Mübarizələrdə
keçən həyat
2 iyul
Polis işçilərinin peşə bayramıdır
Məlum olduğu kimi Azərbaycan polisi mübarizələrlə dolu şanlı həyat yolu keçmişdir. General-polkovnik cənab Vilayət Eyvazovun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin əməkdaşlarının müstəqil Azərbaycan Respublikasına şərəflə xidmət etməsi, bölgələrdəki şəhər-rayon polis şöbələrinin nazirliyin nurlu sabaha, işıqlı gələcəyə hesablanmış mühüm tapşırıqlarına, faydalı tövsiyələrinə uyğun olaraq xalqımızın asayişinin keşiyində sayıq dayanması, vətəndaşların hüquq və azadlıqlarının hüquqi müstəvidə layiqincə qorunması və bu yolda, yeri gəlmişkən, fədakarlıq göstərməsi barədə əlimizdə kifayət qədər faktlar var. Təbii ki, həmin faktları gələcək nəsillərə örnək kimi çatdırmaq öhdəmizə borc kimi düşür.
44 günlük II Qarabağ müharibəsi eyni zamanda yüksək rütbəli dövlət məmurlarının Azərbaycan dövlətçiliyinə hədsiz sədaqətini bir daha ortaya qoydu. Azərbaycan polisinin gərgin iş şəraitində işləməsi, Ali Baş Komandan cənab İlham Əliyevin mühüm tapşırıqlarını həyata keçirməsi, böyük zəfərin qazanılmasında məqsədyönlü fəaliyyət kimi hamımıza yaxşı məlumdur.
Müharibədən sonra da respublika polisi öz məsul, lakin şərəfli vəzifəsini vicdanla yerinə yetirir, ictimai asayişin keşiyində sayıq dayanır. Bu baxımdan, polisin şərəf və ləyaqətini uca tutan, nazirliyin imicini yüksəldən Lənkəran ŞRPŞ-nin fəaliyyətini də təqdirəlayiq hesab etmək olar. Təbii ki, bu da nazirin düzgün kadr siyasətindən irəli gəlir. Hələ Astarada işləyərkən şöbə rəisi Azər Cahangirov barədə xoş sözlər eşitmişdik. Ordakı şəffaf ab-hava indi Lənkəranda duyulur. Hər şeydən öncə qanun pozuntularına, cinayətkarlığa qarşı mübarizədə fəallıq hiss olunur.
İctimai-asayişin, sabitliyin qorunmasında mühüm dəyişikliklər nəzərə çarpır. Ən əsası budur ki, xalqla Lənkəran polisi arasında səmimi hörmət və ünsiyyət yaranıb. İndi xalq öz polisinə inanır, bir çox cinayətlərin açılmasında ona yaxından kömək edir. Bu da səbəbsiz deyil. Əvvəllər rəisin və müavinlərin qəbuluna düşmək üçün Vətəndaşlar müəyyən maneələrə rast gəlirdi. İndi rəisin tapşırığı ilə bu əngəllər aradan qaldırılıb. Polis polkovniki Azər Cahangirovun kabineti isə bütün adamların, o cümlədən, sadə camaatın üzünə həmişə açıqdır!
Qeyd edək ki, Lənkəran Yol Polisinin fəaliyyətində də müsbət dəyişikliklər edilib. Bölmənin rəisi Sübhan İskəndərovun təşkilatçılıq bacarığı sayəsində avtoxuliqanlığa, yol-hərəkəti qaydalarını pozanlara qarşı ciddi mübarizə aparılır. Spirtli içkilər və psixotrop maddələrin təsiri altına düşənlərlə əlaqədar ardıcıl tədbirlər həyata keçirilir... Əhalinin sağlamlığına yönəldilmiş bu və ya digər tədbirlər təhlükəsizliyin təminatı üçün əsas qaranta çevrilib.
Azərbaycan polisinin möhtəşəm fəaliyyəti son vaxtlarda hərc-mərcliyə rəvac verən, daha çox özünü sərbəst aparmaq istəyən bəzi adamlarda, təbii ki, qıcıq yaradır. Onlar Lənkəran polisinin şərəfli fəaliyyəti barədə dezinformasiya yayır və bu məqsədlə üzdəniraq, xalq tərəfindən qəbul olunmayan, söz yığınından ibarət, jurnalist etikasını gözləməyən qəzet və saytlara üz tuturlar. Əlbəttə, bu, ümumi işimizin xeyrinə heç bir səmərə vermir. Axı, hər şey göz qabağındadır. Bir də ki, göz gördüyünə inanar.
2 iyul Polis işçilərinin peşə bayramıdır. Şanlı mübarizə yolu keçən, I və II Qarabağ müharibələrində gücləndirilmiş iş rejimində işləyən, Böyük Zəfərin qazanılmasında danılmaz xidməti olan Azərbaycan polisinin də bayram təntənəsini yaşamağa haqqı var. Nəzərə almaq lazımdır ki, I Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda lazım gələndə canından keçən şəhid polis işçilərimizi necə unutmaq olar?
Fürsətdən istifadə edib peşə bayramı münasibətilə
DİN-nin bütün
əməkdaşlarını, yerlərdə fəaliyyət
göstərən polis işçilərimizi
təbrik edir, xalqın asayişi
və ictimai sabitliyin
qorunmasında onlara uğurlar
arzulayırıq.
Bəxtiyar Hüseynov
Azad Azərbaycan.-
2021.- 1 iyul. S. 3.