab”
kimi çəkilən Alp Ər Tonqa real tarixi şəxsiyyət
kimi Azərbaycan məkanında öz yerini tutub.
Tarixi mənbələrdə onun işğuzların
(iç oğuzların) başında durduğu, e.ə. VII əsrdə
yaşadığı, Cənubi Azərbaycandakı Urmiya
gölü sahilində qətlə yetirildiyi qeyd edilir. Xalq
arasında ona və qəhrəmanlıqlarına o qədər
böyük rəğbət olmuşdur ki, zamanla haqqında
dastan qoşulmuş, ölümünə ağılar
söylənmişdir.
Məlum
olduğu kimi, Mahmud Kaşğarlının “Divan”ında yer alan çoxsaylı şeir nümunələrindən
biri də Alp Ər Tonqanın ölümünə həsr
edilmiş ağıdır:
Alp Ər
Tonqa öldümü,
İsiz
ajun kaldımu,
Ödlək öcin aldımı?
İmdi
yürək yırtılır…
Folklorda yaşayan tarixin izlərindən söhbət
açan tədqiqatçılar bu münasibətlərin
genişliyinə və mürəkkəbliyinə diqqət
çəkərək qeyd edirlər ki, folklorun tarixi
gerçəkliklə bağlılığı, tarixi hadisələrin
folklorda əks olunması, folklorun tarixi hadisələrə
münasibətdə yaddaş rolunu oynaması təkcə
folklor mətnləri ilə tarixi hadisələrin münasibətlərini
əhatə etmir.
Tədqiqatçıların
fikrincə, bu münasibətlərin çevrəsi çox
geniş olub, ümumiyyətlə, insan
yaradılışının, onun şüurunun psixogenetik,
etnogenetik, linqvogenetik və s. də daxil olmaqla çox
geniş məsələlərini əhatə edir. Qədim tarixin folklorda əks olunması hər hansı
tarixi hadisənin, yaxud tarixi şəxsiyyətin folklor
obrazının yaradılması ilə məhdudlaşmır.
Burada düşünüldüyündən
çox geniş məsələlər var. Folklor həm də
dünyagörüşüdür. Xalqın
öz tarixi boyunca qavrayıb mənəvi təcrübəyə
çevirdiyi nə varsa, folklorda əks olunur. Deməli, folklor ilə tarixin münasibətləri,
əslində, daha geniş mənada həm də şüur
və gerçəklik münasibətləri deməkdir.
Folklorda
yaşayan tarixin izlərindən söz açarkən hərbi
vətənpəvərlik hisslərinin aşılanması
baxımından son dərəcə böyük önəm
daşıyan “Dəqə Qorqud” və “Koroğlu” kimi qəhrəmanlıq
dastanlarından yan keçmək, əlbəttə ki,
mümkün deyil.
“Kitabi-Dədə
Qorqud”un hər boyunda bir oğuz igidinin qəhrəmanlığından
danışılır. Hadisələr yay-qış
qarı-buzu əriməyən Qazlıq dağında,
alınmaz Əlincə qalasında, Şərurda, Dərbənddə,
Gəncədə, Bərdədə, Dərəşamda,
Qaraçuqda, Aladağda, Ağcaqalada, Göyçədə,
Bayatda baş verir və bütün bunlar onu sübut edir ki,
“Kitabi-Dədə Qorqud” məhz Azərbaycan xalqının sənət
abidəsi, söz abidəsidir. Əsərdəki
bir çox yer, yurd adları günümüzdə də həmin
adlarla tanınmaqdadır.
Oğuzlar üçün yurd, Vətən sevgisi, torpaq
hər şeydən yüksək və əzizdir. Onlar hər an
doğma el-oba uğrunda canlarından keçməyə
hazırdırlar. Oğuzlar öz
qonşularına qarşı da mərddirlər. Onlar başqasının torpağına hücum
etmir, sərhədlərini pozmurlar. Lakin
düşmən xəyanət edib, qəfil hücuma
keçdikdə oğuz igidləri hamılıqla Vətənin
müdafiəsinə qalxır, düşməni tar-mar edirlər.
Dar gündə Vətən sevgisi oğuzlara
öz aralarındakı incikliyi də unutdurur, onları birləşdirir.
