Qalaaltı Tibb Mərkəzi: Erkən qocalmanın qarşısını alan məkan

 

 

 “Səhiyyə Vətənimizin müqəddəs sahələrindən biridir”.

                                                                     Heydər Əliyev

 

 

Qalaaltı Tədris Mərkəzi Sanatoriyası 1976-cı ildən fəaliyyət göstərir. Orada 1969-cu ildə Qalaaltı mineral suyu olan Naftsu tapılmışdır. Bu suyun təbii olaraq 7 mənbəyi var.

 

Aparılan elmi araşdırmalar nəticəsində suyun bir çox xəstəliklərdə faydalı olduğu müəyyən edilmişdir. Qalaaltı sanatoriyasının brendi olan Naftsu neft mənşəli mineral su olub, üzvü maddələrin miqdarı az olduğundan orqanizm tərəfindən daha rahat qəbul olunur. Tərkibi fenollar, naften turşuları, bitiumlar, hidrokarbonat-antiasid təsir edir, hidrogen-sulfid ödqovucu, spazmolitik təsir edən maddələrlə zəngindir. Qalaaltı mineral suyu böyrəklərdən, sidikçıxarıcı yollardan, öd kisəsi və ödçıxarıcı yolların duzdan və daşdan, qumdan təmizlənməsini, mədə-bağırsağın boşaldılmasını, orqanizmdən artıq mayenin qovulmasını təmin edir. İlthabəleyhinə təsir edir, qan və sidiyi qələviləşdirir, sidik turşusunun yaranmasını azaldır, orqanizmdən çıxarılmasına kömək edir, mədə turşuluğunu azaldır, qanaxmanın qarşısını alır. İmmun sistemini yüksəldir, orqanizmdən toksinləri çıxardaraq detoks edir ki, bu da erkən qocalmanın qarşısını alır.

 

Sanatoriyaya müalicəyə gələn qonaqlara minimum 4 günlük müalicə paketi təklif olunur. Tibbi qeydiyyat aparıldıqdan sonra qonaq qeydiyyatçı tərəfindən müalicə həkiminə yönəldilir. Müalicə həkimi pasiyentin şikayətlərini dinləyir, anamnez toplayır. Sonra qonaqdan labarotor analizlər götürülür, Ultrasəs müayinəsi, ağciyərlərin rentgen müayinəsi, elektrokardioqramma müayinəsi aparılır. Effektli müalicə düzgün diaqnostikadan başlayır. Bunun üçün sanatoriyada tam avtomatlaşdırılmış laboratoriya mövcuddur. Toplanmış məlumatlara əsasən qonağa xəstəliklərinə uyğun olaraq müalicə seçilir. Komarbid yəni çoxlu xəstəlikləri olan xəstələrə kompleks yanaşılır, müalicədə nəzərə alınır.

 

Sanatoriyada Klimatoterapiya və Mineral su terapiyasından başqa müalicə 3 istiqamətdə aparılır.

 

1. Elektrofizioterapiya

 

2. Balneoterapiya (Su və Vannalar ilə müalicə)

 

3. Ozokeritoterapiya.

 

Qalaaltı mineral suyu - Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyudur.

 

Qalaaltı - Azərbaycanın orijinal və son dərəcə cazibədar balneoloji kurortudur. Burada müalicə yerli camaatın  naft-su adlandırdığı orqanik maddələrlə zəngin su ilə aparılır. Naft-su kəskin qoxusu qeyri-adi dadı və kimyəvi tərkibinə görə çox vaxt Uktaynanın Truskavets və Çexiyanın Karlovı Varı kurortlarının suyu ilə müqayisə olunur.

