Vətənə sevdalanan igid ömrü

 

Astara rayonu, Maşxan kəndində dünyaya göz açmış Rauf Xəyyam oğlu Cahangirov ürəkdən bağlandığı Vətəni yolunda şəhid oldu. Müqəddəs amallar işığında müstəqil həyata qədəm qoyan Rauf üçün ən böyük xoşbəxtlik Vətəninə, xalqına xeyirxah əməllər hesabına gərəkli bir ömür yaşamaq idi.

Uca Tanrı 22 yaşında onu öz arzusuna çatdırdı. İkinci Qarabağ savaşında Vətəninin qeyrətini öz canında üstün bildi, torpağa tökdüyü qanla əzəmətli bir tarix yazdı. Özü bu həyatdan getsə , 30 il düşmən tapdağında əsir olan müqəddəs Vətən torpaqları azadlığa qovuşdu. Elə Rauf bundan ötrü yaşamaq istəyirdi. O, Azərbaycan kimi müqəddəs, şərəfli bir ölkə tanımırdı. Onun hər qarışını özünə əziz bilirdi. Ürəyi vətən sevgisi ilə döyünürdü. Nəcib həyat amalı, istəyi yalnız doğma yurdunun mənafeyinə yönəlmişdi. Xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni olub yaşamaq istəyirdi. Elə Lənkəran Dövlət Universitetində təhsil almağı da millətinə daha çox fayda verməkdən irəli gəlirdi. Ümumiyyətlə, dünyanın gözəl əməllərinə can atmaq, fayda vermək, yaxşılıq etmək Raufun mənəvi aləmindən qanad alırdı. Fəqət, Rauf özünü Vətəninə, torpağına fəda edib xalqın ürəyində əbədi yuva qurmaqla həyatının lap cavan cağlarında ömrü boyu insanlığın zinəti sayılan bütün saf, ülvi dəyərlərə çatdı. Bütün bunlara ölümündən sonra dövlət tərəfində ona verilənCəsur döyüşçümedalı da əlavə olundu.

Rauf universiteti bitirib əsgərlik həyatına başlayır. Vətənpərvərliyi, yüksək əxlaqı, dərin zəkası, təlimlər zamanı əla döyüşçü keyfiyyətləri, ən əsası isə Vətən məhəbbəti, yağıya sonsuz nifrəti xidmət etdiyi hərbi hissədə onu böyük hörmət-izzət sahibi edir. Əsgərlərin, zabitlərin əsl güvəndiyi igid olur.

Vətən torpaqların azadlığı naminə ikinci Qarabağ müharibəsində Rauf amansız quduz düşmənə qarşı döyüşlərdə böyük hünər göstərir. Ağır müharibə meydanlarında hər qarşı torpaq uğrunda odan-alovdan keçir. Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin azad olunmasında Raufun şücaəti daha böyükdür. Güllə yağışı başına sel kimi yağsa da, düşməni qıra-qıra daim irəliyə gedir. Hər döyüşdə Vətəni yaşatmaq üçün onun bir ovuc torpağına dönməyi özünə şərəf bilir. Şuşada bir-birindən çətin döyüş əməliyyatlarında ad qoyur. Qırmızı bazardeyilən yerdə müqəddəs şəhidlik zirvəsinə ucalır. Sinəsini düşmən gülləsinə sipər etməklə, canından əziz bildiyi Vətəninə bir möhtəşəm zəfər gəlir.

İndi Astara camaatı öz qəhrəman oğlunu hər dəfə yad edəndə Vətən səmasına boylanır. bu müqəddəslikdən həm həyatına ilahi bir sevgi qatırlar..

 

Zəfər ORUCOĞLU

Azad Azərbaycan.- 2021.- 1 iyul. S. 5.