“Kitabi-Dədə Qorqud” oğuzların dastana
çevrilmiş tarixidir. Dastanda hər
sözün, ifadənin, adın dərin mənası var və
bunların hamısının arxasında
soy-kökümüz olan oğuzların keçmiş tarixi
durur. Y.Mahmudov təsadüfən yazmır
ki, “Kitabi-Dədə Qorqud” türklüyün, o cumlədən
Azərbaycan tarixinin öyrənilməmiş
dünyasıdır. Bəli, həqiqət
budur ki, tariximizin araşdırılması zamanı
dastanlarımıza hələ də tarixi qaynaq kimi müraciət
edilməsinə təsadüfi hallarda rast gəlirik. N.Dəmir bu mövzuya toxunaraq qeyd edir ki, “dastanlar
millətlərin ensiklopediyasıdır. Tarixi
ünsürlərin yanında millətlərin
keçmişdəki gələnək, görənək və
yaşayış tərzləri ilə ilgili olaraq bəlkə
də heç bir qaynaqda rast gəlinməyən bilgilər
dastanlarda yer almaqdadır.Onun bu fikri ilə razılaşan İ.Sadıq
bildirir ki, “dastanlardan tarixi qaynaq kimi istifadə etmək
üçün, birinci növbədə, onlardakı
gerçəklikləri duymağı və görməyi
bacarmaq lazımdır. Bu tarixi gerçəklikləri
duymağı və görməyi bacarmayanda onlardan istifadə
etmək xeyli çətinləşir”.
Tarixi mənbələr Dədə Qorquddan real tarixi
şəxsiyyət kimi söhbət açır. Məsələn,
Rəşidəddinin “Came-ət-təvarix”inin Türkiyə
nüsxəsində Dədə Qorqudun VII əsrdə, Həzrət
Məhəmmədin (s) dövründə
yaşadığı bildirilir. Salnaməçi
qeyd edir ki, “o, Məhəmməd (s) peyğəmbərlə
şəxsən görüşmüş, ondan dərs
almış və dörd oğuz hökumətinin vəziri
olaraq 295 il ömür sürmüşdü”.
Dədə Qorqudun real tarixi şəxsiyyət
olduğu, hətta məzarının Dərbənddə yerləşdiyi
məlumdur. Məsələn,
Övliya Çələbi Qafqazda olarkən Dərbənddə
Dədə Qorqudun müqəddəs qəbri və “40-lar qəbiristanı”
barədə indi də öz elmi-tarixi əhəmiyyətini
itirməyən rəvayətlər qələmə
almışdır. Vaxtilə Azərbaycanda
olmuş alman səyyahı Adam Oleari də Dədə Qorqud
haqda yerli camaatdan çoxlu rəvayətlər eşidib.
O yazır ki, Dədə Qorqudun məzarı Dərbənddə,
Qazan xanın qəbri Təbrizdə Acıdərə
çayının sahilində, Burla xatunun qəbri isə
Urmiya qalasındadır. Eyni hal “Koroğlu”
dastanı üçün də xarakterikdir.
Araşdırmaçıların bir çoxu
“Koroğlu” dastanını Cəlalilər hərəkatını
öyrənmək baxımından əvəzedilməz mənbə
hesab edir. Bu da, təbii ki, XVI–XVII əsrlərdə baş
vermiş siyasi olayların dastanda təsvir edilən hadisələrlə
bu və ya digər dərəcədə səsləşməsindən
qaynaqlanır.Belə hesab edilir ki, “Koroğlu” dastanını
ümumi kontekstdən – XVI-XVII əsrlərdəki Osmanlı-Səfəvi
qarşıdurması prizmasından öyrənmək
özünü doğruldur.
Bu fikir Azərbaycan tarixşünaslığında
geniş yayılmışdır. Qəbul olunmuş
yekdil rəyə görə, “Osmanlılarəleyhinə
üsyanlar hər yerdə elə səs salmışdı ki,
əfsanəyə bənzər epik və qəhrəmanlıq
dastanları xalqın dilindən düşmürdü. Bunlardan biri də məşhur “Koroğlu”
dastanıdır”.
Həmin fikri folklorçu alimlər də
paylaşırlar.
Hərbi vətənpərvərlik motivli qəhrəmanlıq
dastanlarına digər türk xalqlarında da rast gəlinməkdədir. Bu baxımdan
qırğızlara aid olan “Manas” dastanını misal çəkə
bilərik. Belə hesab edilir ki, onun
yaranış dövrü IX-X əsrlərə təsadüf
edir. Məsələn, A.Sadıkovun fikrincə,
eposun mühiti IX-X əsrlərin mühitinə tam uyğunluq
təşkil edir. A.Cəmil də onun fikri
ilə razılaşaraq qeyd edir ki, “Manas”dan əvvəlki
dövrün ictimai-siyasi ab-havasını, mənəvi
iqlimini öyrənməklə eposun hansı tarixi zəmində
yarandığını, formalaşdığını
öyrənmiş oluruq. Bu baxımdan
VII-VIII əsrlərdə Yenisey ətrafında mövcud
olmuş qırğız xaqanlığının tarixini nəzərdən
qaçırmağa haqqımız yoxdur.