 

1976-cı ildən fəaliyyət göstərən  Qalaaltı sanatoriyasının yerində indi beynəlxalq standarlara cavab verən "Qalaalti Hotel & Spa” inşa edilib. Qalaaltı MDB məkanında  ilk dəfə olaraq Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının tamhüquqlu üzvü seçilib. Qalaaltı sağlamlıq mkəzinin yerləşdiyi ərazidə 9 iqlimdən 7-ni müşahidə etmək mümkündür. Onu da xatırladım ki, burada çalışan həkimlər və tibb bacıları yüksək intellektual səviyyəli, xəstələrə böyük qayğı göstərən, tezliklə sağalmalarına səylə çalışan tibb işçiləridir.

 

Qalaaltı Tibb Mərkəzinə rəhbərlik edən Tibb elmləri doktoru Nazim Süleymanov işini günün tələbləri səviyyəsində qurub.

 

Bu Tibb mərkəzində olarkən mərkəzin işini yaxşı bilən, bacarıqlı təşkilatçı Hikmət həkimlə əlaqə saxladıq. Hikmət həkim bizim suallarımızı da həvəslə cavablandırdı.

 

Xatırladım ki, Cəfərov Hikmət Eldar oğlu 1984-cü ildə Göyçə mahalında, zəhmətkeş ailədə anadan olub. O, 1992-ci ildə Bakı şəhərində 42 saylı orta məktəbin birinci sinfinə gedib, 2003-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Tibb Universitetinə daxil olub. 2008-ci ildə ATU-nu bitirərək həkim-bioloq ixtisasina yiyələnib.

 

Hikmət həkim 2009-cu ildə Milli Onkologiya Mərkəzində internatura kursunu bitirib. Həmin il Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Hərbi həkim kursuna cəlb olunaraq həmin kursu uğurla başa vurub və Tibb xidməti leytenantı olaraq hərbi həkim kimi ordu sıralarında xidmətə başlayıb. Şəmkir şəhərində yerləşən N saylı hərbi Hospitalda şöbə müdiri olaraq xidmət gösiərib. Xidmət etdiyi müddətdə xidmətdə fərqləndiyinə görə dəfələrlə yuxarı komandanlıqlar tərəfindən Fəxri fərmanlarla, təşəkkürnamələrlə  təltif edilib.

 

Hikmət Cəfərov 2015-ci ildə xidmət müddəti başa çatdığına görə Tibb xidməti baş leytenantı rütbəsi ilə ordu sıralarından tərxis olunub.  Həmin ildən bu günə kimi Qalaaltı sanatoriyasında laboratoriya şöbəsinin rəhbəri kimi fəaliyyət göstərir.

 

Hikmət doktorun rəhbərliyi ilə Qalaaltı sanatoriyasının laboratoriyasında ehtiyac duyulan bütün nov laborator analizlər yuksək dəqiqliklə aparılır. Hal-hazırda bu laboratoriyada bir cox hemotoloji, biokimyəvi, seroloji, İmmun Ferment Analizlər metodu ilə analizlər Hikmət həkimin rəhbərliyi ilə yüksək dəqiqliklə həyata keçirilir. Bu səhiyyə ocağına müalicə üçün müraciət edən çoxlu sayda pasientlərin düzgün şəkildə müalicəsi üçün lazım olan mühüm diaqnostik məlumatların yüksək peşəkarlıqla aşkarlanmasında Hikmət həkimin böyük rolu var.

 

Qalaaltı Tibb Mərkəzində yüksək intelektual səviyyəli, yüksək mədəniyyət sahibi, xəstələrlə ümumi dil tapan, onların uğurlarına sevinən bacarıqlı, öz ixtisasını dərindən bilən həkim Fərəh Ağayeva ilə də görüşə bildim. Əvvəlcə o, mənim nə ilə bağlı xəstələndiyimi, bu günədək necə müalicə aldığımı dərindən öyrənəndən sonra mənə həftədə beş kurs müalicə keçməyi məsləhət gördü.

 

Xatırladım ki, Ağayeva Fərəh Təhmasib qızı 1983-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Bakı şəhəri 276 N-li orta məktəbin 1-ci sinfinə getmiş 5 il bu məktəbdə təhsil alıb, 6-cı sinifdən etibarən 286 saylı məktəbdə təhsilini davam etdirib. O, 2001-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirib. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsinə daxil olub, 2007-ci ildə Universiteti müvəffəqiyyətlə bitirib. O, 2007 -2008-ci illərdə Fuad Əfəndiyev adına 4 saylı şəhər xəstəxanasında internaturanı həkim- endokrinoloq ixtisası üzrə bitirərək həkimlik fəaliyyətinə başlayıb.

 

Fərəh həkim 2015-ci ilə qədər VM Endokrinologiya və Metobolizma mərkəzində həkim-endokrinoloq vəzifəsində çalışıb. 2015-2017-ci illərdə sonda Türkiyənin İstanbul şəhərində təhsilini davam etdirib.

 

O, 2017-2019-cu illərdə müxtəlif özəl klinikalarda çalışıb. 2019-cu ildən etibarən Qalaaltı sanatoriyasında həkim-endokrinoloq vəzifəsində çalışmağa başlayıb. Hal-hazırda bu vəzifədə fəaliyyətini davam etdirir.

 

Həkimlik peşəsini seçməyində və sevməyində atası Ağayev Təhmasib Musa oğluna borclu olduğunu bildirir. Mən də Fərəh xanımın müalicəsindən çox bəhrələndim və onun göstərdiyi qayğıya görə ona sonsuz təşəkkürümü bildirirəm.

 

Qalaaltı Tibb Mərkəzində çalışan işçilərdən biri də Cəfərova Günel Şəfa qızıdır. O, 23.07.1984-cü il ildə Sumqayıt şəhərində anadan olub. Ata və anasının məsləhətlərinə qulaq asaraq həkimlik peşəsini seçib. Günel Cəfərova 2001-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub, 2007-ci ildə oranı həkim kardioloq ixtisasi üzrə bitirib. 2008-ci ildə C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda kardiologiya ixtisasi üzrə internatura keçib.

 

Günel Cəfərova Uzun illər Sumqayıt şəhəri 1 saylı xəstəxananın kardiologiya şəbəsinin reanimasiya blokunda çalışıb. Hal-hazırda Qalaaltı sanatoriyasında çalışır. İşinə çox böyük həvəs göstərən Günel həkim burada özünü kururtoloq kimi yetişdirib, kardiologiya, fizioterapiya üzrə bir çox kurslarda seminarlarda iştirak edərək sertifikatlar alıb. O, Hal-hazirda Qalaaltı sanatoriyasında tibb şöbəsinin aparıcı mütəxəssislərindən biri olub kururt müalicəsi alan insanların səhhətinin keşiyində durur.

 

Masaj sahəsində uğurlar qazanan Qalaaltı Tibb Mərkəzinin masajisti Nizami Şahverdiyevdir. O, 1969-cu ildə Siyəzən rayonunda anadan olub. 1986-cı ildə Siyəzən rayonu 3 nömrəli orta məktəbini bitirib. Daha sonra o, 1986-1988-ci illərdə Bakı şəhəri 2 N-li Tibb Texnikumunda Feldşerlik fakültəsini bitirib. Texnikumu bitirdikdən sonra müxtəlif səhiyyə ocaqlarında öz ixtisası üzrə çalışıb. O, 1992-ci ildə Qarabağda başlayan döyüşlər zamanı feldşer kimi ön cəbhəyə yollanıb. Daha sonra isə öz həyatını ordu ilə bağlayan Nizami Şahverdiyev 2013-cü ilə kimi Sərhəd Qoşunlarında feldşer olaraq gizir kimi xidmət edib. 2013-cü ildə ordu sıralarından tərxis olunub. 2015-ci ildən bu günə kimi Qalaaltı sanatoriyasında manual terapevt və masajist kimi çalışır.