Heç şübhəsiz, “Manas” qəhrəmanlıq
dastanıdır. O, qırğızların etnogenezi prosesinə
aydınlıq gətirəcək etnoqonik motivlərdən də
xali deyildir. Eyni sözləri Manasın
paradiqmaları olan Alp Manaş (eyniadlı Altay
nağıl-poemasının qəhrəmanı) və
Alpamışın (eyniadlı qazax dastanının qəhrəmanı)
simasında Altay və qazax türkləri haqqında da
söyləmək olar.
“Manas”
dastanında da eynən “Kitabi-Dədə Qorqud”da olduğu
kimi, “qırx qız” motivinə, eləcə də “qırx ərən”,
“qırx igid” barədə süjetə rast gəlirik. Bunlardan
sonuncusu barədə B.Ögəl yazır: “Dədə Qorqud”
kitabındakı Oğuz bəylərinin qırx igidi türk
mifologiyasının ölməz və dəyişməz
motividir… “Manas” dastanında Dədə Qorqud
nağıllarında adı çəkilən qırx igidlə
əlaqədar bəzi hadisələrə də rast gəlirik".
Yeri gəlmişkən, qaraqalpaq türkləri içərisində
də qırx qızla bağlı süjet və motivlərə
rast gəlinməkdədir. Söhbət “Qırx
qız” dastanından gedir. Bu dastanın
süjeti ilə Quzey Qafqaz xalqlarının ortaq abidəsi olan
və e.ə. l minilliyin ortalarında, iskit-sak mühitində
formalaşdığı hesab edilən nart eposunun ümumi
süjet və motivlərə sahib olması mütəxəssisləri
çoxdan heyrətə salmışdır. “Qırx qız” dastanında öz qırx qadın
döyüşçüsü ilə, yəni qırx
amazonka ilə birlikdə uzaq bir adada yaşayan və
xalqını düşmənlərdən qoruyan
Gülayım adlı hökmdar qadından bəhs edilir.
Türk qəhrəmanlıq
folklor motiv və süjetləri içində müəyyən
qədər gözdən kənarda qalan, fəqət üzərində
durulması vacib olan dastanlar da az deyil. Bu baxımdan Türk-Tatar xanı (padşahı)
Puqaçaunun rus işğalçılarına qarşı
savaşına həsr olunmuş nəğmələri misal
çəkə bilərik. Türk-tatar
folklor yaddaşı sözügedən şəxsi Türk
padşahı kimi təqdim etsə də, rus
tarixşünaslığı bu faktı uzun müddət
inkar etmiş, onu kəndli üsyanının
başçısı və quldur kimi qələmə
vermişdir. Rus mənbələrində
onun adı “Puqaçov” kimi çəkilməkdədir.
Son dövrlərdə bəzi rus tarixçiləri
bu saxtakarlığı ifşa edən bir neçə məqalə
ilə çıxış etmişlər.
Puqaçauya həsr edilmiş nəğmələrdə
həm rus çarı I Pyotr (Petr), həm də Puqaçau
“patşa” (padşah) kimi yad edilirlər. Bunlardan
birincisi mənfi, ikincisi isə müsbət obraz kimi
çıxış edir. Nəğmələrdə
XVIII əsrin 70-ci illərində cərəyan etmiş real
tarixi hadisələrdən bəhs olunur. Onlardan biri
“Puqaçau patşa” adlanır:
Puqaçau
patşanı kürse idenq, (Puqaçau padşahı görsəydin,
Allarınnan
bil böqen uzsa idenq, Qarşısından keçib təzim
etsəydin,
Arqamakmenep,
dantotıo, Yorğaataşərəfləminib,
Caekyaularındayörsəidenq. Ural
yaylaqlarınayürüsəidin).
Azərbaycan müasirləşən, Avropa və
dünya birliyinə sürətlə inteqrasiya edən bir
ölkə olaraq dünyadakı qloballaşma prosesindən də
yan keçmir.
Bütün bunlara baxmayaraq qloballaşma adı
altında milli-mənəvi dəyərlərimizi unutmamalı
və bu dəyərlərə sadiq qalmalıyıq.
Milli-mənəvi dəyərlərimiz dövlət
siyasətinin ən önəmli və vacib istiqamətlərindəndir.
Xalqımızın keçmişini
özündə əks etdirən folklor nümunələrində
biz qəhrəmanların vətənlərinə,
yurdlarına olan sevgisinin şahidi oluruq. Şübhəsiz ki,
bunlar gələcək nəsildə vətənpərvərlik
hissinin yaranmasında mühüm rol oynayır.
Xəyalə AĞAYEVA
Azad
Azərbaycan.- 2021.- 25 fevral.- S.7.