 

Sanatoriyada çalışan tibb işçilərindən biri də xəstələrin yüksək qiymətini qazanan, hər bir pasienti şirin dillə qarşılayan, hamıya analıq nəvazişi göstərən Məlikova Gültəkin Cəllad qızıdır. O, 1962-ci ildə Qubanın Qonaqkəndində anadan olub. 1978-ci ildə orta məktəbi başa vurub, 1984-cü ildə Sumqayıt şəhərində Tibb texnikumuna daxil olaraq, 1986-ci ildə oranı yüksək qiymətlərlə başa vurub. Gültəkin Məlikova əmək fəaliyyətinə Qalaaltı Tibb Mərkəzində başlayıb.

 

Xəstələrdən Xalid Orucov Gültəkin xanım barəsində belə deyir: “Gültəkin xanım burada müalicə alanlara yüksək məhəbbət, ehtiram göstərir, onlarla xoş söhbət edir. Mənə göstərdiyi xidmətə görə ona minnətdaram”.

 

Pasientlərdən Məmmədova Güllü isə Gültəkin xanım barədə qeyd edir ki, “O, bura müalicəyə gələn bütün insanlara yüksək hörmət bsələyir, xəstələri yüksək səviyyədə müalicə edir. Mən də ondan çox razıyam”.

 

Qalaaltı Tibb Mərkəzində xəstələrə yüksək səviyyədə xidmət edən tibb bacılarından biri də Əzizova Mahirə Səlim qızıdır. O, 1983-cü ildə Qalaaltı kəndində anadan olub. Sonra o, Məşruf kəndində orta məktəbi başa vurub. 2006-cı ildə Mahirə xanım Bakı 2 nömrəli tibb məktəbini bitirib. Sonra isə Qalaaltı Tibb Mərkəzində əmək fəaliyyətinə başlayıb.

 

Mahirə xanım xəstələrə qarşı çox həssas, hamının yerini bilən, hamıya yüksək səviyyədə qulluq edən tibb bacısıdır.

 

Xəstələrdən Şahverdiyev Zəhmət Mahirə xanım haqqında ürək sözlərini belə ifadə edir: “Mən Mahirə xanımı yaxından tanıyıram. O, çox mehriban, qayğıkeş, işini sevən, zəhmətkeş tibb bacısıdır”.

 

Qalaaltı tibb mərkəzində maqnit-fizioterapiya şöbəsində çalışan bacarıqlı tibb işçilərindən biri də Babayeva Aynur Vidadi qızıdır. O, 1990-cı ildə Siyəzən şəhərində ziyalı ailəsində anadan olub. Aynur xanım Siyəzəndə Pərviz İdrisov adına orta məktəbi 2006-cı ildə əla qiymətlərlə başa vurub. Daha sonra o, Bakı şəhəri 2 nömrəli Tibb Kollecində təhsil alıb. 2015-ci ilin may ayından başlayaraq Qalaaltı Tibb Mərkəzində tibb bacısı kimi çalışır.

 

Aynur xanım bütün xəstələrin hörmətini qazanıb, hamıya qayğıyla yanaşır. İnsanların sağlamlığı üçün əlindən gələn köməkliyi əsirgəmir. Kollektivin hörmətini qazanan Aynur xanım elə xəstələrin də hörmətini qazanıb. O, öz işinin vurğunudur.

 

Aynur xanımın haqqında onun yaxın dostu Nəsibova Rəfiqə belə deyir: “Mən Aynurla ən yaxın rəfiqəyəm. Bir-birimizə hörmətlə yanaşırıq. Uğurlarımıza sevinirik. Aynur ən bacarıqlı tibb işçisidir, mən onun yaxın dostu kimi onunla fəxr edirəm”.

 

Hacı Tofiq SEYİDZADƏ

Azad Azərbaycan.- 2021.- 1 iyul. S. 